manera.az
manera.az

Divlər Simurq belində... |MANERA.AZ

Divlər Simurq belində...  |MANERA.AZ
MANERA.AZ Rəşid Bərgüşadlının romanından III hissəni təqdim edir:

ƏVVƏLİ BURADA

Dədə Qorqud – Allah onu Oğuz elinin üstündən əskik etməsin, nəhayətsiz ömür, sonsuz behişt nəsib eləsin – yenə yuxusunu qarışdırmışdı. Hövlnak qaçdı atabəyin hüzuruna ki, – “Bəs bilməzmisən, oğuz elinin boynu yerə girdi, yenə bir şərəfsizliyə boyun əydi, dostları Məlikəyə xəyanət etmiş, onu düşmənlə tək-tənha qoymuşlar. Xudafərin tərəfdə qan su yerinə axır. Qızın igid ər kimi yorulmadan qılınc çalır. Yemə, içmə, dəstəmazı poz, min illik qəzaların vəbalına yüklən, amma igid Məlikəyə tez yardım et!” Atabəy gördü ki, qoca əvvəl-axır övladının oğlan olduğunu öyrənəcək, dedi ki, – “Mənim övladım Məlikə deyil, Məlikməmməd oldu, Möminə xatun qız deyil, oğlan doğdu”. Dədə Qorqud qıyya çəkdi, – “Aman, ya Rəbbəna, aman! Bu nə dolaşıq iş oldu. Bəs “qız olacaq” demişdin? Ağ saqqılım kilim oldu! Lalə düzlər çayır oldu! Qız demişdin, oğlan oldu! Oğuz elim viran oldu!” – başını iki əliylə tutub saraydan çıxdı. Şəmsəddin Eldəniz dörd bir yana çapar saldı, – “Məlikməmmədin dostlarını tapıb diri verənə yüz qızıl, başını gətirənə isə əlli qızıl ənam verirəm”.

Həmin gün Qızıl Arslan əlində bağlama, qardaşı Cahan Pəhləvanı axtara-axtara Şəmsəddinin otağına gəldi. Şəmsəddin qanıqara oturmuşdu. Sevincək oğlunu görcək soruşdu, – “Bu vaxta qədər haralarda küllənirsən! Gör neçə aydır evdən çıxmısan, nə öldüyündən bir xəbər var, nə də qaldığından! Yenə nədir o əlindəki, yoxsa yenə qəzəldir?!”.

Qızıl Arslan:

– Mehriban atam, inanmazsan, dünyada necə nurlu insanlar var. Gəncədən gəlirəm, şeyx Nizaminin ziyarətindən. İnsan yüz bizim kimi sultandan, şahdan üstün taxt-taca sahibdir. Söz səltənətinə sığınıb, ölkəsində ancaq sevgi və ədalət hökm sürür. "Xosrov və Şirin"i isə – əlindəki bağlamanı açıb kitabı atasının qarşısına qoydu – “Şeyx Nizami, qağam Cahan Pəhləvana göndərib”. Şəmsəddin Eldəniz kitabı vərəqləyib farsca bir şey anlamadı və kitabı döşəməyə tullayıb, – “Qardaşlarından biri gürcü qiyamçılarıyla, o biri də Dəli Domrulla vuruşur, sən isə qəzəl dalınca ta Gəncəyə vurub getmisən, fərsiz vələd!” – dedi və qalxıb oğluna yağlı bir sillə çəkdi. Qızıl Arslan yanağını tutub dedi:

– Siz qan töküb torpaq davası çəkərkən, yer üzündə sizin torpaqlardan da dəyərli insanlar dinc yaşayır, bu torpağın hər gülünü, çiçəyini, gözəlini vəsf edir. Onlar qurub yaradır, siz isə acımadan od vurub dağıdırsınız. Onun mənə verdiyi nəsihətlər, sənin mənə öyrətdiklərindən minqat əfsəldir, ata. Bu kitab sənin məmləkətindən dəyərlidir. Amma, şeyxə bircə Həmdünyan kəndini bağışlamağa gücüm çatdı. Onu da qorxa-qorxa verdim. Bilirdim ki, sən bu cür şeylərdən anlamazsan. İxtiyarım olsaydı bütün Azərbaycanı ona qurban verərdim.

– Alçaq köpək! – hirsindən Şəmsəddinin gözləri hədəqəsindən çıxmışdı. Oğlunun harasına gəldi vurur, ağzı köpüklənə-köpüklənə qarğışlar yağdırırdı. Qızıl Arslan isə başını-gözünü yumruqlardan qoruyur, Nizaminin yeni məsnəvisini söyləyirdi:

"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi”...

