manera.az
manera.az

Prof. Asif Hacılı: “Klarte” ədəbi qrupu

Prof. Asif Hacılı:  “Klarte” ədəbi qrupu
Manera.az bu həftə üçün prof.Asif Hacılının ““Klarte” ədəbi qrupu” yazısını və onun tərcüməsində Anri Barbüsün ““Klarte» qrupu” məqaləsini təqdim edir.


“Klarte” ədəbi qrupu


Keçən əsrin ilk onilliklərinin ictimai-mədəni mühiti bir çox fərqli ideoloji və siyasi cərəyanların mövcudluğu ilə seçilmişdir. Sol, sağ, mərkəzçi və digər təmayüllü bu ideoloji-siyasi axınlar incəsənətə və ədəbiyyata da dərindən təsir etmiş, onların çevrəsində rəngarəng ədəbi məktəblər formalaşmışdır. Bu baxımdan məşhur fransız yazıçısı, publisisti, ictimai xadimi Anri Barbüsün (1873-1935) təməlini qoyduğu və yalnız Fransada deyil, bir sıra başqa ölkələrdə də yaranmış, dövrün ədəbi həyatına əhəmiyyətli təsir göstərmiş “Klarte” qrupu diqqətəlayiqdir. Yaradıcılığının ilk mərhələsində simvolizmin təsirində olan, sonradan naturalizmə meyl edən Anri Barbüs vətənpərvər hisslərlə 1914-cü ildə cəbhəyə gedir, lakin tezliklə müharibənin ədalətsiz mahiyyətini anlayır və inqilabi mövqe tutur. Bu dövrdə antiburjua və antiimperialist ideyalarla yaşayan Barbüs Respublika Keçmiş Müharibə İştirakçıları Assosiasiyasının, Keçmiş Müharibə İştirakçıları İnternasionalının yaradılmasında iştirak edir. 1919-cu ildə isə “Klarte” qrupunu və bu adda jurnal təsis edir, 1924-cü ilə qədər Romen Rollanla bu jurnalın redaktoru olur. Bu qrup bütövlükdə sol təmayüllü olsa da, inqilabi ideallara, proletar hərəkatına və III İnternasionala yaxın olan radikal solçu ədəbi cərəyanlardan fərqli olaraq, ədəbiyyatın müstəqilliyini, siyasi partiyalardan mütləq asılı olmadığını təsdiqləmişdir. Ədəbiyyatın geniş kütlənin ovqatını əks etdirməsinin vacibliyini vurğulayan Barbüs “iflasa gedən burjua” sənətinə qarşı “sosial realizm”i qoymuş, “proletar humanizmi” meyarlarına əsaslanmışdır. Futurist inkarçılıqdan uzaq mötədil mövqe tutan Barbüs klassik irsi də yüksək qiymətləndirmişdir. Rusiyada Oktyabr inqilabının təsirilə Barbüs Fransa Kommunist Partiyasına daxil olmuş, dəfələrlə SSRİ-yə gəlmiş, sovet rejimini və Stalini təbliğ etmişdir. Stalinin bioqrafiyasını yazarkən xəstələnərək Moskvada vəfat etmişdir. Görkəmli xadimlər A.Frans, J.Romen, P.Vayyan-Kutürye, J.Düamel kimi ədiblərin daxil olduğu, B.Şou, R.Rollan, M.Qorki, H.Uels, H.Mannın iştirak etdiyi “Klarte” qrupunun ideya və prinsiplərinə yaxın solçu qruplar həmin dövrdən Qərbi Avropanın əksər ölkələrində, eləcə də Amerika, Asiya və Afrikada yaranmışdır. Lakin tarix proletar-solçu və kommunist ideologiyasının siyasi fikirdə və mədəniyyətdə perspektivi olmadığını göstərdi. “Sosial realizm”, “sosialist realizmi” kimi anlayışlar keçmişdə qaldı. Ancaq Avropa mədəniyyətində keçən əsrin iyirminci illərində avanqarddan başlayaraq önə çıxan solçu ideyalar və meyllər geniş anlayışdır. Sol və liberal ideya və cərəyanlar 1960-cı illərdən başlayaraq Avropa ədəbiyyatında və incəsənətində yenidən mühüm yer tutub və bu gün də öz aktuallığını saxlayır. Bu baxımdan, proletar-solçu ideyalardan qaynaqlanan birtərəfliliyi və utopikliyi ilə bərabər, “Klarte” qrupu XX əsrin sol təmayüllü ədəbiyyatına təsir etmiş cərəyanlardan biri kimi maraq doğurur. Qeyd edək ki, oxşar ideyalar sovet dövründə Azərbaycan ədəbiyyatına da sirayət etmişdi. Bütün bunlara görə də Anri Barbüsün 1919-cu ildə dərc olunmuş, bu solçu qrupun əsas prinsiplərini əks etdirən aşağıdakı manifest xarakterli məqaləsinin XX əsr ədəbiyyatının tipologiyasını və tarixini, eləcə də müasir dövrdə izlənən solçu meyllərin genezisini anlamaq baxımından gərəkli olacağını düşünürük.


