manera.az
manera.az

Əli Şirin Şükürlü: "Mənim yolum – sevda yolu..." - MANERA

Əli Şirin Şükürlü: "Mənim yolum – sevda yolu..." - MANERA
Əli Şirin Şükürlü

sizsizlik
(şeir-esse)


bir il ötməmiş
bir doğma adamın da
itkisi sarsıtdı məni.
atamın məzarı ilə yanaşı
qazıldı anamın qəbri,
sinəmdən üzü aşağı
sanki
nəsə sürüşdü ağrılar içində -
ürəyim olmaya görən?
şərəfli qadın ömrünü
yaşarlar sənintək, ana,
atamın məzarı ilə qoşa
məzarın mübarək, ana.
sizsizliyə inana - inana
yığdım kənd evimizdəki
telefon nömrəsini – dinlədim sizsizliyi,
xəttin o başındakı
aramsız telefon zənglərindən
duydum səssizliyin vahiməsini

həyatımda
bəlkə ilk dəfə
sevmədim səssizliyi.
inandım yoxluğuna, ana,
inandım yoxluğuna
həzin astagəl səsini eşitməyəndə:
“sənsən, Şirin?”
inandım ölümünə ata,
inandım ölümünə,
“Əli, oğul, sənsən?” –
nigaran səsini eşitməyəndə,
qıymazdın fikir eləyim,
ağrıma dözməzdin, ata,
sənsiz yaman kövrəlmişəm,
sözündən çıxmışam, ata.
bir də
sevdiyim adamların biganəliyindən,
ürək ağrılarımın, sarsıntılarımın təsviri
qara rəngli yuxusuzluğumdan
anladım yoxluğunuzu,
inandım ölümünüzə.
təkcə sevgimə
toxunmaz sanki
bütün varlığıma
hakim kəsilən sizsizlik,
o qədər sevərdiz ki məni, -
düşməni də sevərəm,
içim sevgi ilə dolu,
qüsura baxmayın, siz allah,
mənim yolum – sevda yolu.
ötən gecə yuxuda
su tökürdü əlimə atam,
meyvə dərirdi bağdan mənimçün,
hansı meyvə olduğunu anlamadım doğrusu,
o meyvə ağacını
bağımızda heç görməmişdim,
anam mənalı - mənalı baxırdı
işıqlı gözləriylə.
bilirəm, ana
bilirəm, daima izlər məni
mənalı, işıqlı baxışların,
inanıram, ata,
inanıram, qoruyar məni
haradansa süzülüb gələn
narahat, kədərli səsin.
qaranlıqlar
heç nə vəd etməz artıq,
təkcə
pəncərəmdən görünən dəniz
ruhumu oxşar bir az,
bir az da
yaşadar məni
işıqdan bərq vuran su şəffaflığı.
tale belə gətirmiş,
narahatam, narahat
sizsiz də yaşayaram,
atam, anam,
rahat uyu, rahat yat.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930