manera.az
manera.az

Köşək gözlü - Narıngülün hekayəsi

17-09-2019, 16:23

Köşək gözlü - Narıngülün hekayəsi
Manera.az Narıngülün "Köşək gözlü" hekayəsini təqdim edir:

1-ci şəkil

Sınıq –salxaq, “marşrutka” adlandırılan kiçik avtobusun sürücüsü iri qara gözlü, cavan oğlandır. Qaraşın sifətindən yorğunluq yağır. Əyninə dəbdən düşmüş qara rəngli dəri gödəkcə geyinib. Gödəkcənin bəzi yerləri sürtülərək ağarıb. Sürücünün gözləri qapqaradır, həm də fikirli görünür. 5-6 yaşlarında bir oğlan uşağı avtobusun qapısının ağzındakı tutacaqdan yapışıb. Ayaqqabısının birinin bağı açıqdır,qara totuq əlləri çirklidir. Tez-tez çirkli əllərini üzünə aparıb üzünü də çirkə boyayır. Amma üz-gözü çox şirindir. Uşaq hərdən sərnişinlərin əlindən qəpikləri qapıb avtobusun xırda pul yığmaq üçün qoyulmuş taxta qutusuna atır. Uşaq atasına nəsə deyir. Atası uşağı eşitmir, yaxud da eşidir, cavab verməyə həvəsi yoxdur. Uşaq yenə də mızıldanır. Bir qədər keçmiş hündürdən səslənir:

-Dədə ,ay dədəəə...

Maşının uğultusundan nə dediyi eşidilmir, ancaq elə “Dədə” sözünü eşitmək olur. Uşaq kasıb ailədəndir. Yoxsa, niyə cavan atasına dədə desin ki?..
Uşaq kasıb ailədən olduğunu inadla diktə edir...

Uşaq bunu da diqtə edir ki, anası harasa gedib, yoxsa bu yaşda uşağı səhər-səhər niyə atasının yanında qoysun ki?..

Uşaq durmadan bir hind filmindəki məşhur aforizmi diqtə edir: “ Prokurorun oğlu prokuror, oğrunun oğlu oğru olmalıdır!” Uşağın gözləri qapqaradır, köşək gözləri kimi...

2-ci şəkil

... Uşağın anası ayağı qopmuş sınıq divanın altına taxta qoyur ki, divan yerində düz dayansın. Aşağı əyilərkən bir əliylə irilənib aşağı sallanan qarnından yapışır. Uşaq həm mətbəx, həm də yataq otağı olan evin bir küncünə yerləşdirilmiş dəmir başlıqlı çarpayıda mışıl-mışıl yatıb, hərdən yuxulu halda şirin-şirin gülümsünür. Paltarları səliqəsiz halda döşəməyə səpələnib, üstündəki örtük yumrulanıb yerə düşüb.

Qadın otağın təkgöz pəncərəsinin örtüyünü çəkir. Otaq yarıqaranlıq olur. Qazanda qaynayan xörəyin iyi evə yayılıb. Pəncərənin şüşələri tərləyib. Uşaq yuxudan duran kimi təkgöz pəncərəyə qaçır, tərli şüşədə əyri-üyrü xətlərlə maşın şəkli çəkir. Uşağın çəkdiyi maşının təkərləri özündən xeyli böyük görünür.

Uşağın gözləri qapqaradır, köşək gözləri kimi...

...Uşağın anası səhər tezdən ufuldaya-ufuldaya qaraşın sürücünün çiynini silkələyir: - Dur, deyəsən, vaxtdır, sancıdan ölürəm. Sürücü gözlərini ovxalayıb zorla yuxudan ayılır. Gözləri qadının bir az da böyüyüb aşağı sallanmış qarnına sataşır, cəld yorğanı üstündən atır. Qadın uşağı da çarpayıdan qaldırır, ağrıdan qıvrıla-qıvrıla gödəkcəsini geyindirir. Ayaqqabısının birinin bağını bağlayır, o birini bağlamağa heyi qalmır. Sürücü uşağın anasını elə öz avtobusu ilə aparıb doğum evinə yerləşdirir, sonra uşağın əlindən tutub avtobusa mindirir.

Sürücü doğum evinin artıq çoxdan əzbərlədiyi xərclərini bir də o tərəf –bu tərəfə çevirir. “Hələ tezdir, axşama kimi bir neçə dövrə vurmaq olar...” Uşaq yarıyuxulu halda tutacaqdan yapışır.

Uşağın gözləri qapqaradır, köşək gözləri kimi...

3-cü şəkil

Avtobusa qonur gözlü, gözəl və gənc bir qadın minir. Əynində bahalı xəz palto var. Əslində, bu marşurutda belə bahalı geyimli qadınlara çox az təsadüf olunur. Gənc qadın qapının ağzındakı uşağı görüb bir anlıq duruxur, anidən əlini uzadıb uşağın başını sığallayır, saçlarını qarışdırır, sonra əyilib üzündən öpür. Uşaq başını kənara çəkir, köşək gözlərini bir neçə dəfə qırpır. Qonur gözlü qadın keçib arxada əyləşir. Üzü çox qüssəli görünür.

Qonur gözlü qadının əri səhər-səhər güzgünün qarşısında bahalı odekalonla ətirlənir. Gözləriylə onu axtarır, arxada dayanmış qadını görür, bir
anlıq duruxur xəcalət çəkirmiş kimi güzgüdən ona baxır:

-Demək daha həkimlik də deyil, hər şey hədər imiş... Uşağımız olmayacaq! Neyləyək, deyirsən? Əlbəttə, doğru deyirsən, boş şeydir. Amma mən uşaq istəyirəm, uşaq! Başa düşürsənmi?! Uşaq!!!

