manera.az
manera.az

Ömür ki tələsən səhər yelidir - Vaqif Hüseynovun şeirləri

3-09-2019, 17:18

Ömür ki tələsən səhər yelidir - Vaqif Hüseynovun şeirləri
Manera.az mərhum şair Vaqif Hüseynovun şeirlərini təqdim edir:

KARVAN TƏLƏSİR

Hardasan indi, gülüm, verdiyin vədə keçdi,
Tez ol karvan tələsir, karvan dayanmayacaq.
Tez gəl…eşqin camını çoxları aldı, içdi,
Bir sən qalmısan ancaq, bir mən qalmışam ancaq.

Gənclik də bir həvəsdir, sönəcək bu həvəs də,
Demə həvəsdir bəsdir, nə görmüşük axı biz.
Sənin sorağındayam, göz yolda, könül səsdə,
Hicranmı təslim olsun, yoxsa mənmi çöküm diz.

Qapımın kandarından gəlib keçir yolçular,
Keçirlər saymazyana, nə döyən var, nə açan.
Bu, dünyadır, gözəlim, düşmən görüb əl çalar,
Səbrim yollar yorğunu gələcəkən, bəs haçan.

Hasardır bağçamız, hər tərəf kölgə-kölgə,
Yuxu kimi qəlbimi kölgələr açdı yaydı.
Dünyanın o başında görərdim səni bəlkə,
Çəpərlər olmasaydı, hasarlar olmasaydı.

Gəl qara saçlarıma dağ yolu tək dən düşür,
Gəl bu karvan tələsir, gəl cavanlıq ötüşür.

SƏN MƏNƏ BU SAYAQ GÖRÜNMƏMİŞDİN

Gizləyə bilmirəm ürəyimi mən,
Qəlbimdən keçənlər yağır gözümdən,
Deyirsən qaçımmı özüm-özümdən,
Məni çəkməmişdin bərkə bu sayaq
Bu necə qəmzədir, bağrımı deşdin,
Sənə baxmamışdım bəlkə bu sayaq
Sən mənə bu sayaq görünməmişdin

Qırıla gözümün yaşı az qala,
Bağrımın başına daşı az qala,
Qurunun oduna yaşı az qala,
Tünd olmaz qırxillik sirkə bu sayaq
Gözümdən süzülüb qanıma keçdin,
Deyib gülməmişdik birgə bu sayaq
Sən mənə bu sayaq görünməmişdin.

Başına dolanmaq şücaət deyil,
Oduna qalanmaq şücaət deyil,
Çapılmaq, talanmaq şücaət deyil..
Sürünməz dalınca kölgə bu sayaq,
Bu sayaq şəfəqə bürünməmişdin,
Gözəlləşməmişdi ölkə bu sayaq,
Sən mənə bu sayaq görünməmişdin.

SƏN İDİN AXI

Səni xatırladım, doldu gözlərim,
Gözlərimə dolan sən idin axı.
Yolları dağılıb, çaşqın izlərim,
İzləri dağılan sən idin axı.

Sən idin dərdimə şərik olan kəs,
Adın ən ülvi söz, ən uğurlu səs,
Söylə, necə oldun, harda qaldın bəs.

Dinir qulağımda andın, ilqarın,
Mən idim ismətin, qeyrətin, arın,
Örtdü ləpirini qar narın-narın.

Sənmisən, sənmisən əhdini danan?
Əhdə qurban olan sən idin axı.
Eşqdən əriyən, həsrətdən yanan,
Ayrılıqdan solan sən idin axı.

SEÇ GÖTÜR

Yolumu gözləmə, gələn deyiləm,
Dəyişə bilmərəm təbiətimi.
Çətin ki qarşında bir də əyiləm,
Çətin ki bir daha görəsən məni.

Qəm orda könlümü elə sıxdı ki,
Sandım üzərimə uçuldu min dağ.
Gözlərin o qədər dağınıqdı ki,
Onları bir yerə müşküldü yığmaq.

Ötərgi səs idim, qərib səs idim,
Bu səs sükunətdə uyuyub indi.
Mən sənin könlündə bir həvəs idim,
Bu həvəs əbədi soyuyub indi.

