manera.az
manera.az

Bölgələrdə ədəbi həyat - 2018

18-09-2019, 15:22

Bölgələrdə ədəbi həyat - 2018
"Ədəbi proses - 2018" elmi müşavirəsində söylənilən məruzənin mətni

Ədəbiyyatın məkanı varmı? Ədəbiyyat üçün konkret ölkə, şəhər, mühit nə qədər önəmlidir? Daha keyfiyyətli, daha təsirli, daha oxunaqlı bədii ədəbiyyatın yaranması üçün məmləkət nə dərəcədə rol oynayır?

"Bölgə - mərkəz" ədəbiyyatını müqayisə edərkən ilk olaraq gözümün önünə Musa Yaqub gəlir. Artıq bir neçə ildir ki, İsmayıllıda - Buynuzda qalan bu sənətkar bizim təsnifatın hansı qoluna aiddir? Musa Yaqubu bölgə ədəbiyyatı nümayəndəsi kimi tədqiq etməliyikmi? Yoxsa Musa Yaqub mərkəz ədəbiyyatına aiddir? Görkəmli tənqidçi-alim Vaqif Yusifli "Bölgələrdə ədəbi həyat" kitabında Musa Yaqubu Hüseyn İbrahimov, Asim Yadigar, Vaqif Aslan, Qoca Xalid, Məmməd İlqar, İbrahim İlyaslı, Zakir Məmməd, Zirəddin Qafarlı və b. sənətkarlarla - daha çox təsnifatımızın bölgə budağına aid olan yazarlarla bir sırada verir. Düzdür, tənqidçi daha sonra əlavə edir ki, Musa Yaqub İsmayıllıda müasir Azərbaycan poeziyasının ən gözəl incilərini yaratmaqda davam edir. Musa Yaqub poeziyası Azərbaycan ədəbiyyatında S.Vurğun, H.Arif, Q.Qasımzadə, M.Araz ənənələrinin uğurlu davamçısıdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaranan bədii ədəbiyyat bu elmi-tədqiqat ocağında aparılan elmi-tədqiqat işlərini zənginləşdirir və tamamlayır.

Bununla belə, Vaqif müəllimdən fərqli olaraq, hesab edirik ki, Musa Yaqub və onun kimi regionlarda yaşayan bir çox ədiblər bu məruzəmizin mövzusu deyil. Çünki paytaxtda çoxsaylı tirajlarla və dəfələrlə çap olunmaq imkanı olan, bütün respublikada və hətta ölkədən kənarda tanınan, yaradıcılığı özlüyündə bir məktəb formalaşdıran sənətkarlar bölgə ədəbiyyatında təhlil edilməməlidir. Ona görə də, bəzi ustad sənətkarların bu məqalədə öz adlarına rast gəlməmələrini unutqanlıq, hörmətsizlik kimi qəbul etməyəcəklərini ümid edirik.

Son illərin ümumi ədəbi mənzərəsində nadir nümunələri çıxsaq, bölgə ədəbiyyatının yalnız bir növ üzrə yarandığını müşahidə edirik: lirik növ. Hətta "şeirin" bütünlükdə lirik növlə assosiasiya olunduğunu və yaradıcılığa hakim kəsildiyini söyləmək olar. Regionlarda ədəbiyyat, demək olar ki, nəsrlə yazılmır, epik və ya dramatik növdə yaranmır. Bu da, öz növbəsində, ədəbiyyatın dar konturlar çərçivəsində inkişaf etməsinə səbəb olur.

Təhlilimizi ayrı-ayrı şəxslər və rayonlar üzrə yox, mövzu - arxetiplərə görə davam etdirəcəyik. Azərbaycan ədəbiyyatı üçün xarakterik olan əksər mövzular 2018-ci ildə də aktivliyini qorumaqdadır. Xüsusən, Vətən, şəhidlik, sevgi, söz-sənət kimi mövzular ən çox müraciət olunanlardır, lakin diqqətçəkən məqamlardan biri son iyirmi ildə mərkəzdə formalaşan "Allahın şeirləşdirilməsi", "Adam" obrazının şeirin qəhrəmanına çevrilməsi, "ölüm" mövzusunun bədii əsərin ana xətti olması bölgə ədəbiyyatında da aktuallıq qazanır.

