manera.az
manera.az

Qələmin sınması şeir olar - Cavanşir Yusifli yazır...

3-10-2019, 12:27

Qələmin sınması şeir olar - Cavanşir Yusifli yazır...
Manera.az filologiya elmləri doktoru Cavanşir Yusiflinin "Piano dilləri, yaxud Bəxtiyar Vahabzadə eşqə dair" yazısını təqdim edir:

...Uşaq yaşlarından indiyə qədər oxuduğum, oxuyub əzbərlədiyim, ya da yaddaşıma, onun daxilindəki yalnız mənə aid olan hücrəsinə hopdurduğum şeirlər var, özü də necə, sakit tonlu, həzin, mətləbin, mövzunun yalnız ürəyinə toxunan və toxunduqca qəribə intibalar yaradan mətnlər... Bu mətnləri biz sonradan unuduruq, təkcə ona görə yox ki, yaşlaşırıq, yaddaş yeyilir, dolur, yaddaş saxlancına təzədən yüklənmə əmri verilmir, başqa bir məqam var burda zənnimizcə, yaddaşa yığdığın şeylər nə qədər təmiz olsa da, sonradan çirklənir, həyat belədi, toz qonur üstünə, hansısa aqressiv vəziyyətin təsirinə məruz qalır və sair.

Çünki yaddaşımızın ən təmiz yerində qərar tutan bu nəsnələr ətrafla təmasa möhtacdır, təmas yaranmalıdır ki, o şeylər diri qalsın, həyatın tozuna bələnsə də, güc tapıb özü-özünü yeniləsin, üstündəki min ilin tozunu çırpa bilsin. Əks halda, yəni biz buna layiq olmayanda o təmiz şeylər qeyb olur, izi-tozu belə qalmır. Baxmayaraq ki, bəzi şairlər gənclik çağında yazdıqları şeirləri belə, ahıl vaxtında əzbər deyə bilirlər. Amma bunun həmin o ruhi vəziyyətlə bir əlaqəsi yoxdu, məncə. Sadəcə, hafizə psixologiyasıdır. Ən yaxşı yaddasaxlama o olardı ki, o nəsnə içini tam olaraq doldursun, əzbər demək istəyəndə sözlər dilinin altında qalsın və ən yaxşısı da nə qədər gözəl olur-olsun, o mətni heç yazmamaqdı, çünki, ya bəlkə, hər şey çirklənir...

***

Çoxları Bəxtiyar Vahabzadəni ictimai pafoslu şair kimi tanıyır. Bu şeirlərdə doğrudan da, ictimai xarakterli hadisələr dövrün nəbzinə uyar şəkildə, həm də Bəxtiyarın zövqü və üslubu libasında təqdim edilir. Bəxtiyar Vahabzadə istiqlal şairidir, "Gülüstan" poemasının, digər ağır ictimai ruhlu əsərlərin müəllifidir.

Ancaq... hər bir şair ən dürüst formada özünün eşqə dair qımqımalarında, həsrətdən köynək geyinən mətnlərindən bilinir. Bu şeirləri oxuyanda adamda qəribə təəssürat yaranır: sanki şair bunları ömrün, gərgin ictimai fəaliyyətinin imkan yaratdığı qısa fasilələrdə iki daş arasında yazıb. Həm də vaxt darlığı ucundan bütün ehtirasını, bütün dərdini şeirlə göstərmək inadı ilə. Və ən qəribəsi heç bu da deyil; insanı təəccübləndirən ən yekə səbəb odur ki, şair bu şeirlərində sevgi temasına, həsrət, hicran motivlərinə illüstrasiya çəkmir, əlindəki fırçanı bir yana tullayıb sevgisini izhar edir və bu şeirlərin hər misrasında onun qəlbinin dərinliklərində böyük bir aşiq olması və bunu öldüyü günə qədər gizlətməməsi oxunur: ömür dediyin budur, yerdə qalan nə varsa, mənasız təfərrüatdır...

Təsəvvür edin: gündə bir şeir yazırsan, zaman keçdikcə toxunduğun məsələlər də bitir, tükənir, dönüb baxırsan, gör nə qədər mətləb var, insanlar yol gedə-gedə bu şeirlərdən seçdikləri misraları əzbər deyirlər, məclislərdə oxuyur, nümunə gətirirlər, hətta qəlbinin dərinliklərində özlərini günahkar sayan insanlar da bəzən bu şeirlərə qısılırlar. Azadlığa əl çatmadı, ömrün başa çatdı... Bu misra Bəxtiyarın Şandor Petefiyə həsr etdiyi şeirdəndir. Mən uşaq olanda rayon bazarına gedən yolda insanların o bir neçə metrilk yolda Səməd Vurğun və Bəxtiyardan nə böyük ehtirasla şeir dediklərinin şahidi olmuşam. Bəs baş əymədiniz, əymədim, bəli/ Əyilməz vicdanın böyük heykəli... Hakim barmağını basdı zənginə, xəfif bir qızartı çökdü rənginə...

