manera.az
manera.az

Özün qədər mən olmaq - Şəhla Nihanın hekayəsi /MANERA.AZ

1-12-2016, 12:25

Özün qədər mən olmaq - Şəhla Nihanın hekayəsi   /MANERA.AZ

Şəhla Nihan

***

...Marta çox yaxşı qızdır. Hərdən mənə də qulluq edir, tozumu alır və mən onda sevindiyimdən işimi ikiqat sürətlə icra etmək istəyirəm, amma olmaz... heyif, Martaya olan rəğbətimi heç cür bəlirtə bilmirəm.

Hollun iri pəncərəsindən işıq düz üstümə düşür, xoşhallanıram. İndi hər ikisi hollda oturub. Sarışın Martanın fincanına kofe süzür. Marta sofaya yayxanıb, bir ayağı altında, o birini Sarışının dizləri üstünə uzadıb, qucağındakı pişik balasını tumarlayır. İdilliyanı gözəl bir lounge (1) tamamlayır. Bu gün erkən oyanıblar, səhər yeməyini bir fincan kofe ilə əvəz edib çıxıb getməyi düşünürlər.

Elə bu vaxt ikinci mərtəbədən şığıyan dəhşət dolu musiqi launcun təsirindən məst olmuş ev sakinlərini diksindirib şaşırtdı. Mən bu gözlənilməz küydən qeyri-ixtiyari iki bölgü arxaya sıçradım. Sarışın az qaldı qəhvədanı əlindən salsın, pişik belini qabardıb qızın qucağını tələsik tərk etdi. Marta dikəlib təəccüblə səs gələn tərəfə - ikinci qatdakı yarıaçıq qapıya baxdı. Bura Kürənin yataq otağı idi. Otaqdan aşağı şığıyıb relaksəedicinin sədaları ilə birgə sanki pəncərələdən süzülən ilıq işıq selini də qovan dəli musiqi isə Merilin Mensonun qara metalı idi. Musiqi akkompanementi ilə otaqdan gələn əcaib səslər də vüsət almağa başladı. Hiss olunurdu ki, nəsə ağır bir şey divara çırpılaraq sındırılır. Və bütün bu sınıq-salxaq səsləri vəhşi qışqırtılarla müşayiət olunurdu. Marta sıçrayıb sofadan qalxdı, əllərini cibinə basıb çiyinlərini qısdı və qorxudan əsməyə başladı. Sağ cibində əlinə dəyən kağız parçası onu şok vəziyyətindən çıxarmasaydı, bəlkə qorxudan bayılacaqdı. Kağızı titrək əlləri ilə açıb tələsik göz gəzdirdi.

“Mən insanları ya sevirəm, ya nifrət edirəm. Aralıq variant yoxdur. İnadkarcasına ikincini seçən axmaqdır.. Sevgim ümmanlar boydasa, nifrətim onu qurudacaq qədər güclü ola bilir. Axmaqlarsa miskin varlıqlardır.., hər zaman miskin..”

Sözsüz, məktub Kürəndən idi. Güman ki, dünən qoymuşdu jaketin cibinə.

İkinci mərtəbədəki otağın qapısı taybatay açıldı. Sonra şaqqıltı ilə çırpılıb bir də eyni qayda ilə açıldı. Qapı sanki rəzəsindən qopacaqdı.

- Aman allah, gəldi.... – Martanın pıçıltısına bəndmiş kimi Mensonun dəhşət doğuran səsini batıran bir bağırtı eşidildi. Bağıran şəxs açıq qapıdan özünü ikinci qatın dəhliz məhəccərinə atıb, başı üzərində göyümtül bir əskini fırlatmağa başladı.