Ötən il bu mövzu bölgələrə daha çox siraət etməyə başladı.

Ey yoxun var üzü, heçin kimliyi,
Dən varsa, yaşayır quşun dimdiyi.
Təbimin yurdumdan nə var əmdiyi,
Gətirmə burnundan şeiri, Allah! -

Şair ruhu azad olur, bu azadlıq zaman-zaman kimlərsə tərəfindən sıxılır. Amma əsrlərdir davam edən Allah xofu şairlər üçün ən böyük basqı idi. Son illərdə "Allah xofunun" şeirdən çəkilməsi həm də dini liderlərin, peyğəmbərlərin əsərlərə gətirilməsinə, real obraz kimi, bəzən də ironiya edilərək formalaşdırılmasına təsir edir.

Daha ürəyimin ilməsi qaçıb,
güzgüdəki adam,
güzgü təki adam,
Sən həm varsan, həm yoxsan,
Çəkinib eləmərəm.
bir gün Əzrayıltək qarşıma çıxsan.
Bilirsən,
Əzrayıl insanlardan etibarlı,
mələkdi deyən abırlı-arlı,
Amma adam şanslıdı mələklərdən,
Bəlkə də Tanrıdan da,
Tanrı da adam olmaq istəyir unudulanda...

Teyfur Çələbi

Artıq bir neçə ildir ki, şairlər arasında Elnaz Eyvazlı diqqət çəkməkdədir. Onun şeirlərinin olmazsa, olmazına çevrilmiş Adam günümüzdə Azərbaycan ədəbiyyatında özünə möhkəm yer tutub. Bu mövzu da mərkəzdə formalaşmış, Azərbaycan ədəbiyyatı gündəminə paytaxt Bakıdan düşmüş, daha sonra bölgələrə yayılmışdır. Qeyd etmək yerinə düşər ki, heç bir cərəyan, istiqamət, yeni forma və üslublar bölgədən mərkəzə keçmir, hər zaman mərkəzdə formalaşmış, ədəbiyyat qazanında bişdikdən sonra regionlara da yayılmışdır.

Ötən ilin ədəbi mənzərəsinə baxdıqda bölgələrdə də "Adam"ın bədii portretinin dəfələrlə yaradıldığını görürük. Kimdir bu Adam? Müasir ədəbiyyatın Adamı Nəsiminin yaratdığı "Ən-əl Həqq" olan İnsan deyil. Bu gün Adam əksər hallarda müəllifin özüdür, şairin özünə xitabıdır. Afiq Muxtaroğlunun şeirindən iki bəndə nəzər salaq:

Bu necə qovhaqov, bu necə sürək?
Köksümün altında dincəlmir ürək,
Ömür küllüyünü üfürmə görək,
Nəm çəkən kösövü alışmaz, adam.


bu şeirdə izlədiyimiz kimi, Adam deyə müraciət olunan şairin özüdür.

Bu şairlər nəinki mövzu, şeir forması üzrə təkrarçıdırlar, hətta kitabların cildlərinə qədər bir-birinin eynisidirlər. Xüsusən, bölgə şairlərində rast gəldiyimiz bu kitabların cildində zəif pikselli aparatla çəkilmiş bir mənzərə boylanır. Fonda qarlı dağ, bir az irəlidə çay, kol-kos və s. Təkcə bu məruzəyə hazırlaşarkən əldə etdiyimiz kitabların ona yaxınında belə cildlənmə gördük. Bu təkrarlı, məzmunsuz şeir kitabları isə, adətən, şairin evində yığılıb qalmış olur. Unutmayaq ki, şair şeirini şöhrət qazanmaq, AYB-yə üzv olmaq, Prezident təqaüdü almaq və s. kimi niyyətlərlə yazmamalıdır. Əgər bu yola əl atırsa, bəzən bunun üçün başqasının müəllifi olduğu əsərləri pulla alıb öz adına kitab çap etdirirsə, itirən yalnız müəllif olur, itirdiyi də kağızlar, mürəkkəb və vaxt.

