manera.az
manera.az

Sibirdə hər şey üşüdür adamı... | MANERA.AZ

7-07-2015, 10:42


Sibirdə hər şey üşüdür adamı... | MANERA.AZ

Zakir Məmməd

Sibir
(poema)


“Hər quyunun qarğısı var,
Hələ ki laldı dünyada”.

Yenə o Sibir,
O Sibirdə adamlar yaşasa da,
nə o adamların it dəftərində adı var,
nə də Sibirin.
Sibir qızıl fondu idi məmləkətin–
həm köhnə, həm təzə SSRİ-nin.

Səbrin qapılarından o üzə
açılanda Sibirin qapıları
açıb baxıram Sabirin kitablarına.

Dünya şahmat taxtası deyil ki,
vurub qoltuğuna gəzəsən.
Dünya nə də oyundur
bir şah, ya bir piyada üçün.
Dünya yola salacaq
gələni də, gedəni də.
Dünya əziz tutacaq
şahı da, gədanı da.
Alnına yazacaq, yəqin,
Suçu da, xətanı da.
Bizə allah göndərər
əvfi də, ətanı da.

Sibirdə qırılan ağacları
Daşıyın hər yerdə dam tikin;
qardan, yağışdan
qoruyun adamlarını.
Dünyanı qırılan adamlardan tikin.
Qoruyun damlarını
qardan, yağışdan.
Sibirdə qırılan ağacları
gətirin, dam tikin,
Ya damlayın,
ya bir damın altına yığın adamlarını
yığıb şimaldan,
cənubdan əsən küləklərini
bir qabda dəmləyin.
Ya adamlarının edamlarına
dəm tutun.
Sibir hələ çox lazımdı bizə
Onun tərəfini hərdən tutun.

Nə qədər ki adamsan,
azad olub
bir quş qədər,
bir ağac, bir ot qədər
azad deyilsən,
onda gözünün altına al
ya sürünməyi, ya sürülməyi.
Ayı,günü süründürəsən gərək;
Ay, gün işığında yaşayasan gərək,
İçində yanıb oyanan şeyləri
üfürüb söndürəsən gərək.
Ya da özünü sındırmayıb
çətin görünsə də,
insan üçün asan olanları
əyib sındırasan gərək.

Nə qədər ki,
harada ki, azad deyilsən,
oranın bir yolu var, Sibir.
Dünyanın hər yanı Sibir.
Mən bir, sən bir,
And, qəsəm bir.
Quru bir ayrı, su bir.
Qəmi, sevinci, arzusu bir.
Sudan quru çıxan dünyada
Adamın bəxti Allaha təvəkküi,səbir.
Ev bir, sirr bir,ölkə bir.
Yer bir, göy bir,
Hər yerin bir tərəfi Sibir.

Uzana-uzana gedən yolda
uzun-uzun illərdən sonra
təkcə xatirələr dilə gəlmir.
Yenə ürəyi dolu olanlar dilə gəlir.
Bir sözü deməyə adamın dili gəlir,
bir sözü deməyə dili gəlmir.
Yaşamağın o qədər yolu var ki…
Kimsə yola gəlir,kimsə yola gəlmir.
Yola gəlməyənləri
yollayırlar Sibirə.

***
Kəlləsi qızıl olanları
Axtarıb tapaq qədim Sibir torpağında.
qədim sərvət kimi.
Dünya sağ-salamatdı hələ də,
Mən sağ, sən sağ;
Şərqdə, qərbdə Sibir sağ.
Dadımıza kim çatar, görəsən,
Sibir və…
Allah deyib çağırsaq?

Ya bir sərgi sərgiləyin–
asın cərgə-cərgə adamları
dar ağaclarından;
Ya da təzə, modern
süpürgələr gətirdin
təzə, məsələn, avtobuslar kimi…
süpürün, tökün Sibirə.
Dünya belə yaşamalıdır–
yer üzündən adam süpürə-süpürə.

***
Marks,
Engels,
Lenin,
Yoldaş Stalin.

Polad relslərin üstündə dəmir vaqonlar.
Ağzı qıfıllı vaqonlarda
dili, ağzı qıfıllanmış insanlar.
Nə çox gecələrin səbri!
Nə çox gündüzlərin səbri!
Nə çox dünyanın səbri!
Marks,
Engels,
Lenin,
Yoldaş Stalin.

Polad qulaqları vardır, polad gözləri.
Sibirin gözləri yol çəkir hələ də,
yol da adamları.
Adamlar Sibiri gözaltı elər,
Sibir də adamları.
Marks,
Engels,
Lenin,
Yoldaş Stalin.

