manera.az
manera.az

Sevimli arvad- Orxan İsmayılın pyesi/ MANERA.AZ

8-12-2016, 12:37

Sevimli arvad- Orxan İsmayılın pyesi/ MANERA.AZ


Manera.az Orxan İsmayılın pyesini təqdim edir.
**

Adəm - ixtiraçı, 30 yaşında
Səbinə - çiçək mağazası var, Adəmin arvadı, 30 yaşında
Təzəgül - filoloq, Adəmin anası, 55-60 yaşlarında
Sofiya - mütərcim, Səbinənin rəfiqəsi
Bəxtiyar - aşna ehtimal olunur


1-ci vaqiə

Səliqəli geniş otaq. Pəsdən naməlum musiqi eşidilir. Nəhayətsizliyin sükutu görünür buranın məğrur divarlarını keçməkdə acizdir. İri cüssəli kişi ilə kübar qadın məhrəm ixtilat etməkdədirlər.
Adəm - (gülərək) Anacan, mən həm də iftiranı ixtiradan ayırmağı bacarıram.
Təzəgül - (fərəhlənən tərzdə) Ah, Adəmim, sən ki, süddən çoxdan kəsilmisən. Rahatca qaça da bilərsən. Sənin barmaqların... (əlini oğlunun barmaqlarında xəfifcə gəzdirərək) onlar əbədi qardaşlığa söz vermiş 10 samuray kimi güclü və mütəhərrikdir. Alnın...gözlərin...gözlərini ifadə eləməkdə mənə kömək et!
Adəm - Sən dilşunas olduğunu, vaqonlarla söz ehtiyatının nə vədə platformadan qaça bilmək imkanını yəqin unutmamısan.
Təzəgül - (onu qucaqlayaraq) Haqlısan. Sən haqlısan. Onlarla mərhəmətli olmaq lazımdır. (ucadan qəhqəhə çəkir və otaqdan çıxır)
Otaqda iri, dairəvi bir masa var. Divara hörmə şkafda rəngbərəng kitablar, üst-üstə qalaqlanmış əlyazmalar yerlərini rahatlayıblar. Adəm kompüterində nə isə oxuyur. Keçmişi gələcəyə danışmaq ehtirası onun azğın hisslərini riqqətə gətirir.
Adəm - Vecsiz yarıtmaz! (təsirlənmiş halda) Gör bir nə danışır: "Laməzhəblik etiqad etibarilə ixtiraçılığa babdır. Bizə tanrını yoluxmaq üçün qanadlı atlar, haldan, həmzaddan qorunmaq üçün sehrli əncir yarpağı gərəkdir" Belə masqara olmaz axı.
Təzəgül əlində iki stəkan otaqda peyda olur.
Təzəgül - Yaxşı surroqatdır - zəncəfil çayı. Qaynar iç.
Adəm - Sağ ol, anacan. (bir qurtum alaraq) Hə, dadlıdır. Çox dadlıdır. Hərdən fikirləşirəm ki, sən olmasaydın bizim həyatımız çıxılmazlıq boşluğu olardı. Mən və...
Təzəgül - (onun sözünü kəsərək) Sizin həyatınız? Mən belə düşünmürəm.
Adəm - Mən və Səbinənin. O səni ilahi qüvvəyə malik qadın hesab edir.
Təzəgül - Bunu özü sənə deyib?
Adəm - Hə. Doğrudur, o evdən çıxanda özünü ordudan tərxis olunan sıravi kimi aparır. Sən də bilirsən ki, bu onun çiçəklərə olan rəğbəti ilə əlaqəlidir.
Təzəgül - Və pula.
Adəm - Xahiş edirəm, o pul tamarzısında deyil.
Təzəgül - Mən hələ ağlımı itirməmişəm. Günəşin səni qızındırdığı kimi məni də qızındırdığından xəbərim var.
Adəm - Anacan, mən getməliyəm. Bu konfrans gecikənləri heç sevmir.
Təzəgül - Gəl yanıma, qaynar busələrindən məni məhrum etmə. Mən səni hamıdan çox sevirəm. Ondan da.
Adəm - (onun yanaqlarını, hər iki əlini və alnını öpərək) Konfrans!
Adəm otaqdan çıxır. Təzəgül çoxmənalı gözlərini bir neçə saniyə qapıdan yayındırmır.
Təzəgül - İtirilmiş heysiyyəti qazanılmış nə xilas edəcək ki? Heç nə.

