Göylər şairlərindi - FƏRQANƏ MEHDİYEVA / 55

Tarix:9-08-2019, 16:01 Baxış Sayı:147

Göylər şairlərindi - FƏRQANƏ MEHDİYEVA / 55
Manera.az “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, tanınmış şairə Fərqanə Mehdiyevanın 55 illik yubileyi münasibəti ilə şeirlərini təqdim edir:

TƏNDİR

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

SİZ MƏNİ QOYMAYIN ŞAİR OLMAĞA

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şerimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa

Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa

Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu, deyin.
Ay ANA, ATAmız yazıqdı, deyin,
Siz məni qoymayın şair olmağa

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa

Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
ATAmın, ANAmın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

SEVGİ ŞEİRLƏRİ YAZA BİLMİRƏM

Axırdan yazıram, başdan yazıram,
Torpaqdan yazıram, daşdan yazıram.
Ağacdan, budaqdan, quşdan yazıram,
Sevgi şeirləri yaza bilmirəm...

Sevgidi sovuran qanımı elə,
Sevgiyə qurbanlıq canımı elə.
Elə hey deyirəm, Anamı, elə,
Sevgi şeirləri yaza bilmirəm…

Şeirlə bölürəm bu tən dərdimi,
Vərəqlər üstündə bitən dərdimi.
Yazıram el-oba, Vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm…

Mən misra dərirəm gül ağacından,
Yazıram balamın umacağından.
Yapışıb atamın əl ağacından,
Sevgi şeirləri yaza bilmirəm...

Yazıram ürəyim, könlüm sıxılır,
Sevgisiz ömürəm evi yıxılı,
Nə yazsam ayrılıq olur axırı,
Sevgi şeirləri yaza bilmirəm…

Bəlkə əlimdədir, kilid açarım,
Sevgi şeirləri ümid açarım,
Məni bağışlayın, oxucularım,
Sevgi şeirləri yaza bilmirəm,
Sevgi şeirləri yaza bilmirəm.

ELƏ BİL ALLAHIN KÖMƏKÇİSİDİ

professor Elçin İsgəndərzadəyə

Zamanın üzünü yuyur qanıyla,
Öyünür bir az da adı, sanıyla.
Qərib görkəmiylə, quru canıyla,
Şairlər dünyanın dərdini çəkir.

Olanı, olmazı sıxır yadında,
Sözünü başlayır Tanrı adında,
Doğmaca balası çıxır yadından,
Şairlər dünyanın dərdini çəkir.

Kim ki, nə danışır dilindən tutur,
Tutur diri-diri ölümdən tutur.
Dünya şairlərin könlündən tutur,
Şairlər dünyanın dərdini çəkir.

Tüstüsüz, ocaqsız alışıb çıxır,
Özü öz içindən çalışıb çıxır.
Zirvəsi qələmdi yapışıb çıxır,
Şairlər dünyanın dərdini çəkir.

Qoyur, ümidləri qoyur, ac qoyur,
Bir dəli sevdanı yalavac qoyur.
Elə bil başına dünya tac qoyur,
Şairlər dünyanın dərdini çəkir.

Təpədən, dırnağa sevgi səsidi,
Vətən dəlisidi, el dəlisidi,
Elə bil Allahın köməkçisidi,
Şairlər dünyanın dərdini çəkir.

ANAMIN

Layla çaldı, dillər alıb, apardı,
Çiyni üstə illər alıb, apardı.
Sona idi göllər alıb, apardı
Baxışına baxammıram Anamın.

Azı min yol gündə aldı qadamı,
Kəlmələri ovundurur adamı.
Leyli çağı Məcnun edən Atamı –
Gülüşünə baxammıram Anamın.

Əllərini gəzdirəndə saçında,
Günəş batır təbəssümü saçanda,
Uşaq kimi qabağıma qaçanda,
Görüşünə baxammıram Anamın.

Təndir üstə, ocaq üstə ləngiyən,
Əzəl gündən sevgisini gen geyən,
Günü-gündən addımları səngiyən,
Yerişinə baxammıram Anamın.

Bu dünyanın acığına söykənir,
Obasına, ocağına söykənir,
Atam yonan ağacına söykənir,
Duruşuna baxammıram Anamın.

MƏNDƏN SEVGİ ŞEİRİ İSTƏYİR QIZIM…

Baxıb gülümsəyir uşaqlıq çağı,
Daha qarışdırmır qaranı, ağı.
Sürüşür əlindən kitab varağı
Məndən sevgi şeiri istəyir qızım…

Bahar libasını bəzəyə, geyə,
Açır əllərin eləcə göyə.
Gündə neçə kərə baxıb güzgüyə
Məndən sevgi şeiri istəyir qızım.

Elə nə deyirəm bu qız istəmir,
Baxır göy üzünə ulduz istəmir.
Var-dövlət istəmir, cehiz istəmir,
Məndən sevgi şeiri istəyir qızım.

Zərif yanağında açılır çiçək,
Gözləri gündüzdən günəş dərəcək,
Görəsən oxuyub kimə verəcək?
Məndən sevgi şeiri istəyir qızım.

Nə sola düz çıxır, nə sağa, bilmir,
Hayandan çıxıbdı bu dağa, bilmir.
Qonub quşlar qonan budağa bilmir,
Məndən sevgi şeiri istəyir qızım.

