manera.az
manera.az

Gözlənilməz tənqidçi - Rüstəm Kamal | MANERA.AZ

Gözlənilməz tənqidçi - Rüstəm Kamal | MANERA.AZ


İyirmi ilə yaxındır ki, mən bu imzanı mütəmadi izləyirəm, o müəllifin hər bir yazısını diqqətlə oxuyuram.Bu imza Rüstəm Kamala məxsusdur.

Düşüncə tərzi və yazı manerası etibarilə tamamilə özünəməxsus olan bu tənqidçi artıq ədəbi prosesdə öz məxsusi yerini tutmaqdadır. Rüstəm Kamal çox az sayda – cəmi beş-on nəfərin təmsil etdiyi professional ədəbi tənqidin sıralarındadır. Xalq şairi Nəriman Həsənzadəyə tamamilə haqq qazandırıram: “Rüstəm Kamal Azərbaycan ədəbi-tənqidi fikrinin böyük nümayəndəsi kimi tanınır və sevilir. O, artıq geniş miqyaslı fəlsəfi ümumiləşdirmələri ilə ədəbi mühiti formalaşdıran nüfuzlu söz sahibidir”.

Budur, Rüstəm Kamalın son illərdə qələmə aldığı yazılarının bir qismini əhatə edən “Sözü işığa danışdım...” kitabı ilə üz-üzə, göz-gözəyəm. Qırx bir yazı. Bu yazıların yalnız biri – “Kitabi-Dədə Qorqud”da görmə kodu istisna olunmaqla qalan qırxı konkret şəxslərə, onların yaradıcılığına həsr olunmuşdur. Bu yazıların janrı barədə birmənalı şəkildə “portret” ifadəsini işlətmək olar. Ancaq bizim öyrəşdiyimiz “ədəbi portret” anlayışından bir qədər fərqlidir. Bunlar ədəbi portreti tam mənada tamamlaya biləcək bir məqam üzərində qurulur. Onun haqqında söz açdığı sənətkarlar Böyük Ədəbiyyatın tanınmış sifətləridir. Dəxli yoxdur, birisi ədəbiyyat tarixində çox böyük simadır, önəmli yer tutur, başqa birisi isə sadəcə sıradan biridir.

Adətən, ədəbiyyat adamından söz düşəndə, ilk növbədə, onun nə yazdığı ilə maraqlanırlar. Necə yazdığı ilə bəzən heç maraqlanmırlar və burada üslub məsələsi, sənətkarlıq tamam arxa plana keçir. Amma Rüstəm Kamal elə tənqidçidir ki, onun nə yazması, nədən yazması da bu yazıların orijinal ifadə tərzi, necə deyərlər, məxsusi sifəti ilə bir araya gəlir. Bəzən ikincisi birincisini üstələyir də.

Rüstəm Kamalın tənqidçi üslubu ilk baxışda oxucuda qəribə bir assosiasiya doğura bilər. Amma bir neçə yazısını dalbadal oxuyandan sonra bu üslubun müəyyənedici cəhətlərini aydınlaşdıra bilirsən. Rüstəm Kamalın tənqidçi üslubu öncə onun məqalələrinin adlarından başlayır. Ad burada yol göstərən-oxucunu mətni qavramağa asissentlik missiyasını yerinə yetirir. Baxın: “Yusif Səmədoğlu: Qeyb aləminin səsini eşidən adam”, “Nəriman Həsənzadə: Qadın taleyi və kişilərin xatirəsi”, “Saday Budaqlı: Ümid və yaxşılıq işığı”, “Elçin Hüseynbəyli: Tarix ehtiras kimi”, “Məmməd İlqar: Təcnis və yaşam əxlaqı”, “Məmməd Dəmirçioğlu: Dilin inanc yaddaşı”, “Qulu Ağsəs: Ömrü səsdən tanımaq” və s. Bu adlar Rüstəmin yaşlı və həmyaşıd həmkarlarına həsr olunan yazılarda da eyni funksiyanı yerinə yetirir. Azərbaycan ədəbi tənqidinin son dərəcə unikal bir şəxsiyyəti haqqında ancaq belə bir başlıq seçilə bilərdi: “Yaşar Qarayev əxlaqı”.

