manera.az
manera.az

Günortaca Yol göründü... | MANERA.AZ

27-11-2015, 14:35

Günortaca Yol göründü... | MANERA.AZ

manera.az

III HİSSƏ - BURADA

* * *
Xəbər verək Şəmsəddin Eldənizdən... “Hər cəhənnəmin kiçik də olsa cənnət bucağı olur” deyirlər. Şəmsəddin tapmadı sarayda o küncü. Möminə Xatun onu qaralamışdı, yerini dar eləmişdi, külli-cəhənnəmə döndərmişdi sarayı. O da, naəlac qalıb tərk etdi sarayı. Atabəy Möminə xatundan əməlli-başlı küsmüşdü. “Bu qədər sədaqətlə qulluq elə, neçə-neçə insan canına qıy, axırda da səni “qul oğlu qul” deyib evdən qovsun! Haramzada, qatil qadın! Sunqurun küçüklərini də alıb çaxsın başına! Mən öz balamla hakimiyyəti yenidən ələ keçirməyin qaydasını yaxşı bilirəm” – atın üstündə deyinə-deyinə, dilinin altında mızıldana-mızıldana oğlunu axtarmağa çıxdı. Soraqlaya-soraqlaya oğlunun keçdiyi yolları almışdı əlinə. Üç ay gecə-gündüz yol gedib gəlib çıxdı Xudafərinin yanına. Gördü ki, bir nəfər söykənib quyunun ağzına, qulaqlarını da quyunun dibinə şəkləyib fikrə gedib. Adamların soruşdu ki, – “Bu yekəpər adam kimdir?” Dedilər ki, – “Dəli Domruldur, adamların canını boğazına yığmış Dəli Domrul”.

Şəmsəddin atdan düşüb ehmalca arxadan Dəli Domrula yaxınlaşdı, xəncərini ehmalca çəkib qəfildən Dəli Domrulun kürəyinə sapladı. Dəli Domrul qoca gər kimi yerlə bir oldu. Qıraqda otlayan qoca at və qatır Şəmsəddinin əlində qanlı xəncəri görüb cumdular onun üstünə. “Nə yemisən?”, “Turşulu şilə...” – Şəmsəddini ayaqları altına alıb o ki var əzişdirdilər. Şəmsəddin imkan tapıb xəncəri atın qarnına soxdu. Yazıq at yanıüstə yerə səriləndə Rdrit cin atına mindi. Şahə qalxdı, soncuq atıb Şəmsəddinin alnının ortasından bir təpik vurdu. Şəmsəddin, “bu gün ölmüsən, ya dünən?” – tir-tap yerə uzandı. Körpünü keçənlərdən biri tələsik qaçıb Dəli Domrulun yarasına əski basdı, qanını kəsmək istədi. Şəmsəddin gözünü açanda tanış bir üz gördü. Elə bildi ki, röyadır. Neçə illər idi ki, bu üzü unutmuşdu. Atın heydən düşən gözləri ona dikilmiş nəzərlərlə toqquşanda bir neçə dəfə kiprik çaldı və, – “El.., Eldə...niz!” – deyib çabaladı. Atabəy Şəmsəddin: – “Mərcan..!?”. At, – “Hə, mənəm, Mərcan, sənin köhlən Mərcanın. Xatırladınmı məni? Hər axşam sultan Mahmudun tövləsində qamətimə nəfs saldığın Mərcan... Hər gecə qabağıma yaşıl xorum qoyub könlümü almırdınmı? Budundan iki dişləm qopardığımı, çanağını çıxarıb şikəst qoyduğun Mərcanı bunca illər unutmuşdun? Səndən yelin qapıb qatır doğmarammı? Bax, oğlun eynən sənə bənzəmirmi?”. Şəmsəddin yazıq-yazıq Rdritə baxdı, – “Oğlum...” – deyib gözündən yaşlar tökdü. At son nəfəsini xərcləyirdi, – “Ayağı nal görməyən nakam balam, sənin atandır bu adam. Muradımıza çatdıq. İndi gözlərimi işıqlı dünyaya rahatca yuma bilərəm” – at canını tapşırdı. Adamlar Dəli Domrulun başına toplaşmışdılar. Şəmsəddin sürünə-sürünə Domrulun yanına gəldi. Soruşdu, – “Xain zülmkar, de, oğlum hardadır? Məlikməmmədimə neyləmisən!?”. Domrul zarıya-zarıya, – “İgid oğlun sağ-salamatdır. Məmləkətini divlərin əzabından, məni ayrılıqdan qurtarmaq üçün qaranlıq dünyaya düşdü”. Şəmsəddin eşitdiyindən “ah” çəkdi, xəncəri qaldırıb yenidən Domrulun ürəyinə saplamaq istəyəndə adamlar onun biləyindən tutdu. Domrul, – “Ey qüdrətli Atabəy Əzəm, bil ki, oğlun, gördüyüm pəhləvanların ən güclüsü, ən qorxmazıdır. Bu quyuya düşərsən, uzun yollar keçərsən, oğluna qovuşarsan. Əgər məni öldürməsəydin, mən də səninlə gedərdim. Məlikməmməd mənim can dostumdur – bunu biləsən – Məlikməmmədin bilərziyini yaxasından çıxarıb atabəyə uzatdı. Əgər arvadım Nisə bəyimi görsən, ona son nəfəsimədək sadiq qaldığımı deyərsən” – Dəli Domrul da nisgilli gözlərini əbədi yumdu. Şəmsəddin dəli bir nərə çəkib başını qucaqladı, – “Əlin nə qədər doğma insan qanına bulaşdı, qul Eldəniz!? Bu nə müsibətdir, adil Allah! Sən hara baxırsan, sən deyilmisən bu dünyanın sahibi..!”. Şəmsəddin Eldənizin səsindən göy gurladı, günəşli bir gündə göydən leysanla bilikdə səda gəldi, – “Qudurmayın, gəlsəm, kökünüzü kəsəcəyəm!”. Bu səsdən Dəli Domrulun Taxtakörpüsü quş lələyi kimi uçub dağıldı. Ətrafa göndərdiyi mühafizlər Məlikməmmədin xəyanətkar dostlarının kəllələrini gətirib onun qabağına atdı. Şəmsəddin əmr elədi ki, Mərcanı və Domrulu dəfn eləsinlər. Özü də Rdritlə Xudafərinin üstünə çıxıb sakit-sakit axan Araza baxdı. Xudafərinin uçan yerinə gözü sataşanda əmr elədi ki, ətrafdakı bütün ustaları çağırsınlar və körpünü bərpa eləsinlər. Sonra Domrulun mağarasında dincini aldı. Otaqlarda toplanmış qır-qızıl, ləl-cəvahirata baxdı. Şəmsəddin öz adına kəsilmiş sikkələrə heç gözünün ucuyla da baxmırdı. Tapşırdı ki, – “Ustalara verərsiniz, qoy ikinci Xudafərini də tiksinlər. Heç olmazsa, Arzın o tayı ilə bu tayı arasında rahat gediş-gəliş səngiməsin. Körpü, bu dünyada gördüyüm son savab iş, məndən nişanə olsun” – dedi. Rdrit isə ləl-cəvahiratın içində par-par parıldayan iki cüt nalı götürüb Şəmsəddinin yanına gətirdi:
– Bü günədək məni nallamağa kimsəni yaxın buraxmamışam. Qoy, ilk nalımı atam vursun. Gözəl atam, nalla məni.

