manera.az
manera.az

Yarımçıq qalan gündəlik - Rəşid Bərgüşadlı | MANERA.AZ

1-07-2015, 16:56

Yarımçıq qalan gündəlik - Rəşid Bərgüşadlı | MANERA.AZ

Rəşid Bərgüşadlı

Yarımçıq qalan gündəlik
(povest)


I HİSSƏ


Xırnaz – cənnətin ən qənirsiz, ən sakit guşəsi... Heç bir ədib, heç bir rəssam bu kəndin gözəlliyini, insanlarını və onların həyatının mindəbirini anlatmaq, göstərmək iqtidarında deyil. Suyu, havası o qədər təmizdir ki, insanların yanaqlarındakı qan damarları az qalır ki, dəridən pırtlayıb çıxsın – bax, “yanaqları qan damır” buna deyərlər. Səsi gur-gur gurlayan ağsaqqallar, nur örpəkli ağbirçəklər, dağ laləsi kimi alyanaq və bənövşə kimi böynubükük, ürkək baxışlı, kəklik yerişli dağ qızlarının, əli cadarlı, dağı yerindən oynadan şir biləkli igid oğlanların məskənidir bu kənd…

Burda hasar yoxdu. Gərməni kərpic kimi kəsib üst-üstə hasar əvəzi yığardılar ki, qurusun. Qışda isə bunu yandırıb həm qızınar, həm də xörək bişirərdilər. Hərənin ayrıca gərmə və ot tayası vardı. Qar, yağış çox islatmasın deyə gərmə tayasını kosa papağı kimi təzəklə dimdik suvayardılar. Arı ailəsi kimi yorulmadan, bezmədən tezdənnən ta, axşamadək ordan-bura, burdan-ora qaynaşıb iş görərlər. Bu kəndin bir nəfər də olsun tənbəli yoxdur. Aman Allah, insan nə qədər əziyyətə qatlaşarmış… Siz, 12-15 yaşlı oğlan uşağının dalına şəllədiyi ot bağlarını görsəniz, gözləriniz heyrətdən hədəqəsindən çıxar. Qabağına hinduşka sürüsünü qatıb keçiçıxmaz qayalarda asudə gəzən qız uşaqlarını görsəniz, ürəyiniz yerindən qopar. Neyləsinlər, işləməsələr yeddi ay şaxta-sazaqda acından ölərdilər.

Burda elə qəribə adlarla rastlaşırdın ki, “bişmiş toyuğun da gülməyi gələrdi”. Adı necə tələffüz etsəydilər, doğum haqqında şəhadətnaməyə də eləcə yazdırardılar. Məsələn, Rəhimi İrəhim, Səmayəni Samaya, İbrahimi İrvahım... İrana xalaya izah edəndə ki, – “Sənin adın İrana yox, Rəna olmalıydı”, deyirdi ki, – “Rəna əzik-üzük qız adıdır, İrana daha yaxşıdır”. Allah köməyi olmuş sovet sədri Mütəllimin də savadı o qədər deyildi ki, bu cür xırda səhfləri düzəldə bilsin. Elə düz deyirmişlər ki, Kamçatka “Gəmiçatdı” deməkdir və Amerika, Əmirxan kişinin, Alp dağlarının adı da bizim Alpı dərəsinin adından elə bu şəkildə ortaya çıxıbmış. Adlarla bağlı başqa bir pozulmaz qayda vardı – kimin hansı nəslə aid olduğunu adından bilmək olurdu. Eyni ailə üzvlərinin “həmqafiyə” adları tükənmək bilmirdi. Samaya–Gülaya–Sumaya... bir ailənin qızlarının adıydı. Xanoğlan–Güloğlan–Kamran–İmran–Osman da bir ailənin kişi xeylaqlarının adıydı. Birinin adı Firzəddin, Kəmaləddin, Bahəddin, Səfaləddin idisə, demək bunlar Firəddin kişinin ailəsinə məxsus idi. Ən maraqlısı isə o idi ki, bir ailə başqa bir ailənin “ad mülkiyyətinə” müdaxilə et¬məzdi – heç vaxt Qoşunalı kişinin ailəsindən olan bir uşağa Məhəmməd adını qoymazdılar, oğlandırsa, ən azı Həsənalı, qız uşağıdırsa, evin ağbirçəyi Süsənbərin “şəninə” ən azı Gülənbər omalıydı.

