manera.az
manera.az

Şəhərimi sənə qoyub gedirəm- Afaq Şıxlı / MANERA.AZ

5-12-2016, 13:55

Şəhərimi sənə qoyub gedirəm- Afaq Şıxlı / MANERA.AZ
Afaq Şıxlı

SEVİLƏN İNSAN

Sevilən insanın yol çəkmir gözü,
Hər addım səsinə ürəyi əsmir.
Kövrəlib yarıda qırılmır sözü,
Xəyala dalaraq əlini kəsmir.

O kimin, kim onun yadından çıxıb
“Unutdu” sözünü gətirmir dilə.
Buz kimi havada, uzağa baxıb,
Dayanmır eyvanda intizar ilə.

Kimisə gözləmir hər sabah-axşam,
Açılmır qucağı zərif qoxuya.
Ərimir ümidi əridikçə şam,
Əlində telefon getmir yuxuya.

Kiminsə... kiminsə qəfil səsindən
Dağıtmır üstünə isti çayını.
Tərləmir aynası öz nəfəsindən,
Itirmir günlərin fərqsiz sayını...

Səssizcə ağlamır bütün gecəni,
Əlləri üşümür qışın qarından.
Ayaqda seyr etmir gəlib keçəni -
“Onu” tanımaqçün addımlarından.

Bürünüb yorğana, günorta vaxtı,
İslatmır yastığı göz yaşlarıyla.
Qonşuda kiminsə kəsəndə baxtı
Soyutmur aranı tay-tuşlarıyla.

...Günləri, ayları keçmir gümanda,
Ürəyi şad olan gümana yarmı?
Axtarmır özünü ötən zamanda;
Sevilən insanın zamanı varmı?!


SƏNDƏN YADİGAR

Bu gün sənlə bağlı xatirələri
Gizlədim qəlbimin dərinliyinə.
İtirdim gözümdən bütün şeyləri,
Təkcə bu beşinə qıymadım yenə:

…Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir kitab saxladım səndən yadigar.

Hər bir sətirini baş sayacağım,
Sinəmin üstündə daşıyacağım,
Təsəllisi ilə yaşayacağım
Bir məktub saxladım səndən yadigar.

Məni gözləyərkən sənə yar olmuş,
Qış günü özlənən bir bahar olmuş,
İndi qəlbim kimi yanıb qor olmuş
Bir çiçək saxladım, səndən yadigar.

O görüş gecəsi sənə verdiyim,
Şirin gülüşlərlə sevindirdiyim,
Əyninə əlimlə geyindirdiyim,
Bir köynək saxladım səndən yadigar.

Biz idik ürəkdən sevib-sevilən,
Olmadıq bu eşqin qədrini bilən!
Nə həsrətin bitər, nə də ki, çilən,
Bir göynək saxladım səndən yadigar.

Budur... sənlə bağlı xatirələri
Gömmüşəm qəlbimin dərinliyinə.
Olən ümidlərin boş qalıb yeri...
Bu beşlik içində tənhayam yenə.


ŞƏHƏRİMİ SƏNƏ QOYUB GEDİRƏM...

Axşamçağı xəbərlərdə dinlədim:
Deyirlər ki, qar ələnir qürbətə.
Son günümü yada salıb inlədim,
Gedim, yenə sinə gərim həsrətə.

Vaxt qədərlə sövdələşib gizlicə,
Dəqiqələr açarını itirib.
Daşürəkli təyyarə də bu gecə
Qanadında bizə hicran gətirib.

Zaman yetib, mən gedirəm yenə də,
Götürürəm xəyalları özümlə.
Niyyət edək: bəlkə elə bu vədə...
Gəl yaşayaq beləcə də, dözümlə.

Unutmayaq bu günəşli günləri,
Xatırlayaq fırtınalar qopanda.
Dərd sayıdır saçımızın dənləri,
Peşimandı itirən də, tapan da...

Ortaqsanmış ürəyimdə qəmlə sən,
Tuş gəlmişik tənhalığın oxuna.
Ovunmaqçün ləpələri dinləsən,
Xəzərimə qoyma nəzər toxuna.

Dualar et, geri dönüm bir sabah!..
Həsrətliyəm... demə, doyub gedirəm.
Əmanətdi, gözün kimi qoru bax,
Şəhərimi sənə qoyub gedirəm!

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031