manera.az
manera.az

"Asfalt zavodu"- Çinarə Nüsrətli | MANERA.AZ


"Asfalt  zavodu"- Çinarə Nüsrətli | MANERA.AZÇinarə Nüsrətli

"Asfalt zavodu"
(hekayə)


Qənbər babanın əziz xatirəsinə ithaf edirəm.

Qənbərin yuxusu ərşə çəkilmişdi. Yerində bir xeyli o üz-bu üzə çevrildi. Qalxıb eyvana çıxdı, siqaret alışdırdı. Dərindən qullab vurub gözlərini zülmətə zillədi. Gecə səssizdi, sanki bu şəhərdə onun evindən başqa ev, özündən başqa insan yox idi. “Erməni bir addımlığımızda dayanıb, gör necə fil qulağında yatmışıq ey...” Siqaretin kötüyünü məhəccərin üstündəki külqabıya basıb içəri keçdi.

Iki gün əvvəl ermənilər Malıbəyini ələ keçirmişdilər. Ölüm-itim vardı, ən əsası da buydu ki, camaat ümidsizləşməyə başlamışdı: “Hanı hökumət, hanı dövlət, əliyalın qalmışıq düşmənin ağzında, ölməkdən qorxmuruq, amma ölməyimizin nə faydası olacaq, ölsək də, ölməsək də torpaqlar əldən gedəcək. Silah-sursatsız əlimizdən nə gələr?”
Qənbər səhəri diri açdı, obaşdandan qalxıb geyindi. Ərinin çıxmağa hazırlaşdığını görən Fəridə narahat oldu:

-Qənbər, xeyir ola? Səhərin gözü açılmamış hara belə? Gecəni də heç yatmadın.