Burda nə tütün, nə pambıq, nə taxıl əkməzlər, çünki deyilənə görə oksigen çatışmazlı-ğından burda hər bitki tab gətirmir. Odur ki, “dövri qədimdən” burda kolxoz da olmayıb – eləcə, kəndin adını “xala, xətrin qalmasın” on iki kilometrlikdə yerləşən Göyarabas kolxozuna daxil ediblər. O da, ayda-ildə bir dəfə arayış-zad verməkdən başqa bir şeyə yaramır. Camaat heyvandarlıqla məşğuldur, bir də meşələrin səxavətindən nə toplasalar yığıb saxlayar, həftədə 3 gün kəndə gələn Fəyyazın maşınını bu nemətlərlə doldurar, onun insafı ilə ödədiyi puldan-paradan öz alış-verişlərini edərdilər. Ya da, topladıqlarını qəndə, konfetə, kartofa, şəkər tozuna dəyişərdilər.

Bu kəndin dağ yolu iri bir cığırdan ibarət idi. Maşın kəndin ancaq üç kilometrinədək gələ bilirdi, qalan yolu payi-piyada əli belində dırmanmalıydın. O qədər dırmanmışdılar ki, düzəngahda yeriyəndə də əllərini belində cütləyib şöhtüyə-şöhtüyə, az qala tullana-tullana yeriyirdilər. Rayon mərkəzində xırnazlıları yerişindən əlbəhəl tanıyardılar.

Küçədə yanba-yan yeriməzdilər, qarışqa sırası kimi bir-birinin dalınca şöhtüyərdilər – cığırlarda yeriməyin verdiyi vərdişiydi bu. Qadınları, bellərinə doladıqları allı-güllü şallarından, kişilərinin isə rezin qaloş və ya sapoqlarından bilərdin ki, bunlar xırnazlıdırlar. Arvadlar da qaloş geyərlər, həm də bu qaloşlar eyzan peyin bulaşıqlı olardı.

Payızın ayazı düşən kimi xırnazlıların əllərinin üstü cadar-cadar cırılardı. Cadarlar elə qaşınırdı ki, qaşıdıqca da qan çıxardı. Odur ki, qışda rayon yerində xırnazlılar əllərini şal altında, ya da ciblərində gizlədərdilər. Utanardılar köntöy, kobud cadarlı əllərindən. İsti su, kisələmək, heç nəyin xeyiri olmazdı – əllərin cadarlamasının qarşısını almaq mümkün deyildi. İlk baxışdan deyərdin ki, – “Bunlar əllərini bir aydır yumurlar”, ancaq, Allaha and olsun ki, hər gün əllərini bəlkə də yüz dəfə isti suyla sabunlasalar, vazelinləsələr də qara “kir” ləkələrini, cadarları itirmək mümkün deyildi. Görünür bu da dağ havasının ziyanlı təsirindən biri idi. Özləri demişkən, – “İlmüdamın yeddi ayı bu dağların sırsıralı cığırları, sazaqlı havası bu kəndin bəlasıdır”. Amma bu insanların ürəyini oxuyan olsaydı, inanın ki, hər biri bir mələkdi. Bicliyin, haramın, tənbəlliyin nə olduğunu bilməyən xırnazlılar öz dar dünyalarından kənara çıxmağa heç meyl eləməzdilər – başqa dünyanın gözəlliklə-rini görməkdən qorxardılar. Qızlarını bir-birinə verib-almaq zərurətdən doğan çarəsizlik idi. Öz gözəl şivələrində həmişə aşağı kəndlərin qadınlarına giley-güzar edərdilər, – “Sizinjə qızlar irayonaja yaxındılarja, görüb, bəyənib alırlar. Amma bizim alma yanaqlı qızlarımızıja özümüzünkülərdən başqa heç kim görmür. Allah uzaq eləsin, bir azdan sonra qardaş bayıssın alajax...”. Xırnazlıların bu dərdi çox ağır dərdiydi. Amma Xırnazın qaxı , muxəşəri rayonda dillər əzbəriydi – aş bişirirsənsə, xırnaz muxəşərini heç nə əvəz etməz. Bu rayon isə aş növləriylə ətrafda məşhur idi.

