manera.az
manera.az

Ədəbi proses; onun mahiyyəti və xüsusiyyətləri

18-10-2016, 14:30

  Ədəbi proses; onun mahiyyəti və xüsusiyyətləri
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru, professor


ƏDƏBI PROSES, ONUN MAHIYYƏTI
VƏ XÜSUSIYYƏTLƏRI


Ədəbi proses anlayışı. Ədəbi prosesin mahiyyəti, ümumi nəzəri qanunauyğunluqları, xüsusiyyətləri.


Ədəbiyyatımızın keşməkeşli tarixini, ayrı-ayrı sənətkarların həyatını, mühitini öyrənən və onların yazdıqları əsərlri oxuyan tələbələrin yaradıcılıq psixologiyasını, ədəbi prosesin mahiyyətini başa düşmələri də olduqca vacibdir. Ona görə ki, hər bir bədii əsər gərgin yaradıcılıq axtarışlarının, yaradıcılıq prosesinin nəticəsində əmələ gəlir. Bu prosesin mahiyyətini başa düşmədən yaranan sənət əsərlərinə düzgün, obyektiv qiymət vermək, müəllifin başlıca ədəbi məramını, əsərin ideyasını anlamaq, qəhrəmanların hərəkət və davranışlarını başa düşmək, bədii sənətkarlıq cizgilərini, əsərin poetik xüsusiyyətlərini, məzmun və forma gözəlliyini dəyərləndirmək imkan xaricindədir.

Bəs nədir ədəbi proses? Onun mahiyyəti, xüsusiyyətləri nədən ibarətdir?

Bu suallara cavab verməmişdən əvvəl, ''proses'' sözünün mahiyyətini aydınlaşdırmaq zərurəti meydana çıxır.

Dünya yaranan gündən istər təbiətdə, istərsə də onun ayrılmaz bir tərkib hissəsi olan cəmiyyətdə, bütün canlı orqanizmlərdə proses gedir. Dünyanı bir əbədi hərəkət yaşadır, tarixi bilinmə­yən keçmişdən, necə olacağı təsəvvürə gəlməyən gələcəyə doğru yol gedir bəşər övladı. Proses gedirsə, həyat davam edir. Ulu babaların, nənələrin qanı bizim damarlarımızda çağlayır, nəvələrimizi, nəticələrimizi gələcəyə aparan da bizdən miras götürəcəkləri, daim damarlarında çağlayan qan olacaq. Danılmaz bir həqiqətdir ki, prosesin qurtardığı yerdə ölüm başlayır.

''Proses anlayışı müəyyən hüdudlarda tamlıq və bütövlüyü, vəhdət və sistemi, baş verən, cərəyan etməkdə olan canlı ədəbi gerçəklyi nəzərdə tutur. Çılpaq, emprik fakt həqiqəti ilə yox, məhz prosesin həqiqəti ilə nə dərəcədə uğurlu məşğul ola bilməsi onun müasirlik və profesionallıq simasını müəyyən edən meyar seçilə bilər.''(Ədəbi proses – 76. Bakı, 1977, səh. 11-12).

Kökü, mayası lap qədimlərdən gəlsə də, əbədi-əzəli həyat axını üzü gələcəyə doğru çağlasa da, proses məhz bu günlə, yaşadığımız anlarla, saniyələrlə, dəqiqələrlə, saatlarla bağlıdır.

Keçmiş öz işini görüb, gələcək hələ mürgüdədir, bu gün isə yaşayır, nəfəs alır, düşünür, sevir, sevilir… Ona görə də proses keçmişlə, gələcəklə yox, məhz bu günlə bağlıdır.

Böyük alman filosofu, fəlsəfə tarixində dialektikanın atası sayılan Hegelin bir məşhur kəlamını xatırlatmaq yerinə düşərdi: ''Hər şey axır, hər şey dəyişir…''

Istər təbiətdə, cəmiyyətdə, istərsə də elmi-bədii yaradıcılıqda prosesin mahiyyətini bundan gözəl, bundan lakonik ifadə etmək mümkün deyildir. Digər bir filosofun, Heraklitin ''Bir çaya iki dəfə girmək olmaz'', Anri Amielin isə buna müvafiq olaraq söylədiyi ''Bir mənzərəni iki dəfə eyni cür görmək olmaz'' kəlamı da göydəndüşmə deyildir və prosesin mahiyyətini, onun nəinki bu günlə, bu saatla, bu dəqiqə ilə, hətta məhz bu anla bağlılığını gös­­­­­tərməyə xidmət edir.

