manera.az
manera.az

Hüseyn Cavidin əsərlərində nəsihət motivi

2-07-2019, 10:16

Hüseyn Cavidin əsərlərində nəsihət motivi
Azərbaycan ədəbiyyatının XX əsrdə yaşayıb-yaradan görkəmli nümayəndələrindən biri - Hüseyn Cavid həm növ və janr, həm də mövzu və məzmun baxımından zəngin ədəbi irs yaradan sənətkarlardandır.

Böyük ədibin yaradıcılıq irsi məzmunca maraqlı çalarlarla zəngindir. Bu baxımdan əsərlərində diqqəti cəlb motivlərdən biri də nəsihətdir. Bir janr kimi “Nəsihətnamə - klassik Şərq və Azərbaycan ədəbiyyatında didaktik səciyyə daşıyan, həm nəzmlə, həm də nəsrlə yazılan əsərlərdir”. Doğrudur, sənətkarın birbaşa bu janrda yazılan əsəri yoxdur. Ancaq, klassik irsə öz bədii yaradıcılığında dəfələrlə müraciət edən Cavidin əsərlərində nəsihət bir motiv kimi geniş işlənmişdir. Müxtəlif məzmunda yer verdiyi bu cür nəsihətlər insanpərvərliyi, həyat və azadlıq sevgisini, əxlaqi-tərbiyəvi düşüncələri dolğun şəkildə əks etdirir.

Xüsusən, lirik yaradıcılığında nəsihətə yer verən şairin bir çox şeirlərində bu qəbil nümunələrə rast gəlinir. “Sevinmə, gülmə, quzum!..” şeiri bu baxımdan qiymətlidir. Belə ki, özünə, ruhuna müraciətlə yazılan və monoloqu xatırladan şeirdə başdan-başa hər misrada nəsihət ruhu duyulur. Hələ əsərin ilk sətirlərində heç kimin pis gününə, səfalətinə sevinməmək, kimsəsizləri, yazıq, səfilləri incitməmək tövsiyyə olunur:

Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə,
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların

Sonrakı misralarda acı bir sözün, kinayəli bir gülüşün yaralı qəlbi necə incidəcəyini, illərlə sağalmayan yaraya çevrilə biləcəyini bədii boyalarla təqdim edən şair, gün gəlib dövranın dəyişə, bir gün gülənin, bir gün ağlaya biləcəyini vurğulayır və daima bunu düşünərək yaşamağı nəsihət edir:

Toqunma, ruhum! Əvət. Kinlidir fələk, bir gün
Qızar, həmən gücənib intiqam alır səndən.
Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!
Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..


H.Cavidin yaradıcılığı üçün məxsusi cəhətlərdən biri də onun ictimai-siyasi görüşlərinin öz bədii yaradıcılığında qabarıq əks olunmasıdır. Bu baxımdan qeyd edə bilərik ki, şairin imperializmə, müharibəyə nifrəti, onun törətdiyi fəlakətlərə etirazı bir sıra əsərlərinin ana xəttinə çevrilmişdir. Bununla yanaşı, türkçülük, turançılıq sevdası, türkün qədim və əzəmətli tarixinə rəğbəti bədii əsərlərində kifayət qədər qabarıq ifadə olunmuşdur. Bu görüşlərin təcəssüm olunduğu nəsihələrini də öz oxucusuna təlqin etməyi unutmayan şairin “Hərb və fəlakət” şeirində qeyd etdiyimiz nüansları aydın duya bilərik:

Bir zamanlar şərəfli Turanın,
O cihani ğəyuri qavğanın
Qəhrəman, bərgüzidə evladı,
Türklərin anlı-şanlı əcdadı
Saldırıb titrətirdi yer yüzünü,
Hökm edər, dinlətirdi hər sözünü

...... Qalq, oyan! Sönməmişsə imanın,
Qalq, oyan! Gör nə fikrə xadimsin?
Kimlərin oğlusunn? Nəsin? Kimsin?
Sürdürüb durma böylə, bir yüksəl.