Bu kəndin ən əsas atributu isə rayonda dillər əzbəriydi – Xırnazın öz radiosu vardı! Bu, respublika radiosuyla heç bir əlaqəsi olmayan sadəcə kənd radiosuydu. Bu radiostansiyanın isə maraqlı bir tarixçəsi vardı...

***


Günlərin birində kəndə səs yayıldı ki, – “Bakıdan kəndimizə quyuqazanlar gəlib”. Bütün kənd qocalı-cavanlı bakılılara baxmağa tələsirdilər. Kəndin mal meydanında “Qaz-69” markalı maşınla gəlmiş iki şlyapalı kişi və sürücü rayon mərkəzindəki adamlardan çox da fərqlənmirdilər. Ancaq onların maşından düşürdükləri alət və cihazları hamının diqqətini cəlb etmişdi. Sanki, Kolumbun ekspedisiyası Amerika sahillərinə ilk dəfə qədəm qoyurdu. Qonaqlar isə özündənrazı şəhərlilər idi – yerlilərə dönüb yönlü-başlı da baxmırdılar. Elə bircə, – “Salam, xoş gördük” – deyib teodolit, nevelir, laboratoriya avadanlıqlarını maşından boşaldırdılar. Onların bu soyuqluğu xırnazlıları da üşütmüşdü. Çünki, başqa vaxt çəkinmədən bu yükü boşaltmağa can-başla yardım edərdilər. İndi isə bu dəmir-dümürün nəyə yaradığını düşünür, “görəsən kömək etsək inciməzlər ki...” – deyə mat-məəttəl izləyirdilər. Nəhayət ki, gələnlərdən biri üzünü camaata tutub dilləndi:

– Biz geoloqlarıq, Bakıdan gəlmişik. Sizin bu yerlərdə mərmər dağı tapmışıq. Kəndinizə işıq, yollar çəkiləcək, burada zavod, xəstəxana, məktəb tikiləcək... İndi isə bizə bir boş ev lazımdır – bu şey-şüyləri yığmağa və gecələməyə. Biz on gün burda qalacağıq. Bizi kəndinizə qonaq edərsinizmi?
Kəndin sayılan ağsaqqalı Qəniş ağa qabağa yeridi:

– Qonaq Allah qonağıdır, qadalarınızı alım! Bayaqdan hünduşka samalyota baxan kimi sizə baxırıq ki, ay Allah, bu boşaltdıqları nə mənədir, bombadımı, raketdimi?. Dediniz ki, nəçisiniz?

– Geoloq.

– O nə mənədir elə?

– Faydalı qazıntıların yerini axtarırıq – qızıl, dəmir, mərmər, bax belə şeyləri axtaranlara geoloq deyirlər.

– Hə... Siz allah, savadsızlığımızı bağışlayın. Bizdə qalacaqsınız. Ay gədə, kömək edin, bu şeyləri bizim dama daşıyın. Ehtiyatlı olun, salıb sındırarsınız, – oğlan uşaqlarına göstəriş verdi.

Axşam bütün kəndin pəpə yeyənindən-məmə əməninə qədər hamısı Qəniş ağagilin evinə toplaşıb gözlərini bu “yadplanetlilər”in ağzına zilləmişdilər.

