manera.az
manera.az

Balaca can-Hekayə

23-05-2018, 14:22

Balaca can-Hekayə


Həyatda hər kəsin bir hekayəsi var. Böyük və ya kiçik, cavan və ya yaşlı, bütün insanların həyatında ən dərinlərdə izi qalmış sarsıdıcı bir hekayəsi var. Bu hekayə xoşbəxt yaxud bədbəxt sonluqla bitə bilər. Bəzən elə olur ki, balaca canlar da böyük hekayələrin baş obrazına çevirilir. Xəstəlik kimi böyük hekayələrin. Elşən də o balaca canlardan biri idi.
Kim deyir ki, o kiçik ürəklər həmişə döyünür, heç vaxt ağır xəstəliyə tutulmur?! O bapbalaca vücudlar da ağır xəstə ola bilər. Deyirlər ki, insan ürəyinin ölçüsü onun sıxdığı yumruğun ölçüsünə bərabərdir. Azyaşlılarda da həmçinin, elədir. O bapbalaca canın sıxdığı yumruq kimi ürəyi də balacadır.
Elşən də o kiçik ürəyinə gələcəkdə yaşamaq istədiyi ömrünü, xəyallarını sığdırmışdı. Hər uşaq kimi onun da arzuları vardı. Onun diliylə demək olsa, Elşən böyüyəndə əsgər olacaqdı. Əslində babası kimi hərbiçi olmaq istəyirdi. Elşən vəfat etmiş babasının şəkillərinə baxanda həmişə eyni sözü təkrar edirdi:

 Mən də babam kimi Vətənimizi qoruyacam, mən də babam kimi olacam.
Elşən adı kimi ellərin şən uşağı idi. Necə də şən olmaya bilərdi ki?! Axı o, hələ balaca uşaqdır, balaca candır. Həyatdan, gerçək dünyadan bixəbər, ancaq özünə arzuları ilə inşa etdiyi balaca dünyasında yaşayan kiçik baladı. Ta ki onu oraya-xəstəxanaya gətirdilər, bu zaman Elşənin bütün şən halları da yox oldu. Qəfəsə salınmış quş kimi suskunlaşdı. Ana-atasına suallar yağdırırdı ki, nə üçün onu buraya gətiriblər: “Getmək istəyirəm, aparın məni evə, niyə gətirdiniz buraya məni axı?”. Elşən davamlı eyni sualları verir, ürəyinə od parçası düşmüş valideynlər isə susurdu. Axı nə deyə bilərdilər ki? Necə başa sala bilərdilər ki? Gözlərinin ağı-qarası bircə balaları xəstəydi, bəlkə öləcək, bəlkə də sağ qalacaqdı. Üçü birlikdə sonu bilinməz bir yola çıxmışdılar. Dilbərlə, Vüsal özləri belə bu həqiqətlə razılaşa bilmirdilər, bunu necə bir parça cana başa salacaqdılar ki? Desələr də məgər Elşən anlayacaqdımı? Elşənin bütün sualları cavabsız qalırdı. Bütün getmək istəkləri etirazla qarşılanırdı. Elşən onu evə aparmırlar deyə küsmüşdü ana-atasına, danışmırdı onlarla. Darıxırdı məhləsi üçün, dostları Murad, Səlim, Eldar üçün, onlarla top oynamaq üçün, darıxırdı məktəb yoldaşları üçün.
Elşən hər gün dörd divarlı xəstəxana otağında səssizcə otururdu. Bu otaq balaca oğlana görə soyuq idi, heç kim yoxuydu, o, öz sevdiyi insanlardan uzaq idi. Bircə ana və atası yanında vardı. Bəzən qohumları gəlirdi ziyarətinə, bu zaman Elşən çox sevinirdi. Gələn qohumlara isə ilk sözü bu olurdu: “Məni evə aparmağa gəlmisiniz? Anamla, atam məni evə aparmır, siz aparın məni, sıxılıram burada, darıxmışam evimiz üçün”. Yenə evə getmək istəyinə yox cavabı alırdı.
Gün günü ötürdü, ancaq hələ də valideynləri Elşənə heç nə deməmişdi. Deyə bilmirdilər, bacarmırdılar. Elşən isə bundan inciyirdi. Çünki nə üçün buraya gətirildiyini bilmirdi.
Bir gün həkim səhər tezdən uşağın yatdığı otağa gəldi, onu müayinə etdi, daha sonra çıxdı dəhlizə, Elşənin valideynləri də onunla birgə çıxdı. Elşən isə onların dalınca gedib qapının arasından onların söhbətinə qulaq asmağa başladı. Həkim Elşənin vəziyyətini açıqlayırdı. Elşən isə heç nə anlamırdı, təkcə atasının göz yaşları içində dediyi bu sözünü başa düşdü:
 Həkim, oğlum öləcəkmi? Onu xilas edin, yalvarıram sizə! Nə istəsəniz
edərəm, təki Elşənimi sağaldın!
Balaca bir canın belə bir sözü eşitməyi nə deməkdir?! Elşən yerinə keçib uzandı, ağlamağa başladı: “Demək məni buna görə buraya gətiriblər, mən öləcəm?!”
Elşən hələ heç ölmək nə deməkdi onu belə bilmirdi, tək bildiyi ölsə ata-anasından ayrılacaqdı, bir də onları görə bilməyəcəkdi, bir də məhlə uşaqları ilə, yoldaşları ilə oyun oynaya bilməyəcəkdi. Elşən qorxurdu, bu balaca can həyatdan getməkdən qorxurdu.
Elşən yaşca kiçik olsa da, ağlı böyük uşaq idi. Keçən dəfə atasının həkimə dediyi sözə görə anasını sorğu-suala tutmaq istəyirdi. Bir gün Dilarə oğlunun qısacıq saçlarını darayırdı, Elşən isə əlində oyuncağını oynada- oynada anasına tərəf çevrilib suallar verməyə başladı:
 Ana!
 Hə , mənim yaraşıqlı oğlum?
 Anacan, xəstəxanaya xəstə adamları gətirirlər, elə?
 Hə, balam, gətirirlər ki, həkimlər onları sağaltsın.
 Onda mən də xəstəyəm, ana?
Dilarə dinmədi. Elşən anasının susduğunu görüb yenə də sual verdi:
 Anacan, bütün xəstələr ölür?
 O nə sözdü? Kim deyib sənə bunu? – Dilarə hiddətlə soruşdu.
 Ana, mən də xəstəyəm, hə?
 Elşən, balam, sağalacaqsan sən, qorxma azca qalıb.
 Atam həkimdən soruşdu ki, Elşən öləcəkmi? Eşitdim mən. Ana, mən də
öləcəm, elə? – deyə Elşən məsum baxışlarını anasına zillədi.
Elşənin bu sualı Dilarənin ürəyini xəncər kimi sancdı, əlindəki darağı yerə atıb oğlunu bərk-bərk qucaqladı, göz yaşlarını silə-silə dilləndi:
 Yox, balam, sən səhv eşitmisən, ata elə deməyib. Yox, qorxma sən, atayla
