manera.az
manera.az

Məni unutmaq üçün oxuyun! - MANERA.AZ

Məni unutmaq üçün oxuyun! - MANERA.AZ
manera.az

UNUDA BILMƏYƏNLƏRİN KİTABI
(esse)
I yazı


Unutmaq üçün nəsə olmalıdı: Lap bir quş balası, bir yarpaq, bir damla su, bir qadın, bir kitab...
Adının baş hərflərindən sonra gələn hərflər...
Məsələn, bu cür: F.Q.
Sonra?!
Unutmaq mahiyyət deyil!
Unutmaq sənə verilən bir göy hədiyyəsi, bəşəri bir səlahiyyətdi. Baxır sən ondan necə, hansı təyinata görə istifadə edirsən! Zalım dostları da unuda bilərsən, sevdiyin qadını da, zamanı da, yemək üçün sənə təşrif buyuran qonşunun pişiyini də...
Unutmaq sarıdan sənət adamlarının, ələlxüsus yazı-pozu adamların bəxti həmişə “gətirib” Onlar unuda-unuda gedirlər. Unutduqlarının günahını da mətnlərinin ayağına yazırlar. Guya mətn olmasaydı, onlar başqa cür olardılar. Necə?! Cavab yoxdu!
Bəlkə də dünyanın ən dolu cavabı cavabsız sualdı?!
Dahi Pikasso unudanların ən Gözəli-dir! Onun üçün unutmaq səhnə dekorasiyasını dəyişmək kimi bir şeydi... Amma əsrdaşı Pollok bircə dəfə “unutdu” və öldü...
Fransız G.Mopassan fransızsayağı unudurdu – sevginin ən mərhəm yerindən...
Rivera Diyeqo da unudurdu. Uşaqcasına! Və daima “iş başında” tutulurdu...
K.Abdulla da “Unutmağa kimsə yox” deyir. Görünür, ona qədər hər şey unudulub. O, sadəcə, gecikib...
İnandınızmı?!
Nəzərə alın ki, bu, onun son qənaətidi. Bəlkə əvvəlinci? Buna qədər isə o, çox şeyi unutmuşdu: Əvvəli, sonu, sondan əvvəli, əvvəldən sonu, bunların bir yerdə cəmini və... özünü!
Absurddu!!!
Bəs niyə F.Q. Bəhram kişinin ölümündən sonra yenə xatırlayır? Özü də bu xatırlamalar “Müstəqil fəsil”də baş verir? Belə çıxır ki, unutmağa bir kimsə olmasa da, xatırlamağa həmişə nəsə, kimsə vardır...
Roman sanki bizə gəlib çatan (“Çatan” ha!) tarixlərin, sivilizasiyaların, zaman və hadisələrin, kitablardan əxz elədiyimiz qurama süjet və motivlərin, bir sözlə, həyatda qazandığımız qəddar nəsnələrin başı üstündən göylərə sarı uzanan bir cüt Mələk Əl-in işini görür: Yaddaşımızdakı bütün qara-qura fikirləri təmizləyir, əsl həqiqətdə mövcud olmayan (Həm də Ol!an!) Hadisələrin Üfüqündən Möhtəşəm Ahəngi görmək üçün meditativ bir hazırlanma funksiyasını yerinə yetirərək maddi nəsnələrə ehtiraslı canatımlarımızın fonunda nə qədər solğun və miskin bir görkəmdə olduğumuzu göstərir bizə...
Sən nəyi axtarırsan, İnsan?!
“Sən çətin tapasan axtardığını
Sənin axtardığını itirməyiblər” (K.Abdulla)
Tutaq ki, axtardığını tapdın...
Sonra?
Sən F.Q-sən..
Mən də M.Q.
Dur, adımızı deşifrə eləyək!
Qarağac kimi...
Yox, Qarac kimi...
Biz ki “Yarımçıq əlyazma”da görüşmüşdük – qırx oynaşlı Boğazca Fatmanın evində. Mən qapıdan çıxarkən, sən qaranəfəs gəlirdin...
“Q”-nın pillələriylə “Sehrbazlar dərəsi”nə endiyin yadındamı?
İndisə başıaşağı qoyaq “Q”nı – yəni özümüzü və qalxaq Vəng dağına – Özümüzə!
Və biləcəksən ki, Mağaradakı o yazı sənin, mənim, onun iç divarına yazılıb...
Qalx! Biləcəksən Yerdən Göyə necə yağır yağışlar...
Qalx! Bu ömür dediyin qalxmaq üçün bir fürsətdi!
Qalx! Onsuz da günlərin bir günü Səni qaldıracaqlar!
Qalx!
“Çiçəkli yazı”nı oxu! Oxu!
Oxu:
“Xatırlamağa kimsə yox,
Unutmağa da kimsə yox”
Xatırlamağa kimsə var...
Bəs unutmağa?!


