manera.az
manera.az

Nəriman Əbdülrəhmanlı: “Yaradıcılıq olmasaydı, xiffətdən ölərdim” - LAYİHƏ | MANERA.AZ

19-11-2015, 16:44

Nəriman Əbdülrəhmanlı: “Yaradıcılıq olmasaydı, xiffətdən ölərdim” - LAYİHƏ | MANERA.AZ

Manera.az-ın "Sualım var" layihəsinin qonağı olan yazıçı Nəriman Əbdülrəhmanlı ona ünvanlanan sualları cavablandırır:

Kanan Hacı

- Bu qədər gücü, enerjini hardan alırsınız? Çünki tərcüməçi və yazıçı üçün bu qədər məhsuldarlıq Azərbaycan reallığında görünməmiş bir işdir. Motivasiya olmadan bu işləri görmək mümkünsüzdür. Xüsusən indiki zamanda.

- Ola bilsin, mənə gücü və enerjini verən çıxılmazlıq duyğusudu. Aydın dərk eləyirəm ki, işləməkdən, yazmaqdan başqa bir çıxış yolum yoxdu, həyatımı az-çox mənalı eləmək üçün əlimdən başqa bir iş də gəlmir. Yazmaq, tərcüməylə məşğul olmaq məni xeyli dərəcədə həyatın sıxıntılarından qurtarır. Mənə elə gəlir, yaradıcılıq olmasaydı, xiffətdən ölərdim.

Mehman Qaraxanoğlu

- Ədəbi cameəmiz, ələlxüsus “tənqidimiz” “Sokrat mənim dostumdur, fəqət həqiqət ondan üstündür” prinsipiylə deyil, “Əl əli yuyar, əl də qayıdıb üzü”, “Ev bizim, sirr bizim” prinsipi ilə yaşayaraq, həttta ən zəif əsərləri – “gecəqonduları” da tərifləyə-tərifləyə “göydələnlər”ə çevirir. Necə bilirsiniz, mətnlərimizi dünya ədəbi kontekstində təhlil etmək zamanı gəlib çatmayıbmı? Və ya başqa alternativ yollar varmı?


- Çatıb, hətta çoxdan çatıb. Üstəlik, bu cəhətdən xeyli geçikmişik. Hər hansı mətnə üz tutanda çıx az tənqidçimiz başını qaldırıb dünyaya baxıb, yazılanları lə Məmmədhəsən əminin miqyasında da “tənqid eləyib”lər. Dünyada sovet ədəbi tənqidi qədər yazıçını alçaldan (hətta tərifləyəndə belə) proses olmayıb. Təəssüf ki, o bəlanın metastazı hələ də davam eləyir. Dünya tənqidi fikri səviyyəsinə yüksələn çox az qələbm sahiblərimiz var. Ola bilsin bunun da günahkarı özümüzük. Təriflənməkdən ötrü əldən-ayaqdan gedən yazarlarla kiməsə yarınmağı, kiminsə yazdığına qiymət verməyi özünə peşə eləmiş “tənqidçilər” bir-birini tapıb, anlaşıb, bir növ “ədəbi biznes” qurublar. Amma bunların ciddi ədəbiyyata heç bir dəxli yoxdu. Təəssüf ki, bunun qarşısını almaq üçün heç bir mexanizm yaratmaq mümkün deyil.

Rəşid Bərgüşadlı

Nəriman müəllim, tarixi ədəbi yazıya olduğu kimi köçürmək lazımdırmı, əsərin bədii məziyyətləri tarixi faktların bolluğunda itmirmi? Razılaşırsınızmı ki, bəzən tarixilik yox, tarixi faktların bolluğu əsərin bədii siqlətini arxa plana keçirir?


-Mənə görə, əslində, tarix yazıçıya öz dünyaduyumunu ifadə eləmək üçün lazımdı, buna görə də hər hansı bir tarixi olduğu kimi ədəbi mətnə köçürmək qələm adamının gücsüzlüyündən başqa bir şey deyil. Əgər müəllif tarixi faktları öz görümünün süzgəcindən keçirməyəcəksə, onu qələmə almağın mənası varmı. Məncə, tarixi əsər belə, düzxəttli, ütülü, cilalı yazılanda oxucunun yaddaçında heç bir iz qoymur. Tarixi əsər də mübahisələr doğurmalı, oxucuya öz versiyası üzərində düşünmək imkanı yaratmalıdı. Tarixi faktların bolluğu əsərin bədii siqlətini arxa plana keçirirsə, deməli, həmin əsər uğursuzluğa düçar olub.

Məti Osmanoğlu

-Sutkada neçə saat yazırsınız?


