Mən sənin sürgün yerinəm - Nurafizin şeirləri

Tarix:15-08-2019, 15:56 Baxış Sayı:255

Mən sənin sürgün yerinəm - Nurafizin şeirləri
Manera.az tanınmış şair Nurafizin şeirlərini təqdim edir:

Nağıl kimi ötdü yaş

Gözlə demişdim sənə,
Nağıl kimi ötdü yaş.
Ömür tıxaca düşdü,
Gecikdim yavaş-yavaş.

Gümanım da sınıxdı,
Söznən qatdım başını.
Yenə payıznan sildi
Ayrılıq göz yaşını.

Fikrim qəmə döşənib,
Ovundu qar-yağışla.
Bir ömürlük gecikdim
Görüşünə, bağışla!

Ömür də bir yuxudu

Ayrılığın gözündə
Ömür də bir yuxudu.
İki alan mən oldum,-
Yollar məni oxudu.

Üzümdəki işığın
Kölgəsində nəm şirin.
Hər ötən gün xatirə,
Hər gələn gün kəmşirin.

Qurtaran ha deyil ki...
Qəm yedikcə yüz içim.
Ömür badə kimidi,
Ayrılığı süz içim.

Ölürəm söz içində

Qanımda köç havası,
Yol görünür gözümə.
Daha səbrim daş yonur,
Vaxt satıram dözümə.

Vaxtdan çıxa bilmirəm,
Haqqın əlində yaxam.
Sözüm üşüyən yerdə,
Məni soruşma, yoxam.

Ruhum yenə yol çəkir
Bu gecə yerdən göyə.
Ölürəm söz içində,
Söz diri qalsın deyə.

Bir ev tikdin ahınla

Bir ev tikdin ahınla
Ömrümün o başında.
Ayrılıq boyda qaldın
Gözümün yaddaşında.

Heç nəyimi qısmadım,
Gen-bola xoş xərclədim.
...mən səni tanımağa
Bir ömrü boş xərclədim.

Nağıllaşan illərin
Ağrısı qalıb təzə.
Kim nə bilsin, nə qaldı
bu paydan Nurafizə?!

Əllərim düyün tutub

Əllərim düyün tutub
Ciblərimin ahından.
Düşmən daha mərd imiş
Məni yıxan yaxından.

Fikrim ocaq söndürsə...
Vaxt ehtiyac qoxuyur.
Gümanımın daş üzü
Soyuq nəğmə oxuyur.

Sükutuma çat salıb
Ağrının yaddaşıyla,
Əllərimi ovutdum
Gözlərimin yaşıyla.

Səsim ağrı geyəli

Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı.

Yenə tərsə inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.

Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
...nağıl dadı vermədi.

Hər duamla
gün doğur


Yorulmuş səs boydadır
Sənə çatmayan yolum.
Bir doğmalıq boyuna
Tamarzı qalıb qolum.

Yığılıb iç-içə göy,
Görüntüsü gözəcən.
Hər duamla gün doğur
İçimdən son sözəcən.

Dəniz udan gileyim
Ayrılığa tən, həyan.
Bir misralıq sükutun
Sahilində tənhayam.

Susdum,
sükut daş yedi


Min il qabaq görmüşdüm
Dodaqlarda bu adı.
Min il sonra anladım, -
Hər kəlməsi duadı.

Laylasına daş dinib,
Ahı dağı çəkirdi.
Səsin içi boyunca
Bir söz ağrı çəkirdi.

Susdum, sükut daş yedi!..
Dindim, sındı sırası.
Nə qədər uzaq imiş
Sözlə səsin arası.

Şeir şəkli çəkirəm

Yenə könül söykəyib
Hecanın divarına,
Şeir şəkli çəkirəm
Gecənin divarına.

Ay nurunda yuyunur
Lal gecənin çuxası.
Misra-misra süzülür
Fikirlərin yaxası.