Şəmsəddin Eldəgiz elə bil oğlu Arslanın qanına susamışdı. Oğlu aman istəmirdi, o da rəhmə gəlmirdi. Qul-qaravaş Möminə xatuna xəbər verdilər ki, – “Nə oturmusan, Atabəy oğlun Qızıl Arslanı öldürür, tələs!”. Xatun qaftanlı donunu əlinə alıb yüyrək gəldi atabəyin otağına. Gördü ki, əri oğlunun ağız-burnunun qanını qatıb bir-birinə. Oğlunu Şəmsəddinin əlindən alıb qapıdan eşiyə ötürdü. Özü isə qayıdıb ərinə, – “Sən haranın tulasısan ki, mənim oğluma əl qaldırırsan, hı! Yoxsa kim olduğunu unutmusan, qul oğlu qul! Səni mən adam eləyib taxta çıxartmışam, yoxsa unutmusan!” – deyib onun yanağına yağlı bir sillə çəkdi. Xatun düşdü ərinin üstünə – Şəmsəddin Məlikməmmədi tutdi, xatun Qızıl Arslanı. O Məlikməmmədi tutdu, xatun Cahan Pəhləvanı. Axırda xatun, – “Bu gecədən səni sarayımda görməyim! Rədd ol gəldiyin qul bazarına! – Şəmsəddinin biləyindən tutub qapıdan çölə itələdi. Sarayın həyətində havalı Qızıl Arslanın səsi hələ də gəlirdi:

“Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən”...

... Xatun ərinin getməyini gözləmədən, özü gecəykən gəlini Zahidə xatunun yanına – Əlincə qalasına küsülü getdi. Atabəylərin xəzinəsi də həmişə Naxçıvanın Əlincə qalasında yerləşirdi. Qızıl Arslan da qardaşıoğlu Əbu Bəkri gecəykən götürüb Qarabağa yollanmışdı. Sabah açılan kimi Şəmsəddin Eldəniz özünün mühafizlər dəstəsini də götürüb oğlu Məlikməmmədin arxasınca yollandı. Beləliklə, saray sahibsiz qaldı...

* * *
Hamının işi daşa dirənən bir vaxtda, məmləkətin qeydinə qalan tək insan Məhəmməm Cahan Pəhləvan oldu. İndiyədək Novruz bayramı şənliklərində atasının keçirdiyi güləş yarışlarında Cahan Pəhləvan həmişə qalib çıxmışdı. Məhəmməd üst-üstə qoyulmuş dörd mis təbəqəni dürmək kimi bükür, bir neçə nalı eyni zamanda əli ilə əyməyi, bir yumruğu ilə atı aşırmağı, öküzü götürüb hasardan atmağı belə bacarırdı. Elə bu qeyri-adi qüvvəsinə görə onu el arasında "Cahan Pəhləvan", – dünyanın pəhləvanı adlandırmışdılar. Ona xəbər çatanda ki, ata-anası sarayı tərk edib, atasından bir xəbər-ətər yoxdur, onda, ürəyi məmləkəti üçün yandı. Sabah Təbrizdə ənənəvi Novruz güləşi keçiriləcəkdi. Hamı da Cahan Pəhləvana baxmağa gələcəkdi. Onun isə qurşaq tutub güləşməyə halı yox idi, amma, Təbriz əhlinin də Novruz şənliyini pozmaq istəmirdi. Cahan Pəhləvana çatdırdılar ki, anasının da halı birdən-birə xarablaşıb. Könülsüz də olsa bayramda güləşdi və Qara Məlik adlı bir kasıb adam onu yıxdı. Bu hadisə tamaşaçıları o qədər heyrətləndirdi ki, Təbrizdəki məhəllələrin birinə Qara Məliyin adı verildi, bu kasıb pəhləvan haqqında nağıllar qoşuldu. Şənliklər bitən kimi Cahan Pəhlivan Naxçavana tərəf üz tutdu. Atasını axtarmağa çaparlar göndərdi. Anasıyla söhbətdən anladı ki, atası Şəmsəddin Eldəniz hakimiyyətdən əl çəkdib, onda, o, dövlətin xəzinəsini və hakimiyyəti ələ aldı və car çəkdirdi ki, Atabəy Əzəm Şəmsəddin Eldəniz dünyadan köçüb, bu gündən Eldəgizlərin padşahı odur.

Şəmsəddinin yoxa çıxması bütün qonşu məmləkətlərə yel kimi yayıldı. İraq əmirlərinin təhriki ilə girəvədən istifadə edən səlcuq sultanı Arslan Şah deyiklisi Məlikəni almaq adıyla birləşmiş qoşunların başında Azərbaycana, Cahan Pəhləvanın üzərinə yürüş etdi. Ancaq yolda xəstələndiyindən geri qayıtmalı oldu. Həmədana qayıtdıqdan sonra sultan şəhər rəisinin qızı ilə evləndi və Cahan Pəhləvanı özünün atabəyi təyin edərək, onu barışıq üçün yanına çağırdı. Hakimiyyəti atəbəyə verəndən az sonra sultan dünyasını dəyişdi. Deyirlər ki, Pəhləvan onu zəhərləyib. Çünki, Möminə xatun, onun, bundan sonra sağ qalmasını dövlət üçün faydalı bilməyib.
Sultanın ölümündən sonra Atabəy Cahan Pəhləvan öz qardaşı Qızıl Arslanı Azərbaycan və Arran hakimi, həmçinin ali komandan təyin etdi. Cahan Pəhləvan öz oğlu Əbu Bəkrin tərbiyəsini də qardaşına və Şirvandan onun himayəsinə sığınmış Xaqani Şirvaniyə tapşırdı. Cahan Pəhləvan, dövləti oğlanları arasında bölüşdürdü. Qızıl Arslanın yetirməsi olan Əbu Bəkri özünün varisi elan etdi, Azərbaycan və Aranın idarəçiliyini ona tapşırdı. Bu arada anası Möminə Xatun haqqın dərgahına qovuşdu. Qırx gün yas saxladıqdan sonra tapşırdı ki, “dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə” bir məqbərə tiksinlər. Məqbərənin tikintisini naxçıvanlı memar Əcəmiyə həvalə edib tapşırdı ki, türbənin bütün üzləri kənarlardan Yasin surəsinin mətni ilə haşiyələnsin.