Şəmsəddin çəkic tapdı, mıx tapdı, ülgüclə qatırın dırnağını təmizlədi və Rdriti qızılla nalladı. Rdrit nallarına baxıb sevinirdi. “Səni ki tapdım, dünya durduqca xoşbəxtəm, ata. Anamın torpağı sanı ömür arzulayıram sənə. Sabah ertədən qardaşım Məlikməmmədin dalınca mən də səninlə gedəcəyəm. Yer üzündə bir-birimizə həsrət qaldıq, heç olmazsa qaranlıq dünyada bir-birimizə həyan olaq” – deyəndə Şəmsəddin onun boynunu qucaqlayıb üzünü üzünə sürtdü, – “Oğlum mənim, bağışla məni, ananı çox üzmüşəm...”.

Məmilkməmmədin quyuya düşdüyü iyirminci gün idi. Şəmsəddin və Rdrit qəfəsə girdilər. Mühafizlərinə tapşırdı ki, onu quyuya salandan sonra hamısı azaddır və öz evlərinə gedə bilərlər. “Hər yana da xəbər sallayın ki, atabəy əzəm Şəmsəddin Eldəniz öldü” – tapşırdı. Şəmsəddin və Rdrit yeraltı dünyaya düşməyində olsun, görək Məlikməmməd nə edir, halı necədir...

* * *

Erkək div Məlikməmmədi Dəli Domrulun arvadının yanına gətirdi. O, burda çalışan qızların başçısı təyin olunmuşdu. Üç yüzədək qız zəfəran-zəncəfil toplayıb üyütməklə məşğul idi. Qadının yanına təzəcə çatdırmışdılar ki, dişi divin səsi guruldadı, – “Aman Allah, öldüm! Vay bağarsaqlarım! Qardaş..!”. Div hövlnak qoçlara baxdı. Qoçlar sakitcə otlamağındaydı. Bacısı ikinci dəfə bağıranda, o, – “Qara boğma!” – deyib tarlada işləyən qızlardan birini də ağzına atıb tələm-tələsik çeynəyə-çeynəyə bacısının harayına cumdu.
Dəli Domrulun arvadı bəstəboy, yaşı qırxı ötmüş qarayanız bir qadındı. Üzünün suyundan ər dərdi çəkənə oxşamırdı. Məlikməmməd dedi, – “Oğuz elinin ər igidi Dəli Domruldan şad xəbər var sənə, xanım hey! “Şirin damağ verib öpüşdüyüm, bir yastıqda baş qoyduğum Nisə bəyimə salam deyərsən. Qarşı yatan uca dağları ondan sonra mən neylərəm? Yaylayarsam, gorum olsun! Soyuq-soyuq sularını mən içərsəm, mənim qanım olsun! Qızılını-gümüşünü xərclərsəm, kəfənliyim olsun! Tövlə-tövlə atlarını mən minərsəm, tabutum olsun! Ondan sonra bir dilbəri sevib seçsəm, birgə yatsam, bir əjdaha ilan olub məni çalsın! Etibarsız ata-anamın halına bircə gün yandımsa, lənətə gəlim. Amma Nisə bəyimi bircə an unutdumsa, yerlər şahid olsun, göy şahid olsun, qüdrətli Allah şahid olsun, əzrayıl canımı alsın” – dedi.

Nisə bəyim əvəzində nə desə yaxşıdı? Dedi: – Görüm onun boynu sınsın! Müxənnət ata-anadan elə də biqeyrət doğar! İşığa kor qalsın, mənim kimi! Heç məni nə günə saldığından xəbəri varmı? Erkək divin toxumunu yığıb qız mayalandıran qadında namusmu qalar? Bu qədərdir quyuya insan leşi atmaqdansa, bircə dəfə namusa boğulub arvadını xilas etmək ağlına batmadımı? Allah ona bir ucuz ölüm versin ki, bir də onu sağ-salamat görməyim! Yoxsa, ilk gördüyümdə onun ciyərlərini murdar əllərimlə söküb çıxaracağam. Mən öz canımı ona qurban dedim. Ucalardan ucasan dedim. Əzrayıla diz çöküb Allaha yalvardım, - “Alırsansa, ikimizin canını birgə al! Sağ qoyursan, ikimizə də rəhm et, kərəmi çox, Qadir Allah!” – dedim. Budurmu əhdə vəfa?!

Məlikməmməd gördü ki, Nisə bəyimin ağzından qan iyi gəlir, heç Dəli Domrulun tərif etdiyi qadın deyil, Allah deyəni demir, ta söz güləşdirmək istəmədi. Qoçları işarə edib soruşdu, – “Bəs bu baş bəlası qoçlar nəyə yarar?”.

Nisə bəyim:
– Yeddi günün tamamında özün görərsən... Özü də səndən kişi qoxusu gəlir... Sən qız deyilsən..! Ay haray, qoymayın, kişi var..! – Nisə bəyim hay salıb qışqıranda Məlikməmməd onun ağzını qapadı:
– Sus, qaltaq qadın! Mən sizi burdan xilas etməyə gəlmişəm. Dəli Domrulu da, səni də lənətə gələsiniz! Sənin ərin yuxarıda gündə on incəbel qızla kef çəkir. Heç yadına da düşmürsən. Allahdan sənə ölüm arzulayır ki, sağ-salamat qayıdıb onun şadyanalığın görməyəsən. Domrulun coluq-cocuğunu saysan, saya gəlməz. Sənin kimi sonsuz qısırdan canını qutardığı üçün məmləkətin ən xoşbəxt və varlı insanıdır. Ömrünün qalan yüz ilini də sənsiz keçirmək arzusundadır! – deyəndə, baxdı ki, Nisə bəyimin gözləri qısqanclıqdan alacalandı. Əlini qızın ağzından çəkdi:

– Əgər məmləkətin qızlarını iyrənc Domrulun nəfsindən qurtarmaq istəyirsənsə, mənə kömək elə, burdan birlikdə çıxaq – dedi.
Nisə bəyimin üzü hirsindən pörtmüşdü:
– Buy səni oğlan öl, Domrul! Səni işıqlı sabaha sağ çıxmayasan! Bəs bura gələn qız-gəlinlər deyirdi ki, Domrul onlara əl də sürtməyib..?
– Domrulun mağarasında gördüyüm qızların yanında bunlar nədir ki? O ən yaxşılarını özünə, şıntır-miyəntəyini isə quyuya sallayır. Özün görməsən inanmazsan...
Nisə bəyim qadındı. Bir qadının da ən zəif yeri qısqanclıq damarıdır. Məlikməmmədin bu dəfəki oxu da düz hədəfə dəymişdi. Nisə bəyim sakitləşib oturdu. Səsə erkək div gəldi, – “Nə olub, axmaq qadın, niyə anqırırsan?!” – soruşanda, Nisə bəyim cavab verdi, – “Elə bildim qoçlar yellənir, qorxudan qışqırdım” – dedi. “Biri o yanda ayaqyoluna gedə bilmir, bağırır, biri də burda... Lənətə gələsiniz sizi, qoymazsınız bircə hovur dinib-dincələk!” – əl atıb bir qızı da günəbaxan tumu kimi ağzına atıb getdi.