- Sizi yox olasız!! Hamınız!! Yox olasız!! Əbləhlər!!! Mənim odamda sizin nə işiniz??! Mənim qarderobuma kim əl qatıb?! Kim mənim şeylərimi ələk-vələk edib?! Siz! Ey! Sizlə danışıram! Donuzlar! Bədbəxt nakəslər! Nə ixtiyarla?! Sizdən soruşuram! Nə ixtiyarla?? Ayaqlarınızı qıraram bir də mənim otağıma keçsəz!! – bu hədələrlə başı üstünə qaldırıb fırlatdığını ikinci qatdan hollun döşəməsinə vızıldatdı. Düz Martanın ayaqları altına düşmüş əskinin nə olduğu bəlli oldu – Kürənin cins şalvarı idi.

Əlləri qoynunda durub bu dəliliyi seyr edən Sarışın nə qədər sakit görünürdüsə, Marta bir o qədər həyəcanlı və narahat idi. Sarışın aşağıdan yuxarı nifrətlə dolu bir baxış fırladıb

- Sakit olacaqsan? – soruşdu.

Ona qətiyyən fikir verməyən adam ildırım kimi çaxmağa davam edirdi:

- Hanı mənim cırıq cinslərim? Heç biri yoxdur! Əvəzində tapdığım bunlar oldu! – barmağını yerə atdığı şalvara tuşladı – bu nə axmaq klassik stildi doldurmusuz şkafıma?! – və nəfəsini dərmədən yeni tirada – bu nə axmaq saç düzümüdür?

Barmaqlarını saçının altına keçirib onları dik yuxarı qaldırdı və bağırdı:

- Suckz! (2) Məni bu günə kim salıb? Kim salıbsa o cavab verəcək! Hanı mənim irokezim? Bu nə axmaq kürən saqqaldır?! Mən həmişə espanyolka saxlamışam. Pirsinqlərim hanı? Bu nədir? Mən özümü tanıya bilmirəm!!
Guruldayan monoloqu Sarışının amiranə səsi kəsdi:
- Sakit ol, İrokez. Biz də səni tanıya bilmirik. Heç vaxt da tanıya bilməmişik. Nə səni, nə onu. İstəyəndə gəlirsiz, istəyəndə gedirsiz. Sizlərin heç birini heç vaxt tanıya bilməmişik. – sonuncu sözləri rişxəndlə dedi.
Marta tam şaşqın vəziyyətdə durub əllərini ova-ova gah Sarışına, gah İrokezə baxırdı. Bu iki gəncin baxışları arasında göydə oynayan nifrət qığılcımları az qala ətrafdakı hər şeyi yandıracaqdı. Bu vaxt İrokez pillələri iki bir, üç bir enib bayaq hollun döşəməsinə vızıldatdığı cins şalvarı qapdı. Heç nə demədən yuxarı cumub qapını ardınca çırpdı. Qapının çırpılması ilə vəhşətli musiqi də kəsildi. Bayaqki gurultu ilə uyuşmayan qəribə sakitlik çökdü. Fırtınaqabağı sakitliyə bənzəyirdi. Hər halda hollda yanaşı durub dinməzcə yuxarı baxan o iki nəfər belə düşünürdü.