Sözün havası vurur,
Mehlənir dərdim-sərim.
Dan üzünə dən səpir
Yuxulu kipriklərim.

Göz yaşın məndə
qalıb


Qırx il bundan öncənin
Dadı var küçənizin.
Şəhərdən qonaq gələn
"Yadı" var küçənizin.

Xatirələr danışır,
Kimsə çıxmır qarşıma.
İtiniz hürsün mənə,
Barı, belə qarşıla.

Tək yolun ayrıcında
Haça fikrin tilsimi.
Göz yaşın məndə qalıb,
Üzünü göndər, silim.

Şəklin şeir kimidir

Şəklin su kimi susur,
Şəklin şeir kimidi.
Mən bu dili bilmirəm,
Fikir açmır kilidi.

Bu gecəm də öləcək,
Yenə diri qalacam.
Yoxluğunla qızacaq
Dərd adında qalacam.

Səhər güzgü önündə
Utanacam özümdən, -
Fikrin ayaq izini
kim siləcək gözümdən?!

Bənövşə üzlü
gecəmin


Bənövşə üzlü gecəmin
Sükut yeyir hıçqırığı.
Sındırılmış ürəyimin
Yerə düşmür heç qırığı.

Kipriklərim ağı deyir
Lal gecənin kor gözünə.
Dan üzünə daş daşıyır,-
Səbrim az qalır üzülə.

Nağıl kimi ötür gecəm,
Üç alma gəlmir havayı.
İçimdə tək oturmuşam,
Kimsə yox Sözdən savayı.


***
Payız uşaq kimiymiş,
Nə varmış aldatmağa,-
Bir yarpağın qulpundan
Tutub göyə atmağa...

Payız nağıl kimiymiş,
Ruzi yağar üzündən.
Hamıya payı çatar,
Üç alması özündən.

Uşaq nağıl önündə
Hər şeyi unudubdu.
Payız ayrılıq boyda
Oxunmamış məktubdu.


***
Çox uzaqdı el-obam,
Qəlb isitmir qəm sobam.
Yadıma düşdü babam,
Nənəm, ay ömrüm-günüm.

Gün batıb axşamlanıb,
Dodaqda ah şamlanıb.
Yenə fikrim şumlanıb,
Dənəm, ay ömrüm-günüm.

Dilimdə bitib adın,
Dəyişib tamı-dadı.
Deyəsən tanımadın?!
Mənəm, ay ömrüm-günüm.

Mən sənin sürgün
yerinəm


Gözüm yoluna sürgün.
A. Nəzər

A mənim andım, əyanım,
Getmisən, yoxdu həyanım.
Sən mənim min il o yanım,
Mən sənin bir gün bərinəm.

Dilim dərdimin ozanı,
Necə qınayım yazanı.
Pozulub sözün mizanı,
Üzümdə vergül yeri-nəm.

Hər könülə düşmür havam,
Özümlədi daha davam.
Sən mənim sonuncu duam,
Mən sənin sürgün yerinəm.

Gəlib misra-misra
çatdım altmışa


Gəlib misra-misra çatdım altmışa,
Hələ çox illərim şeir olmadı.
Ömrün qapısını ruhumnan döydüm,
Ağrılar açanda xeyir olmadı.

Bir ömür yaşadım iynə ucunda,
Gümanın gözündən keçirəmmədim.
Alın yazımdakı boş sətirləri
Vaxt edib könlümə köçürəmmədim.

Səbrimin üzündə vaxtın meh yeri,
Böş gedən illəri öpdü qəzəbim.
Anam bu dünyadan köçəndən sonra,
Dua əvəzinə qoruyur təbim.

Bəlkə qazancımdı uduzduqlarım,
Nəfsimə qəniməm, Qurdam-asiyəm.
Fələklə söhbətim sabaha qalsın,
Özümlə davamı qurtarasıyam

Ağrı

Ruhum tərəzidir ağrılarıma,
Yerdən göyə çəkir günüm qarışıq.
Durub deyəcəm ki, vecimə deyil,
Baxıb görəcəm ki, külüm qarışıb.