Məlikməmməd Nisə bəyimi qaya parçasının dibində oturdub, özü də onunla qabaq-qənşər əyləşdi:
– Danış, burda nə varsa hamısı haqqında danış. Bu divləri necə öldürüm? Qorxma, xəncərim var, yoxlamışam, divə xəncər batır. Ancaq başqa bir tilsim-filan varsa, məni bundan agah elə.
Nisə bəyim dedi:
– Bu divlər üç idi. Birini oğlum Basat öldürdü. Sonra bu iki qardaş-bacı ortaya çıxdı, balamı diri-diri parçaladılar. Divlər öz vətənlərinə dönməlidir. Ancaq ikilikdə dönə bilmirlər. Gərək üçüncü, lap mümkün olsa, dah çox olsunlar ki, Simurğ quşunu yemləyə bilsinlər. Simurğ quşu div ətini çox sevir. Bu quş onları Günortaca aparacaq tək canlıdır. Bu zəfəranları toplayıb ona yem hazırlayır, yuva qururuq ki, buranı bəyənib burda qalsınlar, balalayıb artsınlar. Simurq quşu balalasa, əbədi olaraq burda qalacaq və ildə bir neçə dəfə Günortaca gedib qayıdacaqlar. O vaxtadək simurqları əhliləşdirmək lazım olacaq. Amma, bu qızlar erkək divdən boylu qalmalıdırlar. Bu isə hələ ki, mümkün deyil. Niyəsini soruşma – çox ayıbdır. Yazıq qızların gündə ikisi-üçü ortadan ikiyə bölünüb ölürlər... Dişi divin aybaşısı tutanda qızıb yumaq kimi oraya-buraya yumalanır, top kimi attanıb-düşür. Mən də qadınam, neçə ildir mən də kişi üzünə həsrətəm, ancaq nə belə qızmış arvad görməmişəm, nə də eşitməmişəm. Di gəl ki, ifritə bu gözəl qızları olmazın qısqanır. Qardaşı olmasa, otağın qapısını qırıb qızları diri-diri udar. İnanır ki, qardaşından mayalanacaq bu qızlardan biri oğlan uşağı doğacaq. Bu oğlan yarıdiv-yarıinsan olduğu üçün onunla mayalana biləcək və yeni nəsl yaradıb həm Yer üzünü, qaranlıq dünyanı və Günortacı ələ keçirəcək. Hər ayın tamamında qadınlıq xəstəliyi başlayan kimi, ehritas qoxusu buraları bürüyür, elə səslər çıxarır ki, bu fağır qoçların da erkəkliyi cuşa gəlir, bu gözəlliyi verdi-veran qoyurlar.

Məlikməmməd:
– Bəs, qardaş bacısını mayalaya bilməzmi? Əgər bu qoçlar belə təhlükəlidirsə, onda niyə öldürmürsünüz?
– Yox. Qoçlar da çox-çox əvvəllər Günortacdan gəlmədir. Simurğu bura çəkən bəzəkdir onlar. Dişi div çox vasvasıdır. Qardaşı bir-iki dəfə işarə eləmişdi, amma qız onu bir kökə saldı ki, yazıq, güclə özünə gəldi. Buna razı olmur...
– Onu yazıq ilan çalsın! Bəs bu qızlarla divi necə mayalandıracaqsan? Bu mümkündürmü?
– Neçə vaxtdır zülm ayaqlayıram bu xarabada. Qadınlığım bu işdə acizdir. Bilmirəm başıma haranın külünü töküm...
Məlikməmməd bir qədər fikrə gedib dedi:
– Qalacaq yeriniz haradır, harda gecələyirsiniz? Erkək divdəmi sizinlə birlikdə yatır? Dişi divin aybaşısı nə vaxtdır?
– Ayrı-ayrı otaqlarda yeddi-yeddi qalırıq. Div öz evində tək yatır – ölümdən qorxduğundan kimsəyə etibar etmir. Yeddi gündən sonra isə aybaşıdır. Amma bu dəfəki sancılarından heç nə anlamadım. Ertədən hey bağırıb durur...

– Bu sancı, başqa sancıdır. Qılıncımın birini udub, içini doğrayır. Sən de görüm erkək div səni dinləyərmi, dediklərinə qulaq asırmı?
– Quzu kimidir. Təki qızlar ondan hamilə qalsın, nə desən edər, lap donbalaq da aşar.
– Donbalağı sonra aşar, sən onu çağır və de ki, yemədən-içmədən, yeddi gün-yeddi gecə dayanmadan toxumunu bir cürdəyə yığsın. Qızların yeddi ən gözəlini də işdən ayırarsan, mənimlə salırsan təmiz otaqlardan birinə – yəqin ki, nə demək istədiyimi anlayırsan... Özün qızlara başa salarsan ki, əgər canlarını divdən qurtarmaq istəyirlərsə, hamilə qalmağa razılaşsınlar. Gerisi, Allah kərimdir. Bu fənd alınmasa, başqa bir şey düşünərik.
– Ay səni, xatakar... Könlündən keçənə bir bax bunun...

– Yenə sərsəmləmə! Kef çəkmək vaxtı deyil, indilikdə haram, ölümdən yaxşıdır. Başqa çarə yoxdur. Yoxsa, qızlar döllənmədikcə, div onları onsuz da bir-bir yeyəcək. Əvəzində də yeni-yeni qurbanlar gələcək. Nakam getməkdənsə, ölümqabağı zövq almaq da bir savabdır...
– Başa düşdüm. Dediyin kimi edərəm. Amma divin topladığı toxumu neyləyəcəyik?
– Zəncəfillə qarışdırıb dəmə qoyarsan, sonra da girib içində uzanarsan ki, sənin də kişisizliyinə dərman olsun – deyib güldü.
Nisə bəyim erkək divi çağırıb dərdə çarə tapdığını deyəndə div sevindiyindən atılıb düşdü. Nisə bəyim divə yekə bir cürdək verib onu yola saldı. Divin arxasınca, – “Allah sizi niyə belə avam yaradır görəsən, zavallı divlər? Boy-buxun sizdə, amma barmaq sürtməyə ağlınız yoxdur. Cırtdan birinizi xəlbirlə aldatmışdı, indi də başqası cürdəklə” – deyib gülümsədi. Məlikməmməd isə gözəllər içindən ən qənirsiz yeddi incəbeli götürüb bir otağa çəkildi...
* * *

Zəfəran tarlasının üstünü günəş işığı kimi qəfil nur bürüdü. Ətrafa darçın qoxusu yayıldı. Qoçlar, zəfəran yığan qızlar pəpən-pərən düşdülər. Qızıl-qırmızı rəngə boyanmış iri, yaşlı bir quş zəfəranlığın ortasına qondu. Qanadlarını dayanmadan silkələdikcə lələklərinin arasından vəhşi darçın yarpağı töküldü və iri bir taya oldu. Simurğ quşu yaxındakı zəfəran tayasını da dimdiyinə alıb darçın komasının üstünə qoydu. Qanadlarını möhkəmcə qızıl dimdiyinə vurub tayanı odladı. Alov yüksələndə matəm mahnısı oxuya-oxuya özünü tonqala atdı. Mahnının səsindən bütün qızlar, qoçlar bircə andaca bihuş olub yuxuya getdilər.
Tonqal yanıb qurtardı və yerində iri kül qaldı. Üç gündən sonra kül şey bağladı və çatladı. Küldən bir tırtıl cücərdi. Qızlar yaxına gəlib gördülər ki, tırtıl yekəlib, yekəlib zəfəran çiçəklərinə daraşdı. Tırtıl böyüdükcə qabığını dəyişib qızılı rəngdə simurğ cücəsi oldu və başladı zəfəran otlamağa. Sən demə bu cücələr böyüdükdən sonra isti ölkələrə köç edən quşlar kimi fəhmlə gəldikləri Günortaca – darçınlı düzlərə yollanırmış. Beləliklə də ölməz simurğ quşu bu yolla öz ruhunu təzələyirmiş. Rəvayətə görə bu quşların yer üzündə bəyəndiyi iki yer varmış – Qaf dağı və Arran çölləri. İşıqlı dünyada Simurğ quşlarını insan görə bilmir və tez əhliləşən quş imiş. Sən demə dişi div bu quşların bir neçəsini çoxdan əhliləşdiribmiş.