“Uşaqlıq mif kimi: M.H.Şəhriyar və O. Sarıvəlli” məqaləsində hər iki sənətkarın uşaqlıq xatirələrinin ömür mifologiyasının əsas obrazına çevrilməsi incələnir. “Şəhriyar xatirə qalıqlarından uşaqlığın “mifini” yaradır. “Heydərbaba”nın müqəddəs adını dönə-dönə tələffüz edir, təkrarlayır, arzu-diləklərini, niyyətini ovsun-dua nitqinə çevirir. “Heydərbabaya salam” əslində, ovsun-dualardan ibarət bir bütövlükdür: ona görə də sehr-magik təbiətlidir” – “Osman Sarıvəlli üçün xatırlamaq hansısa hadisəni, əhvalatı danışmaq deyil, həm də görməkdir. Xatırlamaq görməkdir, uşaqlıq keçmişin xatirələrini detal dəqiqliyi ilə bir anlığa tutub saxlamaqdır. “Uşaqlıq” baxışın cızdığı yaddaş məkanıdır”. Tənqidçi, haqqında söz açdığı sənətkarların nə tərcümeyi-halı, sənətdə keçdiyi yolun ayrı-ayrı mərhələləri ilə maraqlanır, nə də klassik tənqidimizə xas olan bir “səxavətlə” ayrı-ayrı əsərləri təhlilə çəkir. Onu Şəxsiyyət maraqlandırır, lakin bu Şəxsiyyətin böyüklüyü, ədəbiyyat tarixindəki yeri və mövqeyi də onu cəlb eləmir. Şəxsiyyətin (Sənətkarın) yaradıcılığında elə bir məqam olur ki, o, indiyə kimi gizli qalıb, ya da o məqama az toxunulub. Rüstəm Kamal məhz həmin məqamlara üz tutur. Onun üslubu da bu gözlənilməzliklər üzərində bərqərar olur. Məsələn, böyük yazıçı Mirzə İbrahimov bizim üçün “Gələcək gün”ün, “Cənub hekayələri”nin müəllifi kimi əzizdir, bu əsərlər Azərbaycanın bütövlüyü ideyasının bədii təcəssümü kimi indi də aktual əsərlərdir. Ancaq Mirzə İbrahimovun bir “Təbriz mətni” də var ki, bu, əslində, bir millətin tale mətnidir, etnik varlığının layihəsidir. Rüstəmin anlamınca desək: “Təbriz mifoloji obrazdır, etnik-mədəni özünüdərk simvollarından biridir: yaşam və savaş tariximiz, milli ləyaqət və şərəf salnaməsidir”.

Rüstəm böyük yazıçımızın Təbrizlə bağlı ən adi detallarını böyük coşqu ilə mətndən zahirə çıxarır, sanki hər şey unudulur: “Təbrizi xatırlamaq əslində, yenidən dirilməkdir”. Təbriz obrazı “Təbriz mətni”ndən doğub oxucunu Mirzə İbrahimovun bütöv Azərbaycanın sabahına inamına səsləyir.
Rüstəm Kamalın hər hansı bir sənətkarın yaradıcılıq psixologiyasına bələdliyi onun tənqidçi kimi başlıca məziyyətidir,-desək, yanılmarıq. Onun sənətkarlarla bağlı düşüncələrinin özəyini də məhz bu bələdlikdən doğan mülahizələr təşkil edir. O, bizi inandırır ki, “Hüseyn Arif poetik ləhcəmizin qoruyucusu, Türk (tərəkəmə, elat...) insanının sözdə, ləhcədə möhürlənmiş ruhudur”. (Yeri gəlmişkən qeyd edək ki, adətən yığcam məqaləçi Rüstəm Kamal H.Arifə həsr elədiyi yazısı ilə nadir nümunə olsa da, özünü ötüb keçib).Hüseyn Arifdən dönə-dönə yazılıb və indi də ara-sıra yazılır (dissertasiyalar, monoqrafiyalar, məqalələr), ancaq milli poeziyamızda Hüseyn Arif fəlsəfəsinin başlıca simvolu üzərində (Yaddaşa qayıdış sevgisi, Evin, nəslin və təbiətin dərki) professional düşünmə imkanını ilk dəfə R.Kamal yaradır. Qocalıq, cavanlıq, babalar, nənələr, nəvələr, dağlar, zirvələr, axşamlar, səhərlər, yol, səfər, ev, mənzil, xatirə, nağıl dünyası... bütün bunlar Hüseyn Arif şəxsiyyətinin tanıdılması ilə nəsillər arasında, əcdadla varis arasında əlaqənin yaradılmasını təmin edir.