Fikrində kül töküb, ocaq qalayar,
Tavası gözündə, yağı əlində.
Nəfsini qul edər dadar-doymaza,
Yurdu yağmalanan yağı əlində.

Yurdu yad ayaqda ağı misrası,
Ahı ağrı çəkir dodaq boyunca.
Səhvi eləyəndə ağıl ucundan
Durub ağlamaq da olmur doyunca.

Köç

Köç hayı başına götürsün göyü,
Yaylaqlar sevinsin, doğma səs gəlir.
Kəndlərin o boyda barı-baratı
Qalsın umuduna bircə nəfərin.

Aypara nalların dili açılsın,
Törəmə cığırlar boy versin yalda.
Arılar güllərin sirrini açsın,
Ləçəkdə şeh gülsün yuxulu halda.

Nənəm buludlar da kövrəlsin göydə,
Oxşasın yarpızı, kəklikotunu.
Çiçəyi çırtlasın qoşalülənin,
Güldürsün dağların lal sükutunu.

Yaş

Saçımın ağlığı üz qaraltmasın,
Saçımın ağlığı çoxalıb bir az.
Ömrümün üstünə bir il də gəldi,
Sinəmdə ürəyim yuxalıb bir az.

Bir vaxt at çapardı üzü dağlara
Köçlər daşdananda, ərlər-ərənlər.
Nə çox bar gətirib bu il ağaclar,
Yaman azalıbdı meyvə dərənlər.

Ömrümün əlindən tutub da gedir,
Səhərin doğması, günün batması.
Min ilin yükünü yola versə də,
Tutacaq bu kəndi ürək tutması.

Yaddaşım oxumur durna səsini

Beləmi demişdim?... Sındı gümanım,
Sınıqçı sağaltmaz ümid sınanda.
Üzü göyüzünə, ağzı dualım,
Könül nə diləsin ümidsiz anda?

Ağ günə gün salmaz qara sevdalar,
Aşılmaz yolları qarlı, qovğalı.
Ağaran saçlarım nağıl dilidi,
Susmağı öyrədir baxtı-yığvalı.

Ağ saç kəfəndimi illəri bükəm?
Anam da sağ deyil, bələk yollasın.
Dağlar götürməsə, ahımı yandır, -
Deyin durnalara, lələk yollasın!

Hələ ki, payızı nəmişlik sıxır,
Bəxtim quraqlıqdı - dərd çiçək-çiçək.
Yaddaşım oxumur durna səsini,
Yolüstü gözümə sərçə şəkli çək.

Göyərçin əllərin duası

Sözün torpağına ruhun dən səpir,
Yaddaşın eydirir qan ağrısını.
Fikirlər yuxunu gözünə təpir,
Çəkir misra-misra can ağrısını.

Umudun boydadır göyüzü sənə,
İçində baharın şəkli boy verir.
İslanmış nəğmədi payız buludu,
Altında ürəyin təkdi - boy verir.

Səbrin yurd salıbdı iynə ucunda,
Ağrının gözündən can addadırsan.
Dərdin gözlərinə sıxıb qanını,
Ömrü nağıllardan yan addadırsan.

Ahına bükdüyün ağrılarını
Dəfn edib telinin bəyaz yerində.
Qərib nəğmələri səfə düzmüsən
Durna səslərinin ayaz yerində.

Göyərçin dillərin duası yorğun,
Lal simin nəğməsi mizraba məzar.
Ləngəri yol yoran köç havaları
Oxuna-oxuna qəmində azar.

Bir ağrı daşıdın min ildən bəri,
Daş yonan səbirnən, sonuclu “döz”nən.
Könlünün üstündə Tanrı duası,
Dilinin ucunda ilahi söznən!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