-Az qala 30 ildi ki, formalaşmış iş rejimim var. İş günlərimdə ancaq günortaya qədər normal işləyirəm, istirahət günlərindəsə evdə saat 7-dən 12-yəcən yazıram. İşimin nəticəsi, çox yox, sistemli çalışmağımla bağlıdı. Günün ikinci hissəsində ancaq zərurət yarananda məşğul oluram, axşamlar və gecələr işləməyimsə yadıma gəlmir.


Ehtiram İlham

Bu gün ən məhsuldar qələm adamlarından biri kimi istər nəsrdə, istər tərcümə işində, istərsə də mətbuatda yorulmadan fəaliyyət göstərirsiniz. Yazdığınıza görə qürur duyduğunuz roman hansıdır? Necə hesab edirsiniz, hansı əsəriniz ədəbiyyat tarixində qalmağa daha çox layiqdir?


-Çox çətin sualdı. Rəhmətlik Tofiq Abdin həmişə deyirdi ki, qardaşım, mən pambıqçı deyiləm ki, məhsuldar olam, sadəcə oturub öz işimi görürəm. Bu mənada məhsuldarlıqla bağlı sözlər könlümə yatmır. Yazdıqlarımın arasından hər hansı birini seçməksə həqiqətən indiyədək ağlıma gəlməyib. Bəlkə ona görə ki, yazdıqlarımın hamısının ədəbiyyata məxsus olduğuna inanmışam, yoxsa bu qədər enerji, vaxt, əsəb sərf eləyib qələmə almağıma ehtiyac qalmazdı. Hər halda, məndə belə bir hiss var ki, taleyimə yazılan, qismətimə düşən işi görürəm, qələmə aldıqlarıma, oxuculara çatdırdıqlarıma görə arxayınam.

Xaqani Qayıblı

-Qaraçöpdə doğulmasaydınız Nəriman Əbdülrəhmanlı ola bilərdinizmi? Və yaxud Qaraçöpün yazıçı Nəriman Əbdülrəhmanlının ədəbi taleyindəki rolu necədir?


-Şübhəsiz, Qaraçöpdə doğulmasaydım, eyni ad-soyadla başqa bir yerdə dünyaya gəlsəydim, tamam ayrı adam olardım. Bəlkə də yenə taleyimə yazı-pozu düşərdi, amma şəkk-şübhəsiz, xarakterim də, yazdıqlarım da tamam fərqli olardı. Doğulub-böyüdüyüm, indi də ayağımı kəsmədiyim yur taleyimdə danılmaz rol oynayıb, xüsusilə dil və obrazlar yaddaşıma görə, məhz o torpağa borcluyam. Ən böyük arzularımdabn biri də Qaraçöp ağzında işlənən sözlərin izahlı lüğətini araya-ərsəyə gətirməkdi. Bu yönümdə xeyli iş də görmüşəm.

Ramilə Qardaşxanqızı

-Qaraçöp kəndinin ən xoşunuza hələn adəti və bunun yaradıcılığınıza inikası nədir?


-Demək olar, tarixi romanlarımdan başqa qələmə aldığım əsərlərin hamısında (hekayələrimin əksəriyyətində, “Göy adamı” povestimdə, “Dönəlgə”, “Yalqız” və “Yolsuz” romanlarında doğulub-böyüdüyüm məkandan – Qaraçöpdən nəsə var. Bu da təbbidi, qələm adamını yazmağa təhrik eləyən şeylərdən biri də onun ilkin yasdaşıdı. Qaraçöpün dosta-düşmənə həmişə comərd münasibət bəsləməsi yaddaşımda dərin kök salıb, həmişə də o xüsusiyyəti müəyyən detallarla təsvir eləməyə çalışmışam.

Aybəniz Əliyar

-Nəriman bəy, niyə insan özünü param-parça edib, yazıçı olaraq hər bir hekayəsinə, yaxud şair olaraq şeirlərinə döndərir, amma heç birində tam olaraq özünü əks etdirməkdən çəkinir? Sizcə mən doğru düşünürəmmi, yoxsa bu, mənə belə gəlir? Yazar elə hər yazısında bütöv və tam olaraq görünür?


-Kimsə deyib ki, dil insana öz fikirlərini gizlətmək üçün verilib. Bunu yazıya da şamil eləmək olar. “Özünü tam ifadə eləmək” həddən artıq mücərrəd ifadədi, bu heç mümkün də deyil. İnsan təfəkkürü, xarakteri, psixologiyası kifayət qədər mürəkkəbdi, qələm adamı da yalnız bacardığını və münasib saydığını oxucuya çatdırır.