...Hər məclisdə, hər yubiley tədbirində, el şənliklərində müəlliflərin mövzuya uyğun şeirləri hazır olur. Bu məsələni daha çox 2019-cu ilin əvvəlində baş vermiş məktəbli qızın ölümü üzərindən araşdırdıq. Əvvəlcə bu mövzuda gənc şair Ruzbeh Məmmədin fikirlərinə baxaq: "Mən Elina üçün şeir yazmadım. Heç sərhəddə atışma olanda da şeir yazmıram. Çünki şou xarakterli cümlələrin kütləvi qırğınına fərman vermirəm. İçimdən gələn onun bağışlanması üçün dua etməkdi. O yazılan şeirləri bəh-bəhlə təqdim edirsiniz e, səmimiyyətsiz olduğunuzu ortaya qoyursuz... Elə hər şeyə şeirmi yazırlar?! Hansı qafa, hansı mübhəm hisslərdi axı bu?". Fikirləri redaktə etmədən, olduğu kimi saxladıq. İndi isə, eyni hadisə ilə bağlı yazılmış iki şeir nümunəsi ilə tanış olaq:

Müəllimlərin
söz "iynəsindən",
qırıldı bir nəslin
şəcərəsi...
məsum qızı ağzına aldı
intihara susamış
məktəb pəncərəsi...
Dörd yanımızdakı
səs-küylü sükut
cinayəti yasaqlayır...
və olacaq intiharlara
indidən yas saxlayır...

Giya Paçxataşvili

***

Olur belə, pəncərələr açıq qalır, Elina...
Qapı ağzı qıfıllanır,
Gəlinciklər qanadlanır, Elina...
Olur belə, yol görünür havada,
Göy çağırır oynamağa,
yıxıldığın yer ağlayır,
Uşaq salan pəncərəni
Pərdələri tumarlayır.
Olur belə, pəncərələr açıq qalır, Elina,
Başımıza adam yağır,
Əcəl zəngi çalanları1
Dərsə çağır, Elina...

Mehman Rasulov

Yazılan şeirləri oxuduqca görürük ki, şeirin yaranması üçün aylar-illər lazım deyil, bəzən qısa bir zaman, ani hadisə belə, gözəl şeirin yaranmasına səbəb olar. Yetər ki, şeir müəllifin gerçək duyğularının, daxili təlatümlərinin məhsulu olsun. Boğazdan yuxarı, şeir yazmaq xətrinə, sifarişlə, gündəmə ayaq uydurmaq üçün yazılan şeirlərdən isə zövq almaq mümkün deyil.

Son illərdə özündən və şeirindən müsbət mənada söz etdirməyi bacaran şairlərdən biri Xəttat Kilimçidir. Əsl adı Mirbağır Bünyatlı olan bu cavan şair istər peşəkar tənqidin, istərsə də oxucu tənqidinin diqqət mərkəzinə düşməyi bacarmışdır. Müəllifin şeirləri öz müasirlərindən kəskin şəkildə fərqlənir. Bu şeirlərdə obrazlılıq təkcə bənzətmələr hesabına yaradılmır, hətta deyərdim ki, müəllif bilərəkdən pafoslu bənzətmələrdən uzaq qaçır. X.Kilimçi haqqında məruzənin bu yerində söz salmağımız isə əbəs yerə deyil. Müəllifin aşağıda təqdim etdiyimiz şeiri "ölümə tərk edilmiş" qadının bir gününü - ad gününü bizə təqdim edir. Şeirdə incə ruh, sənətkar ustalığı asanlıqla hiss olunur:

Nənəmin ad günü idi
Biz də bilmədik, bilmədik..
Baxdı nənəm, qorxdu nənəm
Kimsə görmədi, görmədi...