Amma tezliklə ölkəni Səlahəddinin hücumundan qorumaq üçün düşmən üzərinə gedən atabəy Məhəmməd Cahan Pəhləvan yolda xəstələndi və ən yaxşı həkimlərin səylərinə baxmayaraq Həmədanda rəhmətə qovuşdu. Onun cəsədini arvadı Zahidə xatunun iqamətgahına – Əlincə qalasına gətirdilər və orada torpağa tapşırdılar.
Allah Cahan Pəhləvanın yerini behişt eləsin, ruhu şad olsun, biz də qayıdaq Dəli Domrulun yanına, görək dava-dalaşın sonu necə olur...

* * *

Qız da, Dəli Domrul da heydən-taqətdən düşüb yan-yana üzüstə yerə sərilmişdilər. İkisi də ölməyə razı idi, ancaq, qılıc qaldırıb rəqib başı kəsəcək halətləri qalmamışdı. Şər qarışanadək bir-birinin gözünün içinə baxa-baxa hərəkətsiz qaldılar. Rdrit ikisinin də qılıncını ağzına alıb quyuya atdı, – “Axmaqlar, sizdə ki bu qədər güc var, niyə bir-birinizin canına yerikləmisiniz!? Qalxın və bir-birinizin dostu olun! Görüm bundan sonra bu məmləkətin üstünə kim cürət edib qoşun çəkər!?”. Yorğun gözlərə elə bil nur, qızmış başa qan gəldi, ikisi də qaş-göz, kiprikləri ilə işarə verib dostluğa razılaşdılar. Rdrit və anası köməkləşib onları Domrulun mağarasına daşıdılar. İki gün-iki gecə Domrulla qız bir yataqda yatıb yorğunluqlarını aldılar. O gecə Domrul bütün başına gələnləri, indiki yolkəsənliyinin səbəbini açıb olduğu kimi qıza danışdı:

* * *
– Allah-taala ata-anamın canını alıb mənə və arvadıma yüz qırx il ömür verəndən sonra obamızı dəyişmək qərarına gəldik. Çünki, var-dövlətim, mal-qoyunum var idi, ancaq övladımız yox idi ki, biz öləndən sonra ona sahib dursun. Həmişə övlad həsrətilə yaşayırdıq. Günlərin bir günü çobanım sürünü bir şiş dağın ətəyində otaranda birdən duman, çiskin hər tərəfi basır, hər yer gecə kimi qaranlıq olur. Çoban qoyunlarının içində gizlənib gözləyir. Bir az sonra duman çəkilir, hava işıqlanır, ancaq elə bir tufan olur ki, gəl görəsən. Tufan kəsəndən sonra çoban görür ki, qoyunun içində yeni doğulmuş bir körpə hey ağlayır. Çoban qoyunların birini tutub uşağa əmizdirir. Axşam düşəndə çoban uşağı keçəyə büküb bizə gətirdi. Ər-arvad çox sevindik, Allah bizə övlad qismət eləmişdi. Adını Basat qoyduq. Arvadım uşağa öz doğma balası kimi baxırdı. Bir gün Daş Oğuzdan Qiyan Selcik uşağın görümünə iki qoyun gətirmişdi. Qurbanlığı kəsməyi sabaha saxladıq və Qiyan Selciklə ova çıxdıq.
Arvad Basatı yedirdib yüyürüyə qoyur. Qollarını çırmayıb bir teşt xəmir yoğurur. Xəmiri içəridə qoyub ocaq qalamağa gedir. Arvad həyətə çıxan kimi Basat yüyürükdən düşüb bütün xəmiri yeyir, yenə yüyürüyə çıxır. Arvad ocağı qalayır, evə girir ki, xəmiri aparıb bişirsin, qabı boş görür. Evdə uşaqdan başqa heç kim yox imiş. “Beş günlük uşaq da xəmir yeyərmi?” – arvad güman edir ki, xəmiri cinlər və hallar aparıb. Yenidən bir qab xəmir yoğurur. Yenə həyətə çıxıb qayıdınca, görür ki, xəmir yoxdur. Bunları mənə danışanda dedim ki, – “Sevindiyindən başına hava gəlib” – hələ güldüm də. O gün qurbanlıq qoyunları kəsdik, yediyimizi yedik, yemədiyimizi də otaqdakı saxlanca qoyduq. Axşam uşağın otağından gələn səsə yuxudan oyandıq. Nə görsək yaxşıdır..? Gördük ki, qoyunların ikisi də yeyilib, Basatın da ağzı qanlıdır. Ər-arvad əlimiz ağzımızda qalmışdı.

