manera.az
manera.az

Şeir sər barmağından - Sərdar Əsədin şeirləri

6-10-2019, 16:04

Şeir sər barmağından - Sərdar Əsədin şeirləri
Manera.az "Unudulanlar" layihəsində mərhum istedadlı şair Sərdar Əsədin şeirlərini təqdim edir:

Qonşuluqda

Səs fərəhim, göz incim,
Gülüşünü səp - yığım!
A qonşuluq sevincim,
Oğlan utancaqlığım!

A qız-gözəllik qəmi,
Halal olsun öyüdün!
A gözlərin görkəmi,
Haçan belə böyüdün?

Sən a bəxti qırmızı,
Yaylığını qaparlar...
Gözdən gizlənən qızı
Könüllərdə taparlar...


***
..Ata, mənə bir at al -
Gözlərə görkü olsun.
Keçilməz dağdan - dağa
Qanadlı körpü olsun.

Sınayaram onu mən
Atoynadan yaşımda -
Dərələrin dibində,
Qayaların qaşında.

At çapmaq istəyirəm,
At minmək istəyirəm.
Soyuqda - at belində
İsinmək istəyirəm...

Nənə, mənə nağıl de -
Nağıl qorxulu olsun.
At alan bir kişinin
Mən boyda oğlu olsun! ..

Ağacın meyvəsi, saçın çiçəyi

Çökübdü bağların şirin barına,
Əldəki qabarın nə sirri vamış.
...Çəkmişəm əlimi ağ saçlarına,
Saçın ağ çiçəyi əlimdə qalmış!

Anam

Badam baxdı bağımdan,
Bahar yaxalı anam!
Şeir sər barmağından
Sözü yığılı anam.

Əriyərdi o sirdə,
Qəzəb daş da, dəmir də.
Bütöv yuxu ömürdə
Yarı yuxulu anam.

Necə yatım təkliyə,
Qayğıdan seyrəkliyə.
Əvəlik kövrəkliyə,
Darçın qoxulu anam.

İllər ayrısı

Yenə eşidirəm həmin laylanı,
Yenə saçlarımda yumşaq əl gəzir.
Hanı keçirdiyim o günlər, hanı?
Tutub dikəlməyə uşaq, əl gəzir.

Ay illər, səninlə gəl qucaqlaşım,
Məsum körpəliyi yenə anırıq.
Nədənsə üstümdə durmayır başım,
Yenəmi beşikdə yırğalanırıq?!

Ana, nə deyirsən sən qulağıma,
Bəlkə, söyləyirdin yaman kürəm mən?..
Mənə deyərdin ki, qaç qucağıma –
Hələ də yanına yüyürürəm mən!

Ağlayar

Ala gözlər kölgələnsə,
Qaş çatılar, göz ağlayar.
Yaz yağışı yağsa yerə,
Çəmən çimər, iz ağlayar!

Yada vermə ürəyini,
Dost gözləsin kürəyini!
Namərd yesə çörəyini,
Ocaq sönər, köz ağlayar!

Göyün hirsi çəkiləndə,
Yerlərə nur töküləndə,
Qış ötüşüb yaz gələndə,
Don açılar, buz ağlayar.

Sehrləyib məni masam,
Gərək qəlbə qulaq asam.
Hər gün onu oxşamasam,
Qələm küsər, söz ağlayar!

Könül, qəmə heç vermə can,
Məhəbbətin odunda yan.
Cavan getsək bu dünyadan,
Qarı gülər, qız ağlayar.

Şəlalə sevgisi

Zirvədən zirvəyə aşan dağların,
Üzü ömürlərə bozaran deyil!
İldırım nərəsi daşan dağların,
Şəlalə sevgisi qurtaran deyil!

Zərrələr çilənir nur boyalara,
İçib doyanacan gün işığından!
Dərələr söykənib o qayalara,
Asılıb şəlalə sarmaşığından!

Kahalar qışqırır ehtiyacını,
Bulaqlar durulub gözünü qırpır.
Şəlalə bir gözəl yolub saçını,
Zirvədən zirvəyə özünü çırpır.

Çayları çevirir axtarışlara,
Yoxdur şikayəti su yoxluğundan.
Qayçı qədəmlərə, buz baxışlara
Daşır əsrlərin soyuqluğundan.

Yaddaşdan yaddaşa oyanıb yatır,
Sevinir səsinə səs qoşanlara!
Əksini görməyə aynalar tutur
Sirli sıldırımı dırmaşanlara!

Qaçır bənövşəyə, uçur laləyə,
Çəmən cəhliminə toxuyur çələng!
Qovuşmaq istəsən o şəlaləyə –
Şəlalə qüvvəsi tapasan gərək!

Gecədən nə qaldı

Gün düşdü duyğular pəncərəsinə,
Səhər müjdəsinə açıldı qapı –
Qanadlı sorğular üstünü aldı!
Yuxusuz gecədən mənə nə qaldı;
Qızaran gözlərin rahat əzabı,
Razı vərəqlərə boşalan sinə,
Dolu külqabı.

Başdaşında gözəl

Yenə həmin gözəldimi,
Sevməli yaşda ağlayır.
Bəxti qayıtdı gəldimi,
Cığır da, qaşda ağlayır.

Yorğun düşüb bölükləri,
Uşaqlaşıb böyükləri.
Uzaqlaşıb hörükləri,
Saçları başda ağlayır.

Yanağı gündən allanır,
Bir xəzəllə sığallanır.
Kirpiyindən şeh sallanır,
Buzları qışda ağlayır.

Donub görünməz qorxuya,
Susub cavabsız sorğuya,
Ayılmaz, gedib yuxuya,
Gözləri huşda ağlayır.

Görmür özü gündüzünü,
Döndərib dostdan izini.
Əliylə örtüb üzünü
Heykəli daşda ağlayır.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031