manera.az
manera.az

Üsyan- Sevinc Elsevərin şeirləri/ MANERA.AZ

3-03-2017, 20:24

Üsyan- Sevinc Elsevərin şeirləri/ MANERA.AZ


Manera.az Sevinc Elsevərin şeirlərini təqdim edir.

cavanlıqda olduğu kimi
arxasını çevirmədən biri digərinə
və ya bir-birinə
sarmaş-dolaş
yatmaq istəyən
yaşlı cütlüyün
ikisindən biri ürəyinin üstündə yatmalıdı ki
yaxşıca sarılaraq uyusunlar
halbuki sol tərəfi üstündə yatmamağı
ikisinə də tapşırmış həkim...
kürəkləri üstündə yatmışlar
artıq sarılmırlar da bir-birinə
qadının başı kişinin sağ çiynində
kişi isə alışa bilmir hələ
sol qolu üstündə yatırtmışdı qadını illərcə...
yaşlandıqca ürəyi sancardı
qadını oyatmasın deyə
dodaqlarını sıxar dişlərində
dözərdi gizlicə...
güllər solduqca ləçəkləri
daha həssas olur toxunuşlara
ən zəif mehlərə belə...
yaşlandıqca elə olmuşlar
qadın da
kişi də
sanki bir-birinin nəfəslərindən
sovrulacaqlarmış kimi havaya
hiss edirlər
ən zəif toxunuşla
ovxalanıb tökülən qurumuş çiçəklər kimi
bir kitabın arasına qoyulmalıdırlar artıq
özləri də bilirlər...

Uşaqca səhvlər

bəzən uşaq kimi səhv edirsən...
məsələn,
yaşadığı evdəki akvariuma
balıq formalı peçenyelərini atan
suya girsələr
peçenyelərin də dirilib üzəcəyinə inanan
üç yaşlı oğlan kimi
səhvlər edirsən
amma dirilmir peçenyelər
əvəzində diri balıqlar o peçenyeləri yeyib ölür...
sən sevgimizi öldürdün
uşaqca səhvlərinlə...

“1984” romanını oxuyarkən

günlərdi eyni səhifəsində qalmışam
oxuduğum kitabın
hər dəfə əlfəcini qaldırır
açıram kitabı
yarımçıq qoyduğum yerdən
oxumağa başlayıram soldakı səhifədən
hər dəfə də sağdakı səhifənin sonundakı
o cümləyə çatanda
anlayıram bu səhifələri
artıq neçənci dəfə oxuduğumu...
“həyatınızı qurban verməyə hazırsınızmı?”- soruşulur orda
oxumağı saxlayıb
dalıram düşüncələrə yenə
bəlkə bu suala cavab tapana qədər
sürəcək
əlimdəki kitabı oxuyub bitirməyim...

Topal duzqabı

yaxşı deyildi araları
nə vaxtdı
tez-tez dalaşır
bir-birlərinin qəlbini qırırdılar
yoxdan səbəblərdən

amma qadın günahı
duzqabının üstünə atmaqda israr edirdi
topal duzqabı aşırdı yanından yel ötməmiş
duz dağılmağı azmış kimi
qadın şəkəri də israf edirdi
duzun üstünə tökərək
təzə bir dava qalxmasın deyə evdə

nənəsindən öyrəndiyi
qədim bir inancdı bu qadının
topal duzqabını atmır
satmır
yenisini də almırdı
özünü inandırırdı qadın

sərindi araları nə zamandı
halbuki
sevgiləri bitmişdi
dadı-duzu qaçmışdı çoxdan
qadın boşuna israf edirdi
duzu, şəkəri…

Yaza bilmədiyim şeirimə

kəpənək dalınca
qaçan uşaq kimi
qaçardım
şeirin dalınca
qonduqca o, çiçəkdən-çiçəyə
qaçardım mən də
dörd dolanardım kəpənək gəzən çölü-çəməni...

az əvvəl
bir qəşəng kəpənək axtarmışdı məni
burnumun düz qabağından keçmişdi
hətta burnumun ucuna qonmuşdu
yorğun-yorğun baxdım mən ona
bir az da küsgün baxdım
uçdu
uzaqlaşdı...

indi o kəpənək şeirimin dalınca
göndərirəm bu şeiri
qayıdacağına ümidlənərək...