Dürdanə Tahirli

-Nə üçün bizim toplumda heç bir söz adamı sona qədər maraqlı qala bilmir?


-Mənə görə, əslində, sona qədər maraqlı qalmaq məsələsini yazıçıya aid eləmək çətindi. Çünki, dünya da, nəsillər də, zövqlər də zaman keçdikcə dəyişir, qələm adamlarının əksəriyyəti öz zəmanələrinin övladı olduqlarına görə, dəyişən dövrlə ayaqlaşa bilmirlər. Bir də ki, sona qədər maraqlı qalmağa çalışmaq qələm adamında hədsiz enerji, yorulmaz fəaliyyət tələb eləyir ki, bu da ancaq onun həyatda olduğu müddətdə mümkündü. Sonra isə yazdıqları ZAMANIN hökmünə tabe olur.

Vəfa Mürsəlqızı

-Nəriman müəllim sizi paylaşımlarınızdan, ədəbiyyata bəxş etdiyiniz ədəbi nümunələrdən istedadlı və kifayət qədər maraqlı bir yazıçı kimi tanıyıram. Zaman-zaman ideallaşdırdığım yazarların bir çoxunda yazıları ilə əqidələrinin müxtəlifliyini müşahidə etdim. Sizin yazdıqlarınızla əqidəniz arasında nə qədər fərq var?


-Xoş sözlərə görə təşəkkür. Əslində, mən yaradıcı insan üçün əqidə anlayışını bir qədər fərqli başa düşürəm. Yəni mən təbiətimə görə apolitikəm, əqidəmsə İNSANA SEVGİdi, insanı bütün gözəl xüsusiyyətləri, çatışmazlıqlarıyla sevməkdi. Bu mənada yazdıqlarımla əqidəm arasında indiyəcən heç bir ziddiyyət hiss eləmişəm. Hətta ədəbi tənqidin “mənfi obraz” kimi qəbul elədiyi qəhrəmanlarımı belə anlamağa, sevməyə çalışmışam.

Şəhanə Müşfiq

-Nəriman müəllim, yazıçılar hansı günahın sahibidirlər ki, bu qədər adam olan dünyada tənhalığa məhkum ediliblər?


-Qələm adamını kimsə tənhalığa məhkum eləmir, o öz-özünü tənhalığa məhkum eləyir. Mənə görə, əsl yazıçı özündən “ictimai fəal” obrazı yarada bilməz, İlahi kod onun taleyini özündən əvvəl müəyyənləşdirib. Yazıçı kürsüdən söylədiklərini, kütlə içində danışdıqlarını yox, susduqlarını, söyləmək istədiklərini qələm almalıdı. Yaradıcı adam üçün təklik olmasa da, tənhalıq, öz içinin səsini dinləmək vacibdi. Bunu faciəyə çevirməyi düzgün hesab eləmirəm.

Alsu Ozan

- Nəriman müəllim qəhrəmanlarının taleyinə öz taleyindən bir şeylər qatırmı?


-Şübhəsiz. Yazıçının ən sanballı materialı elə öz həyatı, öz dünyaduyumudu. Bütün yaşadıqları ondan xəbərsiz yaddaşının alt qatlarında qalır və istər-istəməz yazı prosesində üzə çıxır. Hətti tarixi romanlarımda (“Dönəlgə”, “Könül elçisi”, !Yolçu”, “Qurban”) obrazların taleyində və yaşantılarında məndən nəsə var. Bundan qaçmaq mümkün deyil, buna heç cəhd göstərməyin də əhəmiyyəti yoxdu. Əgər yazıçı müraciət etdiyi mövzunu öz içindən, öz taleyindən keçirib qələmə almırsa, yazdığı əsər oxucunu təsirləndirmək iqtidarında olmaz.

Nikbin Qasımlı

Sualım budur ki, niyə yerli qələm adamlarımız teatr və kino üçün nəzərdə tutulan quruluş yazı mətnlərini ssenari adlandırır?


- Ssenari ayrıca yaradıcılıq janrıdı, oz forması, tələbləri, spesifik xüsusiyyətləri var. Kinoyla ədəbiyyatın sintezindən "kinopovest", "kinoroman" kimi janrlar da yaranıb. Amma bunlar yalnız ekran üçün ilkin materialdı. Teatr üçün pyes, dram kimi janrlar var. Sizin dediyiniz bir hal varsa, mən bunu düzgün hesab eləmirəm.

Layihənin şərtlərinə uyğun olaraq yazıçı ən yaxşı sualın müəllifini seçir: Mehman Qaraxanoğlu


Təqdim etdi: Safura Həsənzadə
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031