Bir müddətdən sonra qapı yenidən açıldı. İrokez çiyninə keçirtdiyi ağır idman çantasını məhəccərə vura-vura aşağı endi. Həmən şalvar əynində idi, amma dizləri, dizdən yuxarı və aşağı hissələri kəsilərək tanınmaz vəziyyətə salınmışdı. Kürənin çox sevdiyi göy futbolka üstündə kəllə şəkli olan qara mayka (boksyorka) ilə əvəz olunmuşdu. Qollarında dəri qolbaqlar, boynunda ağır dəmir zəncir, gözündə qara eynək vardı. Saçını bacardığı kimi darayıb başının ortasındakı pipiyi bərpa etmişdi, saqqalı xüsusi tərzdə qırxmış, qulaq pirsinqlərini tapıb taxmışdı. Divana bir təpik vurub
- Mən azadlıq istəyirəm! – bağırdı.
Hər ikisi baxışları ilə onu lal-dinməz müşayiət edib, qapıya qədər ötürdülər.
- O göy ənginlik məni gözləyir. Dəniz istərim, sonsuzluq, təhlükə, qeyri-müəyyənlik. Dərin!... kütləsi ilə bassın məni, boğsun, ağırlıq istərim, duymaq istərim, duymaq! – durdu, dönüb barmağını onlara tuşladı – Sizin ikinizisə görmək istəmirəm! – bu sözlərlə çıxdı qapıdan.
Marta Sarışına qısılıb
- Hara getdi görəsən? – soruşdu.
- Cəhənnəmə! Sualtı üzgüçülüklə məşğul idi bir vaxt. Yəqin ki, ora.
- Kürən də?
- Kürən serfinqi üstün tuturdu. Hər ikisi dəniz dəlisidi. Su stixiyalarıdı.
- Başqa cür olsaydı təəccüblənərdim mən. Yunq psixologiyasında şüuraltının simvolu məhz sudur....
- Ya disforiya görərsən bunda, ya tam mənasında kuraj. Bəzən fikirləşirəm, onun çox ciddi beyin problemi var...
- Beyin problemi sözsüz var, yoxsa bu ikiləşmə hardandı?
- Yox, mən başqa şey nəzərdə tuturam. Amiqdalada problem olan şəxslərdə belə olur, qorxuya cavabdeh beyin hissəsidir. Görmürsənmi hərəkətlərini? Qorxu hissi yaddı ona.
- Qorxu hissi yaddı.... – onun son sözlərini təkrarlayan Marta sanki yuxudan ayıldı – Desperado! (3). Biz özümüzü ondan qorumalıyıq, əzizim....
Sarışın fikirli-fikirli qıza baxıb üzünü çevirdi. Ağır-ağır pillələri qalxıb öz otağına sarı yönəldi. Marta pərişan halda onun ardınca:
- Ey, bəs biz getməliydik axı!.... planlarımız vardı..
- Heç yerə getmirik.
- Hm... – qayıdıb yenidən divana oturdu, əllərini sinəsində çarpazlayıb fikrə daldı. Fikirlərindən bir nəticə hasil olmadığına əmin olduqdan sonra qalxıb Sarışının ardınca yollandı.