Mən zilə qalxıram, o düşür bəmə,
Bişirib misranı qoyuram dəmə.
Deyir: «Qurban olum, atama demə».
Məndən sevgi şeiri istəyir qızım.
Məndən sevgi şeiri istəyir qızım.

ŞƏKİL

Hərdən yana-yana töküb baxıram
Deyirəm eh, bu da filan şəkildi
Gənclik həsrətilə yanıb qovrulan
Dənizi saralan solan şəkildi.

Ayıl xəyallardan, azca bəri düş
Hərəsi bir cürə sifəti dönmüş
Çiynində günlər var anası ölmüş
İllərdən illərə qalan şəkildi.

Bircə söz sorüşdum gör nə deyəcək
Sözə çevriləcək, şeirə dönəcək
Nə vaxtsa daş üstən gülümcəyəcək
İndidən gözləri dolan şəkildi.

“Gözündə eynək yox, əlində əsa”
Atam çəkdirmişdi bir vaxt hardasa
Anam yox qaldırıb divardan asa
Ruhu yağmalanmış talan şəkildi.

Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah
Dünyada nə varsa yalandı vallah
Dünyada tək bircə qalan şəkildi.

QIRMIZI GEYİNƏ BİLMƏYİR ANAM

Mən özüm bilirəm nədi dərd-səri,
Bir sümük qalıbdı, bir də ki, dəri.
Nə az, nə də ki, çox 41-dən bəri,
Qırmızı geyinə bilməyir Anam.

Gözüylə gördüyü qan-qada qalıb,
Qardaş pencəkləri mıxçada qalıb.
Nişan üzükləri boxçada qalıb,
Qırmızı geyinə bilməyir Anam.

Bir saçın ağ hörüb, bir qara qara qızlar,
Anamın yaşıdı o qarı qızlar,
Görür ki, saralıb qara kağızlar
Qırmızı geyinə bilməyir Anam.

Bağrının başında yara dağ kimi,
Dolanır boynuna qara bağ kimi,
Neyləsin dərdi var Qarabağ kimi,
Qırmızı geyinə bilməyir Anam.
Məni də geyməyə qoymayır Anam…

LAÇINSIZ LAÇINI OYNAMA, QARDAŞ!..

Daha nəyin qalıb, haran göynəsin,
Dağlara dağ çəkdik, Aran göynəsin,
Qoy bir az duz səpim, yaran göynəsin,
Laçınsız Laçını oynama, qardaş!

Didir bir-birini «O», «Bu»nun üstə,
Yaman fırlanırsan quyunun üstə,
Tökmə acığını oyunun üstə,
Laçınsız Laçını oynama, qardaş!

Ürəyi dağlıdı küsər qız, gəlin,
Bizdən ümidini üzər qız, gəlin,
Dözməz əsirlikdə əsir qız-gəlin,
Laçınsız Laçını oynama, qardaş!

Ta, keçib sarmaşıb nahaq boynuna,
Hanı itmiş yuvan, basım bağrıma?
Doğranmış kefinə soğan doğrama,
Laçınsız Laçını oynama, qardaş!

Soyut, ürəyini kaman, tarınla,
Çaldır «Kərəmi»ni dərd-azarınla.
Yanına salınmış qanadlarınla,
Laçınsız Laçını oynama, qardaş!

Çəkək dərdimizi, çəkək nə ki, var,
Dərdə yüklənməyə bizdə çəki var.
Nəyi oynayırsan oyna o ki var,
Laçınsız Laçını oynama, qardaş!

EHTİYAC

Tükənib evimdə nə desən elə,
Gəlhagəl dediyin su kimi axır.
Bükülüb bir küncə utandığından
Görək qazanım da üstümə baxmır.

Arzular, istəklər çəkilib dara,
Ürək hər çəkdiyin açıb-bələmir.
Maaş gözləyirəm mən üzü qara,
Maaşsa bir kisə un da eləmir.

Birtəhər keçinim, eh… sabah yenə
Əllərim ehtiyac qulu olacaq, -
Qoy xörək əvəzi atım qazana,
Bilmirəm ya quru, sulu olacaq.

Mən düzüm sözləri vərəq süfrəmə,
Kim bilir familli, adlı çıxacaq.
Ürək qabarından yaranan şeirin
Çox güman tikəsi dadlı çıxacaq.

Məni qınamayın, ürək yağımla
Sözü qızardacam soğan əvəzi.
Özgə yol tapmadım, üz tutdum hara,
Qonağım olarsız, ay mən kimilər –
Şeir bişirəcəm sabah nahara!

UŞAQ BAĞÇASINDAN GƏLİN KÖÇƏN QIZ

Gözümdən yayınmır yol çəkən gözün,
Dərdini içində açıb-bükürsən.
Keçir xəyalından uşaqlıq çağın,
Şükür böyümüsən, gəlin köçürsən.

Daha taleyindən küsmür aşıqlar,
Gözlə, istəyini ha çalar indi.
Qaçıb qabağını kəsmir uşaqlar,
Bağçadan boylanır qocalar indi.

Tale yaddaşına salsın izini,
Baxıb ağ donuna saralsın payız.
Maşınlar daşımır cer-cehizini,
Uşaq bağçasından gəlin köçən qız.