İki gün keçdi. Dişi div ayaqyolunda zarıya-zarıya udduğu qılıncdan canını qurtardı. Qılıncı udan gündən yeməkdən-içməkdən kəsilmişdi. Acından ölürdü. Erkək div də bəlli işlə məşğul olduğundan, Dəli Domrulun göndərdiyi azuqə və qızları götürən yox idi. Quyunun dibində yerə düşüb parça-parça olmuş cəsədlər qalaq-qalaq yığılmış, iy verib iylənmişdi. Qəfəsdəki qızlar da acından-susuzluqdan çöpə dönmüş, çığıra-çığıra qalmışdılar. Dişi div qardaşını nə qədər səsləyirdisə, onda səs-səmir gəlmirdi. Əsəbindən divarı gəmirir, qapını cırmaqlayırdı. Naəlaclıqdan qulluğunda duran qızı yedi. Sonrakı gün Nisə bəyim çarəsiz qalıb qəfəsdəki qızları zəfəranlığa apardı, iylənmiş cəsədləri də dişi divin qapısını aralayıb içəri tullayanda dişi div bağırdı, – “Gicbəsər, sarsaq, bu nə yeməkdir gətirmisən! Məni iylənmiş cəsəd yeyən görmüsən!? Tez rədd elə bunları burdan! Mənə bakirə qız gətir!”. Nisə bəyim ehtiyatla cəsədləri sürüyüb mağaranın dalda bir yerində basdırdı. Tarlaya gəlib qızlara baxdı, heç birisini divə verməyə əli gəlmədi. Dişi div dörd gün ac-susuz qaldı. Hirsindən aybaşısı da gecikirdi. Yeddinci gün erkək div əlində dolu cürdək Nisə bəyimin yanına gəldi. Yazıq div ayaqüstə ölürdü. Arıqlayıb çöpə dönmüşdü. Əsnəməkdən az qalırdı ağzı cırılsın. Bacısının səsini eşidib ağır-ağır qəfəs olan yerə getdi. Qəfəsi qaldırıb Dəli Domrula göndərdi. Necə yorulmuşdusa, dərin yuxuya getdi. Məlikməmməd də öz işini bitirib otaqdan gərnəşə-gərnəşə çıxdı. Dişi divin qapısını açdı, otaqda kimsə yox idi. Gizli qapının yerini unutmasın deyə qapının yerində dişi divin şəklini çəkdi. Öz otağına keçib, elə təzəcə qapını bağlamışdı ki, dişi divin bağırtısı dünyanı silkələdi, – “Gəlir! Qaçın gizlənin!”. Divin sədası təzəcə kəsilmişdi ki, otağa qan qarışıq pis qoxu doldu. Dədə vay.., birdən yer silkələndi, elə bil at nallarının səsiydi gələn. Məlikməmməd qapını azca aralayıb baxdı ki, divin qoxusu dəhlizi doldurub. Bildi ki, yeri titrədən qızmış qoçlardır. Qapını tez örtüb əlinə keçən ağır şeyləri arxasına söykədi. Bir də gördü ki, qoç qapıya kəllə atır və qapının arxasına yığdığı şeylər sınıb tökülür. Dəhlizə açılan bütün qapıları bir-bir sındıra-sındıra qoçlar irəliləyirdilər.

Erkək div yorğun-arğın, əldən düşmüş halda şirin yuxudaydı. Gözünü açmağa macal tapmamış qoçların ikisi də düşdülər yazığın üstünə. Başına-gözünə, qarnına-sinəsinə buynuzları al qan içində yuyulana, gözlərini qan doldurana qədər o ki var kəllə atdılar. Divi döymə ət kimi divara yapışdırandan sonra dişi divin çöl qapısını sındırdılar. Gizli otağa gedən qapıdakı şəkli o ki var kəllələyib qapını sındırdılar. Dişinin qoxusu onları özünə çəkirdi. Div harda gizlənirdisə, qoçlar yerini tapırdı. Axırda div özünü sonuncu otaqdakı dayaz bir quyuya atıb qardaşını səsləyə-sələyə imdad istədi. Məlikməmməd dərhal çarpayılarının üstündəki örtükləri yığıb dəhlizə çıxdı və qonşu otağın qapısını açıb mələfələri içəri atdı. Erkək divin də cürdəkdəki toxumunu səpdi dəhlizdən düz həmin otağadək. Hiss edəndə ki, qoçlar qoxunu aldılar və ona tərəf qaçırlar, dərhal öz otağına çəkilib qapını yenə arxadan bərkitdi. Qoçlar qonşu otağı dağım-dağım dağıdırdılar. Elə bil qonsu otaqda iki qoşun üz-üzə gəlib qan tökürlər. Ta, əldən düşənədək, kələkləri kəsilənədək, əhədləri üzülənədək qoçlar özlərinə sitəm elədilər. Yorulub əldən düşəndən sonra zəfəranlıqda otlamağa getdilər. Sabah yenə coşub dünyanı dağıtdılar, birisigün yenə.., ta yeddi gün adamlar gizləndikləri yerdən bayıra çıxa bilmədi. Dişi divin aybaşısı bitəndən sonra qoçlar sakitləşdi və Nisə bəyim salamat qalmış qızları yenidən tarlaya çıxartdı. İndi dişi divin iniltisi gəlirdi...
Məlikməmməd otağındakı qızları da tarlaya işləməyə yolladı. Dişi div qardaşını dayanmadan səsləyib duranda Nisə bəyim naəlac qalıb onun otağına getdi. Çöl qapını açan kimi div soruşdu, – “Hanı mənim biqeyrət qardaşım! Niyə səsimə cavab vermir?”. Nisə bəyim də sevincək dedi ki, – “Gözün aydın, xanımım, səndən muştuluq istərəm, qızların yeddisi maya tutdu. Qardaşınız da yorğun düşüb yatıbdır”. Div xəbərdən azca sevindi, amma acından ölürdü deyə, – “Cəhənnəm olsun hər şey, ölürəm acından” – deyib Nisə bəyimi boğazlayıb atdı ağzına. Nisə bəyim ayaqları çobalaya-çobalaya divin ağzında gözdən itdi. Nisə bəyimdən xəbər-ətər gəlməyəndə Məlikməmməd bildi ki, iş işdən keçib və başladı zəfəran tarlasının həndəvərini gəzməyə. Xeyli gəzib dolaşdı və birdən gördü ki, səsli-küylü şəlalə böyük bir mağaranın ağzını pərdə kimi örtüb. Şəlaləni keçib mağaraya girdi. Baxdı ki, burda yelçəkən var – hava şəlalə tərəfdən girib, hardansa başqa yerdən çıxır. Qızların yanına gəlib tapşırdı ki, əllərində nə azuqə varsa, qənaətlə işlətsinlər, – “Mən bir mağara tapmışam. Ora gedib yoxlayacağam ki, bu yol haraya gedir” – dedi. Məlikməmməd azuqəsini götürüb yola düşəndə yeddi gün-yeddi gecə onunla yatan qızlar hönkür-hönkür ağladılar. O biri qızlar da, onlara qoşulub öz dərdlərini ağladılar.
Məlikməmməd qızları gözüyaşlı qoyub getməyində olsun, sizə xəbər verim Şəmsəddindən...

