manera.az
manera.az

Sevgi bir şeir kimidir- Şeirlər

27-07-2018, 16:41

Sevgi bir şeir kimidir- Şeirlər
Manera.az gənc şair Toğrul Kərimlinin şeirlərini təqdim edir:

Qoy üstündə gözüm olsun

Gözlərimə baxmaqdansa
Gəlib aparsan gözümü.
Göz muncuğutək üstünə
Yəqin taxarsan gözümü.

Əllərini ver əlimə
Qoy əlində izim olsun.
Gözlərimi yaxana tax
Qoy üstündə gözüm olsun.

Görəndə kənarda mənə
Acıq verib söz vurarsan.
Güzgüdə yaxana baxıb
Gözlərimə göz vurarsan.

Mənim gözlərim səndədir
Başqasında gözüm yoxdur.
Kor olduğum üçün getdin
Daha sənə sözüm yoxdur.

Mənim dəli dediklərim

Ürəyimin ağrısını
Ovxamağa adam hanı?!
Bu dünayanın yiyəsini
Göstər mənə, qadam, hanı?

Kimə hünər göstərdimsə
Mənə dedi qorxaq adam.
Nəsihət verir bizlərə
İndi sərsəm, qorxaq adam.

Həmişə yox-yox dedilər
Mənim bəli dediklərim.
Məndən də ağıllı imiş
Mənim dəli dediklərim.

Köhnəlmiş təzə sevgilim

Sevgidən nə umuram ki?!
Sevgiyə hələ borcum var.
Nə qədər günah içində
Tutulası orucum var.

Sevgi bir şeir kimidir
Misra-misra bəstələnir.
Ağrısı var, acısı var
Hərdən-hərdən xəstələnir.

Kimisinin zədələyir
Sevgi sağlam, sağ yerini
Çızmalayır, qaralayır
Ürəyinin ağ yerini.

Tanımarıq özümüzü,
Gəlsək üz-üzə, sevgilim
Nədi yenə nəyə gəldin
Köhnəlmiş təzə sevgilim...


***
Nə günah etdin ki, qardaş,
suçunnan asdılar səni?
Özün əkdiyin ağacda
saçınnan asdılar səni.

Əlinə keçdin dəlinin,
oduna koçdün dəlinin;
Nə danışdın ki, dilinin
ucunnan asdılar səni?!

Kimsə durmuşdu qəsdində,
cox incidin, cox küsdün də…
Bir tikə çörək üstündə
acınnan asdılar səni.

Ürəyini dağladıb da,
hönkür-hönkür ağladıb da.
Əllərini bağladıb da,
içinnən asdılar səni.

Unudun məni…

Bir az sol küncümə keçin, adamlar,
ovudun yavaşca, ovudun məni…
İçimnən asılmış sözləri dərin,
sovudun yavaşca, sovudun məni

Dünyada yox olub hara getmişdiz,
Harda başdamışdız, harda bitmişdiz?
Bir vaxt tələsiyə düşüb getmişdiz,
qayıdın yavaşca, qayıdın məni…

Nə vaxtsa yerimə gələ bir adam,
çətin çəkdiyimi bilə bir adam;
Deyin hec olmayıb belə bir adam,
unudun yavaşca, unudun məni…

Sular daşa dönübdü…

Bu buz küləklərin sərin istisi,
bu qara günəşin üşüntüsü var.
Torpaqda nə qədər adamın kökü
nə qədər adamın çürüntüsü var.

Allah, ağacların quşa dönübdü,
bu dünya gör neçə başa dönübdü…
Bir də… gördük sular daşa dönübdü,
daşların su kimi ərintisi var…

Hamını içimə büküb gözlərim,
bəxtini ölümə dikib gözlərim.
Bu gecə yuxuda çəkib gözlərim
məndə o dünyanın görüntüsü var.

Ucuz ölüm satılır…

İnanmam razı ola
kim görsəm yaşayışdan…
Qara torpaq yaxşıdır
bu sərsəm yaşayışdan…

bir az mənasız, bir az
aciz ölüm satılır…
Nə qədər var götürün –
ucuz ölüm satılır…

Gedim ölümə verim
nə pulum var əlimdə;.
Qorxuram bahalaşar
bir gün ucuz ölüm də…

Od tutub alışıb günah içimdə…

Günahlar soyuqdan üz tutub yenə
üşüyə-üşüyə istimə gəlib…
Dünyanın nə qədər günahı varsa
İlahi, hamısı üstümə gəlib…

Günah da yanılıb məni… seçimdə,
nə qədər günah var məni biçimdə.
Od tutub, alışdım özüm içimdə,
günahlar yığılıb tüstümə gəlib.

Adam ölür, günah ölmür, bilirəm,
gözü dolmur, nə də gülmür bilirəm;
Günahlar xeyirə gəlmir bilirəm,
günahlar mənim də qəsdimə gəlib.


***
Bu dünyanın hardadır
yoxuş deyilən yeri?!.
Gözlərimin içidir
yağış deyilən yeri.

Tərs yeri qurşağıdır,
ölümü qışlağıdır…
Burundan aşağıdır
qarğış deyilən yeri.

Bu dünyanı güdəcəm,
qorxudub, hürküdəcəm;
Bir gün tapıb gedəcəm,
“Çıxış” deyilən yeri…

Hər adamın ömrünə…

Abi, nələr yazılıb
gör adamın ömrünə..?
Min roman sığışarmış
bir adamın ömrünə…

Fağırı dəcəl çəkib,
axmağı əfəl çəkib.
Sanki şeytan əl çəkib
kür adamın ömrünə.

Qəbirim qazılmır ha,
nağılım yozulmur ha…
Dərd çəkmək yazılmır ha, -
hər adamın ömrünə…

Günah daşıdıq…

Öz günahlarımız bəs etmir kimi
özgənin yerinə günah daşıdıq.
Torpağın üstünə günah cıxartdıq
torpağın dibinə günah daşıdıq.

Bir az kor doğulduq, bir az kar olduq,
bir az yoxa cıxdıq, bir az var olduq.
Ağlaya-ağlaya günahkar olduq
sevinə-sevinə günah daşıdıq…

Qorxmadıq Tanrının tək qarğışından,
qorxmadıq axirət oyanışından.
Biz elə dünyanın yaranışından,
Tanrının evinə günah daşıdıq…


***
Məni həsrət qədərsevənmi var ki?
məni ümid qədər axtaranmı var?
Məni ümid qədər itirmədilər,
məni həsrət qədər axtarmadılar.

Mənə ruhum kimi göz qoymadılar,
qara kölgəm kimi izləmədilər.
Gedəndə dalımca kimsə baxmadı,
gələndə yolumu gözləmədilər.

Axı bir eh boyda çəkilmədim mən,
axı bir ah boyda yaşamadım ki.
Yer boyda savabın qurbanı oldum,
axı günah boyda yaşamadım ki.

Mənəm gündə yüz yol ümidi sınmış,
mənəm gündə yüz yol alçalmış uşaq.
Mənəm ürəyində ağ tükü olan,
mənəm ürəyindən qocalmış uşaq.

Bəlkə də,bəxtimi özüm itirdim,
bəlkə də,əvvəldən bəxtim olmadı.
İndidən özümə bir qəbir qazım,
bəlkə heç sonralar vaxtım olmadı.

Özümü öldürmək günah sayılmaz,
bir belə yaşamaq səhvsə,günahsa.
Tanrıda özünü öldürər bəlkə,
vaxt tapıb yazdığı yazıya baxsa.

TovuzБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30