Neyləyək, yurd-yuvan gəlin olmadı,
Payız yarpağı tək tökülləm, bacım.
Toyuna gəlmişəm, toyun mübarək,
Sən gəlin köçürsən, mən ölləm, bacım.

ANAMA MƏKTUB

Göz aça bilmirəm iş-güc əlindən,
Əllərim qoynuna bükülüb qalıb.
Dağı aşırıram… eh.. işə nə var,
Ana, şeirlərim tökülüb qalıb.

Kimi bazar tikir, kimi ev-eşik,
Hamıdı… fırlanır bir yerin üstə.
Yarandığım gündən evim tikilib,
Mən sətir qoyuram sətirin üstə.

Yenə də dostlarım sağ olsun yenə,
Başımın üstünü kəsib dururlar.
Qızının kimi var bu dar şəhərdə
Könlünü şeirlə ovundururlar.

Dönüb gələcəyəm Kür tərəflərə,
Nə isə… bir həsrət köksümü sıxır.
Guya məktub idi yazırdım sənə,
Nə əl atıram şeirlə çıxır…

GEDƏSƏN DÜNYANIN AXIRINACAN

Bu nağıl dünyanın dilindən tutub
Gedəsən dünyanın axırınacan.
Bir dəli sevginin əlindən tutub
Gedəsən dünyanın axırınacan.

Özündən kənara hərdən çıxasan,
Göydən ayrılasan, Yerdən çıxasan.
Pünhan saxladığın sirrdən çıxasan,
Gedəsən dünyanın axırınacan.

Əl atıb çəmənin gülün götürüb,
Əyilib ocağa külün götürüb.
Əlinə bir kağız, qələm götürüb
Gedəsən dünyanın axırınacan.

Bu yerin altının üstən tutasan,
Yıxılsan bir qəfil səsdən tutasan.
Ağlına gəlməyən kəsdən tutasan,
Gedəsən dünyanın axırınacan.

Qurumaz gün üzü, bu dərdi sər ki,
Xatirən açlıa yoluna səpgi –
Alıb əllərinə bir daş, bir çəki,
Gedəsən dünyanın axırınacan.

QADINLAR, SIXMAYIN KİŞİLƏRİ SİZ

Allah, üzü dönsün bu zəmanənin,
Görən çoxmu çəkər beləcə işlər?!
Utana-utana gələrlər evə,
Əli ətəyindən uzun kişilər.

Doğma ocaqları yad gəlir bəzən,
Kimin nə vecinə kim oyaq, yatan?!
Kişilik adına bəd gəlir bəzən,
Allah, özün saxla bu sıxıntıdan!

Gözümdə dağ olur əlin qabarı,
Əlləri nə haya, köməyə çatır.
Səhərdən axşama qazandıqları,
Bircə siqaretə, çörəyə çatır.

Qadınlar, sıxmayın kişiləri siz,
Bəzən kükrəyirik, bəzən daşırıq…
Yox, yox, danlamayın, incitməyin siz,
Mən də içinizdə özümqarışıq.

Siz elə bilməyin kefindən çıxıb,
Rahat baş qoyurlar elə balınca.
Səhərdən axşama evindən çıxıb,
Düşürlər bir tikə çörək dalınca.

Bilmirlər toyuna, vayına qalsın,
Kim töksün ətəkdən daşlarını da.
Görəsən kimlərin hayına qalsın,
Vallah, itiriblər başlarını da…

Hamı bir havanı çala bilməyir,
Qabağa de hansı işini salsın?
İşləyir, haqqını ala bilməyir
Başına haranın daşını salsın?

Çox çəkməz şeytana papış tikənlər,
Hələ çox sirrimiz qalıb dərində.
Fəhlə tikəsinə gözün tikənlər,
Şişib dağılacaq günün birində.

Hər evə gələndə siz bilirsiniz,
Qəlbində əlacsız yarası sızlar.
Gözü kölgəlisə uşaq yanında,
Özünə dip-diri qəbir qazırlar…

Qadınlar sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzan, yaxın,
Yox, yox danlamayın, incitməyin siz,
Köhnəni təp-təzə geyinib çıxıb.

Qadınlar sıxmayın kişiləri siz,
Bu da bir dövrandı, bəxtdi, qismətdi…
Siz Allah, dəyməyin xətirlərinə,
Özləri çəkdiyi özünə bəsdi.

YARAŞDI BƏXTİMƏ QƏŞƏNG AYRILIQ

Dağlara, daşlara dedim dərdimi,
Qarışıq yuxumu yozan olmadı.
Hər çatan bir pozan aldı əlinə,
Səni taleyimə yazan olmadı –
Mən sənin ömrünə çata bilmədim.

Könlünü açmadı o yazın yolu,
Dolandı boynuma Arazın qolu.
Tutub əllərindən upuzun yolun –
Mən sənin ömrünə çata bilmədim.

Çəkdi ürəyimi şişə ayrılıq,
Sındı çilik-çilik şüşə ayrılıq,
Yaraşdı bəxtimə qəşəng ayrılıq,
Mən sənin ömrünə çata bilmədim.

Qəlbi qırıq, para ömür yaşadım,
Allah, üzü qara ömür yaşadım,
Qızara-qızara ömür yaşadım –
Mən sənin ömrünə çata bilmədim.