2-ci vaqiə

Bura çiçək mağazasıdır. "Mənim küsəyən çiçəklərim öz sahibini heç gözləməzlər" bəyaz hərflərlə dəmir məhəccərin üzərinə yazılıb. Dekorativ jasmin və suzanbağılar taxta pilləkənin kənarları ilə düz döşəməyədək sıralanıblar. Qapıdan içəri girdiyində buranın xüsusi zövqə və həssaslığa ram olunduğunu görərsən. Bir tərəfdə inciçəyi, yasəmən, sarı çiçək və bənövşələr, o biri tərəfdə payızgülü, tülpan, qızılgül, nərgiz. Nevra, papatya və zanbağın bir neçə növü bu mağazada göz oxşayır. İçəridə iki cavan qadın var.
Sofiya - Əzizim, sən çiçəklərinlə bərabər şübhəsiz, tarixə düşəcəksən.
Səbinə - Oh, (əlindəki bir qov bənövşəni qoxlayaraq) biz istəməsək də orada varıq. Qalır öz səhifəni tapıb oxumaq. (çiçəkləri suya qoyur)
Sofiya - Yəqin ki,axşam mənə yoldaşlıq edərsən. Məndə "Kromvel"-ə iki bilet var.
Səbinə - Çox unutqan ləçərəm. (heyrətlə gülümsünür) İş görüşüm olduğunu sənə deməyi necə yaddan çıxarmışam?!
Sofiya - Kiminlə?
Səbinə - Bəxtiyar. O, sahibkardır. Biz qərara almışıq ki,...
İçəri 40-45 yaşlarında nəhəng çərçivəli eynəkli qadın daxil olur. Bir dəqiqə bütün çiçəklərə tamaşa edəndən sonra öz seçdiklərindən bir buket düzəltməyi xahiş edir.
Səbinə - Bu çiçəklər sizə həyatın daha çox rənglərdən ibarət olduğunu xatırladacaq.
Qadın - (dərindən ah çəkərək) Çox minnətdaram! (çiçəklərin haqqını verib qalibyana təbəssümlə mağazanı tərk edir)
Sofiya - Onun gözlərində zülmətin əlamətləri sezilir.
Səbinə - O ki, eynək taxıb. Necə görə bildin təlatümlü gözləri?
Sofiya - Biz onsuz da görmək istədiklərimizi görürük: nə nazik nəgli şüşə qatı nə də qalın divar öz arxasındakıları gizlədə bilmir.
Səbinə - Sən çox ağıllısan. Bu həqiqətdir!
Sofiya - (filosof görkəmi alaraq) Övladım, həqiqət, təkcə alqışlananda həqiqət olur.
Hər ikisi gülürlər. Sofiya yaxınlığında olan payızgülü çiçəklərinin təravətli qoxusunu ciyərlərinə təpərək oranı tərk edir.

