İnsanlar sevməyi unudanda gəl - Yeni Şeirlər

Tarix:9-07-2019, 12:14 Baxış Sayı:175

İnsanlar sevməyi unudanda gəl - Yeni Şeirlər
Manera.az Ulucay Akifin yeni şeirlərini təqdim edir:


***
Torpaq sevdiklərimizi yedi, dostum,
Körpələrin qanını içdi amansızca
Və bu yaz
neçə bənövşə
Asfaltın altından çıxa bilmədi,
İntihar etdi torpağın altında,
Ana bətnində öldürülən körpələr kimi...

yəni bu yaz,
hər şey bir başqa oldu,
gözləmədiyimiz qədər "bir başqa”
və pis...

Torpaq bütün sevdiklərimizi yedi, dostum,
və dünən
"sülh üçün əlimizdən gələni edirik” deyən lider,
bu gün son model silahlarını təqdim etdi bizə.
"Bu silah dünyanı iki dəfə məhv edə bilər” dedi gülümsəyərək,
qamaşan dişlərini göstərdi bizə.

yəni bu gün
daha böyük yük düşdü üstümüzə.

Tanrım,
bütün doğmalarını müharibədə itirən
Suriyalı Əhmədin fəryadı
fon musiqisi kimi getdi xəbərlərdə,
bir gün sonra aclıqdan öləcək Leylanın
göz yaşlarını da iki saniyə göstərdilər...

yəni bu gün bizi
bir az da məhv etdilər...

Dənizdən sonuncu balığı
oğurlayan qağayı da öldü aclıqdan,
Ölərkən,
ona baxan ac qağayılar
keçdi gözünün qarşısından...


***
sən mənim masmavi səmamsan,
ağappaq buludlarsan,
həzin-həzin yağan qarsan,
susuz torpağıma düşən yağışlarsan,
bilirəm, tanrı deyilsən,
amma nə qədər səhv etsəm də,
sən yenə bağışlarsan.

sən mənim dünənim,
bugünüm, sabahımsan,
ən gözəl günahımsan,
çiçəklər qədər zərif olsan da,
həyata qarşı ən güclü silahımsan.

sən bütün suallara
ən gözəl cavabımsan,
günahım deyilsən, yox,
elə ən böyük savabımsan.


***
tarlada işləyən oğluna
təndir çörəyi aparan nənədən
başlayır vətən.

zəhmətkeş adamlardır həm də
bu ölkənin sərhədlərini
əllərinin qırışında
qoruyan, gizlədən.

vətənimin himnidir
nənəsinin yanınca qaçışan
uşaqların gülüşü.

torpaqda əkdiyimiz ağaclar da,
böyüyür, böyüyür,
quşlar üçün vətənə dönüşür.

İudanın öpüşü

(Rəvan Cavidə ithaf olunur)

sənin aşiq olduğun səmalar
nağılımızın sonunda
göydən düşən almaları oğurladı, dostum...
amma, biz yenə də
göylərə baxıb gülümsəməyi unutmadıq,
unutmağı bacaracaq qədər xoşbəxt deyildik çünki...

hara getməyimizdən çox
necə getməyimiz vacib oldu bizə,
biz də yeridik, yeridik gündüz-gecə,
yollar ayağımızın altında saralıb soldu
yanağımıza qonan bütün qadın öpüşləri də
"iudanın öpüşü" kimi saxta və xəyanət dolu oldu.

yaşamaq – həyatla qumar oynamaq idi,
uduzmaq olsa da sonunda,
biz hər dəfə bir günümüzü
qoyduq masaya bu oyunda.

biz hamıdan əvvəl öyrəndik,
öyrəndik
ki,
ruhumuz bədənimizdə,
bədənimizsə dünyada məhbusdur.

bir qızıldərilinin dediyi kimi:
"dünya insana deyil,
insan dünyaya məxsusdur".

bir gün

bir gün mavi qatarlar çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
bir gün düşərəm yadına,
çıxaram beyninin dərinliklərindən.

bir gün əsgərlər atıb silahlarını
qoparar tikanlı məftilləri əlləriylə,
qorxmaz əllərinin qanamasından.
bir gün yox olar sərhədlər,
yox olar ölkələrin arasından.

bir gün gülümsəyər günəş gözlərimə,
gülümsəyər buludların arasından.
bir gün bir uşaq boylanar mənə,
boylanar gözlərinin qarasından.

bir gün mavi qatarlar çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
bir gün düşərəm yadına,
çıxaram beyninin dərinliklərindən.

Gəl

Balıqlar üzməyi,
Quşlar uçmağı,
İnsanlar sevməyi unudanda gəl.

Gəl ki,
Balıqlar üzməyi,
Quşlar uçmağı,
İnsanlar sevməyi öyrənsin yenə...


***
istərəm ki,
masmavi sülh bürüsün dünyanı,
xoşbəxtlik nəğməsi dolsun qulaqlara.
musiqisi quşların səsi,
sözləri uşaq gülüşü olan
bir mahnını bəstələyək.

istərəm ki,
atalar evlərinə əli dolu qayıtsın,
analara bənövşə hədiyyə edilsin.
heyvanlar insanlardan,
insanlarsa biri-birindən qorxmasın,
küçə itlərinin də üzündən qəm silinsin.

istərəm ki,
günəş əlləri ilə buludları aralasın,
təyyarələrdən qorxmasın uşaqlar,
evlərin damına yağmasın mərmilər.
susuz səhralarda bir zənci balası
rəqs etsin yağış altında.


ofsayd

tam "xəyallarım gerçəkləşdi”
deyib sevinmək istəyəndə
həyat bayrağını qaldırır:
off-side!

qiblə

müqəddəs torpaqlar qədər
əzizdir bədənin mənə.
o zərif əllərinə and içirəm:
– üzümü bir yerə tutub dua etməliyəmsə,
sənin olduğun yerlərdir mənimçün qiblə!

çarmıxa çəkilmiş isa kimi
çəkdim ruhumu sənin adına.
bir gün mən də qalxacam,
qalxacam göyün yeddinci qatına.

həmin gün
səni göstərəcəm tanrıya,
elçi düşəcəm müqəddəs ruhuna.
deyəcəm:
– tanrım,
o qız üçün inandım sənə,
o qız üçün gəldim hüzuruna!

/artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