Darıxmağı çək başına, susasan... - ŞEİR

Tarix:13-05-2019, 10:20 Baxış Sayı:229

  Darıxmağı çək başına, susasan... - ŞEİR
DARIXMAĞI ÇƏK BAŞINA, SUSASAN...

Tanrı bizə pay verəndə,
Seçə, seçər dərd göndərər.
Sən dərdinə gülümsərsən,
Dərd də səndən üz döndərər,
Sən Tanrıdan inciyərsən.

Güvəndiyin axar, gedər,
Arzulardan baxar, gedər.
Əl atdığın son ümidin,
Səni səndə yaxar, gedər,
Sən, Tanrıdan inciyərsən.

Düşmənlərin üzə gələr,
Söz dediyin sözə gələr.
O qədər dost dediklərin,
Dostluğundan gözə gələr
Sən, Tanrıdan inciyərsən...

Zaman tərsinə axarsa,
Dünya sənə kəm baxarsa.
Əlaltından quyu qazıb,
Mərdi namərd tez yıxarsa,
Sən, Tanrıdan inciyərsən....

Qismət səndən gen düşərsə,
Xoşbəxtlik hərdən düşərsə.
Min ümiddən bir ümidlə,
Könlünə həmdəm düşərsə,
Sən, Tanrıdan inciyərsən.

***
Sevə-sevə ayrılığa nə var ki,
Vay o günə bilməyəsən yerin nə.
İçin-için axtaranda özünü,
Daha bir də gəlməyəsən yerinə.

Tufanların dağıtdıqca ömrünü,
İçindəki dəniz yenə çəkilə.
Lövbərini tale gizli izləyib,
Liman kimi düz önünə dikilə.

Bircə-bircə düyünləyib dərdini,
Kəməndini baxışından asasan.
Qurtum-qurtum hülqumuna düzdüyün,
Darıxmağı çək başına, susasan.

Ağrıların yanağını qurutsa,
Kipriyinlə suvararsan, bacarsan.
Buxağına süzüləni görməsən,
Köksün üstə apararsan, baxarsan.

Anlayarsan təkliyini nəhayət,
Qəfəsində bir ürəyin atmasa.
Xəzanların arzuları dəfn edər,
Bahar ömrün hər diləyi tutmasa.

*
Bir şair istəyirəm,
Yaza məni mən kimi.
Yaraşdırsın ruhumu,
Bülbülə çəmən kimi.

Baxışımdan oxusun,
Könlümə rəng toxusun.
Taleyimə qoxusun,
Çəkə bilim tən kimi.

Ürəyimin buzların,
Kələ-kötür,düz yerin.
Ovuclasın düzlərin,
Səpələsin dən kimi.

Alnımın qırışını,
Rənbərəng naxışını.
Kipriyin yağışını,
Əzizləsin çən kimi.

Pıçıltımın özünü,
Ədasını,nazını.
Deyilməyən sözümü,
Görməyə düşmən kimi.

*
Gözəl olar, gözəl qadın işvəsi,
İşvəsində əda olsa, naz olsa.
Usandırmaz aşiqini qəmzəsi,
Süzgün baxış, nazlı yeriş az olsa.

Xumar baxış hirsi tez alt-üst edər,
İncə gülüş oğrun gözü məst edər.
Nazlı yeriş şirin cana qəsd edər,
Addımları doğru olsa, düz olsa...

Yüzün ölçüb, birin biçib danışsa,
Göz endirib, dilin tutub soruşsa.
Aşiqinə arif bilib yanaşsa,
Sözü keçər, dediyi söz söz olsa.

Şirin dillə alar ağlını başdan,
Oğurlayar coşan qəlbi yavaşdan.
Ayırmayar ana, bacı, qardaşdan,
Bir ataya gəlin adlı qız olsa.

MƏRYƏM ƏLİYEVA,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