Rüstəm Kamal üslubunun ikinci bir müəyyənedici cəhəti simvolların, rəmzlərin hərəkətini izləməkdir. Simvolları görüb onları mənalandıra bilmək hünəri R.Kamalın bir tənqidçi kimi də potensialını üzə çıxarır. Onun bu kitabda elə bir məqaləsini tapammazsan ki, orada simvolların hərəkət trayektoriyasını izləməyəsən. Böyük yazıçı İsmayıl Şıxlının “təhtəlşüuruna sıxışdırılmış obrazları “görmək” və oxumaq istəyi” onu belə bir qənaətə gətirir ki, “İsmayıl Şıxlı üçün yuxum simvolik bilgi kimi olacaqları bildirir”. Yusif Səmədoğlu nəsrində isə “ölüm” və “yuxu” özünəməxsus metaforalardır. O, qəhrəmanlarını “sürəkli və narahat yuxuya” hazırlayır. Məhz yuxular ömür-ölüm məkanının sərhədlərini şəffaflaşdırır”. Hadisələrin bədii dərkində yuxu bir struktur elementi kimi personajların mistik-funksional plana daxil olmasıdır. Bu mənada, əsərlərin süceti “yuxu (ölüm)-həyat-ölüm” sxemi üzrə qurulur”.Tamamilə dəqiq mülahizələrdir,çünki Yusif Səmədoğlunun hekayələrində və “Qətl günü” romanında simvolların bədii mətndə oynadığı rol əvəzsizdir.

Rüstəm Kamal Nüsrət Kəsəmənli haqqında yazır: “Nüsrət Kəsəmənli şeirlərində bir fərd kimi və bir şair kimi öz şəxsi miflərini, nağıllarını, olub-olmuşları və olacaqları danışır”.

Eyni fikri biz Rüstəm Kamalın özü haqqında da söyləyə bilərik.Onun bir tənqidçi kimi materialı məhz bədii əsərlərdəki simvollar, işarələr və mifoloji qatlardır. Adını çəkdiyimiz məqalədə (“Nüsrət Kəsəmənli: “Özgələr qapısından” “Qurd qapısına”) R.Kamal mif-nağıl, hekayət ünsürlərinin N.Kəsəmənli şeirlərində, lirik formulların, ricətlərin, nitq janrlarının yaddaşında gizləndiyini nümayiş etdirir.”Özgə qapısı” yad dünyanın simvoludur, ümidlərin, arzuların gömüldüyü yerdir” və yaxud: “N.Kəsəmənli üçün yuxu ya ömrün bir hissəsidir, ya da ömrün özüdür”.

Beləcə, simvollarla, rəmzlərlə, bədii mətndə gizlənən çoxçalarlı işarələrlə işləyən R.Kamal dünyanın müxtəlif ərazilərində yaşayan iki sənətkarın yaradıcılığında oxşar, bir-birilə səsləşən motivləri də aşkara çıxarır. “Borxes və Kamal Abdulla: kitabxana və əlyazma” məqaləsində belə bir qənaətə gəlir ki, hər iki yazıçının estetikasında Kitabxana və Əlyazma, Mif və Yuxu yaradıcılıq işidir.