Axşamüstü şəxsiyyət ikiləşməsinə məruz qalmış dostları evə qayıdanda hollda bir kəsi tapmayıb ikinci mərtəbəyə qalxdı. Evdəki məzar sükutundan hətta deyəsən ürpəndi də. Yuxarıdakı üçüncü otaq onunku idi. Çantasını ora atıb qayıtdı, birincinin – dostunun yataq otağının qapısı önündə durdu. Yumruğunu düyünləyib taqqıldatmaq istəyəndə nəsə fikirləşib əl saxladı. Geri çəkilib məhəccərə söykəndi, uzun-uzadı qapıya baxdı. Sanki nəsə bir tilsim vardı qapıda və o, baxışlarıyla bu tilsimi sındıracaqdı. Sonra qətiyyətlə irəli yeriyib taqqıldatdı. İçəridən hənirti gələndə
- Təksən? – soruşdu.
- Yox – eşidən kimi dönüb yanaşı otağa – emalatxanasına keçdi.
Holla bir də ev sakinlərinin orda olduqlarını bildikdən sonra gəldi. Qoltuğundakı “Esquire”-ı (4) jurnal masasının üstünə atıb sofaya çökdü. Yerində qurcandı, heç cür rahat poza tapa bilmirdi. Axırda ayaqlarını qaldırıb masanın üstünə qoydu və jurnalı götürüb vərəqləməyə başladı. Özünü burda təkmiş kimi aparırdı. Qarşısındakı iki nəfərin maraqla onu izləməsinə məhəl qoymurdu. Onlarınsa marağı səbəbsiz deyildi. Dostları dənizdən sonra salona getmiş, əvvəlki qiyafəsini bərpa etmişdi. Başının yan tərəflərindəki saç tamamilə qırxılmış, ortadakılar gellənib, briolinlənib qaldırılmış, irokez düzümünə salınmışdı. Tatu da döyülmüşdü, qolları, çiyinləri müvəqqəti tatu ilə örtülmüşdü. Qartal, ilan, pantera başı və müxtəlif mistik simvolların arasında “variabilitas” (5) sözü diqqəti cəlb edirdi. Burun pərəsinə, qulaq seyvanına, qaşına yeni pirsinqlər taxılmışdı. İrokez qayıtmışdı, bir sözlə.
Maraq dolu baxışları üzərində sanki indicə hiss etmiş kimi başını qaldırdı. Onlara baxıb dişlərini ağartdı. Ağzını açıb dilini göstərdi. Balaca, girdə parıldayan metalın biri də burda idi, dilin üzərində. Sonra qara maykasının sağ çiynini saldı. Burda da daha birisi – sinəsinin dərisinə bənd edilmiş kiçicik halqa.
Üzünü Sarışına tutub:
- Mon cher (6), bəyəndiniz, bilirəm! Gözlərinizdən görürəm ki, belədir. – “bəyəndinizmi?” soruşmazdı. Belə suallar verməzdi heç vaxt, başqasının fikri onunçun əsas deyildi. İmperativlərlə danışar, müsahibinin yerinə qərar çıxarardı.
- Bizi təəccübləndirmək istəyini burax – dostundan cavab gəldi.
- Bəyəndiniz amma.
- Sözsüz, bəyəndik, cənab Epataj. – o da İrokezin təbiətini bildiyi üçün belə vaxtlarda əsəblərini qoruyub əlüstü razılaşdığını bildirərdi.
Cənab Epataj razı halda özünü divanın söykənəcəyinə atdı.
- Amma tələsdin bir az. Gəldiyin elə dünəndi, bu gün artıq xarici görünüşünə mükəmməl əl gəzdirdin. Çox tələskənsən.
- Tələskən yox, sadəcə prokrastinator deyiləm, bu günün işini sabaha qoymağı sevmirəm.
- Çoxdandı yox idin... – Sarışının daşdan yonulmuş heykəli xatırladan sifətində hər hansı bir emosiyanı ovlamaq çox çətin idi.
- Hə, çoxdandı... – fikirli-fikirli nəzərlərini Martanın üzünə dikdi – amma mənə elə gəlir, hər gün burdaydım, siznən.., deja vu (7) məni dəli edir..
Sarışının emosiyaları sanki indi qayıtdı özünə, qeyzlə onun sözünü kəsib dedi:
- Ax belə!... qoy onda mən də hiss etdiklərimi deyim. Səninlə birgəyaşam o qədər sarsıdıcı, o qədər sürprizlərlə dolu və gözlənilməz ki, məndə dediyinin tam əksi müşahidə olunur.
