manera.az
manera.az

"Məsumiyyət muzeyi" romanı haqqında | MANERA.AZ

17-11-2015, 10:58

 "Məsumiyyət muzeyi" romanı haqqında | MANERA.AZ

ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
müəllimi, f.ü.f.d. Məlahət Babayeva


Tikanı olmasa eşq gülünün qoxusunu ala bilməzsən!

Nobel mükafatlı Türk yazıçı Orxan Pamukun ən çox oxunan əsərlərindən biri də "Məsumiyyət muzeyi" romanıdır. Məhəbbət mövzusunda yazılmış bu roman 2008-ci ildə işıq üzü görsə də (29 avqust 2008-ci il, İletişim Yayınları) yazıçı öz əsərinə 10 ildən çox vaxt sərf etmişdir. Orxan Pamuk "Məsumiyyət muzeyi" kitabını yazmaq ərəfəsindəykən muzeyşünaslıq və muzeyşünaslıq tarixi haqqında materiallarla yaxından tanış olmuş, Türkiyədə, Asiya və Avropada bir çox muzeyləri gəzmişdir. Əsərin tərcümə hüquqları isə kitab hələ nəşr olunmamışdan əvvəl satılmışdı. Əsərdə fərqli sosial zümrələrə mənsub gənclərin kədərli eşq hekayəsi ilə yanaşı, həm də 80-ci illər Türkiyəsinin ictimayi-siyasi, iqtisadi vəziyyəti, incəsənətin - əsasən də film yaradıcılığının həmin dövrdə üzləşdiyi problemləri işiq üzü görmüşdür.
"Məsumiyyət müzeyi"ndəki hadisələr 1975-ci ildən başlayaraq dinamik şəkildə inkişaf edir və daha bir neçə onillikləri özündə ehtiva edir. Əsərdə Basmacı ailəsinin varisi, xaricdə təhsil almış 30 yaşlı Tekstil fabrikasının müdiri Kamal ilə onların uzaq qohumları, yoxsul Kəskin ailəsinin 18 yaşlı gözəl qızı, satıcı Füsun arasındakı qəmli sevgi hekayəsi təsvir edilmişdir. Kamal, kübar bir ailənin qızı, xaricdə təhsil almış Sibellə nişanlanmaq ərəfəsindədir. Sibelə çanta almaq üçün getdiyi dükanda illərdir görmədiyi Füsun ilə rastlaşır. Füsuna məftun olan Kamal, tez bir zamanda Füsun ilə görüşməyə nail olur. Ünversitet imtahanlarına hazırlaşan Füsuna Kamal riyaziyyat fənnindən köməklik edir. Lakin bu görüşlər Kamalın Sibel ilə nişanlanmasından sonra bitir. Kamal əvvəllər olduğu kimi hər gün eyni saatda Füsunu Mərhəmət binasındakı mənzilində gözləyir; lakin Füsun bir daha görüşə gəlmir. Füsunu tapa bilməyən Kamalın bədbəxt günləri başlayır. Nəticədə o, nişanlısı Sibeldən də ayrılır və Füsun ilə görüşdüyü mənzildə onun (Füsunun) əşyaları ilə birlikdə zaman keçirir.
Kamalın başı bir müddət atasının vəfatı ilə bağlı təziyə işlərinə qarışsa da o, daha sonra Füsunun yaşadığı evi tapır. Lakin öyrənir ki, Füsun Feridun adlı işsiz gənc bir rejissorla (öz adını qorumaq üçün) ailə qurmuşdur. Hadisələr inkişaf etdikcə biz Kamalın hər gün Füsungilə qonaq getdiyini görürük. Sevdiyi qadını hər gün görmək məqsədilə o, Füsunun baş rolda oynayacağı, Feridunun çəkəcəyi bir filmin maliyyəçisi olmağa qərar verir. Səbrlə Füsunu gözləmək Kamala daha bir şövq verir. Kamal Füsunu yenidən nə vaxtsa itirəcəyi qorxusuyla ona aid əşyaları gizlicə oğurlayır və toplamağa başlayır.
Kamal, Füsunun baş rolda oynayacağı film üçün "Limon Filmcilik" adlı şirkət qurur. Lakin nə Kəmal nə Feridun Füsunun filmdə oynamasını istəmirlər. Onun yerinə daha sonralar Feridunun sevgilisi olacaq aktrisa Papatyanı seçirlər. Film uğur gətirir, lakin Füsun ilə Feridunun evliliyi pozulur və Kamal da bu nəticədən məmnun olur.
Füsunun atasının vəfatından sonra Kamal ilə Füsun evlənmək qərarına gəlirlər. Füsun, Kamal və Füsunun anası Nəsibə xanım Parisə getmək üçün avtomobillə səyahətə çıxırlar. Babaeski şəhərində Ədirnə yoluna baxan bir oteldə dincəlməyə qərar verirlər. Sübh vaxtı Füsun maşın sürmək arzusunda olduğunu dilə gətirir və Kamal razı olur. Nəticədə Füsünun idarə etdiyi avtomobil qəza edir, Füsun ölür, Kamal isə ağır yaralanır. Kamal sağaldıqdan sonra, illər uzunu yığdığı əşyaları sərgiləcəyi bir muzey açmağa qərar verir. Fusüngilin Çukurcumadaki evini muzey edən Kemal, muzeyin kataloqunu roman formasında yazılması üçün yazıçı Orxan Pamuka verir. Orxan Pamuk Kamalın da ölümü ilə sonlanan romanı yazır və nəşr etdirir.