Mən sənə yüyürdüm, qaçdım min dəfə,
Bağlı pəncərəmi açdım min dəfə.
Çox da ürəyindən keçdim min dəfə,
Mən sənin ömrünə çata bilmədim.

Bir göz qırmıpında itib qayıtdım,
Dəniz gözlərində batıb qayıtdım,
Dünyanın axrına çatıb qayıtdım,
Mən sənin ömrünə çata bilmədim.

MƏN SƏNƏ DARIXMAQ ÖYRƏDƏCƏYƏM…

Musiqisi Tahir Əkbərindir

Açılan səhərdən üzü axşama,
Mən sənə darıxmaq öyrədəcəyəm.
Bir bahar axşamı söykəniö şama,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Həsrətin gözümdən axıb süzülər,
Bu varaq ömrümə misram düzülər.
İkimiz darıxsaq dünya düzələr,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Könlünü alıram ac ümidlərin,
Mənə taqət verin, mənə güc verin.
Döşənib üstünə xatirələrin,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Töküb gözlərimdən yaz yağışını,
Göyərdim mən sarı xoş baxışını.
Dizimin üstünə qoyub başını,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Qorxuram, güvənəm, güvəncim sına,
Yaman dirəşibdi qılıncım qına,
İşimi, gücümü atıb bir yana,
Mən sənə darıxmaq öyrədəcəyəm.

PAYIZIN YANINDA…

Ay ömür yarıda könül qıranım,
Payızın yanında gözlərsən məni.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.

Könlünü ovuda-ovuda gəlib,
Göylərdən yerlərə piyada gəlib.
Həmin o ünvana, o ada gəlib,
Payızın yanında gözlərsən məni.

Yaraşmır bu yerim, göyüm əynimə,
Payız don biçdirsin deyim əynimə.
Payızın donunu geyim əynimə,
Payızın yanında gözlərsən məni.

Qızılı əlindən tutub payızın,
Küsəyən könlünə yatıb payızın.
Başını söhbətə qatıb payızın,
Payızın yanında gözlərsən məni.

Ay ömür yarıda könül qarınam,
Sən gələn yollara çıxım, sarınım,
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.
Payızın yanında gözlərsən məni.

ATAMI, ANAMI SEVGİ ALDADIB

Gəl məni aldatma ay dəli şeytan,
Onsuz da qovrulub dilim sevgidən.
Qoşa əllərimlə tutub başımı
Hələ ki, çəkirəm zülüm sevgidən.

Sevgili çağlarım bəlkə daldadı,
Bu sevgi əzəldən elə bal dadıb.
Atamı, anamı sevgi aldadıb,
Balam da dünyaya gəlib sevgidən.

Özündən qaçan da sevgidən çıxır,
Səhərə çıxan da sevgidən çıxır,
Dünyada nə can var sevgidən çıxır,
Deyirsən bu yaşda ölüm sevgidən?
Gəl məni aldatma, ay dəli şeytan!
Sən məni aldatma, ay dəli şeytan!

OLACAQSAN

Sən mənim bəxtimə doğan bir günəş,
Sən mənim ömrümə gün olacaqsan.
Qalıb ürəyimdə arzu da, kam da,
Bəs nə vaxt arzuma tən olacaqsan?

Taleyin hökmüdü ya bahar, ya qış,
İstəsən könlümün oduna qarış.
Kim bilir bəlkə də alnıma qırış,
Saçıma vədəsiz dən olacaqsan.

Şirin bir arzuya dönə xəyalın,
Kaş ki, gözlərimdə gülə vüsalın,
Qaçardım yoluna ayağıyalın,
Bilsəm ki, qismətim sən olacaqsan.

YANVARIN 1-NİN ŞEİRİ

Ana zirvə imiş, ana dağ imiş,
Anasız ömür də gözə görünmür.
Səni təzə ildə itirdim, Ana,
Heç nə gözlərimə təzə görünmür.
Səni təzə ildə itirdim, Ana…

Gözümün ucuyla baxa bilmədim,
Mənə yolladığın sovqata, paya.
Görüb görkəmimi əridi Qar qız,
Söz deyə bilmədim Şaxta babaya.
Səni təzə ildə itirdim, Ana…

Yaxşı dada bildim fəslin qışından,
Xatirən könlümün sızlayan yeri.
Sarılıb daşına mən indən belə,
Necə qarşılayım təzə illəri?
Səni təzə ildə itirdim, Ana…

Mən geniş dünyada, sənsə yerin dar,
Bu bayram nə idi, düşdüm tilsimə.
Məzarın üstünə qar ələndi, qar…
Yoxsa bu da belə təbrikmiş demə?
Səni təzə ildə itirdim, Ana…

Gözləri yol çəkən payız kimiyəm,
Üzünə gülmədi bu gələn bahar.
Şəklini oxşayan yaralı neyəm,
Yığdım düyünçəyə köhnə nəyin var,
Səni təzə ildə itirdim, Ana…

Ana zirvə imiş, ana dağ imiş,
Anasız ömür də gözə görünmür.
Səni təzə ildə itirdim, Ana,
Heç nə gözlərimə təzə görünmür.
Səni təzə ildə itirdim Ana…

HƏLƏ AÇAMMIRAM DOLAŞIQ ÖMRÜ…

İlahi, şamını özün vermisən,
Yandırım dam altda bu işıq ömrü.
Macalım yoxuydu salam sahmana,
Durum yığışdırım qarışıq ömrü.