- Jamais vu! (8) – İrokez dəli kimi gülməyə başladı.
- Sus! Axmaq!
- Bura bax, məndən əl çək. Sadəcə sənin kimi olmadığımı qəbul elə. Mən sənin haqqımdakı təsəvvürlərindən daha genişəm, anla bunu! Sən birinin həyatını yaşarsan, mən ikisinin, heç bilməm də onlardan hansı əsl mənəm. Sən özün məlumatlandırdın ki o ikinci haqda məni... – səsinin tonunu salıb əlavə etdi – Bəzən mənə elə gəlir, ana bətnində olanda öz əkiz tayımı udmuşam..
İrokez danışanda göz kontaktından yayınardı. Kürən də müsahibinin gözünə dik baxmazdı, amma o belə deyildi, gözlərini qaçırar, bəzən müsahibinin üzündə fiksə edər, yenə qaçırardı. Uzaq nöqtələrə zillənərdi daim. İndi Sarışın nə qədər çalışsa da onun baxışlarını tuta bilmirdi.
- Sənin məntiqsizliyin yeni şey deyil. Öyrəşdik artıq..
- Məntiqsizlik niyə?.., pantonallıqdır. Sizlərin harmonik, əvvəlcədən şərtləndirilmiş tonallıqdan mənim qulaqlarım batır. Mən epifanik bir şeylər istərəm ki, tabloya köçürüm. Yoxdur! Yaşam tərzinizə ki!.. çox sıxıcı və bayağıdır. Sizlə birlikdəlikdən,bu darıxdırıcı olumdan dəh-şət-li də-rə-cə-də bezmişəm – sözləri hecalara ayırıb, əllərini də geniş açaraq dəhşətin dərəcəsini göstərdi – İç dünyam heç nə ilə qidalanmır. Yaradıcı potensialım necə sönməyib, fırçam necə qurumayıb hələ..., məəttələm. Bataqlıq böcəklərisiz. Sizin bu lal durğunluğu təlaşınla şərafətləndirmək istərsən..
Sarışının onu tərs-tərs süzdüyünü görüb əlavə etdi:
-Yaddaş fayllarını arabir silməyi tərcih edirəm, burda qəribə və mühakimə ediləcək bir şey yoxdur.
Araya üzücü sükut çökdü. Marta rom süzmək üçün qalxıb bara yaxınlaşdı.
İrokez paltar xışıltısı gələn tərəfə üzünü tutub
- Mənə heç nə süzmə - dedi.
- Heç fikrim də yox idi.
İrokez ona məhəl qoymayıb Sarışına döndü:
- Sənin problemin bilirsən nədədir?..əsas problemin.
Martadan rom qədəhini qəbul edən Sarışın sual dolu nəzərlərini onun üzünə dikdi.
- Sən hisslərlə dil tapa bilmirsən heç cür. Onlara münasibətin kökündən səhvdir. Sən onları dəyişməz bilirsən. Yanlış yanaşmadır. Bir dəfə anla, hisslər konstant deyil, sabit əmsallar deyi, fakt da deyil. Onlar dəyişkəndi. Sən bunu başa düşmürsən, ona görə tablolarında həyat yoxdur. Sən alovun kölgəsini çəkirsən, özünü yox. Alovu verməkdə acizsən., çünki alov duyğudur, dinamikadadır, sənsə susqunluq, ətalət, süstlük axtarırsan. Günəşə də arxadan baxırsan, şəfəqlərini görmürsən.
Ayağa qalxıb əllərini dar cins şalvarının ciblərinə dürtdü. Az qala bağıra-bağıra əlavə etdi. Sanki sakit desəydi anlaşılmayacaqdı dedikləri.
- Sənin rəsmlərində həyat yoxdur, ehtiras yoxdur, ruh yoxdur! Ölüdür çəkdiklərin! Dənizlər dalğalanmır, quşlar oxumur, güllər açmır, insanlar nəfəs almır. Sən leş və məzarlıq çəkirsən, həyat yox! – və dediklərini birnəfəsə belə yekunlaşdırdı – Sənin çəkdiklərin bir impotentin özünü aldatmasıdır. Rənglərinin erektil gücü və funksiyası çoxdan sönüb, heç kəsi çağırmır onlar, heç kəsdə iştah oyatmır. Ah, mən hələ təkrarları demirəm! Daim təkrarlarsan özünü, o bozluğu, o boşluğu!...