Basatın qorxusundan bir müddət qonşuda qaldıq. O isə yolağadan içəri girən hər şeyi yeyirdi. Tövlədə mal-heyvan qalmamışdı. Bu məsələdən sonra ev-eşiyi satıb bir başqa yerdə ev tikdirdik, mal-heyvan alıb ora köçdük. Yenə mal-heyvan bir həftənin içində yoxa çıxdı. Bu qədər yeyən adam böyüyüb div boyda olmalıydı. Ancaq fikir verirdik ki, Basat hələ də diş çıxarmamışdı. Qorqud Dədəyə sifariş göndərdim ki, – "Dədəm hey! Allah mənə bir övlad verib, sir-sifəti, ağlaması, gülməsi, yürüyüşü adam kimi. Di gəl ki, at basıb yeyər, qan sümürər". Dədə Qorqud gəldi. Uşağa baxıb – "Oğlanım, bu insandı, heyvanla şəriki yox! Gəl, buna yaxşı at al. Qoy qılınc çalsın, kafir əzssin. Yaxşı igidlərlə dostluq etsin! Adını sən Basat qoymusan – pis ad deyil, yaşını da Allah versin!" – deyib getdi.

Bundan sonra ürəyimiz azca təskinlik tapdı. Amma yenə də qorxumuzdan hər gün iki qoyunu Basatın otağına itələyib qapını kilidləyib qaçardıq. Zavallı heyvanların səsi adamın iliyinə işləyirdi. Bu münvanla Basat on yeddi yaşına çatdı. Bir gün içəriyə saldığımız inəyi yeyib bitirdi, gəyirəndən sonra içəridən səsləndi ki, – “Canım anam, gözüm atam, daha mənim bir inəklə qarnım doymaz, susuzluğum sönməz. Sizi yeyib-bitirdim, yenə də doymadım. Daha məni yedirəcək mal-heyvanınız da qalmadı. Haqqınızı halal edin, gedib özümə bir mağara düzəldəcəyəm və ayrı yaşayacağam. Basat o vaxtdan evimizi tərk edib getdi.

Aradan illər ötmüşdü. Bir gün eşitdik ki, Basat bir divlə dostlaşıb, camaata göz verib-işıq vermirlər. Qoyun, mal-qara sürülərini basıb yeyirmişlər. Bu divin alnının ortasında bircə gözü varmış. Ona görə də adına Təpəgöz deyirmişlər. Təpəgöz o qədər qüvvətliymiş ki, dağa əl atsa yerindən qopararmış. Gecələr kəndləri basıb adamları diri-diri parçalayıb yeyirmişlər. Yemədiklərini də tutub mağaralarına aparırmışlar. Bu lənətə gəlmiş Təpəgözə, sən demə qılınc, nizə, ox batmırmış. Zəif yerinin sirrini bilən təkcə Basat imiş. Bir gün qoyun sürüsü üstündə oğlumla Təpəgöz dalaşırlar. Basat da yatarkən xəncəri dostunun gözünə saplayıb onu öldürür. Bundan sonra camaat dincliyə qovuşur. El arasında yalandan səs-soraq yayıldı ki, guya Təpəgözü keçəl İmranın oğlu İskəndər öldürüb. Amma, yalan sözdür. İskəndər deyilən o kələkbaz, Təpəgözü görsə qorxudan altını batırardı.
Günlərin birində oğlumun dalınca yollandım. Güc-bəla onu bu mağarada tapdım. Oğlum şümal kimi yaraşıqlı oğlan olmuşdu. Mağarasında da bir-birindən şahanə, gülə qan ağladan, mələklərə köz ayaqladan, aşiqlərə sinə dağladan otuz bir qız var idi. Öpüşüb-görüşdük. Bütün başına gələnləri mənə danışdı. Sən demə, Basat doğulan gün göy elə guruldayırmış ki, Daş Oğuzdan Aruzun arvadı bala salır və qorxudan qaçıb gizlənir. Arvad qayıdanda görür ki, uşağı təkgözdür. “Allah verən paydır” – deyib aparır evinə. Sən demə arvadın götürdüyü uşaq Təpəgözmüş – ildrım göydən salıb yerə. Əslində isə Aruzun əsl oğlu Basatdır. Çoban da Basatı gətirib bizə. Başa düşə bilirsənmi, qarışdırmadım ki..?

– Yox, anlayıram, – qız eşitdiklərinin nağıl, yoxsa həqiqət olduğunu tam anışdıra bilmirdi.