* * *

Şəmsəddin quyunun dibinə düşüb gözü qaranlığa alışandan sonra gördü ki, divara yapışmış bir əjdaha cəsədi var. Qılıncını çəkib yavaş-yavaş irəlilədi. Qapısı darmadağın olmuş qapıları bir-bir yoxladı – ins-cins yox idi. Rdrit qorxusundan ondan bir addım da geri qalmırdı. Dişi divin qapısına çatanda dinşədi, gördü ki, içəridən inilti gəlir. Ehmalca qapını araladı. Gördü bir qapı da var – onu da açdı. Gördü ki, iri əndamlı, budlarından yağ daman, saçları şəhvət qoxan, ucaboy bir canan üryan uzanıb taxtda və yaralarını sığallayır. Şəmsəddin baxdı ki, canan keçiləsi canan deyil. Ehtiyatla qıza yaxınlaşdı. Qız onu görcək tələsik özünü yığışdırıb, ayıbını örtəndə gördü ki, Şəmsəddin imandan-dindən çıxıb, gözü ondan başqa heç nəyi görmür, ağlını Allah almış kimi düz onun üstünə gəlir. Qəfildən Şəmsəddinin Eldənizliyinə gözü sataşdı.., – “Bu sənsən?! Axır ki, gəlib çıxdın... İçimdə qarımış bakirə bir sevgi, yanğı qocalıb çürüyürdü. Mənim arzularım ölürdü. Bilirdim ki, bəni-insandan mənə bab biri yer üstündə gəzir. Amma mənim fərsiz qardaşlarım səni tapa bilmirdilər. Çünki, boş kafada şeytan oynar. Gəl, gəl mənim xilaskarım, Günortac xilas oldu!” – deyib qucağını Şəmsəddinə açdı. Şəmsəddin paltarını soyunanda Rdrit qorxudan dalın-dalın dəhlizə çıxdı, nalına tüpürüb dəhlizboyu çapdı və gəlib zəfəran çölünə çıxdı. Gördüyü mənzərədən gözləri dörd oldu. Zəfəran çiçəklərini qoxusunu sinəsinə çəkib ilk nübarını yedi, tızırıqlanıb sevindiyindən şıllaq atdı. Rdrit əsl eşşək cənnətinə düşmüşdü. Sevincək qarnını doyurmağında qalsın, sizə xəbər verim Məlikməmməddən...

* * *
Məlikməmməd məşəl yandırıb mağara boyunca az getdi, çox getdi, əyri-üyrü dalanlar buruldu, gəlib çıxdı mağaranın sonuna. Burda iri bir daşla mağaranın ağzını qapamışdılar. İçəriyə zəif gün işığı düşürdü. Güc-bəla ilə daşı itələyib çıxdı yer üzünə. Gün işığına alışanadək xeyli müddət gözlərini tutdu. Bir təpənin üstünə çıxıb əlini qaşının üstünə qoydu. Gördü ki, uzaqda tozanaqdır. Əldən-heydən düşənədək gəlib çıxdı tozanaq yerinə. Baxdı ki, iki qoşun girib bir-birinə. Huşu özündə olan yaralıdan soruşdu ki, – “Bu nə müsibətdir! Kimdir bir-birini qıran? Nə üstündə qan tökürlər?”. Yaralı dedi ki, – “Qızıl Arslanın ordusuyla Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc xatun, Qutluq İnancın ordusudur üz-üzə gələn. Qızıl Arslan xəlifə Nasirin razılığı ilə özünü sultan elan etmişdi. Lakin, sultanlığı uzun sürmədi; narazı Səlcuq əmirləri sui-qəsd edib Qızıl Arslanı öldürdülər”.

Məlikməmməd xeyli vaxt həndəvərdə gəzib çox şey öyrəndi. Bildi ki, qardaşları artıq dünyada deyillər. Atası taxtdan əl çəkib, nə dirisindən, nə də ölüsündən xəbər var. Qardaşı uşaqları taxt-tac üçün bir-birinin qanını tökürlər. Gördü ki, Atabəy Əzimin varisi kimi özünü ələ versə, xəyanətkarlar onu da aradan götürəcəklər. “Elə ən yaxşısı yeraltı dünyadır. Behişt dediklər elə bura olmalıdır. Onsuz da, sarayda məni sevməzdilər” – birdəfəlik geri dönməyi qərara aldı. Geri qayıdanda gördü ki, atabəylər ordusunun azuqəsi olan iri bir qoyun sürüsü yamacda sahibsiz otlayır. Çobanın çadırına girdi, gördü ki, buğda kisələri tığ-tığ düzülüb. Ərinmədi – iri bir bardamı buğda ilə doldurub atdı dalına, qoyun sürüsünü də qabağına qatıb mağaranın qapısına yönəltdi. Qoyunların hamısını içəri salandan sonra mağaranın ağzına təzədən bağladı. Artıq bu qayanı kimsə təkbaşına qaldırıb aça bilməzdi. Qoyunu qabağına qatıb şəlalədən keçirdi və zəfəranlığa saldı. Qızlar onu görən kimi sevincək üstünə yüyürdülər. Hamısı bir-bir onun yanağından öpür, – “Xoş gəldin, ağam hey!” – deyirdilər. Məlikməmməd bildi ki, onun oğlan olduğunu hamı bilir. Yeddi gecə bir yataqda gecələdiyi qızlar tülkü-tülkü gülüb dedilər ki, – “Bəs bilməzsənmi, bir qadının qəbrə apardığı tək sirr, bilmədiyi sirrdir. Qadın sirr bilə, yanındakına deməyə, bağrı çatlar. Sən olmayalı düşündük ki, bura əsl cənnətdir, buranı özümüzə daimi yurd seçək. Hamımız da sənin halalınıq. Artıq yeyəcək ətimiz, biçməyə taxılımız da var. Başımızda da sənin kimi ağamız, hamılıqla burda qalaq” – dedilər.
Qəfildən peyda olan qoçlar sürünü görən kimi əvvəlcə buynuzlarıyla torpağı göyə sovurdu, fınxırdı, dırnaqlarıyla yeri döyəcləyib sürüyə təpildilər. İlk həmlədəcə sürüdəki əlli erkəkdən iyirmisi göyə uçub yerə düşənədək havada canlarından oldu. Qızlar xəncəri qapıb erkəkləri murdar olmağa qoymadılar. Qoçlar dişi qoyunların on beşinin belinı sındırdılar, qızlar onları da vaxtında kəsdilər. Sürü qoçların höyürünü alıb sakit cütləşməyə başlayanda Məlikməmmədin içi rahatladı, – “Kəsdiyiniz qoyunları qovurma edin, düz qırx gün-qırx gecə kef məclisi qurulsun. Sizə deyəcəklərim var” – dedi. Amma kişnərtiyə döndü və gördüyünə inanmadı. Rdrit zəfəranlıqda mayallaq aşa-aşa hay-küylə sevinirdi.
Qızlar can verən qoyunları doğrayıb qazanlara doldurmağa girişdilər. Məlikməmməd isə dostunu səsləyib Rdritin yanına qaçdı, – “Rdrit, dostum..!”. Rdrit onu görən kimi ona tərəf tızırıqlandı, – “Qardaş..!”. Bir-birinə çatanda toqquşub hərəsi bir tərəfə sərildi. Qalxıb bir-birini duz kimi yaladılar. Rdrit:
– Sən demə biz dost-doğmaca atabir qardaşıymışıq... Atamız atabəy Şəmsəddin də burdadır.
– Nə danışırsan, hardadır? – həyəcanla soruşdu.