MƏNİ UNUTMAQ ÜÇÜN OXUYUN!!!

“Unutmağa kimsə yox” Azərbaycan, dünya, xüsusən, Şərq romançılığının modern ənənələrini, Kainatla İnsanın metafizik bağlantılarını, şüur altında oturuşmuş sufizmin - (Bəli, məhz sufizmin!) Vəhdətə, Düzənə canatım kodlarının yeni bir müstəvidə, özünəməxsus bir halətdə (Demə, göstər prinsipi ilə!) çözümlərini yüksək bədii professionallıqla ortaya qoyan, dünya Oxu Ağacının (Dil Ağacı bizə bəlli idi!) yüzlərlə, minlərlə deyil, məhz Bir Ağac olması faktını (O Ağacın isə Qarağac olması insanı qürurlandırır!) mətnboyu təmkin və israrla bəyan edən, amansız Oxu Həqiqəti Axtarıcılığının sonda qəribə bir formada fiaskoya uğramasını və bununla da hər şeyin sona varmasını, Son-un isə xatirələrdə məyusluqla davamını göstərən əsrarəngiz bir əsərdir!
Məni unutmaq üçün oxuyun! - MANERA.AZ
Təsvir olunan hadisələr beş yüz səhifəlik bir romana (Qanun nəşriyyatı, 2011. Ön sözü çıxmaq şərtilə) sanki dominodan düzəldilmiş piramida prinsipi ilə yığılmışdır. Domino daşlarının haradan gəlməsi və hansının daha qədim olub-olmamasının burada heç bir önəmi yoxdur. Həmin daşlar yunan mifoloji mətnlərinin dağılıb səpələndiyi məkanlardan da, 1657-ci ildə lopa-lopa yağan qar dənələrinin altından da, “Yarımçıq əlyazma”ların arasından da, “Sehrbazlar dərəsi”ndən də, Hacı Mir Həsən ağa Səyyahın yuxusundan da, “Çoban papağı”na bənzər Vəng dağındakı Mağaradan da gətirilə bilərdi. Söhbət xammalın tarixi əntiqliyindən deyil, onların bir-biri ilə sirli harmonik əlaqəsi və Usta-ca istifadəsindən gedir!
Piramida hazırdır! Əgər səbrsiz və ya ehtiyatsız bir jestlə daşlardan birinə toxunsan, hər şey yerlə-yeksan olacaq! Bu, nəhəng Ana Düzənin bətnində dövr eyləyə Yer-in modelidir. O Yer-in ki, Ana Düzən ona hər şeyindən dadızdırıb, Sonsuz-luqda nə varsa, onda da vardır. Lakin İnsan görmür bunu!
K.Abdulla Mətn-ində sayrışan başlıca qayə İnsan nəzərlərini bühudə nəsnələrdən yığışdırıb bu Ana Düzənin sintezi olan Yerə yönəltməkdi – yəni Özünə. Bu çaba (Fikir anlamında!) isə nə fəlsəfə, nə ədəbiyyat, nə də musiqi və rəssamlıqda yenidir. Qədim Şərq, Qərb və bütövlükdə dünya fəlsəfəsinin nəhəngləri bu problemin həllinə yönəlik şedevrlər yaratmışlar. "Biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu haradan bilərik?"- deyən Kofutsidən tutmuş “Bu görünən gözəlliklərdən gözlərinin qamaşmaması üçün ancaq gərək kor olasan; bu gözəlliyi oluşduran Yaradanın varlığını danmaq üçün gərək necə qanmaz olasan; o böyük Yaradana boyun əyməmək üçün gərək necə də qanacaqsız olasan” – deyən fransız maarifçi filosof və yazıçısı Volterə qədər bu yöndə dərin araşdırmalar aparılmış və günü bügün də davam etdirilir.
Öz qəhrəmanı ilə Ölümsüzlük suyunun axtarışına çıxan Nizami isə bu filosoflar səfinin – Hikmət Axtarıcıların önündə gedir...