Yaşlı geoloq:

– Kəndinizdə çox böyük mərmər yatağı aşkar edilmişdir. İndi çökmə suxurların analizini aparacağıq ki, görək qneys, mis və sair mineralların da nişanələri tapılacaqmı? Üç günə iri yük maşınlarıyla radiostansiya və generatorlar, çadırlar, partlayıcı maddələr gətiriləcək. Dərhal kəndə maşın yolu çəkiləcək. Burda işlər qaydasına düşəndən sonra isə kəndin bütün lazımi tikililəri salınacaq – məktəb, xəstəxana, poçt tikiləcək, hamınız işlə təmin olunacaqsınız.

Qəniş ağa:

– Demək, axır ki hökumət bizim kəndə də gəlib çıxmağı bacardı... Biz elə bilirdik ki, yer kürəsində Xırnaz adlı yeri tanıyan bir nəfər də olsun yoxdu. Burda qaçaqların gizlətdiyi qızıl küplərinin olduğu barədə şaiyə eşitmişdik, amma, mərmərdən xəbərimiz yoxdu. Gələn ayaqlarınız sayalı, işləriniz uğurlu olsun bala. Gözümüz üstündə yeriniz var. 36 evik, hər evdə 3-4 nəfər istədiyiniz qədər qala bilərsiniz. İndi ki bizi deyib gəlmisiniz, bizlik nə işiniz olsa, heç çəkinməyin, hər işinizin qulpundan yapışmağa hazırıq.

– Təşəkkür edirik ağsaqqal. Cavanların köməyinə ehtiyacımız olacaq. Alət və avadanlıqları dağlara daşımağa kömək etsələr, minnətdar olarıq. Bir də at-eşşək olsa...
– Hamısı eşidir, tapşırıram! Bizim qonaqlarımızsınız və hər işdə sizə kömək edəcəklər! – az qala cavanları hədələyirdi.

Geoloqluğun incəliklərindən, çölçülüyün sərgüzəştlərindən xeyli söhbət etdilər, axşam yeməyini yeyib qonaqlara yer saldılar.

Deyilən kimi də oldu. Kəndin üç kilometrliyinədək torpaq yol çəkildi, burada çadırlar quruldu, generatorlar və akkumulyatorlar gətirildi. Kənddə şalbanlardan üçotaqlı bir barak tikdilər və radiosytansiyanı burada qurdular. Buradan “Qara qaya”ya radio xətləri çəkildi. Dağlarda partlatma işləri başladı. Dinamit partlayışlarından çoxlarının evində iri çatlar əmələ gəldi, çoxlu bitki və ağaclar məhv edildi. Qorxudan gündəlik meşə azuqəsi toplamağı günlərlə təxirə salmalı olur-dular. İtburnu, mərmərə, çiriş, mərəvzə, yemilik, quzuqulağı, qarellə, çaqqala, dağdağan, xincilovuz, çaşır, baldırğan, biyan, dombalan yığımı olmadan isə kənd adamlarının əli boşda qalırdı. Artıq bir neçə dəfə Fəyyaz kənddən əliboş qayıtmışdı. Xırnazlılar Fəyyazdan gündəlik tələbat mallarını ilk dəfə nisyə almışdılar – Fəyyaz xırnazlıları bir neçə günlük “mülhaz ” etmişdi. Bu hal, geoloqları da narahat edirdi. Odur ki, hər sabahkı partlayış barədə bir gün əvvəldən xırnazlılar xəbərdar edilir, öz işlərinə isə böyük sürət vermişdilər.

Amma payızın gəlişilə geoloqlar işlərinə ara verməli oldular. Kəndə yol çəkilişi dayandırıldı və texnikalar rayon mərkəzinə aparıldı. Daha sonra sovet hökuməti laxladı və Xırnaz kəndi yenidən unuduldu. Kəndə qalan bircə radiostansiya, bir də ev tikmək üçün yararlı mərmər parçaları oldu. Kabellərin çoxu mal-heyvana ilişib qırıldığından, sahibsiz əmlakın yığışdırılıb taxta baraka yığılması qərara alındı. Barakın açarı isə Qəniş ağanın qoltuq cibində qiymətli bir əmanət kimi düz iki il qaldı. Ta ki, mən Xırnaza gedənədək...

ardı var...
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031