– Sənin yerinə olsam, indilikdə onu narahat etməzdim. Özü eşiyə çıxanda hər şeyi birlikdə öyrənərik...
Məlikməmməd çobanın çadırından götürdüyü kişi paltarını geydi və qızlara tapşırdı ki, quyuya sallanan qəfəsin kəndirini kəssinlər və dəhlizin girişini bək-bərk hörsünlər.
Altı gün-yeddi gecədən sonra Şəmsəddin Eldəniz əlindəki alyanaq şehli almadan yeyə-yeyə dişi divin gərdəyindən çıxıb zəfəranlağı gəldi. Məlikməmməd onun qarşısında diz çöküb əlindən öpdü. Ziyafət hazırlanmışdı. Şəmsəddin Eldəniz acından ölürdü, iri bir qovurma tiyanını qabağına qoyub təkbaşına yedi. Bir boşqab da götürüb dişi divə aparanda, qızlardan biri dedi ki, – “Bir boşqabla onun qarnı doyarmı, sultanım? O bir öynəyə iki insan yeyərdi”. Atabəy dedi, – “Artıq o, siz gördüyünüz div deyil, o dünyanın ən fisunkar gözəlidir. Sizə etdiyi pisliklərə görə utanır, çölə çıxmaqdan çəkinir”. Şəmsəddin oğlunu da götürüb sevgilisinin otağına apardı. Otağa girəndə Məlikməmməd gözlərinə inanmadı. Gördüyü dişi divdən əsər-əlamət qalmamışdı – qaba tükləri tökülmüş, qara dərisi ağarmış, nar məməli, iri yançaqlı, incə belli, çatma qaşlı, xırda dişli, mərmər sinəli bir nazənin olmuşdu – deməzdin ki, bu qız şeytanın qızıl tükündən yaranıb. Atası oğlunu göstərib, – “Oğlumdur, adı Məlikməmməddir, səltənətimin son padşahıdır. Bu gündən ona itaət boynun borcudur”. Qız Məlikməmmədə baş əyib dedi, – “Sənin oğlun, mənim baş tacımdır. Səltənəti əbədi, ömrü firavan olsun”. Məlikməmməd gördü ki, arxa otağın qapısı qırılıb və Şuşada bitən, oğurlanmış məşhur almaların hamısı burdadır. Otağın divarı da qurğuşundan olduğu üçün səhər mehinin soyuğu burda şeh salır. Yan otaqların birindən əcaib-qəraib səs gəldi. Atası gördü ki, oğlu səsə maraqlanır, onu yan otağa apardı. Otağın bir küncündə iri bir simurğ quşunu cidarlamışdılar, axura da zəfəran çiçəkləri, darçın otu qoymuşdular. “Bu necə ola bilər axı..? Bir div necə insana dönə bilər? Bu quş nə gəzir burda? Almaları Simurq quşu daşıyırmış demək...” – Məlikməmməd gördüklərinə məəttəl qalmışdı. “Eşitməmisənmi, – “Kişi var, qadını mum edər, kişi də var, arvadı eldə xar edər” – divdəndönmə qadın Şəmsəddin Əzəmin qoltuğuna sığındı, – “Sənin div atan məni divlikdən insanlığa döndərdi” – ehtirasla atabəyin üzünə gülümsündü.
Ata-oğul divdəndönmə qızın əlindən tutub zəfəranlığa gətirdilər. Şəmsəddin qızın adını Səma qoymuşdu.

* * *
Yeraltı Dünyada nə günəş işığı, nə də ay işığı vardı deyə, aradan neçə gün, neçə ay, neçə il keçdiyini bilən yox idi. Həm də saniyələr xoşbəxt keçəndə bunun fərqinə varan da olmur. Bircə onu bilirik ki, Şəmsəddin hər gün şeyli almadan yeyib Səma Xatunun pişiyini ağaca dırmaşdırıb yetmiş kərə balaladanda, hələ Məlikməmmədin on dörd övladı vardı. Şəmsəddin alyanaq almadan oğluna da verəndən sonra aradan heç iki il keçmədi ki, Şəmsəddinin yüz əlli yeddi övladı vardı, Məlikməmmədin isə üç yüz qırx dörd övladı.
Günlərin birində Şəmsəddin hamını başına topladı, – “Əzizlərim, artıq ayrılıq zamanı yetişdi. Xudavəndi-aləm vətənim Günortacda işləri səhmana salıb. Daha şeytanın şəltəsi Günortacda işləməyəcəkdir, İblisin Günortaca girməsi qadağan olunub. Günortacda yeni nəsl yetişməlidir. İblis və qısır tanrılar Allahın dərgahında zincirə vurulublar. Allah-təala bütün ilahələrə rəhm etmiş və nəsil artırmağa rüsxət vermişdir.