Yorğun sevgililər

səhər ayılıb özünü
təsadüfi adamla
eyni yataqda kəşf edən biri kimi
peşimanlıq yaşayır
ərlə arvad
uşaqları yuxuya verəndən sonra
yuxulamışlar özləri də yorğunluqdan
əldən buraxmışlar gecəni
sevişə bilməmişlər yenə
çox arzulamışdılar halbuki...

indi əl-üzünü yuyub
bir stəkan acı çayı udumlayaraq
evdən çıxacaq kişi
bir əlində zibil torbası
bir əlində məktəb çantası...

uşaqlardan böyüyünü də
özüylə aparır hər gün
gün doğmamışdan məktəbə çatdırır...

qadın uşaqlardan kiçiyini oyadacaq
yedirib-içirib bağçaya aparacaq
sonra xəstəxanaya-işə yollanacaq

tibb bacısıdı qadın
səhər xəstələrə baş çəkməli
temperaturlarını, təzyiqlərini ölçməli
iynələrini vurmalıdı
günortadan da tez
özünü məktəbə çatdırmalı
məktəbdən götürməlidi böyük oğlunu
sonra yemək hazırlamalı
evi təmizləməlidi
oğlunun dərslərinə kömək eləməli
bağçaya yetişməlidi qaça-qaça
evdə qəbul elədiyi xəstələrin iynəsini vurmalı
məhəllənin aşağısında yaşayan
yeriyə bilməyən yaşlı qadının
üstünə getməli
qaça-qaça geri qayıtmalıdı
evdə tək qoyub
üzlərinə qapını bağladığı uşaqlarının fikrini çəkə-çəkə
“pəncərədən yıxılarlar, Allah qoru”
“ocağa düşərlər, Allah qoru”
“yanğın olar, zəlzələ olar, Allah qoru”-deyə-deyə...

axşam evə yorğun qayıdan ərini qarşılamalı
ona nəvaziş göstərməlidi
özü çox yorğun olsa da...
çayını, xörəyini qoymalıdı qabağına
çirkli paltarlarını yuyub sərməlidi

məişətin ağırlığı altında
bir də sevgini düşünməlidi iki adam
kişi qadından şübhələnməlidi
“artıq məni istəmir
bəlkə başqası var?!”-deyə
qadın kişidən şübhə etməlidi:
“başqa qadın olmasa, soyuq olmaz bu qədər”
savaşmağa da zaman tapmalıdırlar
bu vurhavurda
çayı, şəkəri, işığı, borcu, şalvarı, köynəyi, corabı bəhanə edərək...
amma yenə hər səhər
yuxudan ayıldıqlarında
təsadüfi adamla
özlərini yataqda tutmuş kimi
peşiman olurlar
bütün gecəni əldən verdiklərinə
barışmaq
sevişmək
öpüşüb-qoxlaşmaq şansını qaçırdıqlarına görə

günlər ötdükcə
hər gün
daha soyuq
daha uzaq adamlar kimi gəlir üz-üzə
qadınla kişi
mətbəxdə, yataq otağında, uzaq bir qohumun yasında...
qonşunun oğlunun toyunda
məhəllədəki balaca marketdə...

Üsyan

üsyan etmək istəyirsən hərdən Tanrıya
çəkdiyin acılara görə
sonra yadına düşür ki,
bir yerlərdə
başqaları
daha çox acı çəkir...
körpələr öldürülür Hələbdə
azyaşlı qızları yaşlı kişilərə arvad edirlər
qoca Şərqdə
bombalar yağır
terror törədilir...
utanırsan üsyan eləməyə
sənə elə gəlir Tanrı kinayə edər
səsini çıxartsan
illərdi sənə əziyyət edən həyat
başqalarına da ağırmış
hətta daha betər ağırmış
onda bilmirsən kimin üstünə gedəsən
gedib nə deyəsən
xoşbəxt olmaq
hüzurlu yaşamaq haqqını
kimdən tələb edəsən?!

Təsəlli

qonşusu Suğranın
şəhərdə bina tikintisində
fəhlə işləyən oğlu
16-cı mərtəbədən yıxılıb öləndə
uzaq qohumunun ərköyün oğlu
içkili halda
maşınına qaz verib qəza edəndə
kimsə bıçaqlananda
kimsə öləndə durduğu yerdə
təsəlli verir özünə
şəhid anası Sırğa xala
heç nədən getmədi
vətən, millət uğrunda
getdi mənim balam deyir

Evtanaziya

könüllü və acısız ölüm istəyən
yaşlı və xəstə adam
çətinliklə içir
onu əbədi yuxuya verəcək
acı dərmanı
üstündən bir dilim şokolad yeyir
həyatın bütün acılarına qarşı
acısız ölüm axtarışındakı insan
damağında şirin bir dadla gedir son yuxusuna
dəhşətli bir susuzluq içində
nəğmə deyən bulaqlar görür kim bilir
son gördüyü yuxuda...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031