K.Abdulla da bir Şərq mütəfəkkiri olaraq həmişə qədim və həmişə müasir olan bu ümumbəşəri problemə tamamilə yeni bir rakursdan baxır - hər gün rastlaşıb etinasız keçdiyimiz zahirən çox sadə sayılacaq həyat hadisələrinin və predmetlərin bir-biri ilə gözəgörünməyən əlaqələri fonunda (Cümlənin bu yerinə qədər nəsrimizdə olub!) Möhtəşəm Ahəngin həm dünya, həm də Şərq nəsri üçün yeni olan Poetik Variantını - Panoramasını (Bu, olmayıb! Panorama-Kosmosdan çəkilən!) təqdim edir. Mətnin özü də ilk cümlədən son cümləsinə qədər bu Möhtəşəm Ahəngin - Kosmosun tavanını bəzəyən heyrətamiz bir freska kimi çıxış edir.
Belə mətnlərin dünya nəsrində də gen-bol olduğunu qəzəblə mənə xatıladan dostlarıma üzümü tutub deyirəm: Haqlısınız! Bu, Böyük Dərgahın altında heç nə yeni deyildir. Yeni olan sənətin dili, ifadə formalarıdı. Xatırladıram: Bizim Firəngiz xanım Əlizadəni dünya üçün bənzərsiz edən nə oldu? Birmənalı olaraq bu Xanım musiqi dilini, onun ifadə formalarını yeniləşdirdi, bu dili Şərq eqoizmindən xilas etdi və dil dünyəviləşdi. Bilirəm, yenə deyəcəksiniz, bunları XX əsr avanqard musiqisinin klassikləri olan Arnold Şönberq, Alban Berq, Vebern, Missian, Keydc və digərləri də eləmişdi. Nəhayət, konkret cavab gəlir: Bunu “Muğamsayağı” və “Habilsayağı” eləmişdilərmi?
Azəbaycan elmi, nəsri və esseistikasında da K.Abdulla bir reformator kimi mövcud yıpranmış ədəbi qəlibləri, bu qəliblərin başlıca xammalı olan Dili, onun pradiqmalarını, ifadə vasitələrini, ritm və tempini, rəng və qammalarını istənilən mətnin materiyasından eşidilən səsə uyğun (Tutaq ki, “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi”ndə “ayrı” bir Müəllif görmüşdük!) alarmist (hay-küyçü) mövqedən uzaq özünəməxsus fenomenal bir təmkinlə (Və bu təmkinin hansı bir iç təlatümü və hayqırışın “sonuc”u olması bəlli!) yenisi ilə əvəzləyir, bədii niyyətini, ədəbi priyomları və kombinasiyaları, təhkiyə stradegiyasını böyük Ustad kimi mətnin semantik stixiyasına “tabe edir”
Roman struktur baxımından elə qurulub ki, sanki o da unudulmağa can atır. Müəllif professional bir israrla oxucu ixtiyarına verilən Mətnin unudulmağını istəyir – eybi yox, qoy Yer-də Bəhram kişinin həyatı boyu oxuduğu bircə Kitab – “Ovod” qalsın, fəqət bu əsrarəngizlik içərisində dövr eləyən simvolik bəşəri bağlar, həlqələr qırılmasın!
Romanın sonunda “Ovod”un Meqopolisə gəlişi də buna işarədir.
Oxu bitməyib!
Əyalətdə başlanan Oxu Paytaxtda davam edir...
Mən və Dünya!
Lənətə gəlmiş “və” bağlayıcısından qurtulmağın bircə yolu vardır – hər kəs öz Hadisəsinin Üfüqündən Möhtəşəm Ahəngi görməlidi! Dünya elə sənsən! Dünya elə səndədir! “Unutmağa kimsə yox”un Oxucuya ötürdüyü ümumbəşəri mesaj da elə budur!


