manera.az
manera.az

Dünyaya gəlmək də, ölmək də haqqdır - OQTAY RZA / 85

Dünyaya gəlmək də, ölmək də haqqdır - OQTAY RZA / 85
Manera.az Əməkdar müəllim, mərhum tanınmış şair Oqtay Rzanın 85 illiyi münasibəti ilə "Rübai karvanı, dördlüklər çələngi" silsiləsindən şeirlərini təqdim edir:

***
Dünyaya gəlmək də, ölmək də haqqdır,
Gərək yaşayasan əməllərində.
Günəş də get-gedə soyuyacaqdır,
Başqası yanacaq onun yerində.

***
Kükrəyib çağlamır güc sevməyəndə,
Axtar ulduzunu, seç sevməyəndə.
Möhkəm vurularsan - Məcnun olarsan,
Müqəvva olarsan, heç sevməyəndə!

***
Sevməyən adamın heç nəyi yoxdur,
O, necə bülbüldür - ötməyi yoxdur?
Ürək fəth etməyi var məhəbbətin,
Fəqət qayıtmağı, getməyi yoxdur!

***
İl ilə qovuşar, bulaq bulağa
İlk eşqim köçsə də xeyli uzağa -
İlahi gözəllik məhəbbətimdir,
İldırım düşməsin heç vaxt bu bağa!

***
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Baharı geriyə qaytaran Günəş
Kiminsə eşqinin yadigarıdır.

***
Oxu tuşlayıbsan düz ürəyimə,
Oxu, nəğmələrdən düz ürəyimə!
Oxud gözəlini necə unudum?
Oxçayı döndərin köz ürəyimə!

***
Üz, sevgi, məhəbbət dənizində üz!
Üz, bu dağların da laləsindən üz!
Üzü saf məhəbbət işıqlandırır,
Üzüyü barmağa taxma könülsüz!

***
Məhəbbət səslənir eşqin tarında,
Həzin sədasıdır nakamların da.
Deyirlər bir dəfə vurulur adam,
Niyə "ilk məhəbbət" sözü var onda?

***
Mizrab toxunduraq müqəddəs simə,
Bilinsin sözümüz aiddir kimə;
Nə qədər çalışıb cəhd eləsək də,
Ömürlük borcluyuq biz müəllimə.

***
Təzadlı aləmin sakiniyik biz,
Səndə güc üstündür, onda duyğu, hiss.
Yaxşı ki, ağıllar bərabər deyil -
Söz yetim qalardı, dünya dahisiz.

***
Ucalıq - ömrünün hər pilləsində,
Qalır gümrahlığı hətta səsində.
Türkün tarixini öyrədir, amma
Yad dildə danışır ailəsində.

***
Zaman qayalara çox sirlər yazıb,
Kimlərsə axıdıb qan, yaş, tər - yazıb...
Xalqın bayatısı sanki xəzinə -
Onu unudulmuş şairlər yazıb.

***
Güllənin ağrısı, yeri də qalıb,
Sal daş diyirlənib dərədə qalıb.
...Gəmi göndərsə də Marsa adamlar -
Əxlaq texnikadan geridə qalıb.

***
Dünya, qayğıların daim çox olub,
İnsanın mini ac, onu tox olub.
Silah sərgisinə baxıb deyirəm;
Raketin babası yəqin ox olub.

***
Bir dayan, yadıma nə isə düşdü,
Yolum dəbdəbəli məclisə düşdü;
Bir nəfər salamı elə verdi ki...
Onun çox hissəsi rəisə düşdü.

***
Bir qədər pərişan idim, adamlar,
Dedi Teatra gedim, adamlar!
Süzüb drijoru, düşündüm - yəqin
Əl ilə danışıb qədim adamlar...

***
Sözünü çox rəvan, səlis deyir o,
Nə "əla", nə "yaxşı, "nə "pis" deyir o.
Bir zaman İliçi tərifləyirdi,
Bu gün Məhəmməddən hədis deyir o.

***
Bərki çox sınadım, boşa nə deyim?
Ömürlə güləşən yaşa nə deyim?
Qayanı heykələ bənzədirəmsə,
Ayağa ilişən daşa nə deyim?

***
İlimdə təzə gün, ay gəzdirirəm,
Dilimdə xoş sözdən pay gəzdirirəm.
Qalın geyinməyim pərt edib qışı -
Canımda deyəsən yay gəzdirirəm.

***
Halal sayılsa da haram dünyada,
Haqq üçün çalınan taram dünyada.
Nə zaman ürəyim, canım ağrıyır -
Mən onda bilirəm varam dünyada.

***
Səksəni ötsə də yaş yavaş-yavaş
Ölümün xeyrinə bitəcək savaş...
Məmura verilib fəxri ad, medal,
Mən aldım "Bir aylıq əlavə maaş".

***
Arxada qoyaraq çox dağ-düzü mən,
Çətin görəcəyəm yaşda yüzü mən.
Adamlar necə də soyuqqanlıdır,
Güvənc də, güman da ancaq özüməm.