Bir az qınadı babamı,
Eh, o şəlpəbığ adamı.
Düşdü qanı, qalxdı qanı,
Həkim bilmədi, bilmədi

Qadın bu qədər bərk olmaz
Dedi, ağladı, ağladı..
Bayat çörəkdən bir tikə
Yedi, ağladı, ağladı..

Qışda dediyi nağılın
Divi ağladı, ağladı
Ağladı həyət-bacası,
Evi ağladı, ağladı

Üzü gülmədi, gülmədi...
Bir az hamını pislədi.
Nə vaxt ki, susdu, əsnədi..
Ürəyi ölüm istədi,
Ancaq ölmədi, ölmədi...


***

Bölgə ədəbiyyatı (və ümumi Azərbaycan şeiri) üçün xarakterik olan daha iki mövzu var: Vətən və sevgi. Bu mövzuları bir çox şairimiz özünə vizit kartı hesab edir. Sanki yerli mətbuatda çap olunmaq, toplu və almanaxlarda yer almaq və Azərbaycanda bir çox şairin ali məqsədi olan Yazıçılar Birliyinə üzv olmaq üçün mütləq bu üç mövzuda yazmalısan. Heç şübhəsiz ki, belə mövzular arasında birinci yeri tutan Vətəndir. Üstü təbiət mənzərəli şeir kitablarının olmazsa, olmazı olan bir mövzu - Vətən.

Son illər Azərbaycan ədəbiyyatında xeyli fərqli janrlar, üslublar meydana gəldi. Ənənəvi ədəbiyyata fərqli baxış formalaşdı. Bəzən doğru, bəzən yanlış məqamlarda bu dəyişilmənin modernizm və postmodernizm libasına büründüyünü, bəzən köhnə mətnlərin yenidən işlənməsini, bəzən də tamamilə yeni və heç bir janrı təkrarlamayan nümunələri müşahidə etdik. Bəs niyə vətənpərvərlik şeirləri primitivlik bəlasından xilas ola bilmədi? 1990-cı illərdən bəri sürətlə artan Vətən mövzulu şeirlərin böyük əksəriyyəti 2016-cı ildə düşməndən azad edilmiş Lələtəpə yüksəkliyinin yanında durub səsləndirməyə layiq olmadı. Bəzən "publikaya oynamaq üçün" deyilən Vətən mövzulu meyxanalar belə, cild-cild kitablarda yer almış Vətən şeirlərindən daha ağır gəldi.

Onu da əlavə edək ki, məruzəmizin mövzusu bölgə ədəbiyyatı olduğundan və bölgələrdə müəlliflər daha çox şeir yaradıcılığına üstünlük verdiyindən Vətən mövzusunun epik əsərlərdə və nəsr yaradıcılığında əks olunması haqqında danışmırıq, lakin kiçik bir qeyd əlavə etməyi lazım bilirik ki, mərkəzdə çap olunmuş vətənpərvərliyin tərənnümünü hədəfləyən, milli qəhrəmanlarımızı təbliğ edən roman və hekayələrdə boğazdan yuxarılıq, primitivlik hiss olunmaqdadır.

Tək-tək nümunələri çıxmaq şərtilə Mübariz İbrahimov, Raquf Orucov kimi bir sıra qəhrəmanlarımız haqqında yazılan əsərlər reallıqdan uzaq, müasir oxucunun sevmədiyi ideal obrazın yaradıldığı əsər tipindədir və az qala hər səhnədə yüksək pafoslu cümlələr əsərin bədii təsir gücünü xeyli aşağı salır. Düşmən obrazlarını yaradarkən aşağılayıcı, yumoristik ifadələr, məzmunsuz təhqirlər, qeyri-peşəkar bənzətmələr əsəri zəif şəkildə hazırlanmış "stand up" göstərisinə çevirir.

Bir daha qeyd edək ki, bölgələrdə Vətən şeirlərdə tərənnüm edilir, əgər buna tərənnüm demək olarsa...

Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!


Bu parçada tərənnüm olunan nədir? Neft-qaz, yoxsa sədaqət? Bəndin son iki misrası nə ifadə edir? Azərbaycanın sədaqəti dostları üçün mərhəmətdir, lütfdür. Sadəcə, qafiyə yerinə düşüb deyə, "kərəm" sözünü artırmağa nə ehtiyac var axı?

