manera.az
manera.az

Sənin axtardığını itirməyiblər... - MANERA.AZ

4-12-2015, 10:12

Sənin axtardığını itirməyiblər... - MANERA.AZ

MƏN ÖZ ÜFÜQÜMƏ ÇATDIM BU SƏHƏR...

İlan Orfeyin cənc və gözəl arvadı Evridikanı ayağından sancır. Zəhər onun həyatına son qoyur. Öz Evridikasını canından çox sevən Orfey onu işıqlı dünyaya qaytarmaq üçün ruhlar səltənətinə - müqəddəs Stiks çayının sahillərinə enir və sevimli arvadı ilə görüşmək üçün ölülərin ruhlarını daşıyan zalım Xarona yalvarır. Lakin Xaron onu qayığa yaxın qoymur. Orfey yalnız qızıl kifarasının səsi ilə zalım Xaronun ürəyinə rəhm toxumu səpə bilir və avarlardan yapışıb minir qayığa...

Kamal Abdulla mənim üçün Antik İnsan-dı...

Y.Yevtuşenkonun belə bir mətni vardır: “Şeir tramvayı” Şair öz avtoportretini cızır: Gənc istedadı heç kəs tramvaya buraxmaq istəmir. Çünki nəqliyyatın içərisini “korifeylər” tutub. Heç ayaq üstə qalmağa da yer yoxdu. Qapılardan sallanıb gedənlərin say-hesabı bilinmir. Və şair məcbur qalıb buferdən sallanıb gedir...

Kamal müəllim elmə, ədəbiyyata gələndə real tablo belə idi...

Lakin o, tamam fərqli bir yolla getdi – Orfey kimi sakitcə öz nəğməsini oxuyub Stiksin kədərli sularını oyatdı:

Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
Dərdini danışmağa.
(“Mən öz üfüqümə çatdım bu səhər”)

Bu həmin Üfüq idi ki, “Unutmağa kimsə yox”un qəhrəmanı Bəhram kişi məhz oradan Möhtəşəm Ahəngi görəcəkdi...
Və F.Q. da Çiçəkli Yazı-nın iziylə Stiks çayının sahillərinə gedib çıxacaqdı...

Zülmət səltənətinin hökmdarı Aid Evridikanı Orfeyə, allah Hermesin arxasınca gedərkən çevrilib geriyə baxmamaq şərti ilə verir. Onsuz da Evridika onların arxasınca gedəcəkdi. İşıqlı dünyaya çıxmağa lap az qalmış sevimli arvadını görmək ümidi ilə geriyə boylanan Orfeyin bütün arzuları alt-üst olur – vədi unutduğu üçün Evridikanın ölümünü ikinci dəfə görür...

Kamal müəllim “Gizli Dədə Qorqud”da belə bir tale yaşadı... O, geriyə - qədim əcdadlarının kölgələrinə bütün vücudu ilə boylandı.
Və... “Heç Nə” görmədi...

Fəqət əzazil “korifeylər” onu görmüşdülər...

Və özünü qınamaqdan başqa çarəsi qalmadı:

Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər?
Sən çətin tapasan axtardığını,
Sənin axtardığını itirməyiblər.

İtirilməyənin İçərisində İtiyi Axtarmaq!

Bu, Kamal müəllimi Sirr Hərisçisi-nə çevirir.

“Yarımçıq əlyazma”da o, geriyə boylanmadan gedir və sirrini zaman-zaman “faş elədiyi” qəhrəmanları: Qorqudu, Bayandır xanı, Beyrəyi, Burla Xatunu... zülmət səltənətindən işıqlı dünyaya çıxarır. Ona öz vədini “unutduğunu” məkrlə xatırlatsalar da, durmur, keçmişə ilişib qalmır, gedir!

Çünki o, Dərəyə enməli idi...

Qəribə görünsə də, Yunan mifoloji qəhrəmanları haqqında keçmiş zamanda danışmaq olmur. İndiki və gələcək zamanlarda da...
Kamal müəllim də eyzən belədir. Ona görə də dördüncü bir zamanı – Antik Zamanı uydurmamız lazım! Çünki Antik Zaman-da nəfəs qırıqlığı və yorğunluq olmadığından bütün zamanlara toxuna bilir. Bu, “Sehrbazlar dərəsində”ki “Dolğun zaman”a uyğun gəlir...
Kamal müəllim özü də yazır ki, hər kəs nə vaxtsa öz İtakasına qayıdır.

Odissey kimi...
Orfey kimi...
Bəlkə də bu, bizləri çaşdırmaq üçündü.
O, öz İtakasına qayıdana oxşamır axı...
Və nə yaxşı ki, belədir!

Onun İtakası Yer, Göy, bütövlükdə Kosmosdu:

Ürəklər böyüdü, yol verdi sənə,
Çiçəklər böyüdü, yol verdi sənə
Sən elə keçdin ki, inanmadılar
Bir də geri dönəsən...




.
Mehman Qaraxanoğlu
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031