Ümumiyyətlə, özünə müraciət, tövsiyyə, nəsihət romantik şairin bir çox şeirləri üçün xas olan xüsusiyyətlərdəndir. İctimai-fəlsəfi məzmundan ziyadə, sevgi-məhəbbət, xüsusən qadına münasibət və müsbət əxlaqi yaşam şairin önəmlə xatırlatdığı məsələlərdəndir. Hər qadına uymamağı, aldanmamağı dönə-dönə vurğulayan Cavid həm lirik nümunələrdə, həm də dram əsərlərində bu növ nəsihətlərə müraciət edir:

Cihanı cənnətə təşbih edər də bir şair,
Gözəl bir afəti bəzən mələk sanır, sevinir,
Fəqət səadəti - aldanma, pək müvəqqətidir!


Oxşar mövzuda, nəzmlə qələmə aldığı “Uçurum” faciəsində kişilərin əxlaqsız həyata qurşanması və ailəni sürüklədikləri uçurum, fəlakət əks olunmuşdur. Burada da Cavid əvvəlki əsərdə olduğu kimi nəsihətçilik ruhundan uzaqlaşmır. “Dramda iki öyüdçü surət var. Onlardan biri Göyərçini həqiqi məhəbbətlə sevən, eyni zaman, onun xöşbəxtliyini arzulayan Əkrəm, ikincisi isə Göyərçinin atası Uluq bəydir. Əkrəm səyyah, mütəfəkkir, kitab aşiqi mütaliəçi bir şəxsdir” . Əsərdə xüsusən Əkrəmin dilindən verilən və Cəlala ünvanlanan bu misralar fikrimizi aydın izah edir, təsdiqləyir :

Əvət mələkdir, fəqət
Şeytan ruhlu bir mələk!
Lətif çiçəkdir, fəqət
Pək zəhərli bir çiçək!
Bir sən deyil, hər kəslə
O istər həmdəm olmaq,
Lakin yaqışmaz sana
Hər kölgəyə vurulmaq.
Beş aydır Parisdəsin,
Söylə nə yapdın, söylə?
İnan ki, məhv olursun
Bu sayğısız gedişlə.


Gördüyümüz kimi, “Bən istərim ki...” şerində ortaya atılan düşüncələr – incə ruha, qəlbə sahib olan sənətkarın mələk üzlü bir şeytana, əxlaq düşkünü qadına uyması, özünü, sənətini fəlakətə aparması fikri “Uçurum” faciəsində davam etdirilmiş, obrazların dili ilə bu haldan uzaq olmaq tövsiyyə olunmuşdur:

Şu əfsunçu qadından
Uzaqlaşmazsan əgər,
Öyündüyün istedad,
Sənət, dəha həp sönər.


“Uçurum” faciəsində maraqlı nəsihətçi obrazlardan biri də Uluq bəy obrazıdır. Uluq bəyin əsərdə həm Cəlala, həm də qızı Göyərçinə nəsihətilə qarşılaşırıq. Belə ki, “Göyərçinin dünya görmüş, savadlı, bir az da el adət-ənənələrinə və əxalaqına möhkəm bağlı olan atası Cəlalı başa salır ki:

Avropada işıq da var, zülmət də,
Orda səfalət də var, fəlakət də.
O bir əngin dəniz ki, pək qorxuncdur,
İnsan gah inci bulur, gah boğulur...

Lakin Cəlal bu nəsihəti yaddan çıxarır. Parisə gəlcək bir rəqqasənin... bir çoxlarını əlində oynatmış Anjelin toruna düşür”.

Uluq bəyin ata kimi öz övladına da nəsihəti diqqətəlayiqdir. Onun qızına həyatla bağlı nəsihətləri bu obrazın dilində böyük ustalıqla bədii ifadəsini tapmışdır. Bununla bağlı görkəmli ədəbiyyatşünas Əli Sultanlı obrazı səciyyələndirərək qeyd edir: “Uluq bəy öz qızının bədbəxtliyini görən, ürək yanğısı ilə fikirlərini söyləyən bir qocadır”

Quzum, baq, şu bulutlar,
Nasıl gəlib geçərsə,
Həyatdakı dəhşətlər,
Qayğılar da öyləcə
Keçib gedən şeylərdir,
Məraq etmək nafilə;
Yalnız xəstə ruhlular
Çırpınır eyvah ilə.


Əsərdən nümunə gətirdiyimiz yuxarıdakı misralar həm də sənətkarın həyata baxışının, düşüncələrinin, fəlsəfəsinin bədii təzahürü kimi səslənir.