– Aruzun arvadı görür ki, uşağı evdə-eşikdə bir şey qoymur – hamısını basıb yeyir, verir böyük oğlu Qıyan Selcikə ki, gətirib körpəni bizim evə qoysun. Qiyan yolda eşidir ki, artıq bizim uşağımız var, amma, yenə də Təpəgözü gətirib gizlədir Basatın otağındakı yüyrüyün altında. Guya ki, uşağımız olmadığı üçün ana-balanın bizə ürəyi yanırmış... Ta, xəbərləri yoxmuş ki, Allah özü onun övladını birinci bizə göndərmişdi. Bu vurğun təpəsindən vurmuş Təpəgöz də Basatın otağında gizlənib, ona verdiyimiz hər şeyi gözünə təpirmiş. Biz də boşuna yerə uşağın günahına girmişik. Basat isə balacalıqdan Təpəgözlə oynadığından ona alışıb, onsuz qala bilmirmiş. Div də oğlumun hesabına rahatca qarnını doyurub bizi lüt qoymuşdu. Basatın evdən getməyi də Təpəgözün fırıldağı olub. Basat deyirdi ki, həmin gün getməsəymişlər, Təpəgöz oğlumu hədələyirmiş ki, bizi ər-arvad yeyəcəkmiş. Oğlum da naəlac qalıb ona qoşulub. Sən demə el-obanın kəndlərini, mal-qarasını basarkən Basatın qəniməti bircə quzu, ən uzağı da gözəl-göyçək olsa, bir qız olarmış. Oğlum adamyeyən, çiy-çiy qoyun-inək yeyən deyilmiş. Ağlı kəsəndən sonra, sadəcə Təpəgözün tilsimindən canını qurtara bilmirmiş. Basatın söhbətindən məlum olur ki, Təpəgözün yurdu Günortac imiş. Təpəgöz deyirmiş ki, – “Biz zinadan doğulmuş iki qardaş, bir bacıyıq. Anamız bizi şeytanın şərindən qorumaq üçün Yerdə gizlədib. Bacı-qardaşım məni axtarıb tapanadək, mənimlə qalmağa məcbursan. Onlar gələndən sonra sən azadsan və məmləkətinin də canı bizdən qurtulacaq. Biz isə yenidən öz vətənimizə – Gönortaca qayıdacağıq”.

Basat Təpəgözü öldürəndən sonra onun bütün var-dövləti, qırxotaqlı mağarası, cah-cəlalı oğluma qalmışdı. Amma, camaata etdiyi sitəmdən qorxduğu üçün mağaradan eşiyə çıxa bilmirmiş. Otuz bir arvadının hər gün bir neçəsi təğyirlibas olub azuqə toplar və şad-xürrəm yaşayırmışlar. Mən evimə qayıtdım ki, arvadımı və varımı-mülkümü də götürüb qayıdım oğlumun yanına. Amma Basatın yanına qayıdanda gördüm ki, iki div – həmin bacı-qardaş qara geyib oturublar taxtda. Basatımın və arvadlarının da başlarından başqa bir şeyləri qalmayıb – zavallıları diri-diri yeyiblər. Qır-qızıllarımızı, mal-heyvanlarımızı əlimizdən aldılar. Arvadımı qəfəsə salıb məni özlərinə qul elədilər. Yeməyə bir şeyləri qalmayanda, məni məcbur elədilər ki, Xudafərindən keçən bütün canlıları onlara daşıyım. Əlacım kəsildi. Axı canımdan çox sevdiyim arvadımı əsir almışdılar... Əvvəlcə adamları aldadıb mağaraya çağırırdım, sonra məcbur edirdim, lap sonra isə öldürüb divlərə gətirirdim. Artıq qəssab kimi qana susamışdım, mərhəmətdən məhrum olmuşdum. Amma bacı-qardaşın qarnını doyurmaq mümkün deyildi.

Bir gün xəlvəti pıçıldaşanda qulağım aldı ki, Günortaca gedən yol yerin altındaymış və ikilikdə uzun yolçuluğa çıxmaları mümkün deyilmiş – necəsə, qız div doğmalıymış. Körpüdən keçənlərin ora-bura qaçmaması, azuqələrinin gecikməməsi üçün mənə Xudafərini uçurmağı tapşırdılar və taxta-qamışdan ensiz bir körpü tikdirdilər. Mənə, onları və ərzağı quyuya sallamağa bir qəfəs düzəltdirdilər, odundan yoğun bir mil yondular. Tapşırdılar ki, – “Körpüdən keçən bütün kişilərin qabağını yoxlayacaqsan. Əgər bu ölçüdə həcəti olanı varsa, onu tapıb bizə göndərəcəksən. Qarşına çıxan bütün gözəl-göyçək qızları da sappasağlam qəfəsdə bizə sallayacaqsan. Dediyimiz kişini tapana qədər yeməyə hər nə əti olsa, quyuya atacaqsan, bizə hər gün azı beş gözəl qız göndərəcəksən. Arvadın bizimlə əsir gedəcək. Arxayın ol, ona xətər yetirmərik. Amma, dediklərimizi etməsən, arvadını ölmüş bil”. Sonra da bacı-qardaş divləri arvadımla birlikdə gördüyün quyuya salladım. Düz ilyarımdır ki, onlara qulluq edirəm. Heç bilmirəm ki, arvadım sağdırmı, yoxsa ölübmü...