3-cü vaqiə

Saat 20:25. Adəm kompüterdə nəsə oxuyur. Arabir diqqətini anasının üzərinə cəmləyərək onun necə həyəcanlı olduğunu sezir. Təzəgül pəncərədən, naməlum istiqamətlərə şütüyən maşınlara, hərəkət edən qara nöqtələri xatırladan insanlara, üzəri ləkəli qızmış kürəyə bənzər bədirlənmiş aya tamaşa edir.
Adəm - Anacan, sənə bir şey oxumaq istəyirəm.
Təzəgül - Sevimli arvadına epistolyar əsər yazmısan, yəqin.
Adəm - (sevincək halda) Y-yox. Yaxın gəl, əyləş. Xahiş edirəm.
Təzəgül mənzərədən ayrılaraq dairəvi rahat divanda, oğlunun yanında yerini rahatlayır.
Adəm - 21 yaşlı amerikalı yazıçı yazır: "Mən insanların ruhundakı azmanlığın, gəmiricilik təntənəsinin, rabitəsiz çırpıntıların nədən doğulduğunu bilirəm. Bu həyatın mütləqiyyət hayqırtısının paralel dünyalara çağırışıdır. Biz ölmək üçün doğulduğumuzu dərk etdiyimiz andan hamar insana - paralel dünya insanına çevrilirik." Əcəb maraqlı yanaşmadır.
Təzəgül - Çox. (saata baxaraq yenidən narahat görkəm alır) O haradadır axı? Bu qədər niyə gecikir?
Adəm - Az əvvəl zəng vurmuşdum. Bir neçə dəqiqəyə evdə olacağını dedi.
Təzəgül - Aha, bir neçə dəqiqəyə...Sən niyə ona bu qədər sərbəstlik verirsən? Bəlkə o....Lənət şeytana.
Adəm - (yumşaq səslə) Anacan mən ona inanıram. İş görüşməsi olduğu üçün belə gecikib. (qolundakı saata baxır) 2-3 saat dünyanın sonu deyil.
Təzəgül - Daha söz tapmıram. Mən sənin ifrat arxayınçılığını sevgi adlandırmaqdan qəti imtina edirəm. Halalca arvadın həftədə 4-5 dəfə səninlə süfrə arxasında oturmağa vaxt tapırsa bu onun laqeydliyinin, sənin isə dişsizliyinin nəticəsidir.
Adəm - Tanrı xatirinə özünü bu qədər əsəbləşdirmə.
Təzəgül - (uca səslə) O həddini aşıb. Mən dözə bilmirəm.
Ayağa qalxaraq az əvvəlki mənzərəyə yenə baxmaq üçün pəncərəyə yaxınlaşır. Otaq əvvəlki kimi təmiz və xoş ətirlidir. İri masanın üzərindəki güldannda sarı çiçəklər var. Qıvraq stullar, qoz ağacından təzə şifoner, iki şkaf otağın əsas mebel avadanlığıdır. Təzəgülün qəlbindəki təbəddülat Adəmin qayğısız üzünün əzələlərində heç bir gərginlik yaratmır. Şirin olduğu qədər riqqətə gətirən qoxu otağa yayılır. Bir an sonra yaraşıqlı, gənc qadın otaqda peyda olur.
Səbinə - (onun isteriyalı görünən üzündən öpərək) Xoş gördük, anacan. Sizinlə şam etmək ehtirası məni yamanca tələsdirsə də, neynək, əlamətdar görüşlərdən imtina etmək olmaz.
Təzəgül - (gözlərini ondan yayındıraraq) Əlamətdar.
Adəm - Sən çox yorğun görünürsən.
Səbinə - Doğrudur. Yenə kəşf eləməyi bacardın. (gülərək)
Adəm - Mən bunun üçün doğulmuşam. Nəyisə birinci sən etməsən, bunu başqası mütləq edəcək.
Səbinə - Dahim mənim. (Təzəgülə) Siz oğlunuzu mükəmməl tərbiyə etmisiniz.
Təzəgül - Getdikcə buna təəssüflənirəm.
Səbinə - Nəsə olub, anacan?
Təzəgül - Özünü qutudan çıxmış gəlincik kimi aparmağın məni hiddətləndirir.
Səbinə - (sarsılaraq) Axı...Mən nəyi düzgün etməmişəm?
Adəm - Əzizim, onu rahat burax. Bu gün çox sentimental görünür.
Səbinə - Rəhmətlik atan...adı necə idi?
Təzəgül - Onun adını çəkməyi sənə qadağan edirəm!
Adəm - Sən get yuyun. Anamla tək qalmaq istəyirəm.
Səbinə otaqdan çıxır. Ana və oğul bir müddət sakit və hərəkətsiz qalırlar. Bu, hiddətin və qərarsızlığın səssizliyidir.