“AZDIRILMIŞ” POEZİYA...

Azərbaycan ədəbiyyatında yeri gəldi, gəlmədi nəsrin və dramaturji materialın lirizmindən, poetikasından yetərincə danışılıb. Az qala bədii təsvir vasitələri ilə “bəzədilmiş” xırda bir lirik ovqatı da poetik nümunə kimi qələmə verməyə çalışmışlar. Bu yazılarda az qala poetika fiziksəl görüntülü əcayib bir varlığa – tutaq ki, xeyirxah yeylərə dönüşüb. Həqiqətən, poeziya təkcə görünəndimi? Primitiv bir düşüncə ampulasında: “Hə” Kosmik anlamda isə: Yox! Və yenə də: Yox!
Gəlin, Şərq təfəkkürünün kəşfi olan “Nəzm”-dən danışaq. Hamıya bəlli olanı təkrarən deməyə məcburam: “Nizam” anlamını verən bu kəlmə özündə Yeri, Göyü, bir sözlə, Kosmosu ehtiva edir. İndi göstərin elə bir müəllif ki, (Bircə Nizamini çıxmaq şərtilə!) “izm”lərin diqtəsinə məhəl qoymadan sözügedən nəsnələri bir yerə cəm edib Əlahəzrət Düzəni bütün İlahi nəsnələri ilə verə bilsin?!
Ədəbi məsuliyyətimlə deyirəm: “Unutmağa kimsə yox” Azərbaycan nəsrində İlk və hələ ki, Son möhtəşəm Poeziya Kitabımızdır. Burada poeziyanın ölməz atributları: Sükut, Ölüm, Ruh, Sevgi, Qadın, Ağac, Külək, Yazı, havada dolaşan Mistik Ətir, Pərdə və bütün bunların antik Virdi elə Ustacasına verilir ki, heyran olmaya bilmirsən!
1956-cı ildə İrvinq Stounun eyniadlı romanı əsasında V.Minnellinin çəkdiyi “Yaşam yanğısı” (ABŞ) filmində belə bir səhnə vardır: Taxıl tarlasında dahi Van Qoq içərisindəki sənət yanğısıyla məhz həmin An-ın rəsmini çəkir, həmin Anın havası, küləyi, buğdası, hətta başı üstündə uçuşan quşları da hopur kətana. Rəssam bircə saniyəni föftə versə, başqa bir Ana daxil olmuş olar. Anların bənzərsizliyi!
Biz isə daha çox böyük zaman kəsimlərinin təkrarsızlığını qabardırıq. Hətta orta məktəb şagirdlərinə də, tutaq ki, daha çox dörd fəslin fərqliliyindən danışılır. Şagird bilir ki, payızda yarpaqlar saralır, yazda hər tərəf yaşıllaşır, yayda istilər olur, qışda qar yağır və ilaxır... Bəs bu fəsillərin arasında düşüb qalmış və unudulmuş Anlar, ovqat dəyişimləri harada qaldı? V.Nobokov yazırdı: ”Mənim yazılarımda əsas rolu əhval-ruhiyyə təşkil edir”
“Unutmağa kimsə yox” bu fikrin çox parlaq bir sübutudur. Mətn sanki birnəfəsə yazılıb, eyni, fəqət təkrarsız bir Anın içərisinə doldurulub! Van Qoqda olduğu kimi!
Poetik Nəfəsin uzun sürən zamanı - sürəkliliyi baxımından bu roman dünya ədəbiyyatında da unikal bir hadisədir.
Kimsə durub haqlı olaraq bugünün dəbdə olan çox məşhur yazarı Paulo Koeylonu misal çəkə bilər. Çünki onun nəsri də poeziyadan yoğrulmuşdur. Həm də dünyanın bu qəddar çağında onun mərhəmətli mətnləri bazara hesablanıb. Koeylo, Səmavi kitablardan, Şərq və Qərbdən götürdüyü hazır xammalı poetikləşdirir. Onun nəfəsi kəsik-kəsik, qırıq-qırıqdı... Şairanə nəfəsdi! “Zərdüşt belə dedi” (Fridrix Nitşe) və Cübran Xəlil Cübranın nəsrini xatırladır! Koeylonun adı çəkilən yazarlardan fərqi budur ki, onun pritçaları daha çox mütəhərrikdi, hərəkətlilik - süjetlilik onun mayasını təşkil edir.
K.Abdullanın onlardan fərqliliyi: O, Öz Mətnini birnəfəsə oxuyan dahidir!
“Unutmağa kimsə yox” qəddarcasına nəsrlə əvəz edilmiş poeziyadır. Özü də Antik və İntibah poeziyasının sintezindən yaranmış poeziya! Roman struktur baxımından da bu fikri təsdiqləyir – bir tərəfdə Meqapolis – Allahın havasının belə qəhət olduğu Akademiyanın “Tutuquşu zalı”, digər tərəfdə isə “Çoban papağı” altında arı vızıltısından başqa heç bir səs eşitməyib Hadisələrin Üfüqündən Möhtəşəm Ahəngi seyr edən və havada xəfif-xəfif üzən Kənd - (Nəzərə alın ki, burada paytaxt, əyalət qarşılaşmasından söhbət belə gedə bilməz!) konkret olaraq Bəhram kişi və F,Q.
Və bu maraqlı qarşılaşmadan, Poetik Halətdən doğan Vird, poetik təsvirlər, hisslər...
Bəhram (Makrosom) Antik-liyi - Harmoniya-nı, F.Q. (Mikrosom) isə bunlara Canatımı – Penessansı ehtiva edir...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031