manera.az
manera.az

Tanrı tənhalığını yaşayan adamam - İlqar Kamilin şeirləri

7-07-2019, 19:45

Tanrı tənhalığını yaşayan adamam - İlqar Kamilin şeirləri
Manera.az İlqar Kamilin şeirlərini təqdim edir:

Sən gedəli

Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq,
"Alma" desəm gələcəkdin, "alma" dedim, gəlmədin.
Hanı birgə əl sallayıb, öpəcəkdik qürubu,
Axşam düşdü, ay göründü, su duruldu,
gəlmədin...

Söylə indi kainatın hansı məhbəsindəsən?
Söylə görüm bulud varmı, yağış varmı orda da?
Heç olmasa, ay insafsız, əllərin də yoxdur ki,
Axşam-axşam darıxanda adam tuta, təsbeh kimi oynada.

Heç unuda bilmədim ki, gözlərinin rəngini.
O qədər çox sevərdim ki, saçına gül düzməyi.
Indi mənim dünya boyda bağlı ayaqqabım var,
Səndən sonra tərgitmişəm ayaqyalın gəzməyi.

Üstüm-başım, ev-eşiyim, sər-səliqəm, səhmanım,
Nə gülməsi, nə qəh-qəhə, əcəb ağıllanmışam.
Aya da vaxt ayırıram, günəşə də yetirəm,
amma yenə dolmur zaman,
Sən gedəli bom-boşam...

Hamı, hamı, uşaq-böyük, hamı məndən razıdır.
Gecələrin sükutunu pozmaq nədir, bilmirəm.
Axşam düşdü, salam-məleyk, ən birinci evdəyəm,
Küçələrdə veyil-veyil gəzmək nədir, azmaq nədir, bilmirəm...

Sən gedəli əməllicə düzəlmişəm, gördüyün,
Məni pozan sən imişsən, hamı belə danışır.
Bircə sənin o gözlərin, o gözlərin olmaya,
Xəyalıma gələn kimi bütün nizam qarışır.

Hər şey, her şey qaydasında amma belə qəribə.
Günlər gəlir-keçir, gedir, yadda qalmır amma ki.
Sən gedəli...
necə deyim, qoy lap düzün deyim də,
Sənsiz adam olmaq olur,
Sənsiz olmur amma ki...



***
Mənə qalsa doğru deyil bu sükut;
nə vergülü, nə nöqtəsi yerində.
Mənə qalsa... sən mənə də inanma
mənə qalsa həqiqət əllərində!

Niyə aya toxunmusan, Qarbəyaz?
Axı sənə demişdim ki, yasaqdı.
Sən elə bilirdin, asandı getmək?
Niyə susub dayanmısan nə vaxtdı!

Bəlkə, min il keçib bu lallığından
bəlkə də bu, dünən olub, nə bilim...
bəlkə də ki, o kövrək ürəyində
bəlkə, nəsə sınan olub, nə bilim.

Sən susalı, dövran keçib, gün keçib
daha yoxdu sükutuna xridar;
mənə qalsa bu sükutlar köhnəlib
indi yeni əlifbada susurlar.

Məktəblərdə "sükut dili" ləğv olub
indi hamı necə gəldi susursa...
Sənin dilin dəqiq susur, düz susur
inciməzsən sükutuna toxunsam?!

İndi susmaq dəbə düşüb, əzizim
susmaq dönüb qızıl olub, pul olub.
Sözün varsa pulunu al, danışma
indi sükut qazanc üçün yol olub.

Sən özün də yorulmusan, bilirəm
səssizlikdən vücudun əldən düşüb;
mənə qalsa... aman Allah, bu nədir?!
Axx, gözəlim, sükutuna "dən" düşüb?!

Daha bəsdir, sükutunla vidalaş,
qoy dilinə çiçək düzək, gül düzək;
axşam düşüb, darıxıram yenə mən
tez bir ovuc cümlə götür,
gəl bizə...



***
Sərçələr büzüşüb sırayla budaqda
hələ çox soyuq var, soyuq var qabaqda?...
Havalar buludlu,
gün çıxmır haçandı
bir ay da ötüşsə
bahara nə qaldı?...

Əlimdə bir ovuc, bir ovuc ümid var
uçurur küləklər
isladır yağışlar...
nə qəşəng soyuqdu,
yoxsa bu tanışdı?
ovcunu aç görüm kibritim alışdı?...

İlahi, bu nədi,
bəyaz qar yağır ki
Yerlə göy barışdı, barışdı axır ki?...
Əllərim üşüsə gələcəm həvəslə
açarsan donunu
bir çəkim nəfəslə...

Süzürsə göyərçin, durursa səmada
qəfil bir mayallaq vurursa səmada
onundur demək ki,
onundur azadlıq
bəlkə bir...
bəlkə bir oyundur azadlıq?!...

Bilirdin?
Ay ancaq gecələr çıxırmış;
çay adlı güzgüdə özünə baxırmış...
Bəs sənə...
mən sənə özümçün baxarsam
gələrsən yanıma,
gələrsən çağırsam?...

