Şair Əsədə sevgilərlə - Orxan Saffari yazır

Tarix:6-06-2019, 20:22 Baxış Sayı:269

Şair Əsədə sevgilərlə - Orxan Saffari yazır
bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.
bir evimiz olmadı kirayələrdən uzaq
bir oğul böyütmədik, əsgərə yola salaq...

hər şey bizdən böyükdü, hər şey bizdən balaca
ortalıqda qalmağın cəzası tənhalıqdı.
bunu da bu şeirin küncünə yaz, balaca,
- biz olan sevgilərin başında ayrılıqdı...


Misralarının müəllifi Əsəd Qaraqaplan...

Müasir ədəbiyyatı oxuyan, şeirin sevən hər kəsin ya əzbərdən ya da bir neçə misrasını bildiyi "Sonuncu sevgi" şeiri...

Bu şeir, müəllifin "pasportudur" da deyə bilərik.

Necə deyir şeirdə?

"Biz olan sevgilərin başında ayrılıqdı"
"Ortalıqda qalmağın cəzası tənhalıqdı"

Əslində, Əsəd Qaraqaplan mənə bir az da ortalıqda qalmış adamı xatırladır. Əsəd həmişə tənhadır. İndi mən tənha deyirəm, siz bu tənhalığı heç kimi yoxdur, ya "evdə təkdir" anlamında başa düşməyin. Əsəd öz içində tənhadır, öz içində təkdir.

Onu şair edən bəlkə də elə budur.

"Daş adam" şeiri var.

"öldürdüyüm adamların sayı-hesabı yoxdur,
sayı-hesabı yoxdur tərk etdiyim adamların"

Əsəd bir az tərk edən, bir az da tərk ediləndir. Ərgən olsaydım, ona "Yalquzaq şair" deyərdim. İndi bir az yumor edib, "ba(ə)yquş şair"-də deyə bilərəm.

"Sonuncu sevgi" şeiri Əsəd Qaraqaplanın özüdür. O, bu şeirdə özünü-bioqrafiyasını yazıb. Bəlkə də elə bu səbəbdən bu qədər çox sevildi bu şeir.

Müəllifin bundan əlavə çox şeirini oxumuşam. Məsələn, elə "Sevgidən sonra qadınlar" adlı şeir kitabında da gözəl şeirlər var. Digər şeir kitabında da bu şeirdən belə gözəl şeirlər var. Ancaq hansısa gözəgörünməz qüvvəmi, ya nəsə başqa bir şey bu şeiri elə doğmalaşdırıb, elə doğmalaşdırıb ki, gözümüz başqa şeirləri görmür.

"25 yaşlı Tanrı" şeiri də var məsələn. Ən az bu şeir qədər gözəldir. Amma nə edək ki, sonda bizim üçün yenə də "Sonuncu sevgi" qalır?!
Şair Əsədə sevgilərlə - Orxan Saffari yazır
Əslində, bu yazının yazmazdan əvvəl Əsəd Qaraqaplanın "SAVAŞroMAN"-ı oxumuşdum. Yazı da bütövlükdə bu romandan olmalı idi. Tənqid və təhlil etməli idim guya. Fəqət, başlıqda yazdığım şeir məni yolumdan döndərməyi bacardı. İndi Əsədin özü haqqında yazmamaq üçün özümü güclə saxlamışam. İstəyirəm bir neçə xatirə də yazım. Amma elə şeylər var ki, hər kəsə maraqlı deyil.

Ona görə də dərhal keçim roman haqqında da fikirlərimi deyim.

***

İndiyə qədər savaş haqqında bir neçə roman oxumuşluğum var. Bildiyimiz müharibə romanları.

Elə ən sonuncu oxuduğum Erix Mariya Remarkın- "Qərb cəbhəsində yenilik yoxdur" romanını deyim. Bunlar başqa yazının mövzusudur. Elə belə dedim, əslində.

Əsəd Qaraqaplanın SAVAŞroMAN isə oxuduğunuz bütün savaş romanlarından fərqlənir. Roman tam yeni bir ruhda, fərqli üslubda yazılıb. Yəni bu roman sevgi romanıdır. Oxumazdan əvvəl fikirləşmişdim ki, yəqin ancaq müharibədən bəhs edir, bombalar, raketlər havada uçuşur. Elə də oldu. Amma burdakı bombalar, raketlər müəllifin özü və mətnidir. Qəfil partlayır. Hissləri kütləvi qırğın silahlarını xatırladır.

Arzular qəfil qəlpə formasında dəyir adama.

Roman həqiqətən də təqdim olunduğu kimidir. Gərək əsəbi zəif olanlar oxumasın.

Romanda müəllifin xatirələri sevmədiyi, xatirələrin ona əzab verdiyini dilə gətirdiyi hissə var. Xatirələrin əzab verdiyi hissəsi ilə razıyam, amma xatirələri sevmədiyi hissəsin də yalan danışır. Günü bugün Əsədin evimin qapısını döysəniz, divarlar tutmuşam hər küncünəcən xatirələrlə dolub daşdığını görəcəksiniz. Yəqin yazıçı təxəyyülü bunu belə deməyə əsas verib. Nə bilim, bəlkə də içində xatirələri sevmir. Amma məncə, şairi şait həm də xatirələr, o xatirələr üçün baş verən yaşantılardır.

Şair demiş;

"Sənli xatirələr dağılıb evə
Bağışla otağım tör-töküntüdü"


Ümumi olaraq isə psixoloji bir roman kimi qiymətləndirərdim bu romanı. Müəyyən ruh halında qələmə alınmış bir əsərdir.

Əslində, bu roman haqqında sərt tənqidim də var. Amma bu da başqa bir tənqidi yazının mövzusu olduğundan qısaca olaraq iradımı bildirməklə kifayətlənmək istəyirəm.

Əsədin mətn dili bir az iticidir. Ya da mənə elə gəlir. İfadə tərzi bir növ əski türkcəyə yaxındır. Bu mənə elə gəlmir, dəqiqdir. Müəllifi şəxsən tanımasaydım, Azərbaycan dilini bilməməyi iddiasında çıxış edərdim. Tanıdığım üçün etmirəm. Bilir. Amma mətni kimi danışığı da bu cür olduğundan o qədər də dərinə gedə bilmirəm. Yənu bu həm də müəllifin "doğal" halıdır!

Bütün bunların fonunda Əsəd Qaraqaplan mənim üçün yenə də şeiri ilə doğmadır. Mən Əsədin şair kimi sevmişəm, şair kimi tanımışam və bundan sonra nə qədər roman yazır yazsın, Əsəd mənim içimdə şair olaraq qalacaq.

Bəlkə də Əsəd özü də bilir ki, yazdığı romanlar, mətnlər özü də şeirdir. Həmin o roman əslində bir şeir olmalıymış, zəlzələdən ya vəlvələdən çevrilib olub roman.

Əsəd bütün fikirləri ilə, romanları ilə, hekayə, esseləri ilə şairdir.

"Bakı bakirə fahişələrin şəhəridir"-harada yazdığını bilmirəm, amma Əsədin fikridir. İlk baxışda qəribə səslənsə də, necə də dəqiq bir fikir olduğu apaydın ortadadır.

Ona görə də mən Əsədi daim şair kimi sevəcəm, qəbul edəcəm. Bu o demək deyil ki, Əsəd yazıçı deyil. Qətiyyən! Sonuna qədər yazıçıdır. Amma
mən bu cür qəbul etmirəm, etmək istəmirəm. Elə bu yazıda da buna söz verirəm.

Məni heç nə yolumdan döndərə bilməyəcək.

Şair Əsədə sevgilərlə!

Orxan SAFFARİБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