Rüstəm Kamal müasir ədəbi prosesi mütəmadi izləyən tənqidçilərdəndir və bunu sübut etmək üçün yenə də onun yazılarının adlarına nəzər yetirmək kifayətdir. O, istedadlı bir nasir kimi diqqəti cəlb edən Saday Budaqlının “ekzistensial dünyasına” baş vurur, ölümdən, qocalıqdan çox yazan bu yazıçının qəhrəmanlarının dünyasına nüfuz etməyə çalışır, həm də belə bir nəticəyə varır ki: “muncuq kimi səpələnmiş poetik müqayisələr, uğurlu metaforalar həmin nəsrə özgə təravət verir”. O, başqa bir istedadlı nasirin – Nəriman Əbdülrəhmanlının “Yalqız” romanının özünəməxsus süjet-təhkiyə çalarlarını aydınlaşdırır, Elçin Hüseynbəylinin tarixi romanı “Don Juan”ın uğurunu yazıçının ehtiraslı təhkiyə temperamentində, qəhrəmanını mif səviyyəsinə qaldırmasında, personajların xronotop obrazını yaratmasında axtarır, bir hekayəçi kimi müasir Azərbaycan nəsrində özünəməxsusluğu ilə seçilən Yaşarın ölüm və yuxu obrazlarının mahiyyətini açıqlayır (“Yaşarın bir nasir kimi dəyərli cəhəti ondadır ki, etnoqrafik situasiyaya, kənd həyatının hər detalına, replikaya simvol statusu, mifoloji məna verə bilir”), Məmməd İlqarın poetik forma kimi qoşma və təcnisi müasir bədii təfəkkürün üst qatına qaldırması, Barat Vüsalın “yüksəklik sevdası”na can atmasını, çox istedadlı şair Salamın şeirlərinin sirli, mistik qüvvəsini izah edir (“Salamın şeirləri hadisədir... Azərbaycanın dəyərli şairi Salam Sarvan o şeirləri yazıb ki, onu ancaq anası ağlayıb söyləyə bilir, ya da adamlar gözləri yol çəkəndə əzbər pıçıldaya bilər...”), Məmməd Dəmirçioğlunun “karvan-köç-axirət” sevdası güclü olan şeirlərində xalq sufiliyinin özünə yer tapmasını yaxşı bir hadisə kimi mənalandırır, müasir poeziyada az-çox özünəməxsusluğu ilə seçilən İnqilab İsaqa, Şaiq Vəliyə, Nurafizə, Sabir Sarvana, Əbülfət Mədətoğluna, Etimad Başkeçidə, Qulu Ağsəsə, Rəfail İncəyurda, Bahadır Fərmana da onların şeirlərinin poetik imkanlarından yanaşır, çalışır ki, hər birinin özünəməxsus şair obrazının müəyyən cizgilərini yaratsın.

Müasir ədəbi prosesə-nəsrə və poeziyaya bələd olduğu qədər də ədəbi tənqidin inkişafı, perspektivi və imkanları da onun nəzərindən qaçmır. O, mərhum deməyə dilimiz gəlmədiyi böyük Azərbaycan tənqidçisi Yaşar Qarayevi filosof-tənqidçi kimi təqdim edir və zənnimizcə, tamamilə haqlıdır. Tanınmış ədəbiyyatşünas Məmməd Qocayevi klassik Azərbaycan ziyalısı kimi tanıdır, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadədən söz açanda onu “Azərbaycan ədəbiyyatının landşaftını, relyefini mükəmməl bilən, dəyərləndirən bir topoqraf” kimi diqqəti cəlb etdiyini nəzərə çarpdırır, onun indiyə kimi oxuculara məlum olmayan şeirlərindən də danışır, bu şeirlərdə İ.Qasımzadənin “metafizik sifətini” gördüyünü (yorğun, müdrik, ümidli) söyləyir, Vaqif və Cavanşir Yusifli qardaşlarının bir tənqidçi kimi müasir ədəbi prosesdə yeri və mövqeyi haqda söz açır, Arif Əmrahoğlunu geniş erudisiyaya malik bir tənqidçi-ədəbiyyatşünas kimi səciyyələndirir, çağdaş Azərbaycan ədəbi tənqidinin, bədii publisistikasının “lirik qəhrəmanları”ndan biri olan Südabə Ağabalayevanın esse üslubunun məziyyətlərini incələyir... bir sözlə, onun bu tipli yazıları bizdə belə bir təəssürat yaradır ki, R.Kamal doğrudan da müasir ədəbi nümunələri gözdən qaçırmır.