Yaxud:

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

Hər şey hikmət rənginə boyanır, sənə elə gəlir ki, artıq ən böyük həqiqətləri də beləcə, misralardan yaratdığın düzümlə kəşf edə, aça bilərsən. Ancaq... sən dünyaya gələndə səninlə bir doğulan, səni başqalarına hiss etdirən köksündəki bülbül yuvasının həniri eşidilməyə başlayır, bu andan sonra hər şey acı verir, ağrıdır, daha nəyəsə sevinməyin gəlmir.

... Mən bir qəm daşıyam,
Qəlbinə dəydim.
Nə imiş bu dünya qəmsiz, kədərsiz?
Gördüyün yuxunu mən də görəydim
Səninlə bərabər, səndən xəbərsiz.

Bu tipli şeirləri istənilən şairin sevgiyə dair şeirləri ilə müqayisə edin, tutuşdurun, çox mətnlərin temaya illüstrasiya olması ilk oxunuşdan bilinəcək.
Bəxtiyarın bu tipli şeirlərində klassik poeziyadan gələn bir dürüstlük var. Bu xassəni poetik kateqoriya kimi ifadə etməli olsaq, bunu deyə bilərik ki, adıçəkilən mətnlərdə poeziya, doğrudan da, "mütləq reallıqdır" (Novalis). Söz, sözün içindəki duyğu nə qədər dərindən gələrsə, dünya, gerçəklik bir o qədər mükəmməl şəkildə göstərilə, aşkar edilə bilər. Adını çəkdiyimiz Novalis yazırdı ki, "gözəl günlər gələcək, insanlar gözəl bədii əsərlərdən başqa bir şey oxumayacaqlar.

Bütün digər kitablar unudulacaq, həmin zamanda bu kitablar dünyanı dərk edib qavramağın vasitəsi kimi kütləşəcəklər. Şair təbiəti alimin təfəkküründən daha yaxşı qavrayır. Əvvəllər şairlə kahin canbir qəlbdə idilər və yalnız sonralar zaman onları ayırdı. Ancaq həqiqi şair bütün zamanlarda kahin olub, həqiqi kahinlərsə şair. Bəşər dünyası allahların ümumi orqanıdır - poeziya onları, onlar bizi birləşdirən kimi bir nöqtənin bətnində qovuşdurur...".

Əbədi olan xassələrdən yaza bilmək güc tələb eləyir. Bəlkə ona görə ki, şair bu kimi "mətnləri" tam şüursuzluq halında yazır, könlünə, ürəyinə dolan hiss və duyğuların mətnə çevrilməli olduğunu unudur, sanki bu lal duyğuları hansı musiqi alətindəsə dilə gətirirmiş kimi davranır, mistik aura yaranır: bu ifrat dərəcədə şəxsi, intim duyğular bir təsadüf ucundan açılmalıdır. İlkin halında bu duyğular təsəvvür edilməsi mümkün olmayan nəsnələri təqdim edir, görünməz şeyləri görür, hiss edilməyən şeyləri hiss edir. Bu halətin kritikliyi, şairin yuxudaymış kimi həmin halı mətn halına salmaq ehtirasının doğulması subyekt və obyekti eyniləşdirir, qəlbi və ondan kənardakı nəsnələri bir kontekstə gətirir. İndiyə qədər ayrı-ayrı qırıntılar və fraqmentlər formasında təzahür edən zaman tam, bölünməz və həm də bu təsadüfdə artıq dərkedilməz bir şeyə çevrilir.

Bu səbəbdən poeziya dünyanı qavramaq yolunda bir əlaca möhtac qalır, özündən kənardakı hər şeyi içinə çəkmək, öz daxili bataqlığına batırmaq - poeziyanın dünyanı anlamaq üsulu bundan başqa bir şey ola bilməz. Bu ümumi xassə qəribə deyil ki, həm Novalisdə, həm də XX əsrin filologiya dahisi Baxtində əsas aspekt kimi qeyd edilir, - demək, eyni həqiqətlərə çatmaq, onları eyni dürüstlüklə ifadə etmək üçün çox şey tələb edilmir - köksündəki bülbül yuvasını unutmamaq...

