Səni apardı uzaqlar - Eminqueyin şeirləri

Tarix:11-06-2019, 20:10 Baxış Sayı:183

Səni apardı uzaqlar - Eminqueyin şeirləri
Manera.az gənc şair Eminqueyin şeirlərini təqdim edir:

***
başqa nə var, başqa nə yox, soruşma,
köhnə təklik, köhnə darıxmaqdı bu.
gəl, bir gün özün bax qadın gözüylə
gör nə təklik, gör nə darıxmaqdı bu.

boğazım sıxılır qəhər əliylə,
üzülmür ayağım yerdən hələ ki.
arabir yadımdan çıxır gedənlər,
yəni dincəlirəm hərdən hələ ki.

yuxum da yozulur darıxmağa, qız,
tərslikdən hamısı hələ çin çıxır.
sevgi çıraq imiş, nə cin, nə arzu
içindən darıxan Ələddin çıxır.

gərək qulağını burum bu ömrün,
bəlkə bir gün gələ ağıl başına.
bir adam verirsən, darıxmaq düşür,
kül olur bu ömrün nağıl başına.

gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,
keçir düz yanımdan görməmiş kimi.
tənhalıq elə bir divdi ki, ömrü,
yeyir harda tutdu görməmiş kimi.

de, görüm bu necə ömürdü axı,
hamıya bir nağıl yazısı düşür.
çıxıb gedənlər də demir bu ömrə
neçə il darıxmaq cəzası düşür.

başqa nə var, başqa nə yox soruşma,
hələ ki, birtəhər darıxıram da.


***
İsa çarmıxa çəkilməsəydi,
bilməyəcəkdik,
biçarədi
mıxlanan qolları, ayaqları
Allahın hər yerdə olduğuna işarədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı İsa.

Musa gəlməsəydi,
bilməyəcəkdik,
Allahın çomağı var,
ayırır sevdiklərimizlə yollarımızı
dənizlər kimi.

Məhəmməd gəlməsəydi,
bilməyəcəkdik,
hörümçəklər tək adamların cangüdənidi,
Allah bir az da Musanın çomağıdı,
Məhəmmədin hörümçəyidi,
İsanın bədənidi.

sonda
heç vaxt hörümçəkləri öldürməyən adam
çomağa söykənib
İsanı gözlədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı adam....


***
saçlarının hörüyündə
yollarımız kəsişsə də
ucunda ayrılıq var.
əllərini gizlətmisən,
bilirəm,
içində ayrılıq var.

qapını döyür bir adam,
başdan ayağa sirr adam,
qışqırır, qışqırır, adam,
– açın da! ayrılıq var...

belədi də, dəyişmir ki,
fikir vermə, qovuşmur ki,
hər sevən dörd-beş adamdan,
üçündə ayrılıq var.


***
atmağa gecikdiyim qumbara kimi
sevgim əllərimdə partladı,
tuta bilmədim əllərindən,
səni apardı uzaqlar.

sənə aid nəyim varsa
toxundum,
tikanlı məftil kimi
səndən məni qopardı
uzaqlar.

hə,
əgər ayaqları olmayan qoca da
tərk edə bilirsə,
deməli,
ayrılıq ən təhlükəli sürünəndir,
bəhanədir əllər və ayaqlar...


***
o gün anamın avazına oyandım,
nə ev təmizləyirdi,
nə pəncərə,
heç evimizin çölə pəncərəsi də yox ki,
açıb udasan otların qoxusunu,
Günəş sığal çəkə dibçəklərə,
gözlərini ovxalayıb
tökəsən küçələrə gözlərinin yuxusunu.

atamçün oxuyurdu Quranı
onun bağlanmış ömür kitabında
səhvləri düzəldirdi,
silirdi,
"günahlarını bağışla, ilahi"
deyirdi...
nə də olsa müəllim işləyib on il,
vərdişidi.

inanmırdım...

elə bilirdi,
adına bişirdiyi yeməkdən atam da yeyəcək,
onunçun çox bişirirdi aşı,
qaranı,
gecə yuxusuna gələcək,
qucaqlayacaq,
göz yaşlarını siləcək.

inanmırdım...

atamdan danışırdı dəqiqəbaşı
divardakı şəklini göstərirdi,
nəfəsini dərirdi,
için-için ağlamaqçun.

o gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə Günəşlidi.

o gün bilmişəm,
bu ev nə vaxtsa yansa,
anam birinci o şəkli götürəcək özüylə,
yuxularında sağ qalan atamın bircə sözüylə
xoşbəxt oyanacaq yenə yuxudan.

o gecə məni ən çox qorxudan
anamın bir anlıq kəsilən nəfəsiydi,
deyəsən,
atam möhkəm qucaqlamışdı onu bu dəfə...

yuxulara inanıb yatdım
o gecə səhərə kimi yuxumda atamı gözlədim...


***
anam mənə deyərdi ki,
getmə sobaya tərəf.
əlini yandırarsan.
mənsə, əlimi sobaya yapışdırıb
soyardım yanan dərimi, Ayşən.

uşaqlıqdan bizi
qorxuda-qorxuda böyütdülər,
bütün xoxanlara doğru qaçdıq,
barmaqlarımızın arasından baxa-baxa
damdabacaları gözlədik,
öyrəndik qorxularımızla əylənməyi.

boğaz silən Sara xalanın barmağı
qalmadı boğazımızda,
sevdiyimiz adamlar kimi.

atama deyərdim,
Sara xala ölməsəydi,
boğazımızda ilişib qalan,
düyünlənən kədərimizi silərdi.
atam əllərini qarnına söykəyib gülərdi,
sonra atam da boğazımızda
düyünlənib ağrıya çevrildi.

sonra bütün evrənin sirri faş oldu,
sən demə,
haradasa su var, həyat var,
adamlar hələ də
başqa planetlərdə həyat axtarırlar,
laap başqa adamlarda axtardıqları kimi.

axtara-axtara dostum Rasim əyyaş oldu,
qonşum Aygün... nə isə...

bilirsən,
Ayşən,
sən də gedəcəksən...
mənsə, artıq öyrəşmişəm bütün ayrılıqlara,
həyatıma gedib-gələn qadınlar
gözəl və sərfəli restoranları tanıtdı mənə.
bir də davasız,
kinsiz ayrılmağı,
sakit, mehribanca.

eybi yox,
uzağı sən də əlimi yandıran soba,
uzağı sən də xoxan,
uzağı sən də damdabaca.


***
Bir gün fıstıq qabında siqaretlər yurd salar,
bir gün əlüzyuyana su axar gözlərimdən.
Daha günəşdən qabaq üzümə dəyməz əlin,
saçlarının ətrini alaram dizlərimdən.
Divar asılqanında zaman cəllada dönər,
hər gün o zəhrimar şey beynimi qamçılayar,
yoxluğunu səsiylə,
əqrəblərin iyirmi dörd saat hədəsiylə
salar yadıma hər gün.
İstisini itirmiş yastıq da "sən!" dillənər,
toz basmış güldandakı solmuş çiçəklər də sən.
Hər gün çirkli qab-qacaq,
sərxoş olub sındırdığım çərçivəli şəkillər,
boğazımda ilişən dadsız yeməklər də sən.
Bu yol inadkar külək.
Səni axtaran zaman boşa çıxır əllərim,
Təklik üzümə qayıdır sırtıq tüpürcək kimi.
Bu boza dönmüş həyat
tor bağlayıb gözlərimin ucunda
arsız hörümçək kimi.
Ağlımı itirmişəm.
Gah qayıdanda evə bir dəstə gül alıram,
gah da ki, eşidirəm mətbəxdən gülüşünü.
Gah da hərdən telefonda yığıramsa nömrəni
– Bu insan mövcud deyil! İtirdin Günəşini!
Hə, yadıma düşdü axı, nəsə bir söz demişdin,
demişdin ki, bilmək olmur avandımı, tərsimi.
İşdir, bir gün mən olmaram, darıxar qulaqların,
Eşidirsən?
Lazım olar...
Yaxşı-yaxşı qulağında sırğa elə səsimi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