Bu gün gedən prosesin sabah başqa, o biri gün daha başqa şəkildə cərəyan etməsi, bir-birinə zəmin yaratsa da, bir-birinin eyni olmaması təbii, qanunauyğun bir hal kimi qiymətləndirilməlidir.

Böyük rus tənqidçisi, öz zəmanəsində ədəbi prosesi izləyib ona ilk qiymət verən, beləliklə, təkcə ədəbi tənqidin yox, eyni zamanda ədəbi proses nəzəriyyəsinin də təməl daşlarını qoyan Belinskinin fikirləri olduqca maraqlıdır, indi də öz əhəmiyyətini itirməmişdir. O yazır: ''…Bütün canlı və mütləq şeylər kimi, incə­­­­­­sənət də tarixi inkişaf prosesinə tabedir… Zəmanəmizin incə­sənəti odur ki, həyatın mənası və məqsədi haqqında, bəşəriyyətin yolları haqqında, varlığın əbədi həqiqətləri haqqında müasir düşüncələr, müasir şüur nəfis surətlərdə ifadə edilsin…''

(V. Q. Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, səh. 339).

Buradan belə bir nəticə çıxarmaq olar ki, ədəbi proses tarixi inkişafın mahiyyətini, qanunauyğunluqlarını özündə əks etdirir və cəmiyyətin, yaşadığı dövrün, millətin bir üzvü olan yaradıcı insanın daxili dünyasında, mə’nəviyyatında, arzu və düşüncələrində cərəyan edən fikirlərin bədii formada özünü göstərməsi məqamıdır. Ədəbi proses kainatda, cəmiyyətdə, insanın hərəkət və davranışlarında, əxlaqında, psixologiyasında gedən ümumi prosesin ayrılmaz bir hissəsidir. Hər bir sənətkar yaşadığı dövrün övladıdır. Elə buna görə də ədəbi proses zəmanənin, dövrün düşüncə tərzinin poetik aynasıdır. Ədəbi prosesi öyrənmək həm də tarixin müəyyən inkişaf mərhələsində xalqın həyatını, sosial problemlərini, məişətini, gündəlik qayğılarını, dünyagörüşünü öyrənməyə yardımçı olur.

Əlbəttə, ədəbi prosesə tərif vermək, onun bütün mahiy­yətini bir-iki cümləyə sığışdırmaq çətindir. Lakin belə bir qənaətə gəlmişik ki, müasir tarixi mərhələdə ayrı-ayrı ədəbi təcrübəyə, dünyagörüşünə, fərdi yaradıcılıq üslubuna malik sənətkarların yazdıqları müxtəlif janrlı, müxtəlif mündəricəli, müxtəlif sənətkarlıq xüsusiyyətləri, bədii səviyyəsi ilə bir-birindən seçilən, fərqlənən əsərlərin hamısı birlikdə ədəbi prosesin ümumi mənzərəsini yaradır.

Ədəbi prosesi tənzimləyən amilləri, onun bəhrələndiyi ictimai həyatı, ədəbi qaynaqları – ənənələri, sosial psixoloji iqlimi nəzərə almaq olduqca vacibdir. Əks təqdirdə ədəbi prosesin mahiyyətini başa düşmək də mümkün deyildir.

Bütün bu deyilənləri nəzərə alaraq, ədəbi prosesə belə bir tərif vermək olar: ''Ədəbi proses həyatda, cəmiyyətdə, insanın daxili dünyasında, mənəviyyatında, arzu və düşüncələrində, xəyalarında gedən rəngarəng proseslərin bədii ədəbiyyatda əks olunma mərhələsidir''.

Ədəbi proses, onun ayrılmaz tərkib hissəsi olan yaradıcılıq prosesi həddindən artıq mürəkkəb, bənzərsizdir. Onu şərtləndirən amillər çoxdur. Bu amillər sırasında yazıçının iste’dadı, yaradıcılığının hərəkətverici qüvvəsi olan ilhamı, həyat hadisələri arasından ən xarakterik olanları seçib götürmək, keçirdiyi hiss və təəssüratları əks etdirə bilmək ustalığı, ədəbi ən’ənələri nə dərəcədə öyrənib ondan yaradıcı şəkildə bəhrələnmə bacarığı, ədəbiyyatın nəzəri əsaslarını, poetikanın, dilin qayda-qanunlarını mükəmməl bilməsi olduqca vacibdir. Yazıçı ədəbi prosesin ən aparıcı siması, ''insan qəlbinin mühəndisi'' (M.Qorki) olduğundan, o, həm filosof, sosioloq, həm də pedaqoq, psixoloq səriştəsi ilə qəhrəmanlarını müşahidə etməlidir. Ədəbi prosesin səviyyəsini müəyyənləşdirən ən mühüm amil yaradıcı insanlardır.