Rüstəm Kamal kifayət qədər mütaliə edən, xüsusilə, dünya elmi-nəzəri fikrinin ən son nailiyyətləri ilə tanış olan bir söz adamıdır. İlk baxışda adama elə gəlir ki, Rüstəm Kamal məqalələrinə səpələdiyi, paylaşdırdığı sitatlarla özünün bilik və savadını nümayiş etdirir, amma əslində, belə deyil və bu cəhət də, onun tənqidçi üslubunun bir cizgisidir desək, yanılmarıq. İsmayıl Şıxlıdan danışır və o yazının lap əvvəlindəcə yazır ki: “Bu essenin adı (“İsmayıl Şıxlı: yuxuların yozumu”) Z.Freydin 1900-cü ildə nəşr olunmuş və psixoanalizin İncili hesab olunan monoqrafiyasının adına (“Yuxudangörələrin şərhi”) oxşayır”. Yenə həmin essedə X.L.Borxes yada düşür, K.Q.Yunqdan isə sitat gəlir. Nüsrət Kəsəmənlidən bəhs etdiyi məqaləsini isə belə başlayır: “Nüsrət Kəsəmənlinin “tale mətninin” simvolik təhlilini bir neçə səviyyədə aparmaq mümkündür: V.Proppun nağıllarının struktur təhlili: psixoanalitik E.Bernin transaksion və ssenari təhlili”. Bu tipli misalların sayı bir deyil, iki deyil və Rüstəm Kamalı buna görə qınamaq sadəlövhlük olardı. Rüstəm Kamal elmi-nəzəri fikirlə bədii fikir arasında mövcud əlaqənin danılmazlığını sübut edən tənqidçidir. Milli ədəbi sfera ilə məhdudlaşmaq olmaz, elə dəyərlər var ki, onları dünya nəzəri spektrindən qiymətləndirmək lazımdır.
Rüstəm Kamal elmi anlayışlarla, terminlərlə işləməyi sevən müəlliflərdəndir və bu cəhət həm uğurlu, həm də uğursuzdur. Uğurludur, ona görə ki, elmi anlayışları yalnız öz mahiyyətində, məna tutumunda əks etdirmək lazımdır və olsun ki, onların dilimizdə heç qarşılığı olmasın və buna ehtiyac da duyulmasın. Amma fikirləşəndə ki, Azərbaycan oxucularının əksəriyyəti nitq aktları nəzəriyyəsindən xəbərsizdir (mütləq həmin yazıda bunun izahı olmalıydı), bu oxucular üçün “illokutiv akt”, “metafizik xronotop”, “ortodoksal psixoanaliz”, “ontoloci kateqoriya”, “mədəni artefakt”, “proektiv xatirə”, “təkrar zamanüstü sferaya semiotik daxilolma forması” və s. onlarla belə söz və ifadələr anlaşılmazdır, o zaman Rüstəm Kamaldan ötrü həyəcanlanırsan, təşviş keçirirsən.

Rüstəm Kamal şəxsən mənim üçün gözlənilməz tənqidçidir və bu yazıya həmin adı seçməkdə də tərəddüd etmədim. Biz “yetmişincilər”dən sonra ədəbiyyata yeni, lap barmaqla sayılan qədər olsa da, tənqidçi nəsli gəldi və bu nəsil öz elmi-nəzəri səviyyəsi ilə seçilirdi, onların yazılarında Qərb-dünya mədəniyyətinin novator-yenilikçi ruhunu duyurdun, milli ədəbi örnəklərin dünya ədəbi standartları səviyyəsində öyrənilməsi də məhz onların yazılarında əhəmiyyət kəsb etdi və Rüstəm Kamal da o tənqidçilərdən biri idi idi ki, bizə gözlənilməz yazılar bəxş etdi...
Rüstəm Kamal Cavanşir Yusiflinin yazılarına həsr etdiyi məqaləsində yazır ki: “Cavanşir Yusiflinin yazısı (mətni) sanki heç vaxt bitib tükənmir. Hamının gördüyü, bildiyi və eşitdiyi Əli Kərim şeirlərini gözlənilməz optik kombinasiyalar içinə atır”. Məncə, bu fikri Rüstəm Kamalın öz yazıları barədə də söyləmək olar. Onun yazıları da heç vaxt bitib tükənməyəcək. Buna qəti əminəm./525

Vaqif YUSİFLİ
(filologiya elmləri doktoru, professor)

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031