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Bəxtiyarın bu şeirindəki adi sözlər, adi misralar bayaq dediyimiz halı dürüst ifadə edir, duyğu düzgün tutulduğu və ən əsası təyinatı üzrə ifadə edildiyi üçün hər şeyin bayatılardan, Orta əsrlər şeirinin mübhəmliyindən süzülüb gəldiyini zənn edirik. Ancaq heç nə heç hardan gəlmir, hər şey bir yerdədir, üstündən bu qədər zaman keçməsinə baxmayaraq, eşqə tapınan insan duyğusu dəyişməyib.

Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?

Hətta bu təsadüfdə eşq acısı, dərd, möhlət... elə bir amplitudada verilir ki, "ayıq halda" bu mənzərəni görmək, təsəvvürə gətirmək çətin olardı:

Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu

Və nəhayət:

Öz eşqimdən, diləyimdən,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!


Bəxtiyarın eşqə dair şeirləri digər şeirlərindən kəskin şəkildə fərqlənir, ritmi, intonasiyası, daxili obrazları, bu obrazların daim rəngdən-rəngə girməsi, sanki təbiətin bir parçasına çevrilməsi və sair ilə. Yenə də, Novalisin fikrincə, nağıl yuxu kimdir, real bağları qırılmış şeylərin, möcüzə təsiri bağışlayan nəsnələrin gəlib təsadüfən bir kontekstdə yığışması, bir olması kimi. Şair sözə və əşyalara, belə deyək, pianonun dilləri kimi yanaşır, burdan, bu davranışdan hansı "səsin" çıxmasını bilmədən səni haçansa quşların, heyvanların və ağacların danışdığı bir zamana daşıyır, ani olaraq görürsən ki, qadın sevdiyin bir bitki kimidir, səhərə qədər gözünü yummayıb gözləməlisən ki, çiçəklərin açmasını görəsən, əks təqdirdə kosmosa əlin çatmayacaq.

Sən üzünü o gülə, bitkiyə, çiçəyə tutub onu Tanrıya bənzəyən vaxtına döndərmək istərsən. Darıxmaq aclıqdır, heç nə ilə dəf edilməyən aclıq...

Yuxuma gəlmişdin... Qısıldıq küncə.
Danışdıq... Yel əsdi... Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm, Səni görüncə
Sənin işığında yox oldu kölgəm...


Klassik poeziyada da belədir. Eşq camından içdinmi, nəinki bu dünyada, heç qiyamətdə də bidar olmazsan...

***

... Bir yerdə oxumuşdum ki, Bəxtiyar şeiri Şəkinin ucqar məhəllələrinin birində çalınan məktəb zəngi ilə başlayır. Dəqiqdir, həm də Bəxtiyar adlı şairin özünün şeirə qarışan, onunla birləşən obrazının təyinatı baxımından yerinə düşür. Bu mətnlərdə Bəxtiyar saysız-hesabsızdır, yəni obraz kimi, Şəkidə bir dağ çayının qıjıltısından görünən, payızın içində görünməz olan, saçları, ürəyi, arzusu, ümidi xəzələ qarışıb itən, yenə də görünməz olan obraz... Bu obrazlar nə qədər fərqli olsalar da, bir məqamda, nöqtədə birləşirlər, ancaq... bunların heç birinə bənzəməyən bir Bəxtiyar da var ki, o, kor olduğu məqamda tükü-tükdən seçən məqamdadır, sevgi şeirlərində, eşqə dair yazdıqlarında...

Gül kol imiş, sol sağ imiş
Haqq - gerçəyi danmaq imiş.
Xoşbəxtlik aldanmaq imiş
Mən aldanmaq istəyirəm.


... Bəzi poetik mətnlər, şeirlər var canın sıxılmağından, uzun illər ərzində ruhun çəkdiyi iztirabdan doğur, ifadə olunur, özü özünü tamamlayır, xilas edir, qurulur və yerdə qalan mətnlərə qoşulub unudulur, bəlkə də dincə qoyulur, bir də yenə uzun illər keçdikdən sonra kimin o şəkildə canı ağrıyarsa, ruhu eynən o cür əzab içində olarsa, yada düşür, yara kimi... Amma başqa, tam fərqli şeirlər də var, kadr arxasından gələn, o məsafədən müəllifin tutub gətirdiyi çox nadir incilər kimi, dünyada nə baş versə o yada düşər, kim ayrılsa onun yanında olar, amma istəsə özü-özünü unutdurar, canın ağrımasına, ruhun əzab içində olmasına baxmaz, onlarla başlasa da, onlarla bitməz, onun obrazı görünsə də, ələ gəlməz, onu yazan adamın rəsmini heç bir nəqqaş çəkə bilməz, çünki qələm sınar, qələmin sınması da şeir olar, bu mətnlər bitib-tükənmir, yazılmır, ancaq duyulur və yaddan çıxır.../edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031