Sibirdə palıd meşələri var.
Polad iradəli adamlar
Sibirdə – SSRİ-də
Meşələrdə balta səsi kimiydi.
Marks.
Engels,
Lenin,
Yoldaş Stalin.

Sibir sürgün yeri.
Sibirdən o üzə
dünyanın hər yeri
dünyanın ən gərgin yeri.
Sibir siyasi, fiziki xilaskar.
Dərdlilərin, dərdsizlərin,
ümidlilərin, ümidsizlərin,
haqlıların, haqsızların pasibanı.
Marks,
Engels,
Lenin,
Yoldaş Stalin.

Sibirdə hər şey üşüdür adamı.
Təkcə isidir ağacları,
məsələn, sidr quşu, sidr ağacları.
Sibirdə hər şey adamı üşüdür.
Sibir də Allahın işidir.

***
Adamları sürgün edin,
Sibiri sürgün etməyin ölkədən.
Bir az səbr edin.
“Güllələmə” qadağan olan gündən
güllələyirlər küçədə, dalanda…
gülləyirlər adamı
sözündən, dilindən, alnından.

O dünyadan məktub yazan olmur
ailə üzvlərinə.
Yenə məktublara şükür…
Yuxusuz məktublar,
ürküsüz, qorxusuz məktublar
qorxulu yuxuların üstünə gəlib çıxar;
üzülən ümidlərin qapısını gəlib döyər;
kökü saralan gözlərin
kirpiyinə gəlib qonar məktublar.
Sürgündən, didərgindən gələr,
O dünyadan, qəbirdən gəlməz.
Sibirdən gələr,
Elmar Hüseynovdan,
Mirzə Ələkbər Sabirdən gəlməz.

Süpürün adamları, tökün Sibirə.
Rahatca yaşayın
dünyanın küçələrindən,
meydanlarından
adam süpürə-süpürə.
Süpürün adamları tökün Sibirə...
Bəs səbrə nə deyirsən, səbrə?
Sibirin qədim və yeni tarixi vardır;
gedib çıxır ən qədim,
gəlib çıxır ən yeni əsrə.
O tərəfi Qədim Şərq, Qərb,
tarixlərin inkvizisiyası,
Bağdad, Bəsrə;
Bu başı gəlib çıxır
Tunisə, Suriyaya, Misirə.
Və sairə, və sairə.

Bir səbr edin.
Səbrinizi suallarınıza sipər edin.
Ömründə bir dəfə
Sibirə də səfər edin.
Sibiri ziyarət edin.
Sanılı insanları
ehtiramla yad edib
tarix və əbədiyyət sanın.
Dünyaya bir gəlişi,
bir gedişi olur hər insanın.
Bu, Hacı Kərim Sanılı,
bu, Mümtaz Salman.
Sibirin bir yanı xristian, rus,
bir yanı müsəlman.

***
Saat-saat, saniyə-saniyə,
Nə mən saya-saya,
Nə sən saya-saya
Birdən üsyanlar gəlir ərsəyə
səslənə-səslənə,
sədalana-sədalana;
Rusiyaya, Asiyaya…
səs sala-sala,
dönə-dönə suya, selə.
Sinib zülmün sinəsinə
var gücüylə, var səsiylə
saylı, sanılı üsyanlar
sarır əsəbləri asi-asi.
Sarır sərhədləri, sahilləri.
Sarır səbirləri daşa-daşa,
Sarır pıç-pıçla,
Sarır sirr kimi yumula-yumula,
Sirr kimi açıla-açıla;
Sarır zehinləri salon-salon,
Sütun-sütun.
Sarır sağı-solu büsbütün.
Nəyisə sorur,
Sora-sora nəyisə silir,
nəyinsə kökü kəsilir yer üzündən.
İnsanda nə qədər kəsilsə səbir də,
bütün bu üsyanlar
sonda gedib dincəlir Sibirdə.

***

Sibirin yolları uzun
olsa da, yoldur dünyada.
Ol deyəndə olmalıydı,
Hər nə var, oldu dünyada.

Fırladanda çarxı ilə,
Getdik ən son arxı ilə.
Ürəyimiz qorxu ilə
Bir anda doldu dünyada.

Hər günün bir sorğusu var.
Hər yaranın sarğısı var.
Hər quyunun qarğısı var,
Hələ ki laldı dünyada.

Bu dünya sonam sayılır.
Hər sevgim salam sayılır.
Hər yalan haram sayılır,
Hər düz halaldı dünyada.

Bir ağac əkdik dərməyə,
Dərib bir pay göndərməyə.
Sınıq könüllər hörməyə
Bircə söz qaldı dünyada.
Bircə söz qaldı dünyada.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031