mən qoymarıq sənə nəsə olsun, ağlından çıxart belə sözləri. Sən sağalacaqsan, biz də evimizə qayıdacayıq.
Elşən anasının ağladığını görüb daha heç nə demədi. Artıq hər şeyi anlamışdı. Daha sonra ana-atası ona hər şeyi açıqladı, ona bir gün onu kiminsə sağaldacağını dedilər. Bir insan gəlib ona şəfa olacaqdı.
Elşən bu sözlərdən sonra hər gün otağın pəncərəsindən küçəyə baxıb insanları seyr edirdi və düşünürdü: “Görəsən, məni sağaldacaq o insan hansıdı, nə vaxt gələcək?” Artıq Elşən də, valideynləri kimi ona dərman olacaq canı gözləyirdi.
O sıxıcı otaqda Dilarə ilə Vüsal Elşənin könlünü xoş tutmaq üçün əllərindən gələn hər şeyi edirdilər. Amma Elşən o əvvəlki uşaq deyildi, bütün şən gülüşləri solmuşdu. Uşaq yaşında yaşadığı bu hadisə ilə böyümüşdü elə bil. Artıq gülmürdü, heç nə onu əyləndirmirdi. Artıq ana-atasına sual da vermirdi, susurdu, sadəcə susurdu. Hərdən gecələri gözlərini açıb anasının hıçqırıq içində ağlamasını, atasının ona necə təsəlliverici sözlər dediyini eşidirdi. Vüsal isə üzdə gülür, kədərini gizlədirdi, ürəyində çəkirdi qəhərini. Ata ki özünü qəmə boğub bir kənara çəkilsə, evin digər üzvləri nə edərdi o zaman? Axı evin dayağı atadır. Vüsal isə bunu çox yaxşı bilirdi. Buna baxmayaraq, Vüsalın ürəyi közərmiş kömür kimi yavaş-yavaş yanırdı. Bir çarə tapmalıydı. Dilarə və Vüsal hər an Allah-Təalaya yalvarırdı ki, oğullarını onlara bağışlasın. İkisi də tikan üstündə yaşayırdı sanki. Birdən Elşənə nəsə olar deyə qorxudan gözlərinə yuxu getmirdi. Gözlərini Elşəndən qırağa çəkmirdilər, onu tək qoymurdular. “Birdən Elşən nəfəs almasa, birdən ürəyi dayansa” – bu qorxular iki cavan insanın beyninə mıx kimi həkk olmuşdu.
Səhərlər açılır, axşamlar düşür, zaman çay kimi axarınca ötürdü. Elşənin vəziyyəti isə getdikcə daha da pisləşirdi. Vüsal oğlunun baş ucunda oturub çarəsizcə onu izləyirdi. Elə bil ilk dəfə idi ki, oğlunu görürdü, balaca əllərini əllərinin arasına alıb tez-tez öpürdü. Oğlu üçün heç bir çıxış yolu tapa bilmirdi. Bu vaxt, deyəsən, Elşən qarabasma görürdü. Alnı tərləyirdi, atası əlindəki cib dəsmalı ilə uşağın alnının tərini silirdi. Artıq Vüsal Elşənin yuxu görməsinə sevinirdi ki, nə yaxşı oğlum bu gün də yaşayır. Qəflətən Elşən gözlərini açdı, ağlaya-ağlaya atasını qucaqladı. Vüsal uşağın göz yaşlarını silib dedi:
 Ağlama, balam, nə oldu? Pis yuxu gördün?
 Ata, yuxuda mən ölürdüm, anayla sən ağlayırdınız. Ata, mən ölmək
istəmirəm! – deyə Elşən yenə atasını qucaqladı.
Bu söz sanki Vüsalın ürəyini parça-parça etdi. Vüsal çarəsizliyin içində qıvranırdı, bu balaca canı necə xilas edəcəkdi ki?
Vüsal da, Dilarə də artıq bu dərdə dözə bilmirdilər. Dilarə göz yaşlarını Elşəndən gizlətməyə çalışır, Vüsal isə qəminin içində susdurdu. Amma səbr edirdilər. Çünki inanırdılar ki, Allah-Təala dualarını eşidəcək, Elşəni onlardan almayacaqdı. Bu inam hissi ikisini də Elşənin qarşısında güclü durmağa kömək edirdi.
Bir gün o xəbər gəldi. Elşən yenə pəncərə qabağında oturub, onu xilas edəcək kimsəni gözləyirdi. Dilarə də onun yanında oturmuşdu, oğlunun başını sığallayırdı. Ona doya bilmirdi. Bu an Vüsal içəri sevincək daxil oldu və bərkdən qışqıraraq dedi:
 Tapıldı, tapıldı, oğluma can tapıldı! Oğlumuz yaşayacaq, Dilarə!
Yaşayacaq!
Elşənin dərdinə çarə tapıldı və o sağaldı. İndi o, bu həyata göz yummuş kiminsə ürəyi ilə yenidən nəfəs alır, ikinci həyatını yaşayır. Bu hekayə Elşən üçün xoşbəxt sonluqla başa çatdı.
Bir insanın yenidən həyata davam etməsi üçün, digərinin həyata əlvida deməsi lazım idi. Həyatın qanunlarından biridir bu yalnızca. Nağıl kimi gəlir insana, ancaq həyatda Elşən kimi canına can qatacağını gözləyən o qədər insan var ki… Gözləri yolda, ürəyi intizarda o qədər biçarə var ki...

Gülnar Nəzərova
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30