manera.az
manera.az

Yoxluğun məni divara dirəyib - Esse/ MANERA.AZ

10-03-2017, 20:28

Yoxluğun məni divara dirəyib - Esse/ MANERA.AZ


Hikmət Kərimoğlu
(esse)

- Yoxluğun məni divara dirəyib...
- Bir gün varlığımla...

İnanmışdım. Bu yoxluğa da, soyuq divarların arxasında duyduğum, səhləb çiçəyinin ətrini verən isti nəfəsinə də inanmışdım, əzizim. Allaha inandığım kimi, atamın belindən, anamın bətnindən həyata atıldığım kimi inanmışdım. Elə inanmışdım ki, maddi və mənəvi olan dünyada heç bir qüvvə, heç nə və heç kim mənim bu inamımı, güvənimi sındıra bilməzdi, vallah bacarmazdı!

Bu inamımı sındırmaqla son sığnacağımı da dağıtdın. Son ümüdlərimi, son arzularımı da qara torpaq altında dəfin etdin, əhsən sənə. Amma qəm yemə, dərtlər insanı böyüdür, böyüdüyüm kimi, böyüdüyümüz kimi... Bilirsənmi nə qədər tək, kimsəsiz və köməksizəm? Kimsəsiz adaya düşmüş kos-koca bir balıqçı kimi. Lap dünyanın özü kimi... Ətraf büs-bütün qaranlığa qərq olub. Dumanlı gözlərimi geniş açıb qatı zülmət içində ətrafa boylanıram. Bilirsənmi nə görürəm? Heçlik, boşluq, kimsəsizlik...

Heç bir işıq zərrəsi yoxdur. Qatı zülmət, səssizlik, sənsizlik və dərin boşluqdur hər tərəf. Bura arzuların bitdiyi bir yerdir, bəlkə də, dünyanın son nöqtəsi, sonuncu qatarın son dayanacağı, ruhların öldüyü bir yer və nələr. Adını nə istəsən qoya bilərsən, amma onu bilirəm ki, bura dərin, dibsiz bir boşluqdur. Elə bir boşluq ki... Gücsüzəm bu boşluqda, əzizim. Dizlərini qucaqlayıb həyatın bir küncünə qısılmış yetim uşaq kimi gücsüzəm. Ömürlük həbsə məhkum edilmiş dustaq kimi ümidsizəm.

Yadındadır, həmişə arzularımdan danışardım sənə. Uzun illər, uzun saatlar mən öz arzularımın dalınca qaçmağımdan danışardım. Onun həsrətini çəkməyimdən... Elə çəkmişəm ki, atamın isti nəfəsinə, güclü əllərinə həsrət qaldığım kimi. Qatar kupesinin bir küncündə soyuq şəhərə pənah gətirəndə də, yuxusuz gecələrdə də onu- içimdə qurub yaratdığım sənimi düşünürdüm. Mən uzun illər içimdə yaratdığım sənimi qurdum, çəkdim, rənglədim, günü- gündən incələşən, göz oxşayan səni qurdum, səni yaratdım, səni sevdim öz içimdə. Səninlə başlayan hər şey musiqi kimi qulaqlarımda səslənirdi. Qəlbimin lap dərinliklərində ikimiz üçün isti bir yuva, isti bir ailə, isti bir sığıacaq qurmuşdum. Bu ikimizin sığınacağı, bakirə bir məkanı idi. Bu yuvanı həsrətimin sapları ilə toxuyurdum, ona isti sevgimi verirdim. Mən öz əzizimi ülvi işığa qərq edirdim, mən onu anam kimi sığallayırdım, sevgilim kimi əzizləyirdim...

Sevgi deyirəm sənə, sevgilim deyirəm sənə! Elə bir sevgi ki... Burada əllərim əsir, bədənimdə qanım donur, məni yarımçıq, yarımbalaq yaratmış sərsəm dünya başıma ucur, amma nə fayda? Eşidirsənmi? Təsvir edə bilmirəm, əzizim. Vallah təsvir edə bilmirəm. Sənə sahib çıxa bilmədiyim kimi öz hislərimə də, sözlərimə də sahib çıxa bilmirəm. Belə bir gücüm, istedadım olsaydı bu sevgi məni Nobelə qədər aparardı, vallah, vicdan haqqı aparardı. Bəlkəsiz, şəksiz, şüpəsiz, lap elə insansız aparardı...

