manera.az
manera.az

Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinə uduzub... | MANERA.AZ

10-06-2015, 15:04


Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinə uduzub...  | MANERA.AZ Mehman Qaraxanoğlu

"Ədəbi sezintilər - 3"


Yol işarələri içərisində “Döngə” barmaq hədəsinə oxşayır. Ədəbiyyatımız yetişib döngəyə, fəqət “hədə” yoxdu... Qəza qaçılmazdır!

***

Simiclik bəyənilmir!
İstisna: Sözə olar!
***

Şairliyi kulta çevirən xalqın səmasında amansız bir kabus dolaşır: “İlham” kabusu! Anadan “şair” doğulanların baxışları yuxarıdadır. Cənablar, bəs aşağıdan xəbəriniz varmı? “Fələk darvazamızı vurubdu”dan sonra gələn misra Ata ədəbiyyatımızın ən ağrılı qınağıdır: “Allah sənin kimi bişüur oğlu mənə veribdi” Biz ata-analarımıza yaxşı oğul, övladlarımıza yaxşı ata, həyat yoldaşımıza yaxşı ər ola bildikmi? Haqverdiyev qəhrəmanı qədər və ya ondan uzağa getmişikmi?!
Diqqət: Mirzə Səfər faciəsinin magik qatında başındakı şairlik havası durmurmu?!
***

Bitməkdən qorxanlara yazığım gəlir – böyük hərflə yazılmaq üçün bitmək gərəkir...
***

İspandilli ədəbiyyat dahisi Xuan Rulfo – magik realizmin bu naturaçı rəssamı 31 il susdu. Çünki əbədiyyət onun qarşısında soyunmuşdu....
***

Haqverdiyevin sirli Üçbucağı: Simvolizm, primitivizm və magik realizm...

***
Bu, şeirdi, yoxsa aranjiman? Sən hər yerdə varsan, amma öz mətnində Yox-san... Heç qayıtmaq da istəmirsən... Çünki qayıtmaq çətindi! Sən asanı seçmisəm. Haydı, irəli! Amma unutma ki, “irəli” “geri”dən iki hərf oğurlayıb...

***
Buğlanan çayda rəqs edən xırda çay qaşığına diqqət etmisinizmi? O, balaca, ovalvarı, girdə sifətini təkrar-təkrar bizə çevirərək gülümsəyir. Mətndə öz yerini tutan söz də eyzən o cürdü...

***
İri samovarların canına od salan kömür kirli kisələrə doldurularaq samovarın olduğu dəmir stolun altında qoyulmuşdur. Tüstülənən qarnını nümayişkaranə şəkildə irəli verən samovarla müqayisədə o, çox solğun görünür. O isə bundan əndişələnib “incimir”. Mətndə yerinə düşməyən söz də o kömür kimidi...

***
Hüzr yerindəki dəmir mizin ayaqları ox kimi nəm torpağa sancılmaqdadı. Çox bəxtəvər görünür. Sanki bütün ömrü boyu o, elə bu anı gözləyirmiş... O mizin, görəsən, hara düşdüyündən xəbəri varmı? Ədəbiyyatı da şou ilə bu cür səhv salanlar vardır...
***
Həyətə tökülmüş qum və çınqılqarışıq çay daşları nəm torpaqda öz yerlərini şahmat taxtasındakı füqurlar kimi “ustalıqla” tuturlar. Öz yerini tuta bilməyən daşlar isə qalıb ortada... Deyəsən, onların yerləriniini başqaları tutub. Günahkar özləridi... Bir azdan sonra kimsə onları ayaqlarıya vurub kənara atacaq... Əsl ədəbi cameə tablosudur...
***
İsa Muğanna “Qəbiristan”ına gəlib çıxdım. Onun özgə qəbiristanlardan fərqi odur ki, üzərində mütəmadi olaraq görməni minimuma endirən ağappaq duman dolaşır. Bu da Qapısızlıq Sindromu yaradır. Bir neçə gündür ki, onun həndəvərində fırlanıram, lakin girişi tapa bilmirəm. Məlum olur ki, mənə içəri girməyə mane olan təkcə o ağappaq duman deyil, həm də “Qəbiristan”ın içərisindəkilərdir. Daha dəqiq desəm, çox qədim başdaşıları kimi sıralanan və əslində sıralanmayan, iç-içə yığılan, bir-birinin üstünə yıxılan Cümlə Konstruksiyalarıdır. Sən Cümlələrin – üzərində əski işarələr olan o qədim daşların arasıyla yeriyirsən, bəzən heç yeriyə də bilmirsən, çünki daşlar arasında ara, məsəfə olmadığına görə geriyə - əvvələ qayıtmalı olursan, azacıq nəfəsini dərəndən sonra yenə irəli şığıyırsan və yenə də məlum olur ki, bir addım da irəliləməmisən, nəticə hasil olmadığına görə geri dönürsən, bir sözlə, var-gəl edirsən...
“Qəbiristan” sanki keçmişlə gələcəyin layihəsi əsasında hazırlanan bir Kosmik Gəmidi. İsa Muğanna əvvəlki əsərlərindən bizə tanış olan qəhrəmanlarını da uyuduqları məkanlardan çıxarıb bura toplayır. Amac: İnsanlığın Xilasıdır!
***
Azərbaycan tənqidi Kamal Abdulla mətnlərinə uduzub. (Xırda istisnaları çıxmaq şərtilə) Tənqid bunu həzm edə bilmir. Və məğlubiyyətinin əvəzini çıxmaq üçün (Hərçənd ki, məğlubiyyətin əvəzi olmur, ibrəti olur) rəngarəng yollara əl atır:

1. Dünya çapından çox-çox aşağı olan ortabab əsərlər ətrafında atəşfəşanlıq təşkil edərək K.Abdullaya “xəyali rəqib” formalaşdırırlar. Sual: Niyə o əsərlərin “möhtəşəm” müzakirələri jurnal künclərində qalıb, cənablar? Niyə onlar dünya nəsrinin qapısını taqqıldada bilmirlər?!

2. “Baxın, Kamalı bizim qədər tənqid edən varmı?” - deyərək özlərindən “bərpaçı”, “bələdçi”, “yolgöstərən” obrazları formalaşdırmaq istəyirlər.

3. Nəhayət, “əlahəzrət” tənqid Kamala “qayıdır” Ona görə yox ki, onda yeni nəsə görüb. Ona görə yox ki, vaxtı ilə görmədiklərini etiraf etmək istəyir. Cənablar, öz Eqo-suna vurğun tənqidimiz bunu etməyəcək. Hələ də o “əlahəzrət”ə elə gəlir ki, “əsir aldığı” yazıçı mağmın-mağmın onun arxasınca düşüb getməlidir. Tənqid ramolunmaz K.Abdullanı öz arxasınca çəkə bilmədiyinə görə onda qıcıq yaranır, cırnayır, özündən çıxır... Bu da əl verməyəndə ona “qayıdır” Ay çoxbilmişlər, bəs yaddaşınıza nə gəlib? “Bu gün tənqid haqqında sonuncu məruzə gedir. Tənqid artıq yoxdur...” (Kamal Abdulla, 1997-ci il)

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031