Bu candı, bu da ki qurduğum yuva,
Göyərməz ümidi gözümdən suvar.
Əlimdən nə gəlir, özgə nəyim var,
Düzüm sətirlərə yaraşıq ömrü.

İllərdi… arxamca gülüşüb qalıb,
Dərdini-sərini bölüşüb qalıb.
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.

Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
Dindirmə kiriməz qırx gün, qırx gecə,
Qoyma danışdırım bu aşıq ömrü.

ÖMÜR-GÜN YOLDAŞIMA

Bilirsən, dərd dolu körpü özümdən,
Hayandan gəlirəm, hara gedirəm.
Kəndiri özümdən, ipi özümdən
Neyləyim, çəkilib dara, gedirəm.

Keçmə qabağıma, kəsmə yolumu,
Bu gün dostlarımın hayı olacaq.
Bəlkə də düşürsən sən savabına
Sonbeşik şeirimin toyu olacaq.

Qıyma gözlərinin yaşına dönüm,
Bu da qismət imiş qınaq olmağa.
Kəsmə qabağımı başına dönüm,
Gedirəm Tanrıya qonaq olmağa.

Bu ayıq könlümü çətin yatdırım,
Qələmim gecələr sınar, yorular.
Bəlkə söz-sovun var denən çatdırır
Şairlər Allaha yaxın olurlar.

Bu da bir tilsimdi çıxa bilmirəm,
Beləcə qaçıram ömürə sarı.
Hünərin çatırsa bağla yolumu,
Mən də sənin kimi yaşayım barı,
Mən də adam kimi yaşayım barı.

DAŞ YONANLA SÖHBƏT

Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.

Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…

Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

HAYANA GEDİB ANAM

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Adam qalmır soruşum–
Hayana gedim anam.

Uşaqları yanında
Canını qoyub gedib;
Atam təzə aldığı
Donunu qoyub gedib.

Qaranlıqda itənim
İşığa oxşayırdı;
Elə qocalmışdı ki,
Uşağa oxşayırdı.

Yeddi uşaq yellədən
Beşiyi qalıb belə.
Kəndi-kəsəyi, evi,
Eşiyi qalıb belə.

Dindirəndə can deyən
Adımı qoyub gedib.
Möcüzəyə bax, Allah,
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.

Dözəmmir yoxluğuna,
Həyət-baca ağlayır.
Hər səhər dən səpdiyi,
Toyuq-cücə ağlayır.

İçində dolu su da,
Sənəyi küsüb, Allah.
Neçə gündür süd vermir
İnəyi küsüb, Allah.

Doyunca geymədiyi
Toyluğu qalıb orda.
Anasından yadigar
Yaylığı qalıb orda.

Bəlkə uçub göylərə,
Günəşlə, Ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Siz deyin ay adamlar,
Hayana gedib anam?..

BİLİRSƏN SÖZ ADAMIYAM

Ay sinəmə dağ çəkənim,
Gəl məni düzlə aldatma.
Yoxsa sənə üz vermişəm,
Üzümü üzlə aldatma.

Donmuşam yumşaq deyiləm,
Əyilmişəm şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də “gözlə” aldatma.

Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam,
Bilirsən Söz adamıyam,
Sən məni sözlə aldatma.

BÖYÜMƏDİM UŞAQ QALDIM

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm anam.
Verdiyin ömrü varağa,
Misra-misra düzdüm anam.

Qaldım necə,öldüm necə,
Axırı gördüm heç-heçə,
Baxdım güzgüyə bir gecə,
Öz-özümü süzdüm anam.

Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım,
Böyümədim uşaq qaldım,
O ki var uduzdum anam.

BİRCƏ QIRIQ ŞİRİN OLA

Yan ötəsən doğmalardan,
Aran bir az sərin ola.
Kaş qayıda gedənlərin,
Nə ola üzübərin ola...

Nə gördü görmüş bu ömür,
Alnımda tərmiş bu ömür.
Sən demə zəhərmiş bu ömür
Bircə qırıq şirin ola.

Söz gələ, udub gedəsən,
Əl ola, tutub gedəsən.
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola.

SUAL

Hələ nəyimi gördün,
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?

Qəlbində yatdı yoxsa,
Yorğun düşən hər varaq.
Ötən günümə baxdın?
Biri qara, biri ağ.

Bir söz soruşacaqdım,
Soruşammadım amma.
Şəklimə baxıb dedin:
Belə qəmli dayanma.

Hansı misra süzüldü
Ürəyindən, canından?
Qoydunmu nidaları
Ayrılığın yanından.

Qorudunmu bəndləri
Qapısından çöləcən.
Necə oxudun məni
Nöqtədən vergüləcən?

Bəlkə bu da bir işdi
Görüşmədik bir daha.
Necə dözüb dayandın
Suallar çəkən aha.

Hələ nəyimi gördün
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?

OLMADI

Hər gün aldadıram anamı Allah
Hər gün deyirəm ki, yaxşı olacaq

Ələmdar Cabbarlıya

Sən yaxşı bilirsən qardaş,
Kim-kimə qarşı olmadı.
Bəxtimizə gün düşmədi,
Payızı, qışı olmadı.

