Haqqa könül vermişəm - Abbas Abdullanın şeirləri
Manera.az Əməkdar mədəniyyət işçisi, tanınmış şair, tərcüməçi Abbas Abdullanın şeirlərini təqdim edir:
AND
Bu dünyanın işlərinə
Çözüm varsa, gözüm çıxsın.
Giclərinə, biclərinə
Dözüm varsa, gözüm çıxsın.
Canım üzdüm haqdan yana,
Sözü dedim, anlayana.
Anlamayan hər nadana
Sözüm varsa, gözüm çıxsın.
Ömrüm keçdi qeylü-qalda,
Adım çıxdı sağda, solda.
Arsız, hırsız gedən yolda
İzim varsa, gözüm çıxsın.
Çocuqkən qoştum əməyə,
Varmadım haram yeməyə,
Xalqa yalan söyləməyə
Üzüm varsa, gözüm çıxsın.
Ölüm-qalım bazarında
Can bu gündə, göz yarında.
Fani dünyanın varında
Gözüm varsa, gözüm çıxsın.
NUR
Mən bir dərgahın quluyam,
Gündüzü nur, gecəsi Nur.
Bu dərgahın hər odası,
Hər odanın guşəsi Nur.
Bu dərgahda çilə yoxdur,
Bu dərgahda hiylə yoxdur,
Ağa yoxdur, kölə yoxdur,
Ağası nur, köləsi Nur.
Solanı yox çiçəklərin,
Yalan yox gerçəklərin,
Gəl söyləyən mələklərin
Neçəsi nur, neçəsi Nur.
Mənə şübhələnmə sakın,
Mən bir qulam Haqqa yaxın,
Bu dərgaha axın-axın
Gələsi nur, köçəsi Nur.
Son durağım bu dərgahım
Bu dərgahdır qibləgahım.
Bu dərgahda bir Allahım,
Ucaların, ucası Nur.
HİCRƏT
Yer üzündə nə böhtana,
Nə yalana sığınıram.
Göy üzündə var olana
Haqq olan sığınıram.
Dinə gələn Həbəş kimi
İşıq saçdım atəş kimi.
Hilal, ulduz, günəş kimi
Bu cahana sığınıram.
Səfa sənin, cəfa mənim,
Kibr sənin, vəfa mənim
Məhəmməd Mustafa mənim,
Qulam, ona sığınıram.
Sünni, şiyə, Ələviyəm,
Səlimiyəm, səfəviyəm,
Beyt əhliyəm, Beyt eviyəm,
Bir qurana sığınıram.
Üz tutuban pənahıma,
Tövbə etdim günahıma.
Uca, Böyük Allahıma
Qana-qana sığınıram.
VARLIQDA YOXLUQ
Bu yol haraya gedir,
Yoxuş çox, enişim yox.
Bir ömür əndişəm var,
Bir anlıq dinişim yox.
Haqqa könül vermişəm,
Bilməm hara ərmişəm,
Yalnızca bir dərvişəm,
Yoldaşım yox, eşim yox.
Öz inancım, öz Tanrım,
Birdir üzüm, astarım!
Haqqa dönük, dostlarım,
Sizlərə dönüşüm yox.
Ululardan uluyam,
Allahımın quluyam,
Rəsulun rəsuluyam,
Başqa bir gərdişim yox.
Bu nə sayaq dünyadır?
Çox baş-ayaq dünyadır...
O dünya haqq dünyadır,
Bu dünyayla, işim yox.
MƏNİM
İmdad elə, ana torpaq,
Vaxtsız solur gülüm mənim.
Budaqlardan yarpaq-yarpaq
Asılıbdı dilim mənim.
Demə günüm keçəsidi,
Baxtım məndən küsəsidi.
Azadlığın təşnəsidi,
Dirim mənim, ölüm mənim.
Arsız-arsız gülə-gülə
Soruşma gəl, bilə-bilə:
Bu sahildən o sahilə
Uzalıdır əlim mənim.
ETİRAF
Nə vaxtsa ürəyim yadımdan çıxıb,
Hardasa, kiminsə yanında qalıb.
Evə qayıtmışam, gülüm, ürəksiz
Üzümə baxmısan səssiz-səmirsiz,
Buludtək boşalıb-dolub gözlərin,
Titrək dodağına donub sözlərin:
“Beləmi əzizlər sevən-sevəni”
Bağışla məni.
Gözümü bir qızın gözündə görsən,
Bir anlıq günahı özündə gör sən –
Qoruya bilmirsən niyə sən məni?!
Geriyə qaytarmaq istəsən məni,
Amandır, amandır, dönüb mən olma!
Sən allah, sən allah, deyingən olma,
Tez-tez yada salma olub-keçəni
Bağışla məni.
Bilsən ki, gedirəm, uzaqdır səfər,
Mənsiz mənli olmaq öyrən birtəhər
Evə-eşiyə də bağlan ürəkdən.
Unuda bilsəm də mən səni hərdən
Bir cüt qız balamı unudammaram –
Arzunu, Aydanı unudammaram.
Nolar gülərüzlə qarşıla məni,
Bu etirafımda çox gecikmişəm
Bağışla məni...
ANAMIN QƏBRİ ÖNÜNDƏ
DÜŞÜNCƏLƏR
Ay ana, oğlunun nəydi günahı, -
Ağlar yaranmışdı, ağlar da qaldı.
Bir ata həsrəti, bir ana ahı
Sinəmə çəkilən dağlarda qaldı.
Ağ günün əlinə çatanda əlin
Tor gördü gözlərin, tutuldu dilin;
Əyildi qamətin, büküldü belin, -
Ahın duman olub dağlarda qaldı.
Dərdini, bəlanı niyə almadım,
Niyə şair oldum, loğman olmadım?!
Yaralı bülbültək könül fəryadım
Vaxtsız xəzan vurmuş bağlarda qaldı.
Məzarın önündə əyilir başım,
Həm ayaq daşınam, həm də başdaşın.
Üç oğlun, üç qızın – könül sirdaşın
Sənsiz gəlib keçən çağlarda qaldı.
KİMLİYİM
Yazı masam həm də yemək masam.
Dünyanın barı-bərəkəti masamın üstündə.
Bu barı-bərəkəti yeməyə həvəsim yox,
Yalnızca qəm yeyirəm.
Evimdə qələbəlik-
Qarım, cocuqlarım,
Qohum-əqrəbalarım,
Gəlib-gedən müsafirlərim...
Amma mən günü-gündən təkləşirəm,-
Haqqa qovuşmağa,
Dağlar arxasında
Kişnəyə-kişnəyə qalıb köhlənim.
Ağlamasın məni sevənlər,
Ağlamasın bacılarım,
Dünyadan gedişim
Dünyaya gəlişim ola bilər.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