4-cü vaqiə

Günortadan bir xeyli keçib. Günəş qalın bulud laylarının arasından arabir boylanaraq sanki, qərbdə sərvət tapacağına inanan şərqli lütüryan kimi tələsir. Səbinə zövqlə hazırladığı yasəmən dəstəsini alıcıya təqdim etdiyində sevimli qaynanasının mağazaya daxil olduğunu görür.
Səbinə - (təəccübləndiyini gizlətmir) Aa, anacan sizi burada görəcəyimə çox sevindim. (şumal kreslonu göstərərək) Əyləşin, lütfən.
Təzəgül - (rabitəsiz səslə) Qapını içəridən bağla.
Səbinə qapını örtür. Qayıdaraq onunla üzbəüz kresloda oturur.
Səbinə - Buraya gəlməklə məsələnin ciddiliyindən məni xəbərdar etmək artıq olardı. Mən bilirəm.
Təzəgül - Səninlə açıq danışacağam. Oğlum mənə bu dünyada hamıdan və hər şeydən əzizdir. Bu, bir qadının kişi məhvumunun bütün cizgilərini təkcə bir nəfərin üzərində canlandırmasıdır. Sən bunun nə olduğunu bilmərsən.
Səbinə - Mən onu sevirəm.
Təzəgül - Bu çox azdır. Sevmək anlarla, şəkillərlə olur.
Səbinə - Mən onun qadınıyam. Bizim övladımız olmasa da buna hələ ümid etmək olar.
Təzəgül - Ümid? (səsini qaldırır) Qayğıkeş ana obazının da öhdəsindən gələ biləcəyini düşünürsən? Sevimli arvad olmaq səndə gözəl alınır.
Səbinə qalxıb gümüşü qabdan iki stəkan ərik şirəsi süzür. Birini öz, digərini qaynanasının qabağına qoyur.
Səbinə - Siz məni alçaldırsınız!
Təzəgül - (şirədən bir qurtum alaraq) Sən isə oğlumu. Onun məhəbbət idealını - belə demək mümkünsə - naməhrəm davranışınla parçalayıb, didişdirmisən.
Səbinə - O mənimlə xoşbəxtdir. Bizi ideala yaxın cütlük hesab edirlər.
Təzəgül - Sən nə qədər çox xoşbəxt olmaqla bir o qədər evli qadın olmağını unudursan.
Səbinə - İşimi çox sevməyimi mənə qadağan etmək olmaz! (ətrafa bir anlığa göz gəzdirir) Çiçəklər! Onlar mənim həyat tərzimdir. Bu kiçik mağaza rənglər planetidir. Baxın...
Təzəgül - (yenə uca səslə) Çox qeyri-ciddi səbəbdir.
Səbinə - (özünü saxlaya bilməyərək çılğınlaşır, səsi qırıq-qırıq çıxır) Bağışlayın, siz, s-siz qəddarsınız. Ya da səmimi olmaq istəmirsiniz.
Təzəgül - Mən səni xəbərdar etməyə gəlmişəm. Siz çox davam gətirə bilmərsiniz.
Səbinə - Adəmdən ayrılmağımı məndən istəməyin. Bağışlayın mənim görüşüm var. Çox qala bilməyəcəm.
Təzəgül - Necə də təntənəli danışırsan. Görüş, işini sevmək, çiçklər...və daha nələr. Yadından çıxarma: oğlumu ələ salmağına yol verməyəcəm. Heç vaxt!
Ayağa qalxrıb iti addımlarla qapıya yaxınlaşır və çölə çıxır. Səbinə müti acgözlüklə çiçəkləri qoxlamağa başlayır. Adətən bu vərdiş ona istənilən sakitləşdiricidən yaxşı kömək edir.