Sözün şaxdı, özün yiyə
Nə qaldı ki, nə deməyə?..
O tərəflərə getməyə
Dostun, sirdaşın olmadı?

Əridəcək yurd ananı,
Şeirinlə ovut ananı.
Bu il də aldat ananı,
Bu il də yaxşı olmadı...

DİVARDAN

Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.

Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi,
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim küsüm divardan.

Bu qəm də yetişdi dərən tapılmır,
Uçuq evimizə girən tapılmır,
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.

İNDİDƏN

O nakam nə yatdı nə yuxu görə,
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən,
Gülümsər şəklini asım indidən.

Deyin biri yoxdu biri var idi,
Yolunda boranı qarı var idi,
Deyın cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.

Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar,
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız yazın indidən.

MƏNİ YAĞIŞDA SAXLA

Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın,
Məni çıxışda saxla.

Qışı bizə düşmədi,
Xoşu bizə düşmədi,
Yaşı bizə düşmədi,
Quru baxışda saxla.

O qədər xatirə var,
Gözlərimdi suvarar,
Yaz adımı divara,
Torpaqda daşda saxla.

Ocaq haqqı od haqqı,
Çəmən haqqı ot haqqı,
Ayır haqdan nahaqqı,
Ömürdə yaşda saxla.

Üşüdüki bu ocaq,
Damlalar saçaq-saçaq,
İslanmışın yağışdan ,
Nə qorxusu olacaq,
Məni yağışda saxla.

NİZAMİYƏ HƏYAN GEDİR

(Mərhum şair
Bahadur Fərmanın xatirəsinə)


Söz üstündə qərara tutub,
Söz qədrin bilən şairlər.
İçindən yanib qovrulub,
Çölündə gülən şairlər.

Yaxşı duyub sonrasını,
Acısını, ağrısını,
Misra boyda daxmasının,
Küncündə qalan şairlər.

Çıx dağına daşına çıx,
Lap dünyanın başına çıx,
Söz ucundan başı açıq,
Ayağıyalın şairlər.

Qoydu ümidi ac qoydu,
Sevdasın yalavac qoydu,
Kim başınıza tac qoydu,
Divanə,dəli şairlər?.

Əymədi qəddi dünyada,
Göz yumdu itdi dünyadan,
Kişi tək getdi dünyadan,
Kişi tək gələn şairlər.

Bu dünyada oyun gedir,
Min dərdə qol-boyun gedir,
Nizamiyə həyan gedir,
Gəncədə ölən şairlər.

MƏKTUB

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

Sən getdin dünyada nələri gördüm,
Bir qiz da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə,
Bircə can sözünə ehtiyacım var.

Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır Ana.

Boylandım gülümsər şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım Ana.
Hər kəsin dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım Ana.

Bu xəbər ox kimi bağrını dələr,
Çatlayar torpağı bürünər qəmə.
Bir dəfə ölmüşdü min dəfə ölər,
Xəstə olduğumu atama demə.

Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını hörüm.
Ay Ana yıxılım ayağın altda,
Qoy məndə cənnəti gözümlə görüm.

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

19 FEVRALIN ŞEİRİ

Hansı gün doğuldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən,
Anam hanı, Atam hanı?

Hanı mənim o xoş çağım,
Hanı qırmızı yaylığım,
Hanı sınıq oyuncağım,
Hanı kövrək uşaqlığım.

Quş qanadlı ötdü günlər,
Şirin hanı, acı hanı?
Yarpağına söz yazdığım,
Hanı tut ağacı hanı?

Ürəyimdə bir sirr qalıb,
Qoy çağırım yarım gəlsin.
Çiling ağac oynadığım,
Uşaqlıq dostlarım gəlsin.

Gəlsin gözlərim önünə,
Coşub qaynadığım günlər.
Bilməyib dünya beş gündü,
Beş daş oynadığım günlər.

Hansı gün doğuldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən,
Anam hanı, Atam hanı?

NARINGÜLƏ

Səhər gözəl açılır,
Oyan bülbül,oyan gül.
Gəl şeirlə düzəldək,
Bu dünyanı Narıngül.

Bənd-bənd tutaq əlindən,
Ulduz-ulduz sayrışaq.
Bu başında dalaşaq,
O başında barışaq.

Gəl alaq qoynumuza,
Gündüz-gücə dünyanı.
Gəl bölək vəzinlərə,
Sərbəst heca dünyanı.

Sığaq dar komamıza,
Edamarın əlindən.
Sarılaq varaqlara,
Adamların əlindən.

Köçək üzü payıza,
Durnaların köçündə.
Axtaraq özümüzü,
Evimizin içində.

Nə yandıq, necə yandıq,
Odumuzdan soruşaq.
Bəlkə bir-birimizdən,
Adımızı soruşaq?

Səhər gözəl açılır,
Oyan bülbül,oyan gül.
Gəl şeirlə düzəldək,
Bu dünyanı Narıngül.

ÖMÜR İPDİ TUTMUŞUQ…

Ömür indi, tutmuşun,
Çəkib bağlayar bizi.
Vallah Tanrıdı dözən
De, kim saxlayar bizi?

