manera.az
manera.az

Sevgidən danışan şeirlər- Sevinc Elsevərin şeirləri/ MANERA.AZ

27-02-2017, 21:14

Sevgidən danışan şeirlər- Sevinc Elsevərin şeirləri/ MANERA.AZ


Manera.az Sevinc Elsevərin şeirlərini təqdim edir.

sevgilim,
dodaq boyasına verməyə pulum yox idi
ondan solğun idi dodaqlarım
görmürdün
kirpiklərim nəmli idi daima
ondan dolaşırdılar bir-birinə
müjgan oxun ata bilmirdim...
anamın verdiyi avtobus pulunu
avtobusa vermirdim
piyada gəlirdim universitetə
yol pulumu yığıb
təzə kitab alım deyə ay sonunda
qışda soyuq rüzgar
yayda isti yel
qəddar Bakı
qaraldırdı bənizimi
zəncilərə bənzəyirdim
güzgülər deyirdi
Uitni Hyuston qədər gözələm
sən görmürdün...

paltarlarım nimdaş olurdu
şalvarımın dizləri geyilməkdən
büsthalterə bənzəyirdi
qışı paltosuz keçirirdim
ətir iyi gəlmirdi məndən
kitabxana qoxusu verirdim
geydiyim dikdaban ayaqqabılar
boyumu səndən hündür göstərirdi
yenisini almağa atamın pulu yox idi
həm də inadına qırılmırdı
o ayaqqabının dabanları
baxmayaraq Çin malı idi...

sən qonşu qrupdan qız sevirdin
barbi gəlincikləri kimi sarışın
boyalı-pudralı
gözləri linzalı
bilə-bilə saxta sarışınlığını
baxışlarının yalançılığını
üstündən gələn qoxunun Parisdən əsdiyini...
indi illərdən sonra
sənə yox
özümə acığım tutur
səndən ötrü gecələr boyu ağlayan gözlər
daha çox oxuya bilərdilər...
***

sən uzaq saraylardan gələn şahzadəsən...
mən sənə baxan minlərlə qaragözlüdən biri
yaxşı ki, kişi deyiləm
yaxşı ki, qadın deyilsən
üzümü çevirməyi əmr edərdilər
güzgülərə qalardı gümanım
ay üzünü görməyə...

sən uzaq saraylardan gələn şahzadəsən
sən atlısan
mən piyada
qışqırsam
səni çağıran
minlərlə səsdən ayırmazsan səsimi
sənə uzanan heç bir qadının əlindən
seçilmir əlim
bircə ürəyim
təkcə ürəyim
ama döyüntülərini eşitdirəcək qədər
yaxınlaşa bilmədim sənə

sən uzaq saraylardan gələn şahzadəsən
fərraşlarına əmr elə
qaldırsınlar məni yolundan
qovub çıxartsınlar burdan
eşq başıma vurmadan
bir dəlilik yapmadan...
***

iki başqa insanlarıq səninlə
sevgilim
sən öz cinsinə güvənirsən
mən özümə
sən ətin bahalaşmasına üzülürsən
mən can bazarında
canını verən heyvanlara
sən çiçəyi dərməyi xoşlayırsan
mən əkməyi
çoxaltmağı
iki başqa insanlarıq səninlə
sevgilim

birimiz ayı sevir
birimiz günəşi
birimiz qarı
birimiz atəşi
sən yorğana bürünməyi sevirsən
mən sənə bürünməyi
iki başqa insanlarıq səninlə
sevgilim
görürsən ki
“iki canda bir ürək” deyə bir şey yox
uydurmuşlar

bu dar mənzilimizdə
“bir canda iki ürək” kimi dəyişə biləydik
bu düsturu
imkansız!

qəbul etməliyik artıq
iki başqa insan olduğumuzu
inadsız.
***

bir gün
zarafata salıb
yenə ananın necə qəzəbləndiyindən
söz etdin

saçımdan üç-dörd tel tapmışdı
yuyarkən köynəyinin cibindən

həmin gün
xoşladığın
uzun saçlarımı kəsdim
anan məni tanımasın deyə...
əvvəlcə qonşuda arayacağını bilirdim
sənin ağlını alan qızı...

və sonra biz daha görüşmədik
zənn etdim kimi-
səni xalan qızına
nişanladılar tələsik...
mənsə
yenə saçlarımı uzadıram
***

az öncə
tərk etdiyin yastığında
qoxunu qucaqlayıb
içimə çəkirəm...

bu səhər də məni oyatmadan
ayaq barmaqlarının ucunda
çıxıb getmisən...