-Fəridə, yatmaq zamanı deyil, yatmağımız getdi daha. Işə gedirəm.
-Barı bir-iki loxma bir şey yeyəydin, bir stəkan çay içəydin, - deyib Fəridə mətbəxə keçmək istədi.
-Heç zad lazım deyil, onsuz da iştahım yoxdur. Təcili işlərim var.
Qənbər əl çantasını götürüb çıxdı. Fəridə həyətə enən pilləkənin başında durub baxışlarıyla ərini yola saldı. Qənbərin maşını həyətdən çıxana qədər gözləyib, sonra evə girdi.
Qənbər əslən Ağdamın Əfətli kəndindəndi. Neçə illərdi Bərdədə tikinti idarəsində işləyirdi. Bir neçə il əvvəl idarəyə rəis təyin olunmuşdu. Gedib-gəlmək vaxt apardığı üçün Bərdədə xudmani ev tikdirmişdi. Xeyrə-şərə yarayan adam idi, hamı xətrini çox istəyirdi. Işində də intizamlı idi, tələbkardı.
Qənbər idarəyə çatanda işçilərdən bir tək gözətçi vardı. Orta yaşlı gözətçi rəisi görüb cəld ayağa qalxdı, hərbçilər kimi farağat durdu. Qənbər salamlaşıb iş otağına keçdi. Siqaret yandırdı. Ürəyində hey götür-qoy edirdi. Arada bir saata baxırdı. Vaxt keçmək bilmirdi. İdarə binasından çıxıb sahəni gəzdi. Binadan bir qədər aralıdakı böyük anbarın qapısı qıfıllı idi, ətrafda tikinti materialları səliqə ilə yığılmışdı. Rəis səliqə-səhmana xüsusi diqqət yetirirdi.
Qənbər binaya qayıdanda müavini və baş mühəndis artıq yerlərindəydilər. Otağına keçməmişdən əvvəl müavinə baş çəkdi:
-Əvəz, şöbə müdirləri, baş mühasib gələn kimi yığışacağıq, vacib toplantımız var.
-Baş üstə, - deyib Əvəz sual dolu baxışlarını rəisə zillədi.
Qənbər əlavə məlumat verməyib otağına yollandı.
Yarım saat sonra iclas baş tutdu. Hamı intizarda idi. Adətən iclas barədə əvvəlcədən xəbərdar edilirdilər. Bu təcili yığıncağın ciddi bir səbəbi olmalıydı.
Qənbər oturanlara nəzər salıb sözə başladı:
-Elə bir zamana gəlib çatdıq ki, hər anın öz hökmü var. Sözü uzatmayacağam. Vəziyyəti bilirsiniz, xəyanətlə üz-üzə, erməniylə burun-burunayıq. Qarabağ parça-parça əldən gedir. Sakit oturub gözləyə bilmərik ki, xain düşmən nə vaxt gəlib Bərdədə oturacaq. Mən Ağdama gedirəm, elimin-obamın yanında olmalıyam. Idarəni də sizə əmanət edirəm, dövlət malıdır, işinizdə möhkəm olun. Mən də arada gəlib dəyəcəyəm.
Təhlükəsizlik şöbəsinin müdiri Eldar söz aldı:
-Qənbər müəllim, biz də sizinlə Ağdama gedə bilərik. Bu torpaq hamımızındır.
-Sağ ol, hələ ki, ehtiyac yoxdur. Bu boyda idarəni buraxıb hamımız gedə bilmərik. Tikinti işləri səngiməməlidir. Bir yanda müharibə gedirsə, digər tərəfdə abadlıq işləri getməlidir. Bu həm də insanlara ruh, ümid verir.
Qənbər işçiləriylə sağollaşıb evə qayıtdı. Bayırda maşın səsi eşidən Fəridə tez eyvana çıxdı. Qənbəri həyətdə görüb təəccübləndi: “Allah xeyir eləsin. Nə tez qayıtdı...”
Fəridə tez süfrə hazırladı. Qənbər əl-üzünü yuyub masa arxasına keçdi. Səssizcə yeməyini yedi. Fəridə iki stəkan çay gətirdi.
-Fəridə, - Qənbər arvadını çox intizarda qoymaq istəmədi, - başıma gələnləri görürsən də, heç gözüm su içmir bu vəziyyətdən, əlimizi-qolumuzu sallayıb burada otura bilmərik. Mən kəndə qayıdıram. Rəşidlə də danışmışam, o da kəndə gələcək, sən də uşaqlarla burada qalacaqsan. Orada ara qarışmasa, gəlib sizi də aparacağam.
-Qənbər, bəs işin necə olacaq. Iş-güc adamısan, hər şeyi atıb getsən, dolanışığımız necə olacaq? Camaat üzü Bakıya axışır...
-Camaat arı yeyib, namusu belinə bağlayıb, -Qənbər əsəbi halda arvadının sözünün kəsdi. – Camaatdan bizə nə? Hamı qaçsın-getsin, erməni də gəlsin otursun yerimizdə-yurdumuzda. Kimsə qaçırsa, biz də başımıza yaylıq bağlayaq?
Fəridə ərinin hirsləndiyini görüb susdu, sonra yan otağa keçib kişinin çamadanını yığmağa başladı.
Qənbər ertəsi gün səhər tezdən yola çıxdı. Yol boyu qarşısına adamla dolu irili-xırdalı maşın karvanları çıxırdı. “Camaat elə bir himə bəndmiş”, deyib ürəyində yolçuları qınadı.
