Mən belə dünyanın nəyinə gülüm-Mətləb Kamilin şeirləri

Tarix:23-07-2019, 10:32 Baxış Sayı:526

Mən belə dünyanın nəyinə gülüm-Mətləb Kamilin şeirləri


İlk dəfə Mətləb Kamilin yazdığı şeirləri hərbi xidmətdə olarkən oxumuşam. Mətləb müəllimin yazıdığı şeirlər isə müxtəlif mövzularda olduğu üçün mənim marağıma səbəb oldu.Mətləb Kamilin şeir yazmağının əsas səbibi isə Azərbaycan ədəbiyyatına Qaradabanlı Qurban,Qənbər Şəmşiroğlu,Məmməd Aslan,Şamil Əsgərov,Bəhmən Vətənoğlu kimi şairlər bəxş edən Kəlbəcər torpağından olmasıdır.Mətləb Kamil 1983-cü ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olub. 2000-ci ildə Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli orta məktəbin 11-ci sinifini bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin 1-ci kursuna qəbul olub. 2004-cü ildə həmin məktəbi leytenant rütbəsində məzun olub. 2004-cü ildən 2005-ci ilədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşmə kursu keçib. 2005-ci ildən ordu sıralarında zabit kimi xidmətdə edir.Ədəbiyyata şeir dünyasına həvəsi isə 1999-cu illərdən başlayıb İlk şeiri isə "Ana, dünya, pul," adlanır.İlk yazılarını "Qəmçəkər" təxəllüsü ilə başlayıb daha sonra isə "Mətləb Kamil" təxəllüsü ilə davam edib.Hal-hazırda Gədəbəy rayonunda N saylı hərbi hissənin zabitdir.Mətləb Kamil həm vətəninə dövlətinə həmdə ədəbiyyata xidmət edən insanlardandır.

Manera.az

istedadlı şairin şeirlərini təqdim edir:

Kəlbəcər


Kəlbəcər- deyəndə ürəyim yanır
Ürəyim həmişə oranı anır
Hey fikirləşirəm bir şey çıxmayır
Heç çıxarmı fikrimdən Kəlbəcər?

Yaşıl meşələri, sərin bulağı
Yastı təpələri, dik yamacları
Gəzib şənlənməyə gözəl yaylağı
Nə gözəl yerlərin varmış Kəlbəcər!

Neçələri həsrətin çəkir indi,
Üzərində Ermənilər gəzir indi
Öz ellərin, gözəllərin əsir indi
Nə tez viran oldun, aman Kəlbəcər!

Qəmçəkərin ürəyi həmişə ordadır
Bilirəm sənin də gözün yoldadır
Hey deyirsən görən bunlar hardadır
Heç darıxma görüşərik Kəlbəcər!

Yazım Mən


Deyirlər sevgidən yazmırsan şair,
Acılar içində necə yazım mən?
Oturub uşaq tək sevgidən yazsam,
Gərək yazdığımı heçə yazım mən

Haqsızlıq beynimə acı gətirdi
Qəlbim yumşaq idi onu itirdi
Çiçəklər içində qanqal bitirdi
Almayım heç nəyi vecə, yazım mən?

Dünya kasıblara olubdu dəhşət
Kasıb hardan bilsin nədir ədalət
Nə yazsam görünür ancaq zülümət
Fərq etmir ya günüz, gecə yazım mən

Qanun alveriylə məşğuldur hər kəs
Başlar qapazlanır çıxaranda səs
Qaydadan danışma qardaşım əbəs
Çünki deyəcələr neçə yazım mən?

Rəzalət alıbdır ağlımı başdan
Götürmək heç olmaz zalımı başdan
Bir gün alacaqlar canımı başdan
Mətləb bu minvalla səncə yazım mən?

Nəyinə gülüm


Mənə ilham verir acı həqiqət ,
Yalana baş əyir qoca ədalət
Namus ucuzlaşır, yumşalır qeyrət
Mən belə dünyanın nəyinə gülüm?

Arsızlıq durmadan baş alıb gedir,
Namuslu papaqlar boşalıb gedir,
Qanun ucuzlaşır, boş alıb gedir,
Mən belə dünyanın nəyinə gülüm?

Mətləbə gülürsə qoy hamı gülsün,
Çətin kimsə mənim kimi dərin düşünsün
İstər başdan-başa əlvan bürünsün
Mən belə dünyanın nəyinə gülüm?

Ölüm


Bu dünyadan, o dünyaya bir qapı var o da ölüm,
Əzrailə diz çökdürüb, salır bizi yada ölüm.

Neçə kişi son sözünü igid kimi söyləyərək ta diləyir,
Xırdalamaq nəyə lazım versin bizə Xuda ölüm.

Ölüm çarə, ölüm əlac, bəzən bizə çıxış yolu,
Acizlikdən dilimizdə bir şüar var, “Ya Qarabağ, Ya da ölüm!”.

Ömür şirin, həyat gözəl, doymaq olmur baxmayaraq,
Şirin olan bu həyatda yetir bizə dada ölüm.

Yaxşıları tez aparıb, yamanları yaşadandır,
Bil ki, Mətləb gözləmədən verər səni bada ölüm.

Dünya nədən var oldu?



Bağlanmayan bir qapı
Təmənnasız bir tapı
Anlamayan bir yapı
Sorulmaqdan yoruldu
Dünya nədən var oldu?

Gələndə var gedəndə
Ağlayanda güləndə
Deyəmməyir biləndə
Harda, niyə quruldu?
Dünya nədən var oldu?

Biri heyvan adlandı
Biri insan adlandı
Hamısı can alandı
Heç burda fərq olundu?
Dünya nədən var oldu?

Qış getdi, gəldi Bahar
Sonra qızdı havalar
Yenə payız, yenə qar
Təbiət tamam soldu
Dünya nədən var oldu?

İnsan da gəldi-getdi
Ömrünü fəda etdi
Bir boşaldı, bir bitdi
Bilmədim nədən oldu?
Dünya nədən var oldu?

Təqdim etdi:
Turan Etibaroğlu

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