***
Dünən bir dişim də çıxdı sıradan -
Nə verib geriyə alır Yaradan.
Yaşımın ahıllıq çağında mən də
Deyəsən seçirəm "tünd"ü "qara"dan.

***
Deyirəm sönəndə ömür çırağım -
Sehrli qüvvə tək bədəndən çıxım;
Bir titrək şüalı ulduz - göz olub,
Dəfnimə, yasıma kənardan baxım.

***
Bir söz söyləməyin əcəb yeridir -
Dövran azmanı da mum tək əridir.
Əlini sıxdığım neçə əziz dost
Şeir kitabımda indi diridir.

***
Uğurlu, uğursuz günlər görmüşəm,
Gah acı, gah şirin meyvə dərmişəm.
Məni qocalıqda yandıran nədir? -
Bir də tapılmayan vaxt itirmişəm!

***
Hər qaya elə bil xəyala dalıb,
Qobustan havası köksümə dolub.
Nə rəssam incisin, nə dilçi alim -
Dünyada ilk əsər zümzümə olub.

***
Dünyada get-gedə ləl, dürr tükənib,
Qızıl bahalaşıb, kömür tükənib.
Yazmaq istəyəndə yaxşı şeirimi
Gördüm gecikmişəm, ömür tükənib.

***
Mən ömür sürmürəm ad-san naminə,
Yazıram pak, təmiz vicdan naminə.
Xeyirxah həmişə yaxşı iş görür
Özündən sonrakı insan naminə.

***
Adam var yaraşıq, adam var yamaq…
Doludur aləmdə ziddiyyət, təzad.
Bir başın bəzəyi – bahalı papaq,
Bir başın bəzəyi elmdir ancaq.

***
Güclü sel tələsir yarğandan ötrü,
Şimşək - meşədəki yanğından ötrü.
Neolit əsrində silah düzəldən
Yol salıb gələcək qırğından ötrü.

***
Dənizin zirvədə izini gördüm,
Milyon qərinəlik "İrs"ini gördüm;
Bol mərcan qalıqlı qayalıqlarda
Sahil silkələyən "hirs"ini gördüm.

***
Nə qədər siyasət küləyi əsib,
Ya səmtin əksinə, ya da münasib…
…Bu adam balaca, bu adam azman,
Boy var - təfəkkürlə tərs mütənasib.

***
Buludun işinə heyranam, qağa!
Düşür ildırımtək dərəyə, dağa.
Göyə arxalanır - az ömürlü sel,
Əbədi çağlayan bulaq - torpağa.

***
Qara qız nə ərəb, nə zənci imiş,
Qədim məməlkətin öz gənci imiş.
Üzümə baxandan sonra anladım -
Metroda pul yığan dilənçi imiş.

***
Kürün sahilində uca bir ağac,
Qoca, çoxəsrlik ehram, pir ağac.
Yarpaq doğulsa da, yarpaq ölsə də,
Bir köklü-budaqlı nəsildir ağac.

***
Haram mənasında düşüb sözlüyə,
Əyrilik oxşayır bəzən düzlüyə.
Gözlük itirməyim xeyirli olub -
Çünki qayıtmışam eynəksizliyə…

***
Göz verib sənə bu, mənə bu dünya.
Gərək gülüstana dönə bu dünya!
Qədim zamanlarda sərhədsiz imiş,
Sərhədsiz olacaq yenə bu dünya!

***
Ya Rəbb, kasıbı da doyunca güldür,
Düz Adam istəməz minnətli ləl, dürr.
Əzabsız gəlmişik mübhəm dünyaya,
Mümkünsə, Sən bizi əzabsız öldür!

***
Vətənin mərd qızı, oğlu qocalmaz,
Torpağa köküylə bağlı qocalmaz!
Nurlu sifətinə qırış qonsa da,
Müdrik adamların ağlı qocalmaz!

***
Lövbəri nə yaman salıb bu qorxu,
Girib - qanımızda qalıb bu qorxu.
Bəlkə də kütləvi cəzadan qabaq
Bizim canımızda olub bu qorxu?!

***
Hər şeyin sonuna inanıram mən,
Qocaldın - tutasan gərək çəlikdən.
Məşhur filosofa o gün dedim ki,
Bezər ruh özü də əbədilikdən.

***
Əziz dost, çatışmır, de, nəyi Ərzin?
Var suyu, çörəyi… hər şeyi Ərzin.
İnsan əl çəkməsə bəd əməlindən
Vallah partlayacaq ürəyi Ərzin!

***
Bu durna görəsən niyə tək uçur?
Yayıb harayını göyə, tək uçur;
Bəlkə didərginlər, qaçqınlar kimi
Tənhalıq əzabı çəkərək uçur?

***
Çalışır həmişə özündən ötrü,
O isə ya səndən, ya məndən ötrü.
Qırmızı geyimli süpürgəçilər
Yolu təmizləyir "ağ gün"dən ötrü.

***
Neyi bəyənməyən cənab ürəksiz
Az qalıb tara da desin gərəksiz;
Ozan babaların ruhu narahat -
Sazı dilləndirək elektriksiz!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930