Vətən, torpaq, Qarabağ mövzusunda yazılmış başqa bir şeirə nəzər salaq:

Vətən nədir? - Nurlu sabah deməkdir.
Sabah nədir? - Bir addım da irəli.
Vətən nədir? - Get, irəli deməkdir.
Qarabağa doğru, Qarabağa irəli.

Dörd misralıq şeirdə heç bir qafiyə işlənməyib, heç bir məzmun yükü yoxdur. Şeiri oxuduqca düşünürsən ki, ola bilər, şair qafiyə axtarıb, cızma-qara edib, sual-cavab üslubunda axtarış edib və s. yəni bu, şairin məşq prosesidir. Amma görəndə ki, bu şeir ictimailəşib, saytlarda çap olunub, mətbuata ayaq açıb...

Nə qədər tənqid etsək də, bu mövzuda təqdirəlayiq əsərlər də yaranmaqdadır. Ustadların yaradıcılığında ən gözəl şeirlər də elə bu mövzudadır:

Gəl gəzək Təbrizin küçələrini,
Gəzişək qolbaqol, dolanbadolan...
Çəkək gözümüzə gecələrini
Təbriz pıçıldasın:
- Xoş gəlib balam...
Çıxaq Aynalıya çiçək dərməyə,
Bir şeir bağlayaq gül tağlarından.
Yanır duz içində susuz Urmiya
Gəl öpək qurumuş dodaqlarından...

Ramiz Qusarçaylı

Bu mövzu gənc yazarlar üçün isə ideal bənzətmələr yığını deyil, bu gün hələ də zəif düşmən qarşısında məğlub durumda olan ana yurdun boynubükük təsviridir. Qız-gəlinlərinin əsir saxlandığı, torpağının işğal olunduğu, sərvətinin talandığı bir vətənin övladının bəh-bəhlə gözəlliklərdən dəm vurması da düzgün olmazdı. Bu gün yeni nəsil şairlər üçün Vətən mövzusu həm də məyusluq simfoniyasıdır. Bir zamanlar "könlümüzün sevgili məhbubu" olan Vətən bu gün "həbibimiz" kimi ümid və inamla vəsf edilir:

Hələ də
mənim ömür dəftərimdə
yazmadığım
Vətən şeiri var...
Azad Vətən,
xoşbəxt Vətən,
cənnət Vətən...
Hələ də göy üzündə
qanad çalan quşlar kimi
xəyallarım var, yuvasız...
İsti ölkələri də yoxdur
Vətəndən özgə...

Aybəniz Əliyar

Ümidimiz isə sonsuzdur. Bu gün sürətlə inkişaf edən, böyüyən, iqtisadi, sosial, mədəni sahələrdə tərəqqi yolunda olan Vətənin, doğma Azərbaycanın tezliklə bütün bu məyusluqları, küskünlükləri silib aparacağına əminik.

Sevgi ibadət kimidir. Günahların içində batan adamın əlindəkini itirdikdə ibadətə başlaması kimi, sevənlər də ayrılan kimi sevgi şeirləri qoşurlar. "Bu dünyanın əlifbası məhəbbət, Ən ilk nəğmə, ən ilk yazı məhəbbət" misralarından bəri sevgini, məhəbbəti tərənnüm edən şeir demək olar ki, yaranmadı. Sevgi şeirləri oxucuya "sev ki, sevən mərd olur" demədi, eləcə sevginin iztirab, dərd, göz yaşı olduğunu öyrətdi.

Biz də, ötən ilin ədəbi mənzərəsində aktuallığını qoruyan sevgi şeirlərinə nəzər saldıq: ümumi mənzərə yenə eynidir. Son illər ədəbiyyatın aşiq obrazları üçün "it kimi darıxmaq" illəridir desək, yanılmarıq. Şəhriyar del Gerani, Cəlil Cavanşir kimi darıxanlar siyahısında bu il də Əsəd Qaraqaplan yer alır.