Hə.., gözəl dilbər, bax belə... Bilmirəm ki, bu əzablarıma nə vaxt son qoyulacaq. Allah mənə yüz qırx il ömür verdi, sonra yaddan oğul verdi. Dünya necə qarışdısa, yer üzünə üç div gəldi və verdiyini divlərə yedirdi. Ömrüm zəhər tuluğuna döndü. Kaş ki, o vaxt öz əcəlimlə ölməyə razılıq verəydim, ata-anamı da mənasız imtahana çəkməyəydim. Divlər canını mənə fəda edən arvadımı əsir, məni isə özlərinə itaətkar qul elədi. Yenə də Allaha qurban olum, yəqin ki, düşündüyü bir iş var. Allah aqibətimizi xeyir eləsin... İndi sən de, kimsən, hardandır səndə bu qədər güc-qüvvət, hardan gəlib, hara gedirsən? Qızın Dəli Domrula rəhmi gəldi. Səsini dəyişdi, sirrini açdı ki, – “Mən qız deyiləm. Atabəy Şəmsəddin Eldənizin sonbeşik oğlu Məlikməmmədəm. Səni öldürməyə gəlmişdim. Amma görürəm ki, səndən də rəhmsiz qatil yerin altındadır. Gərək, məni quyuya sallayasan ki, o divlərin nəfəsini birdəfəlik kəsim və məmləkəti bu acgözlərin əlindən qurtarım”.
Dəli Domrulun heyrətdən əli ağzında qaldı:
– Allah, Allah, sənin qüdrətinə şükürlər, böyüklüyünə həmd-sənalar olsun! Nə qədər sirrin varmış sənin... Bizim qız bildiyimiz Məlikə xanım, sən demə oğlanmış, həm də biləyini on pəhləvanın əyə bilməyəcəyi bir igid imiş...
Məlikməmməd yerindən qalxdı:
– Dur məni quyuya salla. Dediklərimi də diqqətlə qulağında sırğa elə: bir həftə qaydası üzrə divlərə inək-qoyun göndərərsən. Gündə beş gözəli də unutma. Yeddinci gün ərzağı da, qızları da kəsərsən. Onuncu gün qəfəsi boş sallarsan. Quyudan salamat adam çıxsa, onun dediklərini edərsən. On birinci gün quyudan adam çıxmasa, bil ki, burda gözləməyin mənası yoxdur – yerin altından bir ümid gözləmə və buralardan çıx get.

– Etmə, igid. Canına yazığın gəlsin. Mən ki o divləri görmüşəm, onlara zor gəlmək mümkün deyil. Onlar səni görən kimi tikə-tikə parçalayacaqlar...
– Sən mən dediyimi elə. Al bu bilərziyimi – qolundan bilərziyini açıb Domrula verdi, – əgər arxamca məni axtaran biri gəlsə, yerimi deyərsən. On bir gündən sonra gəlmiş olsa, deyərsən ki, div məni parçalayıb yeyib.

Dəli Domrul gördü ki, Məlikməmməd tərsin biridir, fikri qətidir, naəlac qaldı, onun dediyi kimi əvvəlcə quyuya beş qoyun tulladı, sonra da üç gözəl qızla birlikdə Məlikməmmədi quyuya salladı. Rdritlə anası eşikdə idilər. Görəndə ki, Məlikməmməd yeraltı dünyaya sallanır, nə illah elədilərsə, Məlikməmməd onları götürmədi. Rdrit onu bağrına basıb zarıdı, – “Əziz bacım, sənin uğrunda bütün sürünü qurban verdim. Dünyanın dörd yanını qoca anamla gəzib-dolaşdıq – atamı tapa bilmədim. Bircə yerin altı qalıb, gəl inad etmə, qoy mən də səninlə gedim”. Məlikməmməd “yox” deyib durdu – “Mən qayıdanadək burda gözləyin. Soraqlayaram, əgər sənə oxşar adam görsəm, sənə sifariş göndərərəm” – dedi.

Dəli Domrul əlləri əsə-əsə Məlikməmmədi və qızları quyuya salladı... Qəfəs quyunun dibinə çatanadək elə bil uzun illər keçdi. Qızlar qorxudan Məlikməmmədə qısılmışdılar. Qəfəs quyunun dibinə çatanda zınqırov zəng çaldı. Bir xeyli keçmişdi ki, qaranlıq mağaranın dəhlizində bir gurultu, bir nərilti qopdu, ta nə təhər. Sonra iri bir kölgə peyda oldu. Kölgə yeridikcə mağaranın tavanından toz-torpaq tökülürdü. Qəfəsə yaxınlaşanda gördülər ki, boyu iki insan boyda, yeyib-yatmaqdan qarnı iki dəvə yükü boydadır, adam baxanda bağrı yarılır, elə bilirsən bir dağ qopub gəlir. Divi görən kimi qızlardan ikisinin ürəyi getdi, o birisi isə donunu batırıb Məlikməmmədə daha bərk qısıldı. Div böyrünü basa-basa qəfəsin qapısını açıb onları buraxdı, sonra da kəndiri çəkib qəfəsi Dəli Domrula göndərdi. Bayılmış iki qızın hərəsini bir çiyninə alıb, Məlikməmmədə dedi, – “Siz burda gözləyin, bunları qoyub qayıdıram”. Dəhliz möhkəm isti idi. Div qızları aparandan sonra Məlikməmməd yan-yörəsinə göz gəzdirdi. Birdən bir küncdə parıldayan şey gözünə sataşdı. Yaxınlaşıb gördü ki, Rdritin quyuya tulladığı Dəli Domrulla özünün qılınclarıdır. Tez qılıncların ikisini də götürdü, birini qızın kürəyində, birini də paltarının altından öz kürəyində gizlədi. Div qayıdıb onları da qabağına qatıb apardı. Yeridikcə Məlikməmməd baxdı ki, getdikcə isti azalır. Xeyli gedəndən sonra gəlib bir otağa çıxdılar. Qapını açıb bir boş otağa girdilər. Gördü ki, bu otağın içində də bir qapı var, bu qapını açdılar, bir ayrı otağın içində də bir qapı var, bu qapını da açdılar, bir ayrı otağa girdilər. Onun da qapısını açdılar... Belə-belə Məlikməmmədgil yeddinci qapını açanda gördülər ki, burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qızın dizi üstə isə bir div başını qoyub yatmışdı. Onları gətirən div qapını arxadan kilidləyib getdi. Qız onları görcək dedi:

– Ey zavallı gözəllər, heyf sizdən, divin qadın xəstəliyi başlayır, elə acıqlıdır ki, ayılan kimi, sizi bir dəqiqə də sağ qoymaz.
Məlikməmməd eşitmişdi ki, divlər dərin yuxu yatırlar, amma yoxlamaq istədi ki, görsün div yuxusu necə olurmuş. Qıza dedi:
– Bunlar elə iki nəfərdirmi?
Qız başıyla təsdiq elədi.
Məlikməmməd:
– Bunları necə öldürmək olar?
Qız çiynini çəkib dedi, – “Bunların ətinə heç nə batmır deyirlər”.
Məlikməmməd qızın dediklərinin doğruluğunu yoxlamaq üçün xəncərini çəkib, divin ayağını dəlməyə başladı. Div gözlərini açıb, qıza dedi: – “Qoyma, ayağımı milçək yedi!”.

Məlikməmməd bir az gözləyib yenə başladı divin ayağını dəlməyə. Div gözlərini açıb qıza çığırdı: – “Qoyma, ayağımı milçək yedi!”
Üçüncü dəfə Məlikməmməd divin ayağını dələndə div yerindən qalxıb qıza bir şapalaq vurub dedi: – “Sənə demirəm ayağımı milçək yedi!”... Birdən Məlikməmmədi və yanındakı qızı gördü. Div yuxulu-yuxulu: – Yeməli qızlarsınız, bir az möhlət verin yatım, sonra durub sizi yeyərəm... – div başını yenə qızın dizi üstünə qoyub yatdı. Divdən şapalaq yeyən qızın üzü gömgöy göyərmişdi, ağlayırdı.

Məlikməmməd soruşdu, – “Bəs deyirdin bunlara heç nə batmır... Deyirlər divlərin ürəyi şüşə qabın içində olur, belə bir şüşə görməmisən?”. Qız, – “Gözəlim, sən dediyin nağıllarda olur, bura cəhənnəmin özüdür. Bunlar da insanlar kimidir. Ancaq di gəl ki, insanlardan zəhlələri gedir və bizim ətimizi sevirlər. Amma dəhlizin o başında qulluqçu qızların nazərətçisi var. O, buraya gələn ilk qadındır və onu yemirlər. Bəlkə o qadın nəsə bir sirr bilə...” – dedi.
Məlikməmməd qapını ha itələdi ki, açıb çölə çıxsın, qapı yerindən tərpənmədi. Div yerində qurcuxub çönəndə Məlikməmmədin gözü onun tüklü paçasına sataşdı. İndi anladı ki, Dəli Domrul əlində o yoğunluqda odun, kişiləri niyə soyundururmuş. “Bu gündən sonra yüz il də qalsa, bu divə bab kişi tapa bilməz”. Saatlar keçdi və div gərnəşib yuxudan oyandı, – “Özünüz deyin, birinci hansınızı yeyim?”.
Məlikməmməd:
– Biz toyuq-zadıq ki, bizi yeyəsən?

Div güldü:
– Mənim əlimdə toyuqdan da kiçiksən! – deyib əlini Məlikməmmədin yanındakı qıza atdı. Qızı elə pallı-paltarlı iki dişləmə uddu.
Çeynəməsi qurtaranda əlini qarnına sürtdü, – “Deyəsən, çox sümüklü qız idi – sümükləri mədəmə batdı” – dedi. Məlikməmməd anladı ki, divin mədəsinə batan qızın kürəyində gizlədiyi qılıncdır. Div əlini ona atanda bir küncə çəkildi. Div ayağa qalxmaq istəyəndə qarnını qucaqladı, – “Vay qarnım, başladı! Canınızı qurtarın!” – deyib otağın divarını itələdi. Sən demə otağın gizli qapısı da varmış. Bir anda div Məlikməmmədi və əsir qızı qoyub otaqdan yox oldu. Məlikməmməd qorxuya düşdü. Qızdan soruşdu: – Bu dəli hara qaçdı belə?
Qız zarıdı: – Dilbər, axırımız çatdı. Bu saat iki qoç bizi buynuzlarına taxıb dəlik-deşik edəcək... Müsəlmansansa, kəlmeyi şəhadətini oxu, yoxsa, sonra vaxtın olmayacaq.
Məlikməmməd qılıncını çıxarıb xeyli gözlədi, gördü ki, qoç-moç deyilən şey gəlmədi, başladı gəldiyi, sonra da gizli qapını itələməyə. Amma nə illah elədisə, qapıların heç biri açılmadı. Burda gecə-gündüzü ayırd etmək olmurdu. Amma azı 3-4 saat keçmişdi ki, gördülər qapı açıldı və erkək div içəri girdi. Bacısını görməyəndə qızdan soruşdu, – “Bacım hanı?”. Qız da dedi ki, – “Sancısı tutdu, öz otağına çəkildi”. Qızın sözü ağzından çıxmışdı ki, div yerində tozanaq qoparıb götürüldü. Elə qaçdı ki, qapını kilidləməyi də unutdu. Məlikməmməd dedi:
– Bu lap gicbəsərin biriymiş ki...
Qız dedi:
– Ağzın isti yerdədir, qoçları görsən, toz olub qeybə çəkilərdin...