Gün çıxdı,
dünyanın əhvalı dəyişdi
Bu günəş dünənki o batan günəşdi?...
Gəmilər qayıtdı,
gəl məni qarşıla
çox qala bilmədim mən sənsiz,
bağışla!...

Tanrı tənhalığı

Deyim, biləsən
sənin üçün darıxmıram
heç yadıma da düşmürsən.
Sənə elə gəlir dərdindən ölürəm?
Yox, əşşi
sənsizlik məni üzüb eləmir
qətiyyən
nə ağlayıram
nə də pəncərəmdən baxa-baxa
gözümün yaşını silirəm.
nə bilim,
sən yoxsan deyə
nigaran da deyiləm heç...

Elə bilirsən səni unutmaq çətin idi?
Əsla!
Həsrətinə and olsun,
elə unutmuşamki səni.
Bax, nə hüzünlü deyiləm
nə qaş-qabağımı tökürəm;
yalan olar axı
necə deyim ki,
sənsiz çox əzab çəkirəm...

Sən gedəli, qəm yemə,
həyat öz axarıyla davam edir;
yenə həmin dünya, həmin ədalətsizlik,
yenə həmin pafos, şüar, səs-küy
yenə həmin cəsarətsizlik!

Haqqın yolu – eyniylə o küləkli dekabr gecəsindəki kimi, bom-boş!
Pullular eyforiyada - sərxoş,
yaltaqlıq sabun köpüyü kimi sürtüldükcə artmaqda
zülmün axıtdığı qan səmanın tavanına çatmaqda
bütlərin qarşısında anşlaq, tıxac
kişilər ac, kişilər yalavac,
nicat qapısının üstünü kol-kos basıb
çıxış yolu tükdən incə,
xilas yolu dolam-dolam
Yəni, sən gedəli
sadəcə dilənçiliyin ovucları bir az daha dərinləşib,
vəssəlam!

Bax, sevgilim,
“Məni çağır!”,
“Məni sev!”,
“Mənə gəl”...
–deyə səslənir Tanrı bütün səmavi kitablarında;
görünən odur ki,
Yaradan da məmnun deyil təkliyindən;
içində 7 milyarda yaxın körpəsi
dünyanı beşik kimi yellədir sevə-sevə,
gülə-gülə
bilə-bilə ki,
bəziləri “böyüyüb” üzünə ağ olacaqlar
uzaq olacaqlar...

İndi mən,
Tanrı tənhalığını yaşayan adamam.
Tənhalıq demişkən, qarbəyazım,
uzaqlar demişkən, xatırladım:
indi hansı uzaqlardasan?...

Sən gedəli, evimin divarındakı bütün mismarlardan
ruhunu asmış adamam;
cismi yiyəsiz,
əfkarı necəsiz, niyəsiz keçməyən adamam.
Saxtalaşmışam biraz da, düzünü deyim də;
Qəribə ziddiyətlər yaranıb məndə,
məsələn, ölkəmin neftinin qurumasına susub
"Urmu" -ya görə şüvən salan da mənəm
nə bilim,
məzluma göz yaşı axıdıb,
zalıma əl çalan da - mənəm!!!

Sən belə adama niyə dönəsən ki?
Qal qaldığın yerdə!
Dedi-qodudu hamısı, məndə hər şey yolunda
heç narahat olma
fikir eləmə axşam-axşam,
hə, gülüşün haqqı,
mən artıq alışmışam sənsizliyə
həmişəkindən də yaxşıyam
mən yaxşıyam
Yaxşıyam!!!

Anasızlıq…

Anasız bu dünyamın
Nə dadı var, nə də tamı
İlahi,
al hər şeyimi,
qaytar mənə anamı!

Anasızlıq ağır gəlir,
ürək onu çəkə bilmir.
“Yetim” adlı yırtığımı
heç bir iynə tikə bilmir.

Anasız çılğın həyatın
nəbzini tutmaq da çətin.
Anasız gülmək, ağlamaq,
anasız yatmaq da çətin.

Anasızı gözlərindən tanıyaram;
Kövrək, ürkək
Heç bir gözün düz içinə baxa bilmir
Elə bilki baxışında nəsə çatmır,
anasızlıq
gözlərindən çıxa bilmir…

“Əziz anam!” –deyən görər
Ana əzizləyən görər-
sol tərəfdə ağrı duyar anasızlar
bir xəlvətə çəkilərək sızıldayar anasızlar…

Bircə kəlmə, üçcə hərf
Dərin, çözülməz bir məna.
Desəm mələk
desən insan
əlçatmaz bir imkan –Ana!

…Doğularkən qayçı ilə
göbəy bağımızı kəsib-
ayırarlar anamızdan
Bax ,o zaman bəlli olar
Ulu istək
Demək, hər şey ötəridir,
hər şey haçansa bitəcək.
Demək, bu fani dünyada
öz doğmaca anamıza-
belə
bağlanmamaq gərək…

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031