5-ci vaqiə

Axşamdır. Ana və oğul süfrə ətrafında əyləşərək çay içirlər.
Adəm - Bəh-bəh. Əllərin ağrımasın, gözəl anam.
Təzəgül - Sən yeni işini bəyənirsənmi?
Adəm - Əlbəttə. Gənc və perspektivli ixtiraçılar üçün bundan yaxşısını tapmaq çətin ki, mümkün ola. (çayını sonadək içir)
Təzəgül - Sənin hər zaman sevinməyini istəyirəm. İxtiraçılıq sənə çox yaraşır. Ağlına və qabiliyyətinə biçilib.
Adəm - Bilirəm, anacan. Dünyadakı çox az sayda mələklərin biri də bizim payımıza düşüb. (anasının əlini ehmalca sıxaraq) Füsunkar Demetra - o əkinçilik ilahəsidir - min illər sonra öz törəməsinin doğulduğuna çox sevinərdi.
Təzəgül - (sabitliyini pozmadan) Mən, atam şeyx Cahandar və anam Banuçiçəyin törəməsiyəm.
Adəm - İlahələri adi qadınlar doğa bilməzlər.
Təzəgül - Deməli mən adi qadınam.
Adəm - Yox. Bunun bir açıqlaması olmalıdır. 5-6-ca cümləlik müfəssəl aydınlatma.
Adəm anasının alnından öpərək keçib divanda oturur. Təzəgül süfrəni səliqəyə salır. Bir neçə dəqiqə keçir.
Təzəgül - Onun yenə gecikməyi məni təəccübləndirməsə də, sənin səbr mücəssiməsilik davranışın bütün əzələlərimi ehtizaza gətirir.
Adəm - Bugünkü görüş onun karyerası üçün əməllicə əhəmiyyətlidir.
Təzəgül - Lənətə gəlmiş sahibkarın adı necə idi?
Adəm - Bəxtiyar. Mən onu tanıyıram. Müdrik və işini sevən adamdır.
Təzəgül - Off, (əlini sinəsinə apararaq) Zavallı ürəyim elə bu dəqiqə xıncım-xıncım olacaq. (daha ucadan) Yo-ox, mən dəli olacağam.
Adəm - Sakitləş, mələk anam. Hər şey yaxşı olacaq.
Təzəgül - O şərəfsiz aşnalıq eşqinə düşüb. Hə, bu belədir.
Adəm - (qətiyyətli və sakit səslə) Sən əsəbləşəndə nə danışdığını unudursan.
Təzəgül - Necə? Mən dəli olmuşam?
Adəm - Mən belə demək istəmədim. Vicdanı arıtlanmış harın övlad olmaqdansa ölməyi seçərdim.
Təzəgül oğlunu bərk qucaqlayıb başını onun sinəsinə sıxır. Yarım saat sonra Səbinə gəlir. Onlarla məhrəm salamlaşıb tez yuyunmağa gedir.

6-cı vaqiə

Çiçək mağazasının qapısındakı "müvəqqəti işləmir" sözləri buranın daimi müştəriləini başqa yerlər axtarmağa təhrik edir. Səbinə və Sofiya ayaq üstdə danışırlar.
Sofiya - (musiqili səslə) Əzizim, sən möhtəşəm görünürsən. Kiminlə görüşdüyünü deməsən mən...Bu başqa iş görüşlərindən fərqlənir, deməli.
Səbinə - (təntənəli tərzdə) Əlbəttə. Çox fərqlənir. Nevra ilə payızgülü kimi.
Sofiya - Mənim çoxdüyünlü beynimdə qaranlıq fikirlər dolaşır. Sən ərinə xəyanət etmərsən, eləmi?!
Səbinə - Heç vaxt!
Sofiya - Belə çıxır ki,...adamın pulu çoxdur və onları hara səpəcəyini bilmir. Sən də səpməyə həyət göstərmək qərarına gəlmisən.
Səbinə - Bu haqda danışmaq istəmirəm. (səhih tələffüzlə) Vaxtdır. Biz çıxmalıyıq.
Sofiya - Yaramaz gəlincik.
Səbinə - Canım, Ça suffit {burada - kifayətdir} Düzmü dedim?
Sofiya - Aha, tamamilə.
Səbinə - Çıxaq, fransız ətirim.
Sofiya - Yaxşı, petite fille {burada - qızcığaz}