Anri Barbüs
«Klarte» qrupu

Biz, fransız yazıçı və sənətçiləri, öz yoldaşlarımızın alovlu istəyinə cavab olaraq kütlələrə rəhbərlik və tərbiyə işinə yardım məqsədilə ictimai fəaliyyət üçün qüvvələrimizi birləşdirməyi qərarlaşdırmağı özümüzə borc bilirik.

Haqqında danışdığım yazıçılar – fransız ədəbiyyatının qaymağı – mənə şərəfli vəzifə həvalə edib – bu qərarı ictimaiyyətin diqqətinə çatdırmaq; mən böyük sevinc və həyəcanla onların hamısının adından «Humanite»nin səhifələrində çıxış edirəm.

Onlara çoxlu dost qazandırmış yaradıcılıqları kimi, yaratdıqları bu birlik də az olmayan mənəvi qüvvədir; mədəniyyət xadimlərinin nüfuzu tərəqqi yolunda mübarizəyə nəcib və əhəmiyyətli töhfədir.

Onlar sıraya düzülürlər, ancaq bu qətiyyən fikir müstəqilliyi və ya yaradıcılıq fərdiliyindən imtina deyil, əksinə, onlar öz istedadlarının müxtəlifliyini bütün gözəlliyi ilə saxlayırlar.

Amma onlar ən vacibində vahiddirlər: aydın və müəyyən bir ideyaya, insanların azadlığı ideyasına sədaqətdə. Onların hamısını eyni dərəcədə həyata sevgi və hörmət, əsl ədalət prinsiplərinə sadiqlik birləşdirir. Onlar inanır ki, həyatla aşkar bağlı olan ən ali mənəvi idealların təsdiqi bütün məzlum, nəsibsiz bəşərin mübarizəsində gerçəkləşir. Onlar inanır ki, bütün sahələrdə tərəqqiyə çatmaq qanunauyğun və əlaqəlidir, necə ki, ictimai şərin bütün təzahürləri təsadüfi deyil və qarşılıqlı şərtlənmişdir; onlar ehtimal edir ki, yalnız o adam düzgün görür ki, uzaqlara baxır. Onlar hadisələrə qorxusuz baxır və onların mənasını açır, çünki hadisələri idarə etmək, öz hökmünə almaq istəyirlər; onlar anlayır ki, həqiqətə mübariz xidmətin tələb etdiyi ən cəsarətli idraki nəticələrdən qaçmayaraq sona qədər getmək lazımdır.

Köhnə barbar qanunlarını inkar edən həmin yeni, azadlıqsevər ruhun yaranması üçün biz yaradıcı fikrə borcluyuq. Yüksələn azadlıq şəfəqi indi inamla və qarşısıalınmaz şəkildə cəmiyyəti dəyişmək naminə hakimiyyətə doğru gedən xalq kütləsini ruhlandırır.

İntellektual əmək işçiləri bəşəriyyətin qanunauyğun və təkzibedilməz, sonsuz yeniləşməsi yolunda öz rollarını oynamağı nəinki istəyirlər, həm də buna borcludurlar. Bu gözəl şəfəq, artıq dünyamızın bir hissəsini tutmuş bu təzələyici qasırğa hələ hər yerə sirayət etməyib; planetimizdə çox yer var ki, hiddət və qiyam hələ yetişir, bu yenilik cücərtilərini batırmaq və məhv etmək istəyirlər, qabarmalar çəkilmələrlə əvəzlənir, işıq parıltıları isə – fanatizm və qəzəb zülməti ilə.
Hələ dünən tək-tək çıxış edən mədəniyyət xadimləri indi həmfikir tapmağı və onlarla əl-ələ getməyi öyrəniblər; onlar döyüşən kütləylə birləşmək, onunla bir həyatı yaşamaq, kütlələri ruhlandırmaq, maarifləndirmək, maraqlarını və birliyini qorumaq, kütlələrlə ittifaqda və kütlələrin gücü ilə daha yaxşı gələcək qurmaq əzmiylə doludurlar.