Orxan Pamuk öz əsərindən ilhamlanaraq 28 aprel 2012-ci ildə Çukurcumada "Masumiyyət müzeyi" adlı (binanın özü də tarixi abidə sayılır, çünki 1897-cü ildə tikilib) üç mərtəbəli müzey binasını da ziyarətçilərin üzünə açmışdır.
Tənqidçi Pakizə Barış "Məsumiyyət muzeyi" haqqında yazarkən romanda bəzən hisslərin çox geniş şəkildə, hadisələrin isə şişirdilmiş şəkildə göstərildiyini qeyd etmişdir. Belə ki, müəllif, Kamalın Füsuna olan sevgisini də süni sayır. Tənqidçi: "Məsumiyyət muzeyi"ndə dəli kimi aşiq olmaqmı var, ya dəli bir ehtiras halımı var?"- deyə məqaləsində suallar qoymuş və romanın sevgi romanından çox ehtiras romanı olduğunu qeyd etmişdir. P.Barışa görə Füsunun yalnız zahiri gözəlliyi oxuculara təqdim edildiyindən Kamalın Füsuna nə səbəbdən bu qədər sevdalandığını anlamaqda çətinlik yaradır. Bundan əlavə Pakizə Barış, reyal həyatda olmayan, düşünülmüş obrazın şərəfinə xatirə muzeyi yaradılması məsələsinə də müsbət baxmamış və: "oxucu niyə düşünülmüş bir qəhrəmanın sağdan-soldan yığılmış xəyal məhsulu əşyalarını gedib görmək istəsin ki?"- deyə etirazını bildirmişdir.
A. Ömər Türkeş isə varlı-kasıb məhəbbəti kimi ünsürləri özündə ehtiva edən bu romanda tipik Yeşilçam qəlibindən istifadə olunduğunu yazırdı. O, Pamukun təsvir etdiyi məhəbbəti: "Cumhürriyət Türkiyəsinin müasir mühafizəkar xarakterindən qaynaqlanan bir eşq növü olduğunu, yazıçının 592 səhifəlik romanının hər parçasını bir-birinə bağlayan qüsursuz quramaları ilə "melodramları" təqlid etdiyini" söyləyirdi. Türkeşə görə Pamuk səthi bir üslub istifadə etmiş, beləliklə də dərin məzmunlu mövzuları yeri gəldiyində yalın, soyuqqanlı, duyğusuz bir dillə izah etmişdir. Müəllif, "Məsumiyyət muzeyi"nin həm üslub, həm də təsvir etdiyi mövzu baxımından Marsel Prustun "İtirilmiş vaxt axtarışında" əsərini xatırlatdığını yazmışdır. Onu da qeyd edək ki, 4800 səhifəlik olan bu romanı oxumaq, həqiqətən də, səbr tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var.
İngiltərədə nəşr olunan "Maliyyə vaxtı" (Financial Times) kitabı isə "Məsumiyət muzeyi"ini Ceyms Coysun "Ullis", Tolstoyun "Anna Karenina" və Nabokovun "Lolita"əsərinə bənzədiyini qeyd etmişdir.
Maraqlı fakt odur ki, əsərin adı sevdiyi qıza aid hər əşyanı yığaraq muzey yaradan bir adamın eşq hekayəsindən gəlir. Ancaq kitabın adında yer alan məsumluq sözünə romanda rast gəlmək mümkün deyil. Çünki kitabda eşq də daxil olmaqla günahsız olan heç bir şey yoxdur. Yəni burda saf, təmiz eşqdən söhbət getmir. Amma bütün bunlara baxmayaraq kitabdakı eşq hekayəsi çox təsiredicidir. Bu elə bir eşqdir ki, oxucu illər sonra belə onu yadından çıxarmır və bir çox hadisələrdə də kitabı xatırlayır. Kitab "Həyatımın ən xoşbəxt aniymiş, bilmirdim" sözləri ilə başlayır və biz burada öz həqiqi sevgisinin dəyərini vaxtında bilməyən Kamalın faciəli həyatı ilə tanış oluruq. Əsər Kamalın yoxsul Füsuna aşiq olması, ona dəli kimi bağlanmasıyla başlasa da, daha sonra biz, baş qəhrəmanı həyatın mənasını öz sevgilisinə qovuşmaq xəyalları ilə yaşamaqda tapdığını görürük. Amma Kamal bu qədər səy göstərməsinə baxmayaraq illərlə Füsundan müsbət cavab ala bilmir. Buna baxmayaraq, Kamal həyatındakı hər şeydən imtina etmiş və Füsuna yaxın olma istəyi onun tək məqsədinə çevrilmişdir. Romana fərqli bir hava qatan da məhz Kamalın Füsuna olan bu dəli eşqidir. Elə bu müvəffəqiyyətli süjet xətti də romanı zövqlə oxunacaq bir hala gətirmişdir. "Məsumiyyət muzeyi"ndəki bu eşq Əhməd Hamdi Tanpınarın "Hüzur" romanındakı Mümtaz ilə Nuran arasındakı sevgi macərasını bir növ xatırladır. "Hüzur" romanında da ehtiraslı bir eşq təsvir olunur. Mümtaz ilə Nuranın illərlə bir-birlərindən ayrı yaşamaq məcburiyyətində qalmaları və romanın kədərli sonluqla bitməsi onu "Məsumiyət muzeyi"nə bənzədir.
