İblis surəsi - Elçin Aslangildən fəlsəfi esse

Tarix:9-06-2019, 22:03 Baxış Sayı:128

İblis surəsi - Elçin Aslangildən fəlsəfi esse
AYƏ (ɨ) Enişteyin görəsən nə üçün F. Dostoyeviskini böyük ehtirasla sevir və "Dostoyevski mənə hər kəsdən, hətta Qausdan da çox şey verir"- deyirdi? Çünki Dostoyevski dərketmənin ən kamil yollarından birini - insan üzərində qəddarcasına təcrübə aparmaq metodunu tapmışdı.

AYƏ (‡) Bu təcrübə Raskolnikov adlanan labaratoriyada aparılmışdır. A.Enişteyin də, Dostoyevski sayaq düşünərək, bu metodu fiziki sahəyə tədbiq etdi. Belə ki, o da, qəddarcasına təcrübə apararaq, maddəyə işıq sürəti verdi və Nyton fizikasına tərs düşən, tamamilə yeni bir dünya kəşf etdi- Məkanın, zamanın, uzunluğun nisbi olduğu, maddənin enerjidən yarandığı misstik dünya...

AYƏ (₪) Yalnız H. Hessenin yalquzaq dəlilərinə xas olan mənim dərketməm, inkar etmək gücünün və onun beynimdə yaratdığı inqilabın nəticəsidir. İnkar, dərketmənin özülüdür, müdhiş yoldur. İnkar edənə İblis damğası vurulur. Get-gedə yaman vuruluram bu İblisə və inkarlara. Hərdən İblisin "yaradılışının" səbəbini Tanrının özü üzərində apardığı qəddarcasına təcrübəsi kimi düşünürəm. Elə "yaradılış" da, öz başlanğıcını bu təcrübədən götürür. Məncə, Tanrı, özünü dərk etmək üçün İblisi yaratdı. Çünki o özünü inkar edəndə İblisə, İblisi inkar edəndə isə özünə qayıdır və həzz alır bu müqəddəs çevrilmədən. Amma İblisin çox kamil bir təbiəti vardır - sadiqlik adında. İnsana təzim etməməsi də bu üzdən - Tanrıya sadiqliyindən irəli gəlirdi. Tanrı bunu qəbul edə bilmədi. Əslində İblisin bu hərəkəti Tanrının özünü tam şəkildə anlaya bilməməsi demək deyildimi? Çünki o da, ta əzəldən İblisi yaratmaqla "şəxsiyyətin parçalanması" adlanan xəstəliyə düçar olmuşdu. Əslində Tanrının ən kamil rəsmi yarıtanrı, yarı İblis olan bir portiretdir ki, məhz bu səbəbdən din onu çəkməyi qadağan edib. Yəni əsas məsələ Tanrıdakı İblisliyi gizlətmək üçündür, məncə. Əslində mənim də Tanrı və İblis anlayışım öz üzərimdə apardığım qəddarcasına təcrübədir. Tanrı xoş, İblis isə şər əməllərin simvoludur. Bəlkə mənim qəhrəmanım "şəxsiyyətin parçalanması" xəstəliyindən əzab çəkir? Faust hayqıranda ki, "Mənim köksümdə iki qəlb var" - elə bunu demirdimi? Karl Marksın "Öz əvvəlki mövcudluq formasını inkar etməyən inkişaf baş verə bilməz" Məhz bu inkişaf üçün Tanrı da özünü inkar- İblis etməyə məcbur olur. Hegelin fəlsəfəsindəki mütləq ideyanın özgələşərək təbiətə çevrilməsi və yenidən insan şüurunda özünə qayıtması kimi.

AYƏ (∏) Həqiqətən də, İblis olmasaydı mövcudluq olmazdı, inkişaf olmazdı. Ən əsası varlığı özündə saxlayan əksiliklərin vəhdəti və mübarizəsi qanununun mövcudluğunda İblisin rolu danılmazdır. Bəlkə də, bu səbəbdən Təsəvvüfdə İblisə böyük maraq və gizli sevgi vardır - Mənsur Həllacın, İbn Ərəbinin timsalında, yaxud Musa və Fironun, Məhəmməd və Əbucəhlin əsillərinin eyniliyindən danışan Ruminin timsalında. İnsanın bu əqli burulğanlardan çıxış yolu nədir? Bu yol bütün mistik təlimlərin kökündə duran "özünü öldürmək" anlayışından keçir. Ölüm tək olmaqdır- təkləşmək Allahlaşmaqdır. Ölməsən Hessenin yalquzağı kimi yarıinsan, yarıcanavar kimi yaşayacaqsan, əzab və işgəncələrlə.

Sufilər ölümün ən möhətəşəm yolunu - Sevgi yolunu tapdılar və hələ də əsl sevginin "ölüm" olduğunu anlayan çox az adam var... Sevgi özünü başqasının mənliyində unudub və birdən öz həqiqətini taparaq, özünə qayıdan ölüm hadisəsidir. Əslində xoşbəxtlik tək olmaqdır və bu heç də varlığındakı İblisi öldürüb Allahlaşmaq yox, həm də, tam tərsi- Allahı öldürüb İblis olmaqla da, mümkündür. Ümumiyyətlə təbiətdə heç nə birrəngli deyildir. Bütün kosmos vahid harmonik sistemdir. Tanrının 99 sifətindən şövqlə danışıldığı halda İblisin sifətlərindən danışılmır. Və mütləq İblisində 99 sifəti olmalıdır ki, Tanrı deyilən xeyirin dərki üçün, İblis deyilən şərin anlaşılması mümkün olsun. Hər şeyin öz ziddi vasitəsilə tanınmasını nəzərə alsaq, Tanrının tanınmasında İblisin böyük rolu vardır. Yəni dərketmə yolunun təməli İblislə - inkarla başlayır.

Tam olaraq vurğulamaq istədiyim məsələ Tanrı - İblis simvolu ilə verdiyim, insanın anlaşılmasıdır. Yəni insanın özündəki, daxilindəki hadisələrin, ruh axınının fərqində olması, Təkləşərək vahid - vücut olmağa çalışmasıdır.

Məhz buna görə də anlamalıyıq ki, həqiqətə çatmaq üçün İblisə nifrət yox, onu çevrilməyə uğratmaq lazımdır. Bu yoqa elminin seksual enerjinin aydınlanma yoluna qədəm qoyulması texnikası - Kundalini enerjisinə bənzəyir. Yəni yeganə yol İblisə sevgi öyrətmək və onu bu yolla Allaha çevirməkdir. Çünki sevgiyə qapılaraq o özünü məhv edib, insanın ali xislətinə qovuşaraq yeknəsəkləşərək əslində yox olacaq. Bu zaman insanın daxilində əbədi bir hal, məqam yaranır ki, bunu da biz Buddanın, Mahaviranın, Sokratın, İsanın və Məhəmmədin həyatından oxumuşuq. Bu fenomenlərin həqiqəti dərk etmək yolundakı İblis sevgisindənsə heç yerdə yazılmadı...Nəyə görə İlahi nəyə görə?

AYƏ (●) İblis bütün həqiqət axtaranların ilk müəllimi, Tanrınınsa özünü anlamasına yardım edən ən fenomen yaradılış oldu. Çünki qaranlıq işığın olmadığı yer olduğu üçün işıq - Tanrı, qaranlığı İblis vasitəsi ilə kəşf etdi. Bütün bunları bilən və yaşayan M. Həllac dahiyanə əsəri olan "Təvasin"də İblisin adından deyirdi: "Mənim (İblisin) və Allahın ən böyük ortaq cəhəti, hər ikimizin zikr olunmasıdır". Bax budur təsəvvüfün görünməyən gizli tərəfi. Və ya Şamanizmin "Qara inam" adlanmasının səbəbi../yarpaq.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