Mədəniyyət xadimləri özlərinə hesabat verirlər ki, indi əsil demokratiya uğrunda mübarizə – tərəqqi uğrunda mübarizədir. Müharibə illəri göstərdi ki, zülm, pul hökmü üzərində duran köhnə istibdad, özbaşınalıq və imtiyazlar dünyası – imperializm dünyası – bizi fəlakətin kandarına gətirib. Və bu gün o yenə də fəlakətlə təhdid edir. Biz imperializmin bütün əcaibliyini gördük, sabah onun acizliyini görəcəyik, onun yırtıcı iştahını gizlədən əxlaqının iyrəncliyini, onun hüquq dediyinin – yırtıcılar silahının – bütün saxtalığını, onun korluğunu və gələcəyə nifrətini görəcəyik. Bu dünya, imperialistlər hansı şüar və hiylələrə əl atsa da, başqa cür ola bilməz və buna görə də etdiyindən başqa cür hərəkət edə bilməz. Yeni dünyanın qüvvələri və keçmişin vaxtı ötmüş qüvvələri arasında ziddiyyət barışmazdır; söhbət insan nəslinin yaşamasından və ölümündən gedir.

Heç bir vicdanlı vətəndaş və ilk növbədə heç bir vicdanlı sənətkar indi ədalət, işıqlı gələcək uğrunda bu mübarizədən kənarda qala bilməz. Və bizim yoldaşlarımız, bu vaxta qədər «azad sənətkar» və ya kənar müşahidəçi kimi çıxış edən yazıçılar və sənətçilər indən belə vahid coşqunluqla ümumi mübarizə cəbhəsinə doğru dönüblər və bütün ehtirası, bütün enerjisi ilə çarpışmaq istəyirlər.

Lakin bu, hamısı deyil. «Klarte» qrupunda birləşmiş fransız yazıçıları anlayırlar ki, dərin bəşəri mənada və beynəlxalq miqyasın bütün genişliyində respublika ideyasına xidmət başqa ölkələrin yazıçı və mütəfəkkirləri ilə əməkdaşlıq tələb edir; onlara əl uzadır və Xalqlar İnternasionalı ilə bərabər Fikir İnternasionalı yaratmağa çağırırlar.
Həqiqi patriotluq şovinizmin təbliğindən yox, onların bu cəhdindən ibarətdir. Onlar həmişə nəcib məqsədlərə can atmış fransız xalqının milli dühasının varisləridir; onların bir çoxu öz yaradıcılığı ilə fransız millətini şöhrətləndirib və hər biri bilir ki, ayrıca millətin rifahı hamının rifahıyla bağlıdır… Ədalət – həmişə ədalətdir, uğrunda harada çarpışmalarından asılı olmayaraq, bizim idealımız geniş olduğu qədər gözəldir.

Bizim yeni yazıçı birliyimizin əsasında duran ideyalar bunlardır. Hər birimiz müəyyən öhdəlik götürüb – cəmiyyət qarşısında, öz qarşımızda. Biz intellektual əmək işçilərinin müəyyən qrupunu təmsil edirik. Bizim addımın müasirliyi və mənəvi əhəmiyyəti aydındır. Bununla ictimai maraqlara sadiq, azad düşüncəli insanların vahid birliyinin, vahid ailəsinin əsasları qoyulub. Bizim döyüş dəstəmiz mədəniyyətin keşiyində durur. Bizi fransız ədəbiyyatının birinci ustadının, onun ən parlaq və sevimli nümayəndəsinin – Anatol Fransın nümunəsi ruhlandırır…

Biz birliyimizi «Klarte» adlandırmağı qərarlaşdırmışıq; mətbu orqanımız da belə adlanacaq. Biz öz vəzifəmizi xurafata, iltifatla dəstəklənən yalana və ilk növbədə hakimlərimizin milyonlarla insanı qardaş müharibəsində kor alət kimi istifadə üçün parçalayaraq, bir-birindən təcridləyərək saxladıqları cəhalətə qarşı mübarizədə görürük.

Xalq hərəkatının qüdrətli dalğası getdikcə qalxmaqdadır. Xalq bizim ona kömək edib-etməməyimizdən asılı olmayaraq zəncirlərini atacaq. Önündə getməyi qərarlaşdırdığımız hərəkat bizim iştirakımız olmadan da öz məqsədinə çata bilər. Ancaq həyatı yeniləşdirən indiki hərəkat dünyanı əməl zənginliyi və fikir zənginliyi ilə nə qədər səxavətlə tamamlayacaqsa, bir o qədər inamlı və gözəl gəlişəcək.


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031