Kəndə çatanda gün günortaydı. Rəşid böyük qardaşından əvvəl gəlib ata ocağının qıfılını açmışdı, evə yüngülvari əl də gəzdirmişdi. Maşın həyətə girəndə Rəşid bayıra çıxdı. Qardaşlar mehribanlıqla görüşdülər.
Oturub xeyli söhbət etdilər. Uşaqlıq çağlarına baş vurdular, valideynlərini xatırladılar. Söhbətin əsas mövzusu doğma Qarabağ idi. Heç vaxt ağıllarına gəlməzdi ki, sığınacaq verdikləri, qucaq açdıqları ermənilər bir gün onlara çörək verənlərin qanlarına susayacaq, yurd-yuvalarını viran qoyacaqlar.
Ertəsi gün səhər qonşularının yeniyetmə oğlunu çağırıb tapşırıq verdilər ki, gənclər köməkləşib kənd camaatını mədəniyyət evinə toplasınlar. Qənbər qardaşı ilə mədəniyyət evinə daxil olanda gözləri doldu. Kəndin məmə yeyənindən pəpə deyəninədək hamı buradaydı. Qənbər kürsiyə qalxdı:
-Əziz həmkəndlilərim, uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm. Görünən kəndə nə bələdçi. Əvvəldən ayıq-sayıq olmamışıq. Sovet hökumətinə arxayın olmuşuq. Amma indi başa düşmüşük ki, köpəklə dost olan çomağı əlində saxlamalıdır.
Əziz kənd camaatı, vəziyyət çox ciddidir, ölkə əldən gedir. Qarı düşmənimiz fürsətdən məharətlə istifadə edir. Hökumətimiz də camaatı silahlandırmaq əvəzinə deyir ki, kimin silahı-sursatı var, gətirib təhvil versin. Nə badə belə edəsiniz... Əksinə silahlarınızı sazlayın, qoyun başınızın altına. Görsək ki, düşmən çox yaxınlaşıb, qadınları, uşaqları təhlükəsiz yerə yollayarıq, amma kişilər kəndi qoruyacaq. Lazım gəlsə Ağdama, Xocalıya gedəcəyik, düşmənin qarşısını kəsəcəyik.
Yaşlı bir kişi əlini qaldırıb söz istədi:
-Cavan olsan da, bu kənddə hamı sənə “dayı” deyir. Insanlığınla, ağlınla-kamalınla qazanmısan bu hörməti. Adamlar var, kənddən çıxır, kəndi bəyənmir. Sən heç vaxt ayağını buradan kəsməmisən, bir əlin bu kəndin üzərində olub. Bu kəndin adlı-sanlı nəsli Həsənxanlılardır. Sən o nəsildənsən, o nəslə layiq oğulsan. Vallah, yığışıb söhbət edəndə elə deyirdik ki, İsgəndər kişinin oğulları özlərini yetirəcəklər. Sağ ol, Həsənxanlı qoçağı.
Kənd yığıncağından sonra Qənbərin əhvalı yüksəlmişdi. Sakinlərin kəndi tərk etmək niyyətləri yox idi. Əli silah tutan kişilər sabahdan təlimə başlayacaqdılar. Silah çatmayanlar yabayla, dəryazla döyüşməyə hazırdılar.
Hökumət Xocalıya şəhər statusu verməyi planlayırdı. Geniş tikinti işləri aparılır, yollar çəkilirdi. Qənbər bu işdə bilavasitə iştirak edirdi. Deyirlər, körpü salmaq, yol çəkmək savabdır. Qənbər yəqin ki, Allahın sevimli bəndəsiydi. Neçə-neçə körpü saldırmışdı, kilometrlərlə yol çəkdirmişdi. Qurub-yaratmağa həvəsliydi. Xocalıda aparılan quruculuq işlərinə də cani-dildən qatılmışdı.
Bir gün Qənbər işçiləriylə Xocalıya gedirdi. Qəfil açılan atəşdən diksindi. Tez özünə gəldi: “Lənətə gəlmiş ermənilərin işidi, pusquya düşdük, Allah özü kömək olsun”. Qənbər ehtiyatı heç vaxt əldən vermirdi. Işçilərə də tapşırmışdı ki, olanından, kimin hansı silahı varsa, əlindən qoymasın. Hər an düşmənə tuş olmaq təhlükəsi var. Qənbər sükandaydı. Atəş səsi eşidən kimi yoldan çıxdı. Yaxşı ki, ətrafda dalda yerlər vardı, maşını nisbətən təhlükəsiz yerə çəkdi. Cəld maşından düşüb bir təpəciyin arxasına keçdilər. Bu vaxt yenidən atəş səsi eşidildi. Atışma başladı. Hiss olunurdu ki, atışmanı başladanlar çox deyillər, amma haradasa əlverişli yerdə mövqe tutmuşdular. Uzun sürməyən atışma kəsildi, lakin təhlükə sovuşmamışdı. Qənbər dedi ki, tələsib daldalanacaqdan çıxmaq olmaz, bəlkə də pusqudakılar marığdadılar. Bir saatdan artıq gözlədilər, səs gəlmədiyini görüb, maşına tərəf süründülər. Işçilər maşına oturdular. Qənbər əlini atıb qapını açmaq istəyəndə güllə səsi gəldi. O, cəld sükan arxasına keçib, maşını işə saldı, sürətlə oradan uzaqlaşdılar. Yola çıxanda Qənbər hiss etdi ki, sol ayağı gizildəyir. Bir əlini sükandan çəkmədən, o biri əliylə ayağının gizildəyən yerinə toxundu. Əlinin islandığını hiss etdi. Ayağı qanayırdı. Xocalıya çatanda yoldaşlarına heç nə demədən maşını kənd tibb məntəqəsinə sürdü. Maşından düşüb axsaya-axsaya məntəqəyə girdi. Işçilər mat qalmışdılar, oturub baxırdılar. Kimsə:
-Niyə matımız-qutumuz quruyub? Qənbər dayını vurublar...
Sanki işçilərə siqnal verildi, maşından düşüb Qənbərin arxasınca qaçdılar. Qənbərin ayağını qan aparırdı. Məntəqənin həkimi onu görən kimi qabağına qaçdı:
-Xeyirdir, Qənbər dayı? – deyə soruşdu və o an gözləri Qənbərin qanayan ayağına sataşdı. –Yaralanmısınız... Siz dayanın, stul gətirim, hərəkət etmək olmaz.
-Narahat olma, həkim, - dedi, - otağına keçək.
Həkim Qənbərin yaralı ayağına baxdı:
-Nə yaxşı ki, güllə içəridə qalmayıb, dəlib keçib.
Həkim yaranı təmizlədi, məlhəm çəkib sarıdı.
-Qənbər dayı, sabah yenə gəlin, sarğınızı dəyişək. Dərin yaradır, səhlənkarlıq etmək olmaz.
-Sağ ol, həkim, imkan tapsam, gələrəm, olmasa, kənddə məntəqədə sarıtdıraram.
Qənbər işçilərlə bibaşa tikinti yerinə gəldi. Yaşayış evləri tikilirdi, vaxt itirmək olmazdı. Xocalı strateji yer idi, quruculuq işləri insanlarda inam oyadırdı, onları buraya bağlayırdı.
Axşam Rəşidlə söhbət əsnasında Qənbər bir təklif irəli sürdü:
-Rəşid, deyirəm, rayon rəhbərliyilə də danışım, özmüz də köməkləşək, kənddə asfalt zavodu açaq. Baxma, nə qədər də desək ki, kənddən çıxmayın, bir gün kişilər çörək dalınca gedəcəklər. Ancaq burada zavod açsaq, camaatın çörək yeri olar, ailəsini dolandırar. Insanların dağılışmasına yol verilməməlidir. Əslində, hər kənddə camaatın bir iş yeri olmalıdır. Atışma ucbatından camaat torpağını da əkə bilmir. Başına bir çarə qılmalıdır, ya yox?
Rəşid qardaşının fikrini alqışladı:
-Nə yaxşı ağlına gəlib. Bu məsələni hökumət düşünməlidir. Amma hər şeyi də hökumətin üstünə yıxmaq olmaz. Əhalidə də bir təpər olmalıdır.
Qənbər asfalt zavodu məsələsini ləngitmədi. Ertəsi gün Bərdəyə gəldi. Ərinin axsadığını görən Fəridə narahat oldu:
-Qənbər, nə olub ayağına?
-Qorxulu bir şey yoxdur. Tələsirəm, rəhbərliklə görüşə gedəcəyəm, bax gör evdə dərmandan-məlhəmdən nə var, gətir sarğımı dəyiş.
Fəridə dərman qutusuyla geri qayıtdı. Qənbərin ayağının sarğısını açanda qeyri-ixtiyari əllərini dizlərinə çırpdı.
-Bu nə yaradır, Qənbər, güllə dəyib eləmi?
-Bir balaca sıyırıb keçib...
Fəridə sakitləşmədi:
-Sıyırıb keçib nə deməkdi, əməlli-başlı dərin yaradır. Heç yerə gedə bilməzsən. Zəng edəcəyəm, həkim gəlsin. Istəyirsən qanqrena olsun, ayağını kəssinlər?
-Rəhmətliyin qızı, camaat başını qoyur torpaq uğrunda, bir ayaq nədir ki... Sarğını dəyiş, tələsirəm.
Fəridə içini çəkə-çəkə sarğını dəyişdi. Qənbər maşına minib getdi.
Rayon rəhbərliyi Qənbərin təklifini dəstəklədi. Tezliklə avadanlıqla dolu maşın karvanı Əfətli kəndinə yol aldı. Yol boyu əks istiqamətə gedən maşın karvanları da gözə dəyirdi. Ermənilər Qarabağı kənd-kənd ələ keçirirdilər.
Bütün kənd əl-ələ vermişdi. Insanlar böyük həvəslə zavodun tikintisinə qoşulmuşdular. Bu tikintiyə “ümidinşaat” da demək olardı. Kişilər silahları yanlarında daş, sement, qum daşıyır, qadınlar səyyar yeməkxanada qazan asırdılar. Arada qulaqlarına dəyən top-tüfəng səsi də əvvəlki kimi qorxulu gəlmirdi onlara. Insanlar qurub-yaratmaq əzmindəydilər.
Müharibə şəraitində insanlar daha səfərbər olurlar, bir gündə beş günün işini görürlər. Asfalt zavodu tez bir zamanda açıldı. Insanlar şadyanalıq edirdilər. Ürəklərində ümid məşəli yanırdı. “Nə ölərik, nə də kəndi əldən verərik. Əfətli düşmənin afəti-bəlası olacaq”, deyirdi ürəklərindəki bir səs...

***
“İgid ölər, adı qalar”, deyib atalar. “Bir ayaq nədir ki, camaat baş qoyur torpaq uğrunda” deyən cavan el ağsaqqalı Qənbər Həsənxanlı o güllə yarası ilə haqqa qovuşdu. Asfalt zavodu bu gün də işləyir, Əfətli kəndi ilə işğalçıların arasında bir qəbristan məsafə var... Qənbər dayı burada uyuyur.


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031