Hələ yay, qışı çoxdu,
Gəlişi-gedişi çoxdu.
Allahın işi çoxdu,
Bir gün yoxlayar bizi.

Aç dərdini, aç, danış,
Necə udur acmamış.
Haqq qapısın açmamış,
Əcəl haqlayar bizi.

Ağa ağ de, balan var,
Doğru boyda yalan var.
Şükür bizdən olan var,
Bəs kim ağlayar bizi?

ÖMRÜMƏ

Biri yoxdu, biri vardı,
O yağışdı – bu da qardı.
Baxanlar həsəd apardı,
Sayıb seçilən ömrümə.

O gedəndi – zaman gedən,
Bir ümidə güman gedən,
Gör kimlərə qurban gedən,
Sutək içilən ömrümə.

əsər qalmazdı o qızdan,
eh, yaşadı çoxdan, azdan,
qismət qələm kağızdan,
biçilən ömrümə.

Hara gedim, hara qalım,
Dilimdədi bu sualım,
Misra misra layla çalım,
Hər gün kiçilən ömrümə.

QOYDUM ÖMRÜ QUMARA

Bu dərd hara, mən hara,
Qoyum ömrü qumara,
Baxdım üzü divara,
Küsdüm, sıxıldım, Allah.

Ələ baxa bilmədim,
sutək axa bilmədim,
zilə qalxa bilmədim,
Pəsdən yıxıldım Allah.

Bu sualdı o nida,
“Sən uzaq yaşıl ada”,
Qeybə çıxdı o səda–
Səsdən yıxıldım Allah.

Keçəmmədim bir addan,
Sən alovdan, mən oddan,
Çıxarmadım heç yaddan,
Beş doğmadan, üç yaddan,
“Dost”dan yıxıldım Allah.

TANRIDI, ÇIXIB YİYƏ

Heç bekar vaxtı yoxdu,
Başını qatır adam.
Bazarı bağlananda
Adamı satır adam.

Əl atır, ayaq qalır
Od tutur soyuq qalır.
Bəs niyə ayıq qalır?
Bəs niyə yatır adam?

Deyir sözün düzünü,
Ömrə baxır üzülür,
Özgədən çox üzünü
Elə aldadır adam.

Min yoxuş əzib çıxır,
Dolaşıb, gəzib çıxır,
Sulardan üzüb çıxır,
Quruda batır adam.

Tanrıdı, çıxıb yiyə,
Əlini açır göyə,
İçini yeyə-yeyə,
Görən nə dadır adam?

ANA, BİZƏ VƏTƏN GƏLİB

Cənublu şair qardaşım Elsevənə

Yollar, yoxuşlar sevinib,
Gələn gedib, gedən gəlib.
Bölünməyib iki yerə,
Arzu istəyi tən gəlib.

Qılınc alıb sıyırdığı,
Zalım fələyin saydığı,
Nə zülümlə ayırdığı
Gözlərimdən itən gəlib.

Gör nələrin sorağıdır,
Duruşa bax, həsrət dadır…
Qonaq Allah qonağıdır,
Ana, bizə Vətən gəlib.

DEYİRLƏR ŞİRİNDİ DÜNYA

Nə yaman dərindi dünya,
Yerləşən yerindi dünya.
Deyirlər şirindi dünya…
Dünyadan doymağım gəlir.

Axtarram itirdiyimi
Aparın gətirdiyimi,
Ərk edib götürdüyümü
Yerinə qoymayım gəlir.

Diriyə bax – ölü kimi,
Üzlər gördüm zəli kimi,
Qınamayın, dəli kimi
Durub oynamayım gəlir.

Mən haqqa əridim daha,
Çox dindim, kiridim daha,
Yüyürdüm, yeridim daha,
Yerimdə saymağım gəlir.

GÖYLƏR ŞAİRLƏRİNDİ…

Oğluma

Çıxar, qadası, çıxar,
Şeytan atasız çıxar.
Sonra xatası çıxar
Bəynən, oynama, bala…

Göz-qaşın yer süpürür,
Ömürdü… adam sürür –
Zülməti kor da görür,
Aynan, oynama, bala.

Bu yer ki, var dərindi,
Yerləşmisən yerindi,
Göylər şairlərindi –
Göynən, oynama bala.

ANAMDAN YANANI VARSA

Tutub həsrətin əlindən,
Düşürəm üzü aşağı.
Bu halıma Kərəm yanar,
Çağırın gəlsin aşığı.

Məni elə özü sanan,
Durub qaçırsın yuxusun.
Anamdan yananı varsa,
Deyin bir ağız oxusun.

O qədər dərdinə yandım,
Hələ sümüyüm yanacaq.
Gedin, üzü dönüklərim,
Üzüm torpaq baxacaq.

KEÇ GÜNAHIMDAN, İLAHİ…

Dünya sənlə davam yoxdu,
Başqa sirrlə oynayıram.
Özgə bir təmənnam yoxdu,
Göylə, yerlə oynayıram.

Yaxamı tanısa yağı,
Kimi tutarsan dayağı.
İstəyirsən top sayağı,
Gəl diyirlə, oynayıram.

Ömrümə yaraşıq kimi,
Lap da aşıq-aşıq kimi,
Evcik quran uşaq kimi,
Azrayılla oynayıram.