"Məsumiyət muzeyi"nin faciəli sonluqla bitməsi bizə həm də Cek Londonun "Martin İden" əsərini də xatırladır. Çünki burada da öz idealına tam qovuşmaq mərhələsində olan baş qəhrəman mənəvi böhran keçirir, öz məqsədinin puç bir amala yönəldiyini dərk edir. Düzdür, "Məsumiyyət muzeyi"ndə əsərin baş qəhrəmanı Kamaldır və o həyatda Füsuna qovuşmaq arzusu ilə yaşayır. Kamal nə işindən, nə zənginlikdən zövq almır, onu yaşadan, xoşbəxt edən yalnız Füsunun xəyallarıdır, ona olan eşqidir. Lakin əsərin digər əsas qəhrəmanı olan Füsün isə sanki öz məqsədinə çatarkən onun puç olduğunu, həyatın mənasını itirən Martin İdendir. Onu da qeyd etmək yerinə düşərdi ki, Orxan Pamuk Kamaldan fərqli olaraq Füsun obrazının daxili dünyasını açmağa səy göstərməmişdir. Yazıçı Füsünu sanki eşq predmeti kimi təsvir etmək istəmişdir. Füsun Kamalın Sibellə nişanından sonra, sanki qırıldıqdan sonra bir daha bərpa olmayan büllur bir güldan kimidir. O, Kamalı əfv etsə də qəlbi qırılmış, inamı itmiş, əvvəlki coşqun sevgidən əsər belə qalmamışdır. Bəlkə də elə buna görə də artıq Kamalla evlənməyə heçbir maneə qalmadığı vaxtda o intihar edir.
Əsərdə Füsunun intihar etməsi və ya avtomobilin qəza nəticəsində ağaca çırpılması məsələsini də yazıçı oxucuların öhdəsinə buraxmışdır. Amma əsərdən məlumdur ki, Füsun avtomobili qəsdən yüksək surətlə sürərək ağaca çırpır. Uzun illərdən bəri Füsunun xəyalı ilə yaşayan Kamala isə bu ölüm o qədər təsir edir ki, bu eşq onun içinə işləyərək daha da böyüyür, nəticədə sevgilisinin toxunduğu hər bir əşya muzey eksponatına çevrilir.
Klassik Türk filmlərindəki məhəbbət hekayələrinə bənzəyən bu romanda yazıçının üslubu o qədər səmimi, həqiqidir ki, oxucu bu qədər böyük eşqdən o qədər heyran qalır ki, onun klassik eşq macəralarından nə qədər fərqli olduğunu anlayır. (Hətta kitabdakı bu eşq hekayətindən təsirlənən türk müğənnisi Nazan Öncel də əsərə ithafən "Canım mənim necəsən" adlı bir mahnı bəstələmişdir).
Roman əsasən Kamalın dünyagörüşü və müşahidələri əsasında qələmə alınmışdır. Yazıçı əsərdəki hadisələrin cərəyan etdiyi dövrü - o zamankı İstanbulu bizə o qədər həqiqi boyalarla təqdim edir ki, oxucu bu əsəri oxuduğu müddətdə özünü 1975-ci illərdəki İstanbulda tapır. Romanda Kamal ilə Füsunun eşqi ön planda verilsə də, həmin dövrdəki İstanbulun sosial-ictimai həyatı, mənəvi-əxlaqi dəyərləri, həyat tərzi haqqında məlumatlar da əhəmiyyətli yer tutur. Hətta biz romanın ortasında və sonunda Orhan Pamukun özünə də rast gəlirik. Xüsusilə romanın ortalarında nişan mərasimində Füsun ilə rəqs etməsi və ondan təsirlənməsi, özünün və ailəsinin həyatı haqqında bəzi məlumatlar verməsi də romanın diqqət çəkən tərəflərindəndir.
"Məsumiyət muzeyi" Kamalın "hər kəs bilsin çox xoşbəxt bir həyat yaşadım" sözləri ilə bitir. Bu sözləri ilə Kamal tanışlarına və dostlarına bir ismarış vermək istəyir. Çünki Füsunun eşqiylə və ölümüylə özünü illərlə qəmə-kədərə qərq edən Kamalı ətrafındaklar bədbəxt biri kimi görürdü. Kamal isə hamıya sübut edir ki, onu xoşbəxt edən yalnız Füsunun varlığı deyil, ona olan eşqidir. Eşq isə əbədidir və heç vaxt ölmür...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031