manera.az
manera.az

Bu dəli sevdaya bir də alışmaq - YENİ İMZA

24-05-2018, 19:50

Bu dəli sevdaya bir də alışmaq - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair Səfail Aqiloğlunun şeirlərini təqdim edir:

Bağlı pəncərə

Daha ayrı düşdük, ayrı ellərə,
Nə qədər dərdi var, gör hərəmizin,
Vallah bir ayrı cür rəngdə olursan,
Önündə duranda pəncərənizin.

İlahi baxışla baxıram sənə,
Sanki gözlərimə nur, onda gəlir.
Nə pərdə gözəldi, nə də pəncərə,
Gözəllik sən orda duranda gəlir.

Qorxu canımdadı, ağlım havada,
Sevən ürəklərin tək qorxsu var.
Gözləri açılmır mənə qəlbinin,
Sanki ürəyində qış yuxusu var.

Bir dəfə arzuma yetəydim kaş ki,
Bəlkə dəli qəlbim onda dincələ.
Niyətdə tutmuşam, halıma bir bax,
Üzümə açılsın bağlı pəncərə.

Bağışla məni

Çətin olub, əzab olub yollarım,
Ancaq yenə hər işinə gəlmişəm.
Bu sevgidə gözə alıb ölməyi,
Durub yenə görüşünə gəlmişəm.

Bəlkə də üz tutub üzümdən yana,
Gözümün içinə baxmazsan indi.
Vaxt gələr əriyər ürəyində buz,
Amma buraxdığı izlər dərindi.

Hə, sənə haqq verib, səni tuturam,
Bütün olanların səbəbi mənəm.
Axı, nədən deyim, nədən danışım,
Üzüm də qalmayıb önündə dinəm.

Səninçün də çətin olar, bilirəm,
Tərk edəni geri alıb, barışmaq.
Bəlkə də qəlbinə sancılar salar,
Bu dəli sevdaya bir də alışmaq.

Sən mənə baş qoşma, böyüklük elə,
Uzat əllərini qarşıla məni.
Dəfn edib içində acı günləri,
Bağışla, bağışla, bağışla məni.

Məndən qaçaq düşdü bütün sevgilər

Bütün "salam"larım, cavabsız qaldı,
Bir quru baxışın möhtacı oldum.
Sənin gözlərindən yuvarlanarkən,
Özgənin həmişə baş tacı oldum.

Qədrimi bilirmiş, o yad adamlar,
Gözümü kor etdim özgəyə, yada.
Bəlkə də hardasa mən səhv edirdim,
Bəlkə də kəm imiş bəxtim dünyada.

Gizlədim dərdimi, kiridim hər an,
Biri yalan deyil sözlərimdəki...
Bəhanə uydursan mənim adıma,
Canımı alsan da söz demərəmki.

Sevdirə bilmədim özümü sənə,
Nədir ürəyində bu hikkə, bu kin.
Hər dəfə saymadan keçdin önümdən,
Önünü kəsməyə çatmadı ərkim.

Nigaran ötürdüm bütün illəri,
Üzümdə gülüşlər, saxta cizgilər...
Sənə ürəyimdə sevgi bəslədim,
Məndən qaçaq düşdü bütün sevgilər.

Vətən

Vətən, səni necə sevim?
sərhəddində əsgərin də
yer altında şəhidin də
razı qalsın.

Axı hardan başlayım ki?
səni sona qədər sevib, qurtara bilim.
Məhəbbətin çoxu sənə,
mənə ən azı qalsın.

Elə bəlkə doğulduğum evdən,
ilk dəfə ayaq tutub yeridiyim
həyətimizdən,
təhsil aldığım məktəbdən başlayım.
Daşını, tozunu, torpağını sevirəm,
başım üstə o üç rəngli bayrağını
sevirəm.
Sərhəddində əsgərini,
Sənin üçün canın verən şəhidini
sevirəm.

Biz səni sevməyə borcluyuq, vətən!
Biz səni qorumağa,
sənin üçün ölməyə borcluyuq, Vətən!
Məni ölümə səslə, səninçün ölüm!
Səni pay-pay edənlərin,
ürəyini, ciyərini bölüm, Vətən!

Çətin olur gedənləri gözləmək

Bu gün yenə bir küsəm ki özümə,
Axı kimdən sevgi umum, üz görüm.
Hərdən sən də mənim kimi sözümə,
Bir az darıx, hünərin var döz görüm.

Vallah, belə heç düz olmur nədənsə,
Tək başına göz yaşını siləsən.
Canım çıxır darıxmaqdan, hərdənsə,
Dirilirəm sən baxanda biləsən.

Mən hər gecə bu əzabı yaşıyıb,
Gözlərimin içinəcən ölürəm.
Bu yaranı dişlərimlə qaşıyıb,
Öz dünyama köçənəcən ölürəm.

Ağır gəlir gedənləri gözləmək,
Deyinirsən gah arxasınca hərdən.
Çox asanmış başqasına "döz" demək,
Eh, xəbərim yox imiş heç xəbərdən.

Mənə eşqdən danışma e danışma!

Mənə eşqdən danışma e danışma,
Mən bilirəm necə bitir sevgilər.
Kiminçünsə hazır olsan ölməyə,
Həmin insan ölümdən də tez ölər.

Mənə eşqdən danışma e danışma,
Yaşadıqca nə olduğun görərsən.
Üç-beş günü məhəbbətlə yaşayıb,
Qalan ömrü həsrətiylə sürərsən.

Mənə eşqdən danışma e, danışma,
Bal toplamır pətəyimin arısı.
Gəncliyinin şirin çağın alanda,
Görərsən ki qalıb ömrün yarısı.

Mənə eşqdən danışma e danışma,
Baş qarışar yaddan çıxar... iş nədir?
Mənə eşqdən danışma e danışma,
Sevib gördüm bu həyasız eşq nədir!

YardımlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031