manera.az
manera.az

Ömrümüz əriyən şam - Mətləb Ağadan lap köhnə şeirlər

18-09-2019, 14:43

Ömrümüz əriyən şam - Mətləb Ağadan lap köhnə şeirlər
Manera.az Mətləb Ağanın lap köhnə şeirlərini təqdim edir

* * *
Yaxdığın sonuncu bir şam sönəndə
güzgüdə əksimiz necə ölürsə,
elə o cür öldü canımda sevgin,
daha mən nə deyim, özün görürsən...

... bir adam ömründə bir dəfə sevir,
bir dəfə sevilir bir adam ancaq...
demək, dodağımda ölən günəcən
sənin gül ətirli adın qalacaq...

... mənim ürəyimdə yoxdur başqası,
çıxar yaddaşımdan bu başqa adlar...
bu gün öz gözümdən bir az da düşdüm,
gözümlə ürəyim barışmadılar...

... nə qədər aldatdım onda görəsən,
nə qədər aldandım bu xanımlara?..
adıma nə qədər günah yazıldı?
çoxmu bais oldum sönən şamlara?...
1994


* * *
Dərib dəstə bağladın,
bənövşə bəndə düşdü...
əllərimə o dəstə
zərif əlində düşdü...

“bənövşə ayrılıqdı”
deyənlər haqlı çıxdı...
il ötdü, bitdi vaxtı,
həsrət kəməndə düşdü..

... amma o, dözməmişdi,
bəlkə çox gözləmişdi;
kitabın arasından
aman, nə gündə düşdü...
1994


* * *
Bir qədər yaxında ot xışıltısı,
bir qədər uzaqda çay oxuyurdu...
gülürdü bu yerin ən gözəl qızı,
göydə səssiz-səssiz ay oxuyurdu...

quşlar qoşun-qoşun uçub gəlirdi,
dərdlinin gül kimi açırdı dərdi...
bir aşiq əl atıb ulduz dərirdi,
salıb aşıq kimi hay, oxuyurdu...

ayrılıb gedirdim bütün kəslərdən,
bütün yaxşılardan, bütün pislərdən...
bezib bu səslərdən, bu nəfəslərdən,
mənimçün, özüyçün yay oxuyurdu...
1994


* * *
Bu səhər necə də uzanır kölgəm,
deyəsən, uzanıb sənə çatacaq...
arxanca yazılır, yazılır kölgəm,
yazılıb, yazılıb sənə çatacaq...

bu səhər böyüdü çiçəklər, otlar,
böyüdüm, deyəsən mən də bir azca...
sən çıxıb gedirsən, sənə yaxşı yol,
gölgənə verərəm bu şeiri yazsam…

...nə qədər yaşasa, sağ olsa kölgəm,
gələcək tək sənə, tək sənə tərəf...
göy üzü qaralsa, yıxılsa kölgəm,
sürünüb öləcək çəkmənə tərəf...
1991


* * *
Axıt göz yaşını, bəsdi deyincə,
“nədi bu fələyin qəsdi” deyincə...
“bu külək könlümü kəsdi” deyincə;
bu külək Allahın küləyi deyil...

bir məndim, bir səndin, bu yoldu bir də,
niyə məhəbbətin yoruldu birdən?..
soruşdum, demə ki, nə oldu birdən,
demə ki, cavabım gərəyi deyil...

...gözlərim açıqdı, candan ölmüşəm,
yoxsan mənim üçün, səndən ölmüşəm...
Allah, bir yol göstər bəndən ölmüşə,
amma yaşamağı, ölməyi deyil...
1994


* * *
Soyuyuram günbəgün,
gözlərim buz qoxuyur...
canımdakı ağrılar
yenə meydan oxuyur...

gəldin, hiss eləmədim
ayaq səsini belə...
o qədərmi soyudum,
duymadım səni belə?...

bu son nəfəsimdimi,
ya yeni doğuluşum?..
dosta dəyən daş kimi,
düşür köksümə başım...
1995


* * *
Neçə-neçə il uçuruq,
ömrün qanadlarında...
çatmır bizə yel, uçuruq
ömrün qanadlarında...

aşağıda, yuxarıda,
uzağa da, yaxına da,
uçur neçə-neçə adam
ömrün qanadlarında...

ölüm hey çağırır bizi,
yorur, yorur, yorur bizi...
lələk kimi yolur bizi,
ömrün qanadlarından...
1991


* * *
Dərdlər ürəklərdən çoxdu dünyada;
dünyada dərdlərin “odası” çatmır...
göylər də yalqızdı, yalqız göylərə
yalqız adamların sədası çatmır.

kiminsə tutulmuş bənizi varsa,
ovunmaz, üzündə qəm izi varsa...
dünyanın nə qədər dənizi varsa,
elə bir o qədər adası çatmır...

gecə ağlayırıq, dan ağlayırıq,
ömrümüz əriyən şam, ağlayırıq.
min ildi beləcə qan ağlayırıq,
min ildi bizlərə çatası, çatmır.
1991


* * *
Söndürüb odu, çırağı,
batmışıq şam işığına...
özümüzü dəli kimi
atmışıq şam işığına...

əlimiz eşqin əlində,
bir ilahi din əlində...
qurtulub düşmən əlindən
çatmışıq şam işiğına...

bir özgə kimsə bilmədi,
bu hücrə, bu işıq nədi...
özümüzü didim-didim
didmişik şam işığına...

sönən şamlara ağlayıb,
gecə-gündüz yas saxlayıb,
yatanda da yuxulayıb
yatmışıq şam işığına...

gün gəldi, bayıra vardıq,
boylanıb günəşi gördük,
Allah, dedik, nə oxşardı
bu işıq, şam işığına...
1992


* * *
Qayıtmağa üzüm də yox
hüzuruna, İlahi...
tutulmuşam eşq deyilən
azarına, İlahi...

axı məni göndərmişdin
ya dən, ya quş olmağa,
ya bəlkə də bir ağ çiçək,
ya da yağış olmağa...

niyə dönüb adam oldum,
göz yumdun niyə sən də?..
mələklərin işiydi ya,
geciydi sən biləndə?..

bu xanım yazıqdı axı,
məni sevir deyəsən...
gücüm yox unut deməyə,
bəlkə özün deyəsən?..

bu qanadlar nədi belə,
bu nə təndi, İlahi?..
burda xanım-filan hanı,
bu ki, dəndi, İlahi...
1997

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031