Sizlərin hamınızı oğlum Məlikməmmədə əmanət edirəm. Oğlum, Eldəgizlərin Sultani-Əzəmi artıq sənsən indi. Ailəni, sərvətini də götür Yer üzünə çıx və ədaləti bərqərar eylə. Qorqud Dədəni tap və onun öyüd-nəsihətlərini dinlə, – Şəmsəddin qolundakı sultanlıq bilərziyini açıb oğlunun qoluna bağladı. Oğlunu, nəvələrini, gəlinlərini bir-bir bağrına basdı. Növbəti uşağa boylu olan Səma da onlardan ayrıldığı üçün qəhərlənmişdi. Şəmsəddin Simurğ quşunu palanladı, yəhərlədi, div doğulan övladlarını bir xurcuna, insan doğulan övladlarını da digər xurcunda yerbəyer edib Səmanı da tərkinə aldı. Quşu dəhmərlədi. Quş qanad çalıb havalananda Məlikməmməd və arvadları göz yaşını saxlaya bilmədilər. Şəmsəddinin, – “Allaha əmanət olun. Xoşbəxt olun. Xudavənd Günortacla Yer üzünün pərdəsini aralayıb. Odur ki, daha tez-tez görüşəcəyik...” – səsi şəlalənin səsinə qarışırdı, gözdən itdi...
Şəmsəddin Günortaca köç edəndən sonra xeyli gecəsiz-gündüzsüz illər ötdü. Məlikməmmədin arvadları Yer üzünə çıxmaq istəmirdilər, – “Çıxsaq, fitnə-fəsad törədəcəyik, aləmi yenə bir-birinə qatacağıq” – amma beş-beş, on beş-on beş qocalıb dünyadan köçdülər. Di gəl ki, Məlikməmmədin özü qocalmaq bilmirdi – elə necə vardısa, o cür də qalmışdı. Axırda Məlikməmməd dul qaldı. Nəvə-nəticəsi, sürüləri artıb məmləkətində darlıq elədi. Günlərin birində içi gün üzünü görmək istədi. Oğlanları ilə köməkləşib mağaranın yer üzünə çıxan çıxışındakı qayanı yerindən tərpədib qapını açdılar. Məlikməmməd Rdriti də götürüb yer üzünə çıxdı. Dərə-təpə düz getdi, dağlar-dərələr aşdı, üzünü günəş qovurdu, külək sovurdu, ayaz vurdu, gördü ki, yer üzünü kol-kos, ot-alaq, sarmaşıq basıb. Bir bəni-adəm gözünə dəymədi. İnsan axtara-axtara gəlib çatdı Şuşaya. Baxdı ki, Şuşanın yerləşdiyi dağ sarmaşıq içində iri təpə olub. Cıdır düzünə çıxıb gecə-gündüz iri tonqal qaladı. Harayına hay verən olmadı. Geyikdən, dovşandan ovlayıb qarnını doyururdu. İki ay idi yeraltı dünyadan çıxdığı. İndi də yer üzündə tək-tənha darıxdı.

Gəlib alyanaq cənnət almasının dibində dincini almaq istədi. Uzanıb yuxuya getdi. Rdrit onu dırnağıyla dümsükləyəndə dik atıldı. Ayılıb gördü ki, qardaşlığı yerə sinib, gözünü də bir nöqtəyə zilləyib səssizcə durub. Rdrit baxan səmtə baxdı. Gördü ki, bir ay parçası kimi qızdır, ulağa səhəng yükləyib İsa bulağından su doldurur. Qız su dolu səhəngləri ulağa yükləyib çatını əlinə alıb bulaqdan gedəndə yerində dikəlmiş Məlikməmmədi gördü. Görən kimi də yaşmağını ağzına çəkdi. Rdrit həyacandan yerə düşmüş almanı gəmirirdi, dişlərini qıcaya-qıcaya mırıldanırdı, – “Dişidir, vallah, dişidir! Sən bir gözlərə bax...”. Birdən ona nə oldusa, gözlərindən qığılcım çıxdı, top kimi havaya tullandı, ayaqlarını, nallarını gəmirdi, anqırıb ulağa cumdu. Ulaq Rdritin qırımından hər şeyi anladı və qorxusundan elə qaçdı ki, səhənglər palanqarışıq yerə düşdü. Rdrit ulağı meşənin içlərinə qovub gözdən itəndən sonra Məlikməmməd qıza yaxınlaşdı. Ədəb-ərkanla salam verib özünü təqdim etdi. Qız onun qolundakı bilərziyi görcək bildi ki, o, əsilli-nəsilli adamdır. Məlikməmmədlə Banuçiçək bir könüldən min könülə bir-birinə aşiq oldular, əhd-peyman bağlayıb tələm-tələsik ər-arvad oldular.
Rdrit və ulağın səsi dərə-təpədə əks-səda verirdi. Səsə hardansa Dədə Qorqud peyda oldu. Qoca, Məlikməmmədi və Banuçiçəyi görən kimi sevindi, – “Demək bulaqlarımız qurumadı, soyumuz kəsilmədi..!” – deyib onların alnından, yanaqlarından öpdü. Yeraltı dünyadan xəbərdar olandan sonra uşaq kimi sevindi.

Məlikməmmədin biləyindəki bilərziyi görəndən, onun kim olduğunu biləndən sonra köks ötürdü, Atabəy Əzəm taxtdan gedəndən sonra Azərbaycanın başına gələnləri danışdı – “Qızıl Arslan öləndən sonra Əbu Bəkr taxta keçdi. Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət davası Eldəgizləri çökdürdü. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfəhan və Rey vilayətləri Eldəgiz dövlətindən ayrıldı. Çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etdilər. Sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu, Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən yardım istədi. Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnanc da öldürüldü. Həmədan uğrunda vuruşmada Xarəzmşah əmirini məğlub edən Əbu Bəkr qardaşı Özbəki oraya hakim təyin etdi. Az sonra Təkəşin qoşunları Həmədanı yenidən ələ keçirdilər. Təkəşin ölümündən sonra Əbu Bəkr Həmədanı geri qaytara bildi. Marağa hakimi Əlaəddin Ağsonqur, İrbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Ağsoqurilərin kiçik yaşlı sonuncu hakimi öldükdə Əbu Bəkr Rəvandüz qalasından başqa, Marağa vilayətini Eldəgəzlər dövlətinə qatdı. Əbu Bəkrin vəfatından sonra qardaşı Özbək hakimiyyətə keçdi. Özbək Eldəgizlər dövlətini qoruya bilmədi. Ordu zəif düşmüşdü və monqol qoşunu Azərbaycana soxuldu. Monqollar Təbrizi müdafiə edə biləcəyinə arxayın olmayan Özbəkdən qiymətli bəxşişlər, ərzaq və pul alaraq qışlamaq üçün Muğanda yerləşdilər. Lakin onlar qəfil hücumla əvvəl Marağanı, sonra isə Ərdəbili tutdular. Monqolların Təbrizə döndüklərini eşidən Özbək Naxçıvana qaçdı. Lakin şəhərin rəisi Şəmsəddin Tuğrarai Təbrizin müdafiəsini təşkil etdi. Təbrizlilərin müdafiəyə hazırlaşdığın görən monqollar Arrana döndülər və Beyləqanı dağıtdılar. Monqolların izlədiyi Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana hücum edərək Təbrizi mühasirəyə aldı. Özbək Gəncəyə, sonra isə Əlincəqalaya qaçdı və orada öldü. Beş günlük müqavimətdən sonra Təbrizi tutan Cəlaləddin sonralar Eldəgəz dövlətinin bütün ərazisini ələ keçirdi. Özbəkin ölümündən sonra bəzi Eldəgiz əmirləri onun lal oğlu Qızıl Arslan Xamuşu hakimiyyətə gətirdilər. Xamuş ölkə üçün heç nə eləmədi. Daxili çəkişmələr, fasiləsiz düşmən hücumlardan Eldəgizlər dövləti suqut etdi... – Dədə Qorqud tələm-tələsik olub-keçənləri danışdıqca, Məlikməmmədi əsnək tutdu, – “Axırı noldu, dədə? Hanı Yer üzünün insanları? Kimsə qalmadımı soyumuzu davam etdirməyə?”.

– Qalmadı, oğul. Aləmlərin Rəbbi Yer üzünə tufan göndərdi, taun səpdi, hər kəsin canını aldı, Yeri insansız qoydu. Orda-burda mağarada gizlənən olubsa, – Banuçiçəyi göstərdi – bəlkə, onlardan sağ qalan ola...
– Bəs, şahlar-sultanlar səni dinləmədilərmi, niyə bu qədər qardaş qanı axdı, heçmi durdura bilmədin qardaş qırğınını?

– Saqqalımı süpürgə elədim Oğuzun yolunda – dinləmədilər. Zənənlər hökm etdi, şər zəfər çalmışdı. Dinləyən olmadı məni... Allah Yerinə baxanda hər şeyi qatmaqarışıq görüb hiddətləndi. Elə bəlalar, fəlakətlər göndərdi ki, şərlə birlikdə xeyiri də yox elədi. Yer üzündə bəşər övladı qalmaz oldu, – Dədə Qorqud yorğun düşmüşdü və danışdıqca sinəsi xışıldayırdı. Əsasına söykənib daş üstündə oturdu, – Deyirsən ki, yer altında Atabəy Əzəmin nəsli yaşayır, bu çox gözəl oldu. Övladların, sürülərin, ilxıların qoy yer üzünə hakim olsun. Tur dağından Qaf dağınadək sənin olsun. Yeni səltənətinin adı qoy Turan olsun. Allah sənə yüz qırx il ömür vermiş, ömrün bolluca xoşbəxt olsun, – dəsmalla dodaqlarını sildi. Məlikməmməd baxdı ki, dədənin dəsmalında qan ləkələri var. Dədə Qorqud da bunu sezdi, – Ey oğul, bil və agah ol ki, mənim ölüm zamanım yetişib. Allah-taala bu gün mənə köç naməsini göndərib. Canımı tapşırmamış, son nəsihətimi dinlə:

– Zəmanə səni yumşaltmasın. Hər şeyə ağlının gözlərilə hökm ver. Ən böyük amalın xalqının xoşbəxtliyi olsun. Əldə etdiyin mərifəti övladlarına burax. Sərvət toplama, övladlarına da sərvət buraxma. Elə yaşa ki, pak əcdadlarına layiq olsun, davamçıların da elə yaşasınlar. Sənin valideynələrin böyük və əsl-nəcabətli olublar. Sən yer üzünü, yeraltı dünyanı, divlər diyarını birləşdirən zəncirsən. Əcdadlarının qədrini bil, onları şərəfləndir, nanəcibliyə yol vermə. Mən gedirəm, sən də gec-tez arxamca gələcəksən, odur ki, dayanmadan əbədilik qazan – əbədilik, fanilikdən yaxşıdır. Bu dünyanı tarla bil, nə əksən, onu da biçəcəksən. Çalış yaxşılıq elə ki, qocalanda xeyrini görəsən.
Adam öldürmək pis əqidədir, bilirəm. Amma, hökmdarsansa, vəzifənlə əqidəni bir-biriylə boğuşdurma. Öldürməsən, sənə qəhrəman deməyəcəklər, adın fərsiz çıxacaq, vətən xaini olacaqsan. Öldürsən isə, vicdanın ağrısa da, yalançı qəhrəmanlıq şöhrəti sənin vicdanını üzsə də, xalqın səni pir deyib tutacaq. Unutma ki, nəyisə bilənlə, nəyisə bildiyinə inanan arasında çox fərq var. Birincinin üstünlüyü ondadır ki, bildiyinin dəlillərinə də sahibdir, ikincinin isə yalnız gurultusu olur. Küyə, sərvətə, şöhrətə getmə..
Bil ki, dünyada olan, olmayan, ola bilən hər nə varsa hamısını Adəm oğlu dərk edə bilər. İzafa, ən çox dərk etməli olduğun, böyük Allahdır. Sən yaradanın yaxşılıqları və nemətləri haqqında düşün, onun özü barəsində, cəhənnəmi-cənnəti barədə çox vaxt itirmə. Yol olmayan yerdə yol axtaran insan yolunu azmağa məhkumdur. Şəriki olmayan, tək olan yalnız Odur. Biz isə gəldi gedərik. Ölüm gələndə, onu çox gözlətmə – mərdi-mərdanə özünü ona təslim et. Çünki nurani aləmlərə gedən yol, ölümdən keçər...
Məlikməmməd və Dədə Qorqud gün batanadək dərdləşdilər, köməkləşib alma ağacının dibində məzar qazdılar. Səhər Günəş çıxanda Qorqud Dədə canını tapşırdı. Banuçiçəklə Məlikməmməd köməkləşib Dədə Qorqudu dəfn elədilər.
Məzarın üstünü təzəcə təpələyib düzəltmişdilər, oturub dinclərini almaq istəyirdilər, gördülər ki, boyu iki insan boyda bir kişi qarşı təpəni aşıb gəlir. Gözlədilər. Kişinin əynində paltar yox idi – lüt-üryan idi. Banuçiçək utandığından üzünü çüvirib bulaq başına getdi. Kişi ədəb-ərkanla salam verib Məlikməmmədin əlini sıxdı, – “Axır ki, bir bəni-adəmə rast gəldim. Adın nədir?”. “Məlikməmməd. Bəs sən kimsən?”.
– İkinci Adəm.
Məlikməmməd elə bildi ki, kişi onu dolayıb. İstədi ağır cavab qaytarsın, bir də baxdı ki, əks təpəni də bir füsunkar gözəl aşıb qaça-qaça onlara tərəf gəlir, – “Bu da Həvva olar...” – dedi.
– Yox, mənim qabırğamdan olana oxşamır, Həvva deyil, – Adəm gözlərini qıyıb baxdı, – Başqa qadındır...
Qadın hövlnak çatan kimi soruşdu, – Yaşlı bir kişi görməmisiniz? Adı Qorquddur.
Məlikməmməd məzarı göstərdi, – “Elə bir az bundan qabaq Allahın rəhmətinə qovuşdu”. Qadın bunu eşitmişdi, elə nalə çəkdi ki, göydən üç alma düşdü. Adəm almalardan birini götürdü, qadından soruşdu, – “Deməzsiniz, kimsiniz?”.
– Adım Heradır, ölümsüz Zevsin bacısı...
Adəm:
– Bəs onda Həvva hanı?
Hera:
– İblislə zina etdiyinə görə Allah-təala onu toza çevirib Yerə səpdi.
Məlikməmməd:
– Bəs İblis?
Hera:

– Günortacın öküzbaşlı mələkləri İblisi o ki var əzişdirib şikəst elədilər, gözünün birini çıxarıb Xudavəndə təslim etdilər.
Qadının gözəlliyindən matı-qutu qurumuş, huşu başından çıxmış Adəm almanı gəmirdi, birini də götürüb Heraya verdi. Hera deyəsən acından ölürdü – o da ağına-bozuna baxmadan almanı dişlədi. Məlikməmməd Banuçiçəyi səslədi. Banuçiçək gələn kimi arvadının qulağına pıçıldadı ki, – “Burda toz-duman ərşə qalxmamış gəl aradan çıxaq” – arvadının əlindən tutub yeraltı dünyaya qayıtdı ki, sülaləsini, sürülərini işıqlı dünyaya çıxarsın. Rdrit hövlnak özünü yetirib üçüncü almanın yarısını dişlədi, – “Qardaş, mən getmirəm, burda qalıram” – dişlərini Məlikməmmədə ağartdı.
Adəmlə Hera qayalığa cumdular, Rdrit özünü təzədən meşəliyə təpdi.
Almadan qaldı bir dilim, onu da... dəyməyin, onu da qoyun mən yeyim!

Rəşid Bərgüşadlı
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031