Ovçusan, uyuma ov bərəsində,
Mürgü döyən kimi ov gəlib ötər.
Qadın bolluğudur Yer kürəsində,
Könlün istəyəni buyur seç götür.

BU GECƏ

Gəldi kəklik kimi o səkə-səkə,
Gülüb cilvələndi ay işığında.
Allah da bu səsi tanıdı bəlkə,
Səslərin nizamsız qarışığında.

Sevdası könlümü saldı kəməndə,
Dindi ürəyimdə havalı “Cəngi”.
Bir lalə qoparıb yüyürdü kəndə,
Qanlı köynəyimdi o lalə sanki.

Bu gecə kövrəlib bir təhər oldum,
Çiçəyə bələşdim, şehə bələşdim.
Bu gecə nə qədər bəxtəvər oldum,
Bu gecə nə qədər ilahiləşdim.

BİR QIZ YATIR

Bir qız yatır on dörd, on beş yaşında,
Sinəsindən yorğan bir az sürüşüb.
Bir qız yatır dünyanın o başında,
Bu başında ürəyimə od düşüb.

Dodaqları uzanıbdır öpüşə,
Çöhrəsində ağ yuxunun işığı.
Gündü bənzər bir narahat çəpişə,
Axşam sızlar ayağının aşığı.

Dünya hələ belə gözəl görməyib,
Ürək çətin bu əzaba qatlana.
Yanağını döyəcləyən kirpiyi,
Qorxuram ki, alovlana, odlana.

Bir qız yatır, uçub gedir dincliyim,
Bir qız yatır…yaşıdları oyanıb.
Bu dünyanın o başında gəncliyim,
Bu başında qocalığım dayanıb.

ÖMRÜN BİR ANI

Əlimdəki şəkildə ömrümün bir anı var,
Ömrün də sükutu var, ömrün də tufanı var.
Şəkildə mən gülürəm, dişim qar kimi düm ağ,
Bu pərişan çöhrəmdə gülüş solğun bir çıraq.

İzdihamlı şəhərdə azan bir uşaq kimi,
Gülüş elə o sayaq gəzir uşaq çöhrəmi.
Sanki silah gücünə gülmüşəm şəkildə mən,
Gör nə yaman arığam, ölmüşəm şəkildə mən.

Bombalanmış səngər tək ovurdlarım batıbdır,
Sanki dodağım üstə “çörək” sözü yatıbdır.
Gözlərimdə zamanla üzləşməyən savaşım,
Xəzan görmüş fidanam, tökülür əyin-başım.
Neçə yerdən qırılmış köynəyimin milləri,
Şəklə zaman ad verib “Müharibə illəri”

ANAYA ALQIŞ

Soruşmayın adını, ünvanını, yerini,
Zəmanə dəyişibmiş, sən bir işə bax, işə.
Parçalayıb dişilə sərhəd məftillərini,
Bir ana gəlməliymiş oğlu ilə görüşə.

Ötdü neçə payız, yay, ötdü neçə bahar, qış,
Ana dedi: “Gəl bəri…”, Oğul dedi: “Gəl bəri…”
İntizar sona yetdi, yenə anaya alqış!
Sərhədi aşıb gəldi onun ölüm xəbəri.

MƏNİ İZLƏYİN Kİ

Mən özüm söyləsəm düşərlər şəkə,
Barı siz anladın düşmənlərimə.
Min böhtan, milyon şər, yüz milyon ləkə,
Kölgə sala bilməz bir hünərimə.

Böhtana düşdükcə büllurlaşıram,
Düşmənim vardısa, demək, varam mən.
Nadan dost görəndə aşıb-daşıram,
Ağıllı düşmənə minnətdaram mən.

Heç kəs ayranına turş demir axı,
Turş ayran içəndə üz turşutmuram.
Məni sarsıtmayıb min tənə dağı,
Sönməz tufanda da haqdan yanan şam.

Vaxt olub üstümə qoşun yeriyib,
Ehtiyac da məni çökdürməyib diz.
Dumana düşmüşəm-duman əriyib,
Dənizə düşmüşəm-quruyub dəniz.