Sarışın onun üzərinə atılıb parçalamağa hazır idi, çünki dediklərində həqiqət vardı. Bu vaxta qədər ona xidmət edən sakitliyi və tolerantlığı onu tərk etmiş, hövsələsi daralmış, gözləri alacalanmışdı. Barmağını odlu nitqini yenicə tamamlamış natiqə tuşlayıb uca səslə dedi:
- Bəli! Və sən depersonalizasiyanın ən yüksək mərtəbəsindən mənə ağıl öyrətməyi özünə borc bilirsən. Sən! Sən, kimin ki, cızma-qarasında əsas işlənən - dekonstruksiya, fanilik, ölüm və yoxluq mövzusudur!?? Məndə ölüm tematikası səndəki qədər qabardılmayıb. Sən! Sən... – nalayiq sözlərlə onu bir xeyli bəzəsə də ürəyi soyumaq bilmirdi.
Dostunun söyüşlərinə acı gülüşlə cavab verən İrokez dinməzcə durub başını bulayırdı. “Lal, durğun bataqlıq böcəklərini” süstlükdən çıxarıb dilləndirməsindən müəyyən qədər məmnun idi deyəsən.
Sarışın elə hey yağdırırdı:
- Sən öz çürümüş eqonun iyindən gecələr necə yata bilirsən ümumiyyətlə?! Məni o qoxu bir verstdən vurur. Sənin özündən xəbərin varmı barı?...
- Necə də axmaqsan.. Heç nə başa düşmədin. Qotik üslubda çox işlədim, doğru. Amma mənim fırçamdan süzülən ölüm də gözəldir, həyatın təbii sonluğu kimi. Sənin ifadə etdiyin həyatsa donuq, cansız və ölüdür. Mənim çəkdiyim ölüyə də baxanda bir dəqiqə qabaq canlı olduğu duyulur. Canlı idi, yaşayırdı, qadınlara göz vururdu, anladın? Bir an öncə onun damarlarında isti qanın cövlanına inanırsan, həyatın azca əvvəl onu tərk etdiyinə şübhən olmur. Sevgi və hərarət görürsən. Qoy lap faniliyə, ölümə, zülmətə sevgi. Sevgi elə sevgidir. Məhz o hiss əsəri sevdirir seyrçiyə. Səndə o yoxdur! Sevginin skeletidir səndəki, özü yox. Sən yaratmırsan, anlaşılır?! Sən sadəcə kağız korlayırsan... yox, zorlayırsan kağızı, bakirliyini pozursan. O kağız sənin fırçanın onun üzərində mənfur gəzintisindən..., yox, taptantısından qabaq daha gözəl idi,.. öz ağlığı ilə.., daha qiymətli idi.., sənsə onu korladın...
Sarışın sanki ayaqüstü infarkt keçirirdi. İndi heç deyəsən əsəbiləşmirdi də. Nəzərlərini bir nöqtəyə dikib oturmuşdu. Hətta dostunu dinləyib-dinləmədiyini də anlamaq çətin idi. İrokez kolbadan buz götürüb suya atdı, qarışdıraraq buz parçalarının suda bir-birinin ardınca fırlanmasına vaxdı.
- Dinamikada çəkmirsən həyatı. Anı saxlayıb, buz dolabına atırsan sanki, sonra çıxarıb dondurulmuş şəkildə təqdim edirsən, dadı-duzu qaçmış.. Ona görə uğur qazanacağını sanma.. – stəkanı başına çəkdi. Sərin su sanki içindəki püskürtünü söndürdü bir az. – Bir də şübhələrə və suallara yer qoymama var. Özünə tam arxayın işləməlisən. Necə qəbul ediləcəyi maraqlandırmamalıdı səni. Həyatı olduğu kimi verməyi bacarmalısan, xoş getmək naminə yox. Bunu bacarmırsan. Şübhələr və qorxu parçalayır səni.
Sarışına tez sönən, ruhdan düşən, zəif adam demək olmazdı, amma İrokezin söylədikləri reallıqla o qədər uzlaşırdı ki, o izahat uğursuzluğunun səbəblərini axtararkən gəldiyi nəticələrlə o qədər eyniyyət təşkil edirdi ki, ürəyi sıxıldı. Heç bir söz demədən durub emalatxanasına keçdi. Bir qədərdən sonra qayıdıb İrokezə müraciətlə:
- Belə ağıllısansa məsləhət vermə, əməldə göstər, konkret olaraq. Ümumi danışdıqlarını özünütərif kimi qəbul etdim. Seyrçi zövqünü oxşamağın yollarını göstər, baxaq.
İrokez gözləri yaşarınca güldü.
- Göstərməkmi? Əməldə? Bu, hərf yazmaