manera.az
manera.az

Güzgülər içimin çöl tərəfidi - Xəyalə Sevilin şeirləri

19-09-2018, 18:52

Güzgülər içimin çöl tərəfidi - Xəyalə Sevilin şeirləri
***
Ayrılıq deyirəm...
Ayrılıq
Bədənimin sol tərəfidi.
Gözlərim deyirəm...
Gözlərim
Gedənlərin yol tərəfidi.
Güzgülər içimin çöl tərəfidi,
Güzgülərdə sevmə məni.
Ürək görünmür orda!
Yox! Qayıtma deyirəm,
Əvvəl ayağa dur ürəyimdə.
Ayağa dur ki, sənin
Çiyninə başımı əyim.
Güvənməkdən başlayır sevməyim...

YENƏ DARIXDIM

Uzaqdan...
Uzaqdan baxıb keçənlər,
Bir addım yaxına kim gələ bilər?
Lap uşaq olanda dediyim kimi:
"Gözümü yumuram, axtarın məni"
Harda gizlənmişəm, kim bilə bilər?

Ucadan...
Ən qalın səslə susuram.
İçimdə bir yığın
Kəslə susuram.
Dilimə,dişimə dəyən sözləri
Demirəm,
Lap elə qəsdlə susuram.

Diksindim içimdə ayaq səsindən,
Çıxardım könlümü hədəqəsindən.
Nəyimə lazımdı pay umdum, axı
Onun ürəyinin sədəqəsindən?

Yığdım,
Ağlımı da başıma yığdım.
Yıxdım,
Ürəyimi qarşıma yıxdım.
Nə ki, var danladım sevməsin deyə.
Sonra...
Sonra nə olsun ki?
Yenə darıxdım.

İLAHİ

İlahi, adamların
Niyə belə dəyişib?
Özün yaratdığını
Tanıya bilirsənmi?...

Gözlərimdə bulud yükü,
İlahi, bu əynimdəki
Üzü bəzək dünyamızı
Çıxarmağa gəlirsənmi?

Yer üzü canından bezib,
Özünü qara daş kimi
Göyə atmaq istəyir.
Ağaclar torpağın əlidi, bəlkə,
Dua kimi açılıb,
Sənə çatmaq istəyir.

İlahi, bir bulud baxir üzümə,
İlahi, bir yol yeriyir üstümə.
Külək dolur pəncərədən içəri,
Yağış yağır, yağış yağır.
Ölür bütün arzularım, xəyallarım
Təkcə əllərim diri.
İlahi, sənə baxır,
İlahi, məni çağır.

BİR BƏHANƏ TAP, ZƏNG ELƏ

Heç kim
Məni səndən soruşmayacaq.
Nə də, heç kim səni məndən.
Nə gözəl ayrılıq oldu.
Dərdi yığdım gözlərimə,
Yanaqlarım qayıq oldu...
Əllərimdən soruşuram
Səni tez-tez,
Gözlərimdən tökülürsən.
Eh! Yenə də bir yol tapıb,
Ürəyimə çəkilirsən.
Elə gücüm də yoxdu,
Ürəyimi bədənimdən yıxam ki...
Bir bəhanə tap, zəng elə,
Elə darıxıram ki...

ÖMÜR İNTİHAR YERİDİ

İndi bir əl gözləyirəm,
Bəlkə əllərim boy ata.
Yeri qoydum ayağımın altına,
Sənə çatım, göy ata.
İçimdə yüz yaşlı qarı,
Üzümün uşaq vaxtıdı.
Hələ... Hələ arzuların
Sağ vaxtıdı...
Ömür ki var
Ömür intihar yeridi.
Bir ac dolanmağa
Hava saxlayıb mənə.
Torpaq da anam kimidi.
Sağ olsun,
Bir qucaqlıq
Yuva saxlayıb mənə.

SƏNDƏN NƏ QALDI Kİ...

Sonra gözəl-göyçək ayrılıq gəldi,
Sonra gözəl-göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.

Səndən nə qaldı ki, eh... Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.

Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən...
... Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən...

SƏNSİZ BİR QADIN DARIXIR

Bircə ürəyimi aça bilmirəm...
Pəncərəmi açıram,
Qapımı açıram,
Havam yarımçıq qalıb.
Mənim sənin həsrətinlə
Davam yarımçıq qalıb.
Tam deyil,
Heç nə tam deyil,
Ürəyim bağlı dam deyil.
Dərdi içimə atıram,
Yol tapıb gözümə çıxır.
Sənsiz bir qadın darıxır,
Bu darıxan adam deyil?
Yuvam yarımçıq qalıb.

SAĞ ÇIXA BİLMƏDİK...

Yox! Səni də qınamıram,
Yox! Məni də qınama.
Alnımıza yazılanın
Günahkarı biz deyilik.
Bir sən varsan bu dünyada,
Bir mən varam,
Amma, ikimiz deyilik.

Göyə qaldırdığım xəyallar daha
Gözümün altında uçuq qalacaq.
Eh! Qapım üzünə bağlı olsa da
Pəncərəm həmişə açıq qalacaq.

Üzü qara olsun bu ayrılığın,
Ağ çıxa bilmədik.
Bircə onu bilirəm ki,
Bədənimizin sol tərəfindən
Sağ çıxa bilmədik.

İLLƏR SONRAKI GÖRÜŞ

Nə yaman gec qayıtmısan?
Səni elə gözləyirdim.
Deyirdilər dönməyəcək,
Bilə - bilə gözləyirdim.

Eh, soruşma ürəyimi,
Yadın olub, yadın olub.
O qızcığaz da böyüyüb,
Qadın olub, qadın olub.

Daha sənə aldanmağa
Böyüyübdü, ağlı qoymaz.
Dayanma yolum üstündə,
Qızı qoysa, oğlu qoymaz.

Baxma səni görən kimi
Gözlərimi yaşlamışam.
Deyirsən: “bağışla məni”
Mən çoxdan bağışlamışam.

O illərin arxasınca
Ayım gedir, ilim gedir.
Bu gün bizim toyumuzdu,
Göz yaşlarım gəlin gedir...

Xəyalə SEVİLБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30