hələ də islaqdı
alnıma qoyduğun öpüş
***

sənə deyəcəyim sözləri
əzbərləmişdim səhərə qədər
ilk dəfə şer söyləyəcək
şagird kimiydim
səni görcək
çıxdı yadımdan əzbərlədiklərim
özümdən şer uydurmuşdum
bu dəfə də.
***

hər dəfəsində
can atan birisi
aldandığını bilərək də
sevdiyinə inandırdı özünü...
və hər yeni ayrılıq
az qala intiharla bitəcəkdi
yeni bir eşqin sevinci
köhnə dərdləri unutdurdu hər dəfə...
sevdiyim oğlanların sayını öyrənəndə
heyrətdən gözləri bərələn dostum:
-“iyirmi altıya çatdırıb güllələyərsən onları”- demişdi
növbəti aldanış dostumla baş verdi
o, iyirmi altıncı idi.
***

mənə məktub yox
pul göndərirsən uzaqlardan
mən sənə elə hey
uşaqların ehtiyaclarından danışıram
qısa telefon danışıqlarında
öz ehtiyaclarımı unuduram
sən mənim havamsan
suyumsan deyirdim
əlini bir dəfə tutmaq üçün
dünyanın ta o başına gəlirdim
(sən də eləcə)
darıxardıq
axşam görüşlərindən sonra
öpüşlərimizin dadı
damağımızdan getməmiş
bir ömür boyu iç-içə
bərabər olaq deyə
evləndik biz
heç ayrılmamaq üçün
indi mənə məktub yox
pul göndərirsən uzaqlardan
sanki başqa bir ehtiyacım yoxmuş kimi sənə...
mən sənə elə hey
uşaqların ehtiyaclarından danışıram
qısa telefon danışıqlarında
sanki başqa bir ehtiyacın yoxmuş kimi mənə.
***

Qızlarına Sevgi adını vermişlər
amma sevməyi-sevilməyi ona qadağan etmişlər
sevdiyindən ayırıb başqasına vermişlər
“Sevgiylə qarın doymaz” – demişlər ona.

Qonşumuzun qızıydı Sevgi
anası haylardı pəncərədən tez-tez
imkan verməzdi həyətdə ləngiməsinə
“Sevgi... Sevgi” deyə səsi götürərdi başına
həyətimizi
sevgiyə səslərdi anası sanki hər kəsi
Afrodita kimi
Sevgi gəlin köçəndən bəri
yalandan da olsa
kimsə sevgiyə səsləmir bizi...
***

Sənin ətrin canıma o qədər hopurdu ki
gizlədə bilmirdim başqalarından

bahalı kişi ətriydi
evdə yoxuydu atamın
qardaşımın...
adını da bilmirdim o ətrin
soruşmağa utanırdım
bilməməkdən utanırdım
kasıblıq sözdə utanılacaq bir şey deyildi amma
həm də gizlədilməsi lazım olan bir şey idi
cırıq corab olan ayağını
digər ayağının arxasında gizləməli
köhnə, yamaqlı nəyin varsa evdə
künc-dalana dürtməliydin qonağın gələndə
qonşu xala sənə alma çıxarıb verəndə
əlini geri itələməliydin
üç mövsüm alma yeməsən belə...
alma yeyib gəlmişəm deməliydin...
kasıblığın özü deyil də
kasıblığı gizləyə bilməmək
kasıblıqdan utanmamaq ayıb sayılırdı...
***

Yolboyu qoxlaya-qoxlaya gəlsəm də evə
səni gizləmək üçün əlimi, üzümü yuyurdum dönə-dönə
cinayət işləyəndən sonra qatillər əllərini
gedib-gəlib yuduqları kimi
sonra sual eləyirdim özümə
sevmək suçmu, cinayətmi?
bir dəfə saçımı hörərkən anam
doladı saçlarımı əllərinə
“heç bilirsən kimin oğludu o?
dünyada səni almaz ” - dedi
hələ anası lovğalığından yerə-göyə sığmır dedi...
ətrin satmışdı bizi anama
hələ də mən elə bilirəm
sonra mən ana sözü dinlədim
yavaş-yavaş unutdum səni
ən gec ətrini unutdum
amma indi burnumla torpağı eşsəm
xatırlamaram
***

bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...

ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.

küsdümsə,
əyilir üzüm
çatılır qaşım
yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...

hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...

yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi yəqin...

indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm
əvvəlcə...
***

sevdiyi kişinin görüşdüyü başqa qadını
əsla unutmaz
xəyanətə uğramış qadın
və o qadına nifrətdən çox
qibtə edər
ona oxşamaq istər
özünün daha gözəl olduğuna
əminliyi olsa da...

Tanrı bizi cənnətdən qovanda
təkcə şeytanı düşmən etmədi bizə
bir-birinə də düşmən oldu
qadınla-kişi
altmış illik ər-arvadlıqdan sonra
bir-birinə gizlində nifrət edirdi
nənəmlə-babam
atamla-anam
mən və məni başqasına dəyişən sevgilim.

xəyanətə uğramış qadın üçün
sevdiyi kişi yox
sevgi özü ölər
xəyanətkar kişi üçün mübarizə
iki qadının saçyoldusudu sadəcə
sevgi uğrunda ölüm-dirim savaşı deyil

gecələr doğan ay
xəyanətlərə işıqlı cığır açır
gün kimi dürüst deyil ay
qətllərə şahid olur
amma susur
mənim də alnıma ay kimi
başımı aşağı salıb
susmaq yazılıb
xəyanətlər qarşısında
mən də ay kimi
gah kiçilirəm
gah yox oluram
gah ləkəli üzümü göstərirəm...

qadınlar xəyanətkar kişini öldürmür
qadınlar sevginin özünü öldürür
kişilər xəyanətkar qadını öldürüb
sevgini yaşadır
mən artıq bunu bilirəm.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031