Tikan atma, batmır mənə,
Çox ürəklər yatmır mənə.
Hər çalınan çatmır mənə
Mən təsirlə oynayıram.

Demə ki, ha nəyi varmış,
Qanlıca köynəyi varmış.
Keç günahımdan, İlahi.
Məndə şir ürəyi varmış,
Mən şeirlə oynayıram.

YIXILAN BİLSƏ…

Heç kim bilmir qisməti,
Sınacaq, əyiləcək.
Bu gündən sabahadək
Başına nə gələcək?

Həyat sirdi, nağıldı,
Batıb boğula bilər.
Ömür muncuq kimidir,
Qəfil dağıla bilər.

Dərdin də ağırı var,
Payız yıxar, qış əyər.
Yıxılan bilsə yerə,
Yorğan-döşək döşəyər.

AĞACA SÖYKƏN DARIX

Biri oda dönəndə,
Biri dönüb su olar.
Arabir vaxt tapanda,
Darıx mənimçün, nolar.

Bir az bağışla məni,
Belə səhvin içində.
Darıx çölün düzündə,
Darıx evin içində.

Piyada yol gedəndə,
Lap qəfil səksən, darıx.
Günəşin üzünə bax,
Ağaca söykən, darıx.

Yazdığım məktubları,
Götür səfərə qalmış.
Darıx axşam tərəfi,
Darıx səhərə qalmış.

Biri oda dönəndə,
Biri dönüb su olar.
Arabir vaxt tapanda,
Darıx mənimçün, nolar.

DEMƏ CANSIZ KAĞIZDI

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Vaxtsız gələn qonaqdı,
Görən nə deyir indi?
Şəklim acdı bilirəm,
Ömrünü yeyir indi.

Gözlərinə yaxşı bax,
Gör bir necə saralıb.
Bəlkə yuxusu gəlir,
Yol gəlibdi yorulub.

Demə cansız kağızdı,
Hərarəti, odu var.
O qədər həsrət çəkib,
Bənövşənin adı var.

Dönüb qayıda bilməz,
Hər yerdən yolu bağlı.
Bəlkə ona görə də,
Boynu bükülü qalıb.

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

ŞAİRİN YAŞI OLMUR

Hara haradı bilmir,
Ağdı, qaradı bilmir.
Ömür indi başlayıb
Yoxsa yarıdı bilmir
Şairin yaşı olmur.

Bahara gendən baxır,
Payızı, qışı olur.
Dünyada şirin nə var–
Dadmağa naşı olur
Şairin yaşı olmur.

Dağ boyda əzabına,
Tab gətirən sinədi.
Yaranışdan itirir
Ömür adlı sənədi
Şairin yaşı olmur.

Əyilmir nakəslərə,
Şamşax qalır eləcə.
Çiynində illər yatır
Uşaq qalır eləcə.
Şairin yaşı olmur.

Bu gedimli dünyada,
Ölsə də diri olur,
Ötüb keçən hər günü
Aprelin 1-i olur
Şairin yaşı olmur.

EH..DİLİM QUŞ DİLİDİ

Saldım aləmə soraq,
Bir kağızdı, bir varaq.
Bu dünyanı ƏNƏLHƏQ-
Sandım Nəsimi kimi…

Dolandım çırağına,
Sarıldım varağına.
Tək Tanrı ayağına-
Endim Nəsimi kimi..

Misra qovuran sacam,
Hər şerə,sözə acam.
Kaş olaydı bir hecam-
Bəndim Nəsimi kimi..

Sür ömrü.. alnı açıq..
Yerin yoxsa, Göyə çıx.
Şəhərim dar ağacı-
Kəndim Nəsimi kimi..

Həsrətim mürgülüdü,
Dözümüm daş külüdü..
Eh..dilim quş dilidi-
Dindim Nəsimi kimi..

Yapışdım gərəyimdən,
Oxlandım kürəyimdən,
Soyuldum ürəyimdən-
Yandım Nəsimi kimi!!!

TANRI DA AĞLAMIR BİZƏ…

İl il üstən ağır gəlir,
Qış keçmir yayı quruyub.
Daha bar vermir ağaclar,
Ağacın tayı quruyub.

Dərdim çoxdu deyim, yazın…
Hərə çalır öz avazın,
Əsirlikdə qalan qızın,
Bu yaz da toyu quruyub.

Qazanlar qapaq gözləyir,
Kişilər papaq gözləyir.
Qaçqınlar torpaq gözləyir,
Deyəsən payı quruyub.

Yaman gəldik deyən gözə,
Daha demirəm nə isə…
Tanrı da ağlamır bizə,
Gözünün suyu quruyub.

MƏNZİLİN MÜBARƏK

Demə ölüm-itim nədi
Yenə könlüm yetimlədi.
Əvvəlimə yetənmədin
İndi sonuma keçmisən.

Ömür tarı-mar idisə,
Dünya sənə dar idisə,
İstədiyin yar idisə,
Şükür qanıma keçmisən.

Bir az asta, bir az yüyrək,
Qismətinmiş daha neynək.
Təzə mənzilin mübarək!
Gəlib canıma köçmüsən!

MƏNİ BAĞLA ÖZÜNƏ

Qoyma uzana zaman
Saatı əksinə bur –
Məni bağla özünə,
Dönə-dönə düyün vur!..

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