Məlikməmməd bir xeyli fikrə gedib dedi:

– Onun gicbəsər olduğundan əmin olmaq istəyirsənsə, mənə kömək elə – dedi və başladı qapının cəftəsini açmağa. Qız mat qalmışdı, – “Sən nə etmək istəyirsən? Bilirsən ki, burdan xilas yoxdu?”. Məlikməmməd isə işinə davam etdi, – “Hər çətin işdən ən azı iki çıxış yolu var – biri xilasdır, o biri ölüm. Oturub bu adamyeyən gicbəsəri gözləməkdənsə, bir şeylər etmək daha yaxşıdır”. O, cəftələri sağdan açıb qapının soluna bağladı – qapı əvvəl sağa içəri açılırdısa, indi sola çöyə açılırdı. İşini bitirib dişi divin yatağına uzandı. Aradan xeyli müddət keçdi, Məlikməmməd ayaq səslərinə yuxudan oyandı. Səs dəhlizdən gəlirdi – erkək div idi. Dəli Domrulun salladığı qəfəsdən qızları qapının yanına toplayırdı. Çöldən qızların ağlaşması eşidilirdi. Div otağın qapısını itələdi – qapı açılmadı. Sonra iyirmi dəfə itələdi, əlli dəfə itələdi – qapı açılmadı. Çiyniylə, yumruqla, təpiklə vurdu – qapı yenə açılmadı. Axırda çöldən bacısına səsləndi, – “Bacı, mənəm, sağsansa, aç qapını, yeməyini gətirmişəm”.
Məlikməmmədgil səsini qısıb içəridə oturmuşdular. Divin səsinə səs verən olmadı və div qızları da götürüb harasa getdi. Həmin gün Məlikməmmədlə qız rahatca dincəldi.
Dişi divin gizləndiyi otağın qapısı açılanda yuxudan dik atıldılar. Bacı-qardaş – divlərin ikisi də onların yanındaydı. Dişi div hələ də qarnını qucaqlamışdı. Erkək div otağın qapısını dartıb yenə də açmaq istədi, qapı açılmadı. Onda Məlikməmməd barmağının ucuyla qapını itələdi – qapı açıldı. Divin gözü heyrətdən kəlləsinə çıxdı. Dişi div qardaşına yağlı bir sillə çəkdi, – “Axmaq, bəs deyirdin qapı arxadan kilidlənib...”. Qardaşı üzünü sürtə-sürtə bu işə hələ də mat qalmışdı. Məlikməmməd gördü ki, bacı-qardaş ikisi də bir-birindən keydilər, onda, fənd işlətmək qərarına gəldi:

– Dəli Domrul məni sizin yanınıza göndərdi ki, sizə xəbər verim, axtardığınız həmin kişi tapılıb. Kişini öz mağarasında saxlayıb. Əmin olmaq istəyir ki, onun arvadı sağ-salamatdır. Yoxsa kişini sizə verməyəcək və quyunun ağzını iri qaya parçası ilə bağlayıb sizi azuqəsiz qoyacaq. Məni onun arvadının yanına aparmalısınız. Domrulun arvadına sifarişləri var.

Dişi divin gözlərindən qığılcım çıxdı. Qardaşına bağırdı, – “Tez ol! Apar bunu o qadının yanına! Axır ki, üzümüzə gün doğdu! Xilas olduq!”. Qardaşı isə soruşdu, – “Bəlkə aldadır? Nə sifariş göndərə bilər ki?”. Qız top kimi yerində atılıb-düşdü, – “Kütbeyin, bunca illər məni kimsə belə şirin yalanla aldadıbmı!? Belə aldanışın özü də gözəldir! Mən onu hiss edirəm. O yuxarıdadır! Tələs, apar qadının yanına!” – dedi və dərhal sancı doğrayan qarnını tutub arxa otağına qaçdı. Erkək div dilinin altında mırıldandı, – “Bu heç belə qarınağrısına düşməzdi. Nə qədər demək olar ki, adamı pallı-paltarlı yeməzlər...” – Məlikməmmədin biləyindən çəkib dəhlizə itələdi. Sonra da qapını bir neçə dəfə açıb-örtdü. Məəttəl-məəttəl çiyinlərini çəkib Məlikməmmədi açıq düzəngahlığa gətirib çıxardı.

Düzəngah ucu-bucağı görünməyən zəfəranlıq idi. Zəfəranın qoxusundan adam az qalırdı ki, bihuş olsun. Düzəngahda iki dağ boyda qoç otlayırdı – biri qara idi, o biri ağ. Başları çox yekə, buynuzları da köntöy və burma-burma idi. Onlar qoçların yanından ötəndə başlarının iyindən burunlarını tutdular. Daş kimi bərkimiş xayaları sallanıb yer süpürürdü, quyqurlarını bir qatıra yükləsəydin güclə götürərdi.

“Qatır” demişkən, Məlikməmmədi divlə burda qoyub, qalxaq yerin üstünə, görək işlərin dolaşığı az da olsa açılıbmı?


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930