Sənə demişdim axı, mən sözdən yıxılıram. Elə yıxılıram ki, körpə uşaq kimi bir ömür boyu dizlərim göynəyir, ürəyim param- parça olur. Bir ömür boyu ruhum sızıldayır. Bu gün varlığına, nəfəsinə, əllərinə həsrət qaldığım atam da həmişə sözlə, baxşıları ilə vurardı məni. Sonuncu dəfə soyuq əllərindən tutanda, sonuncu dəfə gözlərinə baxıb son mənzilə yola salanda da baxışları ilə vurdu məni. O baxışlar bir dünya ədəbiyyatının deyə bilmədiyi qədər böyük sözlər pıçıldadı qulağıma. O gün səssiz pıçıltılarla, kövrək notlarla hər şey yoğruldu içimdə, bəlkə də qırıldı. Və o gündən yarımçıq bir insanın yarımçıq tablosu dondu gözlərimdə. Bir ömürlük sındırılmış və bir ömürlük parça-parça edilmiş bir insan... Hardan alım Van Qoqu? Çəkərdi,tamamlayardı, qulağından,bəlkə də, elə lap ruhundan axan qanı ilə rəngləyərdi o tablonu.

Bu gün eyni zərbəni sən vurdun. Amma bu dəfə ürəyimdən vurdun. Üzülmə, gülümsəmə, nooolar ki heç ağlama da. Həmişə filimlərdə görmüşəm ki, vampirlər yenidən dirilirlər. Və dirildikcə yenidən yemək və isti qanla qidalanmaq istəyirlər. İndi sənin pıçıltılarını o vampirlərin qulaqbatırıcı səsləri əvəz edib, əzizim. Qulaqlarını aç, gözlərini aç, yaxşı- yaxşı oxu, təkrarən oxu. Gör o vampirlər mənə nələr pıçıldayır: “Sənin ülvi arzun sadəcə yalan, sadəcə səhv, sadəcə uşaq sadəlövhlüyü olmayıb. O, dişi canavar tək səni yeyib, sənin qanını sovurub, sənin həyatını oğurlayıb. Sən nə vaxtsa ona həsr elədiyin sevginin yarısını da olsa təbiətə, quşlara, ağaclara, souyq payız küləyinin pəncəsinə atılmış məsum bir çocuğa vermisənmi? İndi sən bilirsənmi ürəyində kimi yemləmisən, kimi gəzdirmisən? Bilirsənmi illərdir həsrətinin sapları ilə hördüyün o sevgi çələngini dağıdan kimdir? İndi bilirsənmi sənin yorğunluğun və ağrıların kimə görədir? Ona,ona, o ilana görə, qəlbində isti bir yuva qurduğun o canavara görə!”

Üzülmə, sevgilim, nə olar ki, üzülmə. İnanmıram vampirlərin qulaqbatırıcı axmaq səslərinə, vallah inanmıram. Mən onların düşmən olduğunu bilirəm. Sonuncu dəfə, anlayan gündən bilirəm. Bütün anlayışlar kimi sonuncu dəfə o yaxşı tanıdığım şəkildə peyda oldu. Amma mən onu çox görmüşəm, o qədər çox ki, lap hiyləgər sevgilərin özü boyda. Lap “Ədalət” ə yox, ədalətsizliyə hamilə olan dünyamızın özü boyda... Bu illər öncə həyat adlı kitabda çoxdan oxuduğum və əzbər bildiyim köhnə, müdrik bir deyim idi.

Yunanlar da yalan deyir, əzizim, vallah, vicdan haqqı yalan deyirlər. Nəyə inanırsan ona and içirəm ki, yalan deyirlər. Olimp dağının zirvəsində mən heç vax o Tanrıları görmədim. Onlar öz sığınacaqlarında, bizim içimizdə, qəlbimizdə gizləniblər. Bura həm də mənim sığınacağım, mənim yuvam, mənim isti bir evimdir. Bilirsənmi, əzizim, tərki-dünya, tərki- vətən insanların son sığınacağı, son yuvaları və son sevgiləri də öz içlərində, öz dünyalarında olur. Bura təbiətin bizə miras qoyduğu dağlardan, mağaralardan əzəmətli, tabutdan və qəbir evindən etibarlı və rahat, tək qaldığım, dünyanın əli yetmədiyi bakirə bir məkandır. Bura mənim evim, bura mənim son sığnacağımdır. Bura sənin viran qoyduğun canavar yuvasıdır! Qoy tufan olsun, qoy ildırım çaxsın, qoy lap üçüncü dünya müharibəsinin əzəmətli marş sədaları yer üzünü bürüsün, fərq etməz. Ora heç kim və heç nə keçə bilməz. Çünki ora mənim ruhumla yoğrulub,əzizim. Ruh deyirəm sənə, eşidirsənmi? Qoy orada boran və ağrılar olsun, qoy orada lap qan da tökülsün, ruhumuzun qanı, fərq etməz.

Ora əzəmətli bir sığnacaqdır. Ora canavar yuvasıdır...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031