Cavid yaradıcılığında ən az “Uçurum”qədər nəsihətlərə yer verilən ikinci əsər ədibin “Maral” faciəsidir. Pyesin ayrı-ayrı pərdələrində obrazların dilindən verilən müxtəlif məzmunlu nəsihətlər müəllifin oxucusuna aşılamağa çalışdığı düşüncələrinin ifadəsi kimi səslənir.

Belə ki, Hüseyn Cavidin türk dünyasına rəğbəti, onun birliyinə, yüksəlişinə, böyük cəngavərlərinə qarşı hörməti, sevgisi Çingiz bəy, Bəypolad və Turxan bəyin dialoqunda, xüsusilə, Çingiz bəyin dilindən söylənən fikirlərdə müəllifin oxucuya nəsihət kimi səslənir. Belə ki, aşığın aşağıdakı misralarına Çingiz bəyin cavabını nəzərdən keçirək:

Nə buldular İsgəndərlər, Çingizlər?!
Qanlar döküb, canlar yaqıb getdilər!...
Cihanı titrədib alt-üst etdilər,
Qanlı bir iz bıraqdılar ellərdə...


...... Çingiz bəy: Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir. Mühakiməli bir adam, öylə iftiralara əsla qulaq verməz. Azacıq insaf etməli, iştə hər millətin tarixi meydanda... Əcnəbilər böyük İskəndər, böyük Napaleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor, heykəllər dikdiriyorlar. Fəqət bizlər!... bizlər isə Çingiz kibi gihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz!

Cavidin, türkə, türk xalqına, onun hər bir fərdinə hörməti, sevgisilə yanaşı, insan xarakteri, davranış xüsusiyyətləri haqqında da maraqlı düşüncələri öz əksini tapır. Və bu iki məqam əsərdə yanaşı qoyulur:

Bəypolad: ... Bayram! Oğlum, Qulaqlarını eyicə aç! Sözümü, nəsihətimi dinlə!... Sən bir baba yiğitsən, bu hal sana yaraşmaz. Sən bir türk oğlusun, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!...Baq nə diyorum sana, sözlərimi unutma!.. (Qayət şiddətli və ağır bir ahəng ilə). Heysiyyətli bir baba yiğit, nə oynar... nə gülər... nə də ağlar... Çünki oynamaq çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... Anladınmı? İştə bu qadar! Haydı, get!..

Yuxarıda da qeyd etdiyimiz kimi, Cavid yaradıcılığında nəsihətlər müxtəlif, rəngarəng məzmunludur. Burada əxlaqi-tərbiyəvi cəhətlərə daha çox toxunan Cavid, namus, qeyrət kimi anlayışları yüksək qiymətləndirir. Dünyagörmüş, yaşlı, dindar bir qadının – Nazlının dilindən, gənc Marala deyilən sözlər gənc qıza, qadına verilən dəyərli nəsihət kimi səslənir.

Nazlı (mülayimətlə). Maral! Maral!.. Həyat beş günlükdür, fəqət namu...s! Namus əbədidir!

Maral (mütəəssir). Of, aman, yarəbbi!

Nazlı (kəskin). Maral! Yavrum! Allahın əmri...Peyğəmbərin şəriəti...ayaqlar altına alınmaz, qızım! Anlamıyormusun? Hələ bunu cəllad sifətli Turxan bəy
duyarsa, inan ki, səni əsla sağ bıraqmaz!


Gördüyümüz kimi, H.Cavidin bir çox əsərlərində nəsihət nümünələrinə rast gəlmək mümkündür. Nəticə olaraq qeyd edə bilərik ki, dahi sənətkarın yaradıcılığı, əsərlərinin mövzusu müharibə, türkçülüq, ictimai-siyasi motivlər baxımından nə qədər aktual, nə qədər zəngindirsə, ayrı-ayrı əsərlərində oxucuya ya birbaşa, ya da obrazların dilindən təlqin olunan nəsihətlər də Cavid yaradıcılığı üçün o qədər səciyyəvidir.

Təranə MƏMMƏDOVA,
AMEA Nizamı adına Ədəbiyyat İnstitutunun dissertantı,
AMEA Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30