Diriyəm, canım sağ deyil,
ölməyə üzüm ağ deyil...
Mənimki yaşamaq deyil,
eləcə darıxmaqdır...


Məruzənin birinci hissəsində Allah - Tanrı arxetipinin müasir Azərbaycan şeirində möhkəm kök saldığını görürük. Gənc yazarların dilində Tanrı xitabları bəzən çox ustalıqla işlənir, amma bir çox hallarda bu çağırış yersiz, təkrarçı təsiri bağışlayır.

İndi təqdim edəcəyimiz şeirdə Tanrının şeirə gətirilməsi elə də uğurlu alınmayıb, sanki zorla şeirə yerləşdirilmişdir. Ruzbeh Məmməd çox gözəl şeirlər müəllifidir, yerində və ustalıqla ifadə olunmuş fikirlərin sahibidir, bu şeiri də insanı titrədir, təsirləndirir.

Tanrı müqəssir deyil,
heç nə müqəddəs deyil,
Nə mən dünyada təkəm,
nə sən budda, Milena.
Heç nə istəmirəm ki,
sənin zalım əlindən
Bir axşamlıq unutma,
saxla yadda, Milena.


Məhz bu şeir üzərində fikrimizi davam etdirmək istəyirəm, bəndin ümumi məzmunu heç nəyin əbədi, heç kimin əlçatmaz olmadığı ideyasını irəli sürür, ilk misra isə "Tanrı müqəssir deyil" fikirləri ilə başlayır. Bu üç sözdə ifadə olunan fikrin bəndin ümumi məzmunu ilə əlaqəsi yoxdur. Bu kimi hallar bir çox şairimizdə müşahidə olunmaqdadır.

Sevgi şeirlərində Tanrı obrazı haqqında danışarkən onu da xatırladaq ki, sevgilinin Tanrı ilə müqayisəsi də tez-tez rast gəlinir. Məsələyə dini mövqedən yanaşmaq fikrimiz yoxdur, uğurlu bənzətmədirsə, şeir zövqvericidirsə, belə şeiri oxumağa da, həzm etməyə də hazırıq:

Gecə qaranlığı səhər gedəcək,
Yasəmən getməyə görüş güdəcək.
Bu qız məni bir gün kafir edəcək -
Özünü Allahdan betər sevdirir.

Elxan Yurdoğlu

Üstünlüyü bu dünyaya yayandan səda
Bəşər ona səcdə edib olarkən fəda
Tanrı kimi bu həyatda qalib olsa da,
Təkcə sənə sevgisinə məğlub biri var!

Aygün Sadiq

P.S. PS: Bütün iradlara, peşəkar və ya qeyri-peşəkar tənqidlərə baxmayaraq, əminliklə söyləmək olar ki, bölgələrdə ədəbiyyat yaranır, böyüyür, zənginləşir və keyfiyyət çəkisini artırır. Heç bir halda bu ədəbiyyatın üstünə kölgə salmaq, bütöv Azərbaycan kontekstində bölgə ədəbiyyatını kənarlaşdırmaq olmaz. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin regionda ədəbi mühit istiqamətində apardığı tədqiqatlar, "Bölgələrdə ədəbi həyat", "Şabran ədəbi mühiti", "Sumqayıt ədəbi mühiti" mövzularında çap etdirdiyi kitablar ölkəmizin bütün coğrafi məkanlarında ədəbiyyat baxımından böyük potensialın olduğunu, müəyyən ədəbi nailiyyətlərin qazanıldığını əyani surətdə nümayiş etdirir. Vaqif müəllim hazırda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə "Müstəqllik dövrü Naxçıvan ədəbi mühiti" mövzusunda kitab yazmaq üçün materiallar toplamaqla məşğuldur. Növbəti illərdə bölgələrdə poeziyanın, nəsrin və dramaturgiyanın, tənqid və ədəbiyyatşünaslığın da inkişaf edəcəyinə, Azərbaycan ədəbiyyatına böyük töhfələr verəcəyinə əminik.

Nizami HÜSEYNOV
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
kiçik elmi işçi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031