manera.az
manera.az

AŞİQ OL - ağla, durul, şeir yaz...- MANERA

6-06-2015, 12:45

AŞİQ OL - ağla, durul, şeir yaz...- MANERA
Adilə Nəzər

(Bu yazını özümə ünvanlamışam. Bir növ “məndən içəridəki mənin” mənə nəsihəti idi. Mən də onun dediklərini eynilə etdim.)

İNSAN! Ruhu Allahdan, cismi torpaqdan yaranan məxluq!

Unutqan deyilsən, amma... gəl, tök ətəyindəki daşları, tövbə et, göz yaşlarınla yu yaşadıqlarını... Pisə baxıb yaxşıya, gecəyə baxıb gündüzə şükr elə! Tez-tez içində bulunduğun məkanın qarğaşasından qaçıb, zamanının oğrusuna çevril. Özündən öğurlayıb, özünə xərclə.. – ruh dünyana səyahətə çıx. Dünyanı özünə səfərdə seyr et... – ağla, durul, şeir yaz, aşiq ol...

...və hər Eşq səfərində zərrə-zərrə dəyiş. Anla ki, hər insan bir dünyadır, dünya isə ayrılıqdan və vüsaldan ibarətdir...

Allah hardadır? Nə işlə məşğuldur?- deyə çox düşünüb cavabını tapa bilmədiyin sualların cavabını tap- ruh dünyana səfərlərində. Görəcəksən ki, Allah yaxınındadır və səni vəhdətə hazırlamaqla məşğuldur...

Bilirəm, insanın günaha və qüsura sədd çəkmə kimi bir lüksu yoxdur, ancaq, günahlardan arınmağın, vəhdətə layiq bir vücud saxlamağın arzusuyla həyatın tam ortasında ölümün astanasındaymiş kimi yaşa. Dünyaya könülünün geniş pəncərəsindən bax.

Bax gör ki, cahillər dünyanın bu üzündə “baş girlədib” o üzündəki cənnətin ləzzətini, cəhənnəmin əzabını gözləyərək necə “yaşayır”. Halbuki, cənnət ləzzəti bir yetimin başına çəkilən sığaldan, bir acı doyuzdurmaqdan, ən əsası insanları xeyir, əvəz gözləmədən sevmək duyğusunun vicdan rahatlığının ləzzəti, keyfi, həzzidir.
Cəhənnəm isə savaşla, qanla, nifrətlə, həsədlə, kinlə, paxıllıqla yaranan, hər iki dünyanı yandırmağa zəmin yaradan oddur. O od hansı qəlbdə qığılcımlanırsa onu içdən-içdən yeyib bitirir...

Bu qədər naxoş fikirlərin cəmində çürümüş canın cəhənnəm qorxusu və ya cənnət arzusu sadəcə olaraq gülünc gələcək sənə.

Tale dediyin alın yazısı isə getdiyin ömür yolunu deyil, o ömür yolunun başlanğıcını və sonunu göstərən ilahi ədalət xətləridir. Yolu necə getməyinə əsasən davam edər və ya dəyişər, -mükafatlandırılar...

Bəzən, Yaradanı dərk etmək üçün, özünü tanımaq, mahiyyətini bilmək, niyə yarandığını dərk etmək üçün yaranmışlardan uzaq ol... Ömrünün ən çətin vaxtlarında uzaqlaş insanlardan... düşün, bil ki, təkliyə çəkilmək bir az daha Allaha yaxınlaşdırır adamı. Eyni zamanda səhv addım atmaqdan, günaha batmaqdan qoruyur... - “yuxu”nun oyanıqlıqlıqdan daha xeyirli olduğunu görəcəksən.

Anla ki, nadanlara ən gözəl cavab susmaq və yenə susmaqdır. Sən susduqca İlahi ədalət danışacaq... danışacaq ki, mənəm-mənəmlik duyğusu ölümlü varlıqlara yaddır. Bədbəxt o insandır ki, başqasının əzabına sevinir.

Yaşamaq üçün yaşatmağı bacarmaq lazımdır. Çox şeyi, hətta, bəzən özünü də unutmaq... Yaradanı və yaranmışları səbəbsiz sevmək... Sözün metaforik mənasında ölmədən əvvəl “ölmək”dir...

İnsanlar eyni yolla yaransalar da, fərqli sifətlə dünyaya gəlirlər. Bu bir İlahi nizamdır və biz istəsək də bunu poza bilmərik... - əgər O istəməsə... Anla ki, sadəcə xoşgörülü olmaq və dünyada yaxşıların da olduğuna ümidi itirməmək gərəkdir. Ümidini itirmə, şükr elə və sev... Sevgin dua savabında olsun, – qibləsi fərqli olsa da... Ümidsizlik insanın özünə edəbiləcəyi ən qorxunc sui-qəsddir. Özünə inan, özünəinam Allaha inamdır. Bil ki, əmrinə tabe olacağın bir tək iqtidar var sənin üçün –vicdanın!

Sev yarananları, aşiq ol Yaradana! Aşiq olmaq sözün və musiqinin sirri qədər sirli bir xoşbəxtlikdir. Dünyanın ən toxları belə sevgiyə acdır...

Anla ki, ən doğru yol sevgi yoludur, bu yolda hələ azan olmayıb.

Sevgi hər halıyla sevgidir, sevginin, eşqin ayırımı yoxdur. Səmavisi, mənəvisi, ilahisi, cismanisi, xəyalisi və i.a. Sevgi ya vardır, ya yoxdur, sevginin orta yolu olmur.

Yarananı sevməyən Yaradana aşiq ola bilməz.

Sevgi Eşqin uğurlu yolunun zəmanətidir.

Hər insanın bir zəif nöqtəsi və ya taleyinin bir kəsik xətti vardır. Buna görə heç vaxt şikayət və sitəm etmə. Allahına, ruhuna belə sevimsiz görünmə... Eşitdiyin atalar sözlərinin, hikmətin özünü yaşa! Hər yaşadığından sonra dəyiş, durul, yenilən...

Bu günün dünəninə heç bənzəməsin. Ümid et ki, sabah daha yaxı olacaq. Elə bu ümidlə də yaşa, şeir yaz və yaşadana, yazdırana aşiq ol!

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031