Dar gündə aradan tez çıxanları,
İblisin özüylə lap tən bilmişəm.
Üzə gülə-gülə ev yıxanları,
Dünyada ən güclü düşmən bilmişəm.

Məni addım-addım izləyən, pusan,
Min tərif üyüdər, bir məqam gəzər.
Düşmənlə döyüşmək asandır, asan,
Dost cildinə girən düşməndən həzər.

Fitnələr önündə qurudum, susdum,
Qəlbim də bənzədi qırılan simə.
Ən qəddar düşmənsə ən yaxın dostum,
Kimə inanım bəs, ilahi kimə?

Yox mənim qopmadı qəlbimdən bu səs,
Heç kimdən, heç kəsdən yoxdur gileyim.
Siz ey düşmənlərim, hardasınız bəs,
Məni izləyin ki, mürgüləməyim.

ŞAİR DƏ MÖCÜZƏ GÖSTƏRMƏLİDİR

Şeirə təpilibdir yuxu yozanlar,
Axı, söz sinədə boğulmur daha!
Odur ki, çoxalıb şeir yazanlar,
Fəqət əsil şair doğulmur daha!

Mən də istəmirəm boğulsun istək!
Mən də istəmirəm kilidlənsin dil!
Ancaq şairsənsə mözüzə göstər!
Onsuz peyğəmbər də peyğəmbər deyil!

Söz kimyagəri ki, olmadın, nə qəm!
Çalış hamı desin "o hal əhlidir".
Elə mən özüm də şair deyiləm,
Şair bir möcüzə göstərməlidir!

Rüşvətxor, dələduz, quldur qonşunu
Şairin önündə çəkməyirsə diz,
Əvəz etməyirsə hər söz qurşunu,
Niyə şair deyək beləsinə biz?

Bir şeir yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa vərəm.
Dəli ağıllansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyərəm!

Tərifdən dəlilər məst olub şişər,
Tərif dəlisindən şairlik umma.
Dəlinin ardına uşaqlar düşər,
Baxıb köks ötürər böyüklər amma.

Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki, tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.

Əfsun olmalıdır hər bir yazıda,
Sözün qüdrətiylə mum eylə daşı.
Sənin oturduğun qapı ağzı da,
Sayılsın məclisin yuxarı başı.

Söz üstə qurulub sanki kainat,
Söz ki, var - xilqəti dəyişməlidir!
Təpədən-dırnağa döyüşdü həyat,
Şeir də, şair də döyüşməlidir.

Ötsün şeirin nuru, günəşi, ayı
Bədxahlar bu nurdan kor olmalıdır.
Şair pıçıltısı tufan harayı,
Göy gurultusundan zor olmalıdır.

Mayaq tək alışıb-sönsün gərək o,
Hər şeirin yolunda yana, can qoya.
Odlana-odlana dönsün gərək o
Gündüz Diogenə, gecə Dankoya.

Firon ədasında şair var hələ,
Sanır ki, dünyanın qəlbi, beynidir.
Sədəqə istəyən dilənçi ilə
Hörmət arzulayan şair eynidir.

Dünya kef-damaqdan ibarət deyil,
Şeiri əyləncəyə çevirmə, qardaş!
Gözəllər önündə az en, az əyil,
Şairlik taxtını devirmə, qardaş!

Qəribə şairlər tapılıbdılar:
Bu dəlidolusu, bu dəlisovu,
Elə bil şərabdan yapılıbdılar;
Şeirində üz qarsır araq alovu.

Nizami ən uca, ən ulu dağım,
Zaman, tifaqına daş atmayıbdır.
Dəlisov şairi ağıllı xalqın
Yarımca əsr də yaşatmayıbdır.

Xalqa enməlidir ən böyük sənət
Şair xalqı üçün kiçilməlidir.
Sadəlik, ləyaqət, mərdlik, dəyanət,
Şairin boynuna biçilməlidir.

Yaşa öz ömrünü bir insan kimi,
İnsan cərgəsinə qoyul, şairim!
Əgər lazımdırsa Nəsimi kimi
Məsləkin uğrunda soyul şairim!

Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki, tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30