Proses özü inkişafdı, lakin bu inkişafın yönü tərəqqiyə doğru da gedə bilər, tənəzzülə doğru da. Həyatda inkişaf spiralvari xarakter daşıdığı kimi, ədəbi prosesdə də belədir. Sənətdə də inkarı inkar qanunu özünü göstərir. Ədəbi nəsillər eyni kökdən bəhrələnsələr də, özündən əvvəl yazılanları müəyyən mə’nada inkar edirlər. Məsələn, böyük M.F.Axun­dov Füzuli sənətini inkar edirdi. Deyirdi ki, Füzuli şair deyil, nazümül-ustaddır.

Yel qayadan nə apara bilər? Mirzə Fətəlinin bu inkarı Füzulinin möhtəşəm söz sarayından, söz məbədindən bir kərpic də qopara bilmədi, ancaq əvəzində əl uzadıb bu müqəddəs sənət ocağından pay uman sənət dilənçilərini o sarayın həndəvərindən uzaqlaşdırdı.

Beləliklə də ədəbiyyatımız yeni istiqamətdə inkişafını davam etdirdi və bu yeni yolla gedənlər Füzulinin dahiliyini daha aydın şəkildə dərk eləyə bildilər. Sənətin yeni Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə Ibrahimov, Süleyman Rəhimov, Ilyas Əfəndiyev yüksəkliyindən Füzuli zirvəsinin əlçatmazlığı, ünyetməzliyi daha aydın şəkildə görünməyə başladı.

Yeri gəlmişkən xatırlatmaq yerinə düşərdi ki, əsl yazıçıların hərəsinin özünəməxsus bir sənət zirvəsi var. Bir var öz yolunla gedib heç kəsin ayağı dəyməyən bir ucalığa qalxasan, bir də var qarışqa kimi Füzulinin, yaxud başqa sənətkarın şirin sənət dağının canına darışasan.

Ədəbi prosesin son nəticəsi, barı-bəhəri yaranan əsərlərdir. Əlbəttə, yazılan şeirlərin, poemaların, romanların, povestlərin hamısı ədəbiyyat tarixində qalmır. Bu da təbiidir. Bütün proseslər zamanı təmiz məhsulla bərabər, tullantıların alınmasında da qəribə heç bir şey yoxdur.

Belinski yalnız kataloqa düşən əsərlərlə ədəbiyyat tarixinə düşən əsərləri bir-birindən fərqləndirməyi vacib sayırdı. O yazırdı: ''…Ədəbiyyata az-çox dəxli olan hər bir şey ədəbiyyat tarixinə girmir. Bunlardan bir çoxları ədəbiyyatın statistikasını aparan idarəyə daxil olur ki, ora əsla, ixtisar etmədən, bütün kitablarla və bütün yazıçılarla məşğul olub, rəqəmlər və yekunlar çıxarır ki, bunlar bəzən çox maraqlı və ibrətli olur…

…Zaman çox böyük tənqidçidir. Onun qanadları insanın bütün gördükləri işləri havaya sovurub, xırmanda yalnız az miqdarda dən qoyur, zir-zibili isə yelə verir.''(V. Q. Belinski. Məqalələr. Bakı, 1961, səh. 107, 113).

Siz ədəbi prosesin mahiyyəti, onun xüsusiyyətləri, funk­siyaları haqqında yəqin ki, müəyyən təsəvvürə malik oldunuz. Anladınız ki, ədəbi prosesin başlıca vəzifəsi zəmanənin, dövrün tələblərinə cavab verən gözəl əsərlər yaratmaq, həm də çağdaş bədii təcrübələr əsasında nəzəriyyəni yeni-yeni qaydalarla zənginləş­dirməkdən ibarətdir.

Müasir ədəbi proses kursunun isə ən başlıca vəzifəsi və məqsədi tələbələri müasir ədəbi prosesin ümumi mənzərəsi, uğur və nöqsanları, ədəbi axının istiqaməti ilə, habelə bədii yaradıcılığın mərhələləri, yaradıcılıq psixologiyası ilə tanış etmək, gələcəyin ədəbiyyatşünaslarına ədəbi prosesin mahiyyətini, onun mürəkkəb, rəngarəng qanunauyğunluqlarını öyrətməkdən ibarətdir.

Ədəbi prosesdə varislik prinsipinə əsaslanaraq yeni yaradıcılıq axtarışları aparmaq çox mühüm şərtlərdəndir. Ümid edirik ki, ədəbi prosesin mahiyyətini anlayan tələbədəlrin ədəbiyyat tariximizə daha dəqiq meyarla yanaşmaq imkanları artacaqdır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031