Qonur gözlü qadının gözləri yaşla dolur. Ərinin üzünə baxmağa qorxur. Çoxdan gözlədiyi hadisə bu gün baş verir. Hiss edir ki, əlində olan ən bahalı şeyi salıb itirmək üzrədir. Kişi tələsirmiş kimi tez aradan çıxmağa çalışır, tələm - tələs əl çantasını yığışdırır. Qonur gözlü qadın onun yaraşıqlı və həyəcanlı sifətini güzgüdən seyr edir. Kişi qapıdan çıxarkən bu dəfə adətinə xilaf olaraq onun burnuna çırtma ilə toxunmur, qapının ağzında bir anlıq duruxur və son sözünü deyir: ”Deyəsən, ayrılmalıyıq!” qonur gözlü qadın güzgünün qarşısında fırlanır. Bu da son! Artıq yol yoxdur! “İntihar edəcəyəm! – acı-acı düşünür – bu gün aptekdən çoxlu həb almaq lazımdır! Məndən sonra qoy yanıb tökülsün, həm də ömürlük xatırlayacaq məni, intihar etsəm heç vaxt unuda bilməyəcək, heç vaxt!!!”

4-cü şəkil

Az keçmiş avtobus mənzil başına yetişir. Qonur gözlü qadın avtobusdan enib yolun kənarında dayanır , gözucu sürücüyə baxır, hiss olunur ki, nədənsə çəkinir. Sonra avtobusun pəncərəsinə yaxınlaşıb içəriyə boylanır, içəridə qəpiklərlə oynayan uşağa əl edir. Bununla kifayətlənməyib gəlib uşağı bir daha öpür. Sürücü qadının ətəyi xış –xış xışıldayan xəz paltosuna nəzər salır, qadın paltonun içərisində model kimi görünür. Sürücü ürəyində söylənir: “mənlik deyil, bu, getsin öz tayını tapsın”. Sürücü köşkdən yenicə aldığı peraşkini uşağa uzadır. Uşaq cəld peraşkini dişlərinə çəkir.

Uşağın gözləri qapqaradır, köşək gözləri kimir...

Sürücü yeşikdəki pulları sayır, iri pulları ayırıb döş cibinə qoyur. Xırdaları təkrar- təkrar sayır, geri qayıtmaq üçün sərnişinlərin yığılmasını gözləyir. Qarşı tərəfdəki aptekdən çıxan qonur gözlü qadın əlindəki həb dolu torbanı çantasında yerləşdirir, o biri əlində tutduğu bahalı oyuncaq maşını külək havada yellədir, saçları üz-gözünə dağılır. Qadın bir neçə dəfə yolu o tərəf-bu tərəfə keçir, ağlını itirmiş adamlar kimi elə hey fırlanır. Hiss olunur ki, çox qərarsızdır. Sürücü onu tanıyır. Bayqkı qadındır, uşağın üz-gözündən öpən qadın. Görəsən, çantsına qoyduğu bu qədər həb nə idi, neynir bu qədərini?

Qonur gözlü qadın yolu keçib sürücü əyləşən tərəfdən avtobusa yaxınlaşır, oğrun- oğrun sürücüyə baxır, üz-gözündən günahkarlq yağır. “Bunun nə iti azıb görəsən, nə axtarır, qarnının azarı nədir bunun?”- Sürücü gözaltı onu süzür. Qadının yaraşıqlı üzü süd kimi ağdır, qonur gözləri heç nəyi ifadə etmir. Əlindəki oyuncaq maşını bərk-bərk sıxaraq, sürücünün üzünə baxıb gülümsünür. Bəli, sürücü səhv etmir, qadın onun üzünə gülümsünür.

Qadın ona o qədər yaxın dayanıb ki, sürücü qadının dodaqlarında oynayan qəribə təbəssümü, xəz paltosunun altındakı düymələri yarıya qədər açıq ipək koftasəının altında ürəyinin necə sürətlə vurmasını, sinəsinin titrəməsini belə hiss edir. Sürücü aynanı aşağı endirir. Bahalı qadın ətri küləklə bərabər ciyərlərinə dolur. Qonur gözlü qadın cəld avtobusa qalxaraq əlindəki oyuncağı uşağın qucağına basır, yenidən üz- gözündən öpüb sinəsinə sıxır, sonra yerə enir. Avtobusdan o qədər sürətlə enir ki, sürücü ona nəsə deməyə imkan tapmır. Qonur gözlü qadın yolu keçərək gözdən itir.

5-ci şəkil

Sürücünün gözləri yol çəkir. Əlini cibinə aparıb yenidən pullarını sayır. Kobud əlləriylə çirkli, əzik pulları sığallayır, köksünü ötürür. Sürücü diqtə edir ki, bu pul hələ azdır, xəstəxanaya baş çəkməyə kifayət etməz. Hələ bir neçə dövrə vurmaq da lazım gələcək, ən azından üç dövrə...

Döşəmədə əyləşib oyuncaq maşınla oynayan uşaq avtobusun işə düşdüyünü görüb oyuncağını qoltuğuna vuraraq gəlib qarşıda, atasının yanında əyləşir, gözlərini yola zilləyir.

Uşağın gözləri qapqaradır, köşək gözləri kimi...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031