Kitabı sevmək - Günel İmran yazır...

Tarix:10-05-2019, 16:59 Baxış Sayı:168

Kitabı sevmək - Günel İmran yazır...
"Kitablar unutmağa qorxduqlarımızı saxladığımız xəzinələrdən biridir"

Rey Bredberi. "Farengeyt 451"

Kitabdan söhbət düşərsə, özünü ən yaxın dostun haqqında danışırmış kimi hiss edərsən. Hələ söhbət illər öncə oxuduğun sevimli kitabından gedərsə, xəfif nostalji də duyarsan.

Kitab mənim üçün nədir?! Uşaqlıqda bəlkə də oyuncaqlardan əvvəl kitablarla oynamışam. O illərdə kitab mənim üçün böyüməyin göstəricisi idi. Elə bilirdim ki, böyüklərin hamısının çoxlu kitabları olur. Böyük görünmək üçün hara getsəm, özümlə kitab aparardım.

Artıq bir neçə ildir ki, kitab oxuyarkən mütləq həmin nəşrin elektron variantını da telefonuma yükləyirəm. O kitaba əlim çatmayanda rahatca telefonumdan davamını oxuyuram. Forma nə olursa olsun, nəticədə, oxunan telefon deyil, hər zaman kitab olur. İnformasiya texnologiyalarının sürətli inkişafı kitabdan da təsirsiz keçmir. Kitab sevgisi bizləri bir-birimizə bənzədir.

Umberto Ekonun dediyi kimi, "Kitab - qaşıq, çəkic, təkər və ya qayçı kimidir. Onlar icad edildikdən sonra daha yaxşını fikirləşib düzəltmək mümkün deyil. Siz qaşığı olduğundan daha yaxşı düzəldə bilməzsiniz".

Jurnalist Jan Filip de Tonnaxın Umberto Eko və Jan-Klod Karyer ilə ayrı-ayrılıqda evlərində apardığı söhbət əsasında ərsəyə gələn "Kitablardan qurtula biləcəyinizi sanmayın" adlı nəşr kitabın dünəni, bu günü və gələcəyi haqqında yazılmış ən yaxşı əsər sayıla bilər. Bu kitabın elə bir aurası var ki, oxuyarkən adam özünü iki bibliofilin diskussiyasının içində hiss edir. Sanki Karyer və Eko kitab, incəsənət haqqında fikirlərini, xatirələrini yalnız səninlə bölüşürlər.

Eko qeyd edir ki, oxumaq üçün hər hansı bir informasiya daşıyıcısına ehtiyac vardır. Bu, təkcə kompüter ola bilməz. Kompüter elektrik cərəyanından asılıdır. Eyni zamanda, uzun müddət kompüterdən oxumaq rahat deyil. Kitab artıq özünü tanıdıb, ondan yaxşı bu funksiyanı nəyin yerinə yetirə biləcəyi isə hələ məlum deyil. Ola bilsin ki, onun səhifələri kağızdan olmayacaq, amma kitab elə kitab olaraq qalacaq. Onun fikrincə, təhlükə qarşısında mədəni irsi xilas etmək lazım gələrsə, heykəl, rəsm əsərlərindənsə kitabı qorumaq daha asan olar.

Uşaqlıq illərində bir qonuşusu hər Milad bayramında Umberto Ekoya kitab hədiyyə edirmiş. Bir dəfə qonşu qadın ondan soruşur:

- Umberto, sən kitabı içində yazılanları öyrənmək üçün oxuyursan, yoxsa sadəcə oxumağı sevirsən?

Sualı cavablandırarkən balaca Eko maraqsız kitabları da oxuduğunu etiraf edir. O, sadəcə mütaliəni sevdiyi üçün oxuduğunu anlayır. Bu, Ekonun uşaqlıq illərindəki ən önəmli kəşfi olur.

Mütaliəni sevən insanlar var olduqca, kitablar həmişə oxunacaq!./525.az/

Günel İMRANБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