7-ci vaqiə

Saat 18:30. Adəm uzun dar ətəyi olan frakda, qara sıx saçları daranmış halda kompüterdə anasına nəsə göstərir.
Adəm - Budur, yeni dərnəyimizin binası. Yaxşı demək olar, hə? (başqa şəkli açaraq) Otaqlar.
Təzəgül - Yığcam və fəza kimi təmiz.
Adəm - Və sevimli məkan.
Təzəgül - Paltarını əzmə, mən onların hamısını gördüm.
Adəm - Mənim cəmi 5 dəqiqəm var. Necə görünürəm?
Təzəgül - (yaxasına ilişən sap qırıntısını götürərək) Lap orta əsr cəngavərləri kimi. (gülərək) Sivri uclu, daş-qaşla bəzədilmiş xəncərin çatışmır.
Adəm - Bir də taskülah.
Təzəgül - Yox. Bu saçları hamı görməlidir. Görüşdüyün o da...o qadındır?
Adəm - Bəli anacan.
Təzəgül - Gəncdir?
Adəm - Gənc və hərəki.
Təzəgül - (pəsdən) Bəs subaydır?
Adəm - Düz iki ildir ki, evlidir.
Təzəgül - Sənin kimi.
Adəm - Hə, mənim kimi. Bu çox yaddaqalan görüş olacaq. Kleopatra ilə Sezarınkı kimi.
Təzəgül - Necə? (çaşqın halda) Məni şübhələndirirsən.
Adəm - (qalxaraq) Bağışla anacan, mən getməliyəm. (saatına baxır) Elə indicə.
Anasını öpərək otaqdan çıxır. Təzəgülün qəlbində çox yad hisslər oynaşır. Bunun xoşməramlı yaxud, qapağan xislətli olduğunu aydınlaşdıra bilmir.

Son vaqiə

Bura təmtəraqlı restoran olmasa da sadə və səs-küydən kənardır. Ovalvari, üstünə qat-qat süfrə çəkilmiş masanın hər başında bir stul var. Yaraşıqlı qadının məchul fikirlərini zərif və ehtiraslı səslə salamlama intişar edir.
Adəm - Qoy, neçə dəqiqə gecikdiyimi özüm tapım.
Səbinə - Ordinar ixtira olacaq. Sən yəqin acsan.
Adəm - (qarnını ovuşduraraq) 3 gün dayanmadan uçan kərkəs kimi.
Səbinə - Qızardılmış dana əti, paxlalı şorba və ispanaq salatı. Solodlu viski. (gülərək) Bir qətrə də çay içmərəm. Təklifim bunlardır.
Adəm - İntəhasız razılıqla bircə şeyi əlavə edim: göbələk salatı.
Sifarişi bildirdikdən az sonra istədikləri nə vardısa hamısı stolun üstündə olur. Adəm şüşəni restoranın işçisindən alaraq özü süzəcəyini deyir.
Adəm - Anam qadınla görüşəcəyimi biləndə üzündə naməlum ifadə yarandı. Mən onun gənc, gözəl ancaq evli olduğunu dedim.
Səbinə - (iştahla ət tikələrindən dadaraq) Əcəb dadlıdır. Biz teatra da gedə bilərdik.
Adəm - Əzizim, biz hərəkətlərimizi digər masalardan müşahidə edənlər üçün elə teatrıq. Yaxud əksinə. (göbələk salatına işarə edərək) Ləzzət, sən beləsini bacarmazdın.
Səbinə - Razıyam. Onun kölünü almaq necə də çətin olacaq. Yeri gəlmişkən "sevimli arvad" ifadəsini amiranə səsləndirəndə bundan həzz alıram.
Adəm - O səni sevir. Bizim anlamadığımız həssaslıqla.
Səbinə - İçək.
Badələrin qulaqbatırıcı cingiltisi ətrafa səpələnir.
Səbinə - Bax, sərxoş olsam məni boşamayacaqsan.
Adəm - Sən məni sevirsən! (onun gözlərinə baxaraq əlini öpür) Buna əminəm.
Səbinə - (pıçıltıyla) Sus. Gözlərinlə danışıram. Onlar həmişə səmimidirlər.
Adəm - Barmağını ver.
Səbinə - Onu yeməyəcəyinə məni əmin et.
Adəm ayağa qalxaraq cibindən çıxardığı topaz qaşlı üzüyü onun barmağına keçirir.
Adəm - Səni sevirəm. Mənim sevimli arvadım.
Səbinə onu özünə sıxır. Yanağından süzülən iri, parıltılı damlalar sinəsini isladır. Bu damlaların hər biri sanki, bağışlamağın, sevməyin, vurğunluğun, öyrəşməyin carçılarıdırlar.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031