manera.az
manera.az

Bu suala cavab ver, Emin Piri! MANERA.AZ

13-06-2015, 13:27


Bu suala cavab ver, Emin Piri!   MANERA.AZ
Manera.az
Hər şairin bir xəyali obrazı olur... Yalnız bir... Sadəcə, hərdən onu yer üzünə endirir, kiməsə bənzədir, kiminsə gözlərində həbs edir... Ta o zamana kimi ki, o ayaqları yerə dəyənin xəyalındakı olmadığını anlayır... Bax, o zaman qırılır, tökülür xəyalları... Adını da qoyur -"xəyal qırıqlığı"...

Səni sevmək,
zülüm bir iş,
burda doğulmaq kimi,
Alın yazısını
sondan əvvələ oxumaq kimi...
Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimidi...

Uşaqlıqda bir nağıl oxumuşdum. Bir padşah üç qızını yanına çağırıb soruşur:

- Məni nə qədər çox istəyirsiniz?

Qızların ən kiçiyi deyir:

- Duz qədər.

Padşah necə acıqlanırsa, qızını ölkədən qovdurur... Nağılın sonunda anlayır duzun dəyərini, qızının da sevgisini...

İndi biz şairiq axı... Yazırıq... Yazdıqlarımızı bax, o balaca qız demiş, "duz qədər" çox istəyirik...

Və bəzən, nağılların ən gözəl yerinin bizdən necə gizlədildiyini çox gec anlayırıq... Çox gec...

"Kişilər ağlamaz"-deyən anam
yerimə özü ağlardı...
Nağıl söylərdi...
Göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...


Biz uşaq olanda... Boyumuz elə tez uzanırdı ki... Ayaqqabımız elə tez balacalanırdı ki... Yetmirdi, bir də o sinif şənlikləri vardı ha! Zəhləm gedən sinif şənlikləri... Varlı uşaqlar təşkil edirdi onu həmişə... Və onlar lazım olan pulu on gün öncədən yığırdılar... "Yadımdan çıxıb evdə qalıb"-demək də yadımızdan çıxırdı bəzən... Axı, yalana tez alışa bilmirdik... O şənliklərdə ən sonuncu pul verənlərdən olurduq deyə hamı üzümüzə tərs-tərs baxırdı... Stolun üstündəki almanı da ürəklə götürüb dişimizə çəkə bilmirdik. Qonşudan borc alınan pula alma alıb sinif şənliyində stolu bəzəmək hikkənin son anı idi...

Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.


Böyüyürdük... "Adam olurduq"... Nələrisə gizlətməyi, hardasa nəyisə düzgün deməməyi öyrənə-öyrənə uşaqlıqdan gəncliyə doğru addımlayırdıq... Güzgülərdən utanmırdıq, çünki, heç baxmırdıq da... Paltarımızın bozarmış rəngindən utananda hardan biləydik ki, gün gələcək, rəngi getmiş ümidləri qorumaqçün ürəyimizi lənətləyəcəyik?! Olmayan oyuncaqlarımızdan danışmaq qədər dilimizə ağır gələn heç nə yox idi onda...

Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar...
Paltarının yamağını gizləməkdi
varlıların gözündən
Kasıb uşaqların oyunu.


Bu yazını yaza-yaza iş otağının aynasından eşiyə baxıram arada... Yağış yağır... Balaca bir budaq üstündə bir-iki yarpağı özünü pəncərəyə çırpır ki, onun da gərəksiz olmadığını anlayım... Axı, o da bapbalaca boyu ilə yarpaqlayıb... Hələ gələn il çiçək açmağa, bar gətirməyə olan iddiasına bax! Lap elə gənc yazarlar kimi... "Bizim kimi" deməyə utandım...

Biz də, o ağac da, o yağış da... Hamımız Tanrının kölgəsində özümüzü daha məsud, daha qayğısız hiss edirik... Hələ, bəlkə, daha çılğın... Ya da... Bəlkə elə biz özümüz də, gördüklərimiz, yaşadıqlarımız da sadəcə, Tanrının kölgəsidir? Bu suala da özün cavab ver, Emin Piri!

Şəfa Vəli

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031