Səni elə sevim ki, unutmağa utanım - YENİ İMZA

Tarix:24-07-2019, 13:15 Baxış Sayı:159

Səni elə sevim ki, unutmağa utanım - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Elroman Əlizadənin şeirlərini təqdim edir:

İki tanrı

Göylərdə yaşayan qız, baxdım ki, göylərdəsən,
sənə qanad gətirdim.
Salamat qal demişdim, sən salamat qal deyə,
mən salavat gətirdim.

Sən məni tərk eylədin, mən də səni unutdum,
indi harda günahdı?
Unudardım, heyif ki, unutmaq intihardı,
intihar da günahdı.

Evinizin önündə həsrət çəkən ürəyə
dağlamaq öyrətmişəm.
Adını çəkə-çəkə küçənizin itinə
ağlamaq öyrətmişəm.

İti də bezdirmişəm, artıq o da öyrəşib
dərdini mənlə bölür.
O qədər bezdirmişəm, məni görəndə hürür,
səni görəndə gülür.

Od olmayan yerlərdən tüstü çıxmır, əzizim,
bu da sənin tüstündü.
İki tanrım var mənim, biri səndən üstündü,
biri sənin büstündü.

Göylərdə yaşayan qız

Gecənin bir saatı mənə pənah gətirsən,
Deyərəm, ya xəyaldır, ya zarafat edirsən.
Qulağıma pıçılda, inandır ki, gedirsən
Mənə darıxmaq öyrət, için-için darıxım,
Mən də sən olmayanda sənin üçün darıxım.

Ay gözümün işığı, gözlərimin qarası,
Sən istə, sənin olsun ürəyimin parası.
Qayıdasan, gələsən gecənin bir yarısı,
O gün mənimlə birgə sənsizliyə güləsən.
Gülməyi mən öyrətdim, mənsiz niyə güləsən?

Göz yaşımı ovcuna tökə-tökə ağlayıb,
Nəfəsimi içimə çəkə-çəkə ağlayıb,
Ağlamaq qürurdusa, yekə-yekə ağlayıb
Gözlərimin yaşını qurutmağa utanım.
Səni elə sevim ki, unutmağa utanım.

Göylərdə yaşayan qız, orda varmı şər səsi?
Yaman ağır olurmuş həsrətinin zərbəsi.
Əriyəsən, axasan, cisminin hər zərrəsi,
Göylərdən yanağıma damcı-damcı ələnə...
Şairlər dua bilmir sevdiyini dilənə.

Tanrının gözü

Gecə-gündüz demədən gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum, çünki mənə tələsən,
mənəm sənə tələsən.

Ümidimə qar yağa, qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt.

Bu ki məndə vərdişdi, and ola yerə-göyə,
Əsəbimdən içirəm.
Düz yolumu dəyişdim, körpümü yıxdın deyə
Səhvlərindən keçirəm.

Belə heç kəs ağlamaz, səmadakı buludlar
Tanrının gözü imiş.
Canı alan Tanrıdı, belə çıxır, baxışın
Tanrının özü imiş.

Arzu

Sinəmdə dərd gəzindi, gücün çatır, gəz indi,
yaşamaqdan bezirəm.
Həyatdı da, əzizim, dünən sənlə gəzirdim,
bu gün səni gəzirəm.

Heyif, qalmadı vaxtım, sən ki məni tərk edib
arzulara qaçırsan.
Getdin, ardınca baxdım, deyə də bilmədim ki,
Arzu, hara qaçırsan?

Pozulmadı yar andı, xırda səhvlərimizdən
böyük sevgi yarandı.
Dedilər, bir arzu tut, bilmədilər bu qəlbə
başqa Arzu haramdı.

Kim deyir ki, tabutu sevgililər daşımır?
çiynimdə aparmışam.
O gün tabut boş idi, səni geyib əynimə
əynimdə aparmışam.

Pəncərədən daş gəlir

Günü-günə satdığım, unutduğum səs niyə
İndi mənə xoş gəlir?
Gedəndə qapıdan çıx, sonra qoy deməsinlər
Pəncərədən daş gəlir.

Ay bəri bax, bəri bax... Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə yaratdığı qadını
Mən tək əllə yazıram.

Duanın nə faydası, sən gedəli gözlərim
Unutmur səni, əfsus.
Yar yaratmaq Tanrıya, yarı atmaq insana,
Yaşatmaq sənə məxsus.

Gün doğanda gələn qız, gün batanda gedərsən,
Gecələr inciməsin.
Gecəni payızda say, sayanda elə say ki,
Cücələr inciməsin.

Sənsizliyə riayət et

Qop arada hay-küyündən
Səssizliyə ziyarət et.
Buralarda bir qayda var
Sənsizliyə riayət et.

Qınamıram səni gözəl,
Yoxluğun da varı olur.
Dağ ürəkli şairlərin
Daş ürəkli yarı olur.

Bu qədərmi qansızsan ki,
Hər işinə ayıb ola.
Gəlişinə şeir yazsam,
Gedişinə ayıb olar.

Nə olaydı, əvvəlkitək
Baxıb mənə gözün gülə.
Aç gözünün qapısını
Qonaq olum gözüngilə.

Çox düşündüm, anlamadım
Ayrılığın əksi nədi?
Biz tərəfdə sevən qalır
Siz tərəfdə əksinədi.

Qəribədir yaşanılan
Xatirənin silinməsi.
Küçələrə su səpmişəm -
Ağladığım bilinməsin.

Bağışla

Artıq eşqin istisi də
Soyuqları sovuşdurmur.
Canla-başla sevənləri
Bir "bağışla" qovuşdurmur.

Hər siqaret yandıranda
Tüstü qaçır sən tərəfə.
Gedişinlə şərəf verdin
Mən də içdim sən şərəfə.

Sən olmasan mən olmazdım,
Məndə səni yaratmısan.
Tanrı səni yaratmışdı,
Sən də məni yaratmısan.

Günahkaram, damarımdan
Qan içənə qansız dedim.
Can alana canan deyib
Can verənə cansız dedim.

Sən də gecə ulduzlara
Mən barədə danışdınmı?
Tanrı kimi davranırsan -
O da məni danışdırmır.

Qadınsan

Ax o yeniyetməlik! Ax həminki boş küçə!
İzləyərək kölgəni evinizə gizlicə
Ötürdüyüm qadınsan.

Səhvlərinlə saflaşan o mükəmməl sirlərə,
Arada bir ağlayıb gözlərimdən yerlərə
Tüpürdüyüm qadınsan.

Yaraşmadı sevgimiz sevgililər gününə.
Hər qədəhin dibində gözlərimin önünə
Gətirdiyim qadınsan.

Heç yaxın da qoymadın közümü ocağına.
Dara düşən zamanlar özümü qucağına
Yetirdiyim qadınsan.

Neçə illərdən sonra rast gələrək izinə
Kitabın arasından çiçəyin əvəzinə
Götürdüyüm qadınsan.

Sən ki gözəlləşirdin gözlərimin önündə.
Özüm də hiss etmədən günlərin bir günündə
İtirdiyim qadınsan...

Gedənlərin tanrısı

Həsrətin buxarlanıb kirpiyimin üstündə
dayanan yaşa dönsün.
Dedin səni unudub ta ən başa dönmüşəm,
inanan daşa dönsün.

Mənə bir az döz dedin, o gündən zamanımı
zamanına qatmışam.
Əllərini üz dedin, baxdım ki, üzə-üzə
limanına çatmışam.

Gözlərimə qan sızır, keçən zaman aşiqin
indisinə dönürmüş.
Gedənlərin tanrısı sən demə, qalanların
iblisinə dönürmüş.

Varlığına möhtacam, yoxluğun ürəyimdə
səs eləmir, əzizim.
Kaş solaxay olaydım, səni tək əllə yazmaq
bəs eləmir, əzizim../kulis.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