manera.az
manera.az

Sən də boğulasan tənhalığında - YENİ İMZA

23-04-2019, 21:53

Sən də boğulasan tənhalığında - YENİ İMZA
MANERA.AZ "Yeni İmza" layihəsində Səməd Ayxanın şeirlərini təqdim edir.

***
Necə ki varlığın əlçatmaz sənin -
Eləcə dərdinə dərd çatmaz sənin.
Dərdin özündən də bəlkə böyükdür,
Yaratdın dünyanı...
Və dərdə düşdün.

Hər yerdə qan-qada,
hər yerdə qırğın,
İnsan bir-birinə leş üstdə - qırğı.
Xaraba şəhərlər, sürünən kəndlər,
Zavallı şeytana papış tikənlər.
Acından özünü satan kimsələr,
Minillik günaha batan kimsələr.
Silah dəllalları, narkobaronlar,
İnsan həyatına tələ quranlar.

Müftəxor, bürokrat siyasətçilər
Ölüm meydanına bic bələdçilər.
Uşaq qənimləri, ölüm divləri,
Cübbəli riyakar din xadimləri.
Qadın tacirləri, "ilahibaş"lar
Fahişə düzəldən heykəltəraşlar....

Bu qədər ağrılı haqsızlıqlara
Necə tab gətirir ürəyin, Allah?
Niyə öldürmürsən biryolluq bizi,
Yoxsa bizdən çıxır çörəyin, Allah?


***
Əlini çək üzünə,
"Fatihə" ver bu eşqə.
Boynuma alıram ki,
Sənə yalan demişəm...

Daha məndən uzaq dur,
Ömrüm qaraçuxadı.
Ha sıxdımsa özümü,
Məndən adam çıxmadı.

Səni dərdə salmışam,
Dərddən uzaq qalmışam.
Hələ böyüməmişəm,
Hələ uşaq qalmışam.

Bu qədər il xərclədin,
Mənə sevgi düşdümü?
Qazandığın nə oldu -
Adi içki düşkünü?!

Əlini çək üzünə...
Sil gözünün yaşını.
Bağışlama sən məni,
At bu eşqin daşını.


***
Nə vaxtdır ağlamırsan.
Qorxursan
göz yaşından tutub
gözündən düşəm!?

İnana bilməsən də,
inanmaq istəmisən
bu sevgiyə həmişə.

Sən mənə istiqanlı,
mənə doğma olmusan.
Qəlbində yaşasam da
bəlkə fikrən öldürüb
saçını da yolmusan.

Soyuq təbəssümünlə
indi yas saxlayırsan?!
Göz yaşınla bəlkə də
nəşimi suya çəkib
məni torpaqlayırsan?!

Düz edirsən, ağlama!
Ağlamasan yaxşıdır.
Mən cismən öləndə də
qəti qara bağlama!
Bağlamasan yaxşıdır.


***
Bir məktub yazasan, "Kimə" yeri boş,
Adam tapmayasan xatirələrdə.
Bir kimsə olmaya gəlib görə ki,
Məktub yazırsanmış öldüyün yerdə.

Dörd yanda adamlar qarışqa kimi,
Hər gün biri ölə, mini doğula.
Sən də boğulasan tənhalığında,
Kimsə soruşmaya: "Kimdir boğulan?"

Bütün yaxşılarçün olan vadidə
Sən yaxşı olsan da, evin olmasın.
Ağrıyan olmasın tənhalığına,
Səni əvvəlkitək sevən olmasın.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30