manera.az
manera.az

"Sevməyi yadıma sal..."- Əbülfət Mədətoğlu yazır... | MANERA.AZ

7-07-2015, 11:02


"Sevməyi yadıma sal..."- Əbülfət Mədətoğlu yazır... | MANERA.AZ

Əbülfət Mədətoğlu

Sevməyi yadıma sal...

Buna hər zaman ehtiyac var


Dərd, kədər, faciə adamı birləşdirir deyirlər. Buna mən də şübhə etmirəm. Çünki mən də bir Allah bəndəsi olaraq bu adamların içərisində yaşayıram və baş verənlərdən az-çox baş çıxarmağa da çalışıram. Səhərin necə açılıb, qaranlığın necə düşməsinə qədər izləmək imkanım da müəyyən qədər var. Evin, ailənin kommunal və sosial problemlərin qaynağında çabalaya-çabalaya hərdən bu dünyanın da işlərinə də əl uzadıram, göz yerirəm. Və onda…

Bəli, doğrudan da dərd, kədər, faciə adamları yaxınlaşdıra, qovuşdura bilir. Amma bax elə məqam da, «əmma» da bu məqamdadı. Yəni gözümüzün önündə bir neçə gün öncə baş verən faciə adamları birləşdirdiyi qədər də bir-biriylə üz-üzə də gətirdi. Üstəlik, birləşənlərlə birləşə bilməyənlər, birləşmək istəməyənlər də cəbhələşdilər, qütbləşdilər… Hər birinin də öz arqumenti ortaya çıxdı… Hərə özünü haqlı bildi. Mən indi heç kimi qınamıram və ümumiyyətlə heç kimi suçlamağa haqqım da yoxdu. Amma adi bir vətəndaş olaraq içimdən gəlib keçdi ki, özüm-özümdən və özüm həm də ətrafımdan soruşum ki, axı biz niyə beləyik? Məgər bu günə qədər itirdiklərimiz və hələ də geri qaytara bilmədiklərimiz bizə dərs olmadı? Biz doğrudanmı bu qədər laqeydik, bu qədər bir-birimizə qarşı biganəyik? Bu qədər bir-birimizi tutmaq, qorumaq istəyindən uzağıq? Axı bu millətin tarixində elə məqamlar var ki, onlar milyon illik bir dərs qədər önəmlidi, yadda qalandı. Lakin görünür biz yazıda, sözdə, kitab-dəftərdə özümüzü təqdim etməyi daha yaxşı bacarırıq, nəinki həyatda. Mən bunun səbəblərini təxmin etsəm də, dəqiq bilmirəm. Ancaq bildiyim bir şey var ki, biz yaman unutqanıq. Özü də lap dəhşətli dərəcədə unutqanıq…

Bu sonuncu fikrimi bir altını cızdığım ifadəylə sizə də xatırlatmaq istəyirəm. Bir anlıq düşünək. Bu məmləkətin, bu xalqın ən müqəddəs yeri haradı? Yəqin ki, hamınız razılaşarsınız:

- Şəhidlər Xiyabanı!!!

Amma gəlin görək çox seyrək hallarda da olsa, orada görüb qarşılaşdığımız məqamlar bizi şoka salmayıbmı? O ziyarətgahda özlərinə, insanlığa yaraşmayan «anlar» yaşayanların kimdən olduğu, nədən törəndiyi və ümumiyyətlə niyə bunların baş verdiyi sizi də düşündürməyibmi?..
Bəli, bu toxunduğum nöqtə bu son hadisədə də bir daha göstərdi ki, içimizdə nə qədər uyğunsuzluqlar var və biz də bütün bunları bilə-bilə ancaq danışırıq, ancaq yazırıq. Və danışanda da, yazanda da öz məntiqimizi, öz həqiqətimizi bayraq edirik. Vallah belə olmaz, heç olmaz! Məntiq də, həqiqət də ən azı toplumun 80-90 faizini içini, düşüncəsini, davranışını, əxlaqını, kimliyini ifadə etməlidi. Hələ ki, biz iqtidarlı-müxalifətli, cavanlı-qocalı, böyüklü-kiçikli, bir sözlə, bir azərbaycanlı olaraq canımızdakı qüsurları çıxarmağa, müalicə etməyə maraq göstərmirik, özümüz-özümüzü təmizləmirik. Elə bil ki, kimisə oturub gözləyirik. Amma kimi?..

Hə, bir az hisslərə toxunan, bir az bəlkə də yazılması, deyilməsi gərək olmayan fikirlərə meyl saldım, meydan verdim. Unutdum ki, görünən kəndə bələdçi lazım deyil. Və unutduğuma görə də özümü qınamadım. Çünki mən də sizlərdən biriyəm. Belə doğulmuşuq, belə yaşamışıq və hələ ki, belə də yaşayırıq. Bu yaşamın ən pik nöqtəsi anlayışdı. Elə ki, anlamağa, bir-birimizi dərk etməyə gücümüz, əqlimiz kifayət etdi, bax onda yəqin ki, biz də təkcə hüznlü, faciəli, dərdli günlərdə deyil, elə toyda-bayramda da, sevincli anlarda da, hətta adi günlərdə də bir ola biləcəyik və bizi heç kim, heç nə ayıra bilməyəcək!..

Deməli, bütün bunların fonunda bir düşüncəmi də, bir ağlımdan gəlib keçən işartını da kağıza köçürürəm. Elə bilirəm ki, bu bəlkə də hansısa bir həssas çalara təsir göstərə bildi. Axı biz bir millət olaraq həm də çox çılğınıq. Doğrudur, bunu deyiblər və deyirlər də. Amma mən bu çılğınlığı hələ toplum halında heç harda, heç bir məqamda görüb müşahidə etməmişəm. Yalnız 20 Yanvardan başqa. Onda hamı çılğınlığın üsyan formasına, etiraz formasının daşıyıcısına çevrilmişdi və hamı da eyni dərəcədə vurub haqqını ortaya qoymağa hazır idi. Elə həmin hazırlıq da işğalçını qorxutdu, onu geri çəkilməyə məcbur etdi. Bütün bunlar mənim o dediyim həssas nöqtənin şah damarı idi. Elə bir damar ki, ona toxunmaq qeyri-mümkündü. Necə deyərlər, bu məqamda «Toxunma, öldürər!» çağırışı ildırım sürəti ilə ağlımdan gəlib keçir. Lakin sözün səmtini hissləri üzərinə dəyişəndə onda başa düşürəm ki, yox, bu çağırış da, bu xəbərdarlıq da, bu gerçəklik də hələ hər şey demək deyil. Ona görə ki, biz fərdi şəkildə özümüzü ifadə etməyi daha yaxşı bacarırıq. Mən isə bütün bu dediklərimi elə burda dayandırıb duyğularımın səsini sizə çatdırıram.

Ən nəhəng ağacların
ən şah budaqları
belə
bir gün
boyun əyir
əsən küləyə, yelə…
Ən böyük sevgilərin
istər
ən gözəli olsun
istər
ən çirkini
fərq etməz
günlərin birində
ürəyi verir ələ…
amma
bu gerçəyinsə
nədənini
kimsə bilmir hələ…


***

İndi bir psixoloji gərginliyin içərisindəyəm. Nə qədər cəhd etsəm də, ipucu tapa bilmirəm. Sanki qapı-pəncərəni yox, həm də nəfəsliyi bağlayıblar. Elə bil nəzarət altındayam. Özü də ciddi rejimdə. Bircə tavana və döşəməyə baxmaq imkanım var. Əslində tavana və döşəməyə baxmaq indi heç nəyə yaramır. Yəni heç bir əhəmiyyət kəsb etmir. Olsa-olsa tavana baxa-baxa dörd divarın arasında gəzsəm, onda ya boynum ağrıyar, ya başım gicəllənər, özümü idarə edə bilməyib divara dəyib yıxılaram. Daha başqa heç nə. Amma bu dörd divarın arasında fikirləşmək imkanım daha böyükdü, daha genişdi. Necə deyərlər, şərait də var, vaxt da. İstəyirsən gəzə-gəzə düşün, fikirləş, istəyirsən divarın bir küncünə sığın və başını al ovuclarının içərisinə. Düşün, düşünə bildiyin qədər…

Elə mən də belə edirəm. Sığınıram bir küncə və əllərimlə sıxdığım başımı, əslində isə ürəyimi yükləyirəm fikirlərlə, qayğılarla, çək-çevirlə, saf-çürük etməklə. Elə bilirəm ki, mütləq bir yol tapacam. Bu dörd divarın içində çıxmaq üçün yox, özümü öz içimdən çıxarmaq üçün… öz gerçəyimin gerçək olduğunu ortaya qoymaq üçün. Çünki bu qədər də yüklənmək, bu qədər də sıxılmaq, bu qədər də göz dağına çevrilmək, bu qədər də nişangah olmaq mümkün deyil. Axı mütləq bir sonluq var. Mən bu yerdə ölümü nəzərdə tutmuram. O, hər kəs üçündü. Gələndə də kimsədən icazə almır. Amma o mütləq sonluq istənilən işin yekunudu, istənilən səfərin, səyahətin, yazının, oyunun, bir sözlə hərəkətin nöqtəsidi. Sonra digərləri gəlir, növbəti mərhələlər başlayır. Bu tamam başqa söhbətdi. Amma mənim indi söylədiyim, indi yazdığım isə həyatın diqtəsidi… müstəvi üzərində olan reallıqdı. Lap elə götürək ən ali duyğu, ali hiss olan sevgini. Əgər bu sevgi bir tərəflidisə, bu sevginin cavabı yoxdusa, bu sevgi ən azı müəyyən bir impulsla doğulmursa, onda bunun ürəyə nə boyda yük olduğunu, ürəyi nə qədər didib-parçaladığını düşünmüsünüz? Heç ağlınızdan gəlib keçibmi ki, sizin yarı hissəniz, qarşı tərəfiniz hardasa, nə vaxtsa anlamayıb, anlamaq istəməyib… Və yaxud da anlaya-anlaya, bilə-bilə sıxıntıda buraxıb, yarıyolda qoyub, etinasızlıq göstərib, ya da bir iynə ucu boyda yanlışlığı, günahı, nə bilim diqqətsizliyi az qala dəvəyə, filə çevirib… Və sonra da özü də, sən də həmin o böyük ağırlığın içərisində, altında xışmalanmısınız?

Doğurdan da bu sadə, amma hamımızın qarşılaşdığı, hamımızın yaşadığımız bir durumdu. Yəni insan olaraq, Allah bəndəsi olaraq hisslərimizi, duyğularımızı bu və ya digər formada ifadə etmək haqqımızdı. O yerə qədər ki, başqasında özünə qarşı nifrət görməyəsən, nifrət oyatmayasan, nifrət yaratmayasan. Əgər sadəcə bir insan kimi, bir duyğusal adam kimi gülün, çiçəyin, ağacın, hər hansı bir canlının fərqini görüb gözəlliyinə münasibət ifadə edə bilirsənsə, bunun sonda əsəb yaratması hansı anlama gəlib çıxır? Niyə bu anlam mütləq ürək ağrıtmalıdı? Daha doğrusu, ürək parçalamalıdı? Heç bunu da bilmirəm. Bircə onu bilirəm ki:

Ən ağır daş, ağır yük
Həmişə mənə düşüb…
Uzaq-yaxın yollarım –
Dumana, çənə düşüb!..
Əsən küləklər belə
Sığal çəkməyib telə…
Ömrü vermişəm yelə –
Ürəyim sənə düşüb!..
Aradakı sədd-divar
Hər istəyin səddi var…
Dərdimin də qəddi var -
Düz tutmaq mənə düşüb!...


***

Bu yazı ilk nöqtəsindən bax, indi oxuduğunuz ana qədər bir az kədər, bir az nostalji, bir az duyğusal, bir az da psixoloji gərginlik üzərində kağıza köçürülüb. Daha doğrusu, bilgisayara diqtə olunubdu. Ola bilsin ki, hardasa müəyyən bir uğyunsuzluq da var və siz də bunu görürsünüz. Mən heç bir irada təkzib vermək fikrində deyiləm. Amma bircə onu tam səmimiyyətimlə bildirmək istəyirəm ki, həqiqətən də insan, elə şəxsən mənim özüm hərdən elə durumlara, elə situasiyalara düşürəm ki, onu da mənə olumla-ölümün heç bir fərqi məlum olmur, görünmür. Necə deyərlər, özümün mövcudluğum özümə yük olur. Həmin an hətta «əlvida» demədən də göz yummağa, çıxıb getməyə hazır oluram. Bunun bəlkə də bir dəlilik əlaməti də var. Amma yenə tam səmimiyyətimlə deyim ki, nə qədər dərdli-dəli oluram, olum öz içimi, öz dünyamı o için, o dünyanın sahibindən başqa kimsəyə nə aça bilirəm, nə bağışlaya bilirəm, nə də miras qoyub gedirəm. Bildiyim odur ki, bu içimin də, bu dünyanın da layihəsi belə çəkilib, belə yazılıb. O həmişə qayğılı, həmişə kədərli, həmişə ağrılı-acılı və həmişə də kirpikləri nəmli olmalıdı!..
Bu etirafdan sonra mən dəyərli oxucularımı yaratdığım sıxıcı, yorucu və son dərəcə ağır olan bu auradan çıxarmaq məqsədilə bir gerçəyi dilə gətirirəm. Daha doğrusu, o gerçəyi mən misralara çevirmişəm, hələ xeyli bundan əvvəl. Çünki həmin gerçək həm də bugünkü oxuduğunuz yazının adı ilə bağlıdı. Bax, bu ada, bu gerçəyə şeirin öz misraları üzərindən baxmağın yəqin ki, siz də əleyhinə olmazsınız. Onu da deyim ki, bu şeir həm də bir zarafatdı.

Hər sözün əvvəlində
ya da sonunda
təkrar olur -
zaman-zaman:
- yadıma sal –
tapşırığı…
kommunalı ödəməyi,
evə çörək,
qənd almağı,
yolu bazardan salmağı
kimə isə
zəng etməyi
xəstə dosta
baş çəkməyi,
xeyir-şərdən,
mərasimdən qalmamağı
lap kəsəsi –
durumumu mənə anlat!
həyatımı yadıma sal
bütün bunlar zərurətdi…
amma çözə bilmirəm ki,
axı səndə nə adətdi
bir dəfə də
demirsən ki,
canım,
səni sevməyi də
yadıma sal!..

Hə, bilmirəm qarşınızdakı günahımı, yəni sizi bir az sıxıntılı aurada saxladığımı mənə bağışlayacaqsınız, yoxsa yox. Amma mən tam əminliklə və səmimiyyətlə deyirəm ki, heç olmasa bircə dəfə sosial, kommunal nə varsa hamısını unudub duyğularımızı, ürəyimizi yada salaq, bir-birimizə xatırladaq. Onda anlaşmaq, anlayışlı olmaq, iki candakı bir ürəyi yaşatmaq məncə çətin olmayacaq. Sadəcə, sevməyi unutmayın! Sevməyi, sevilməyi bir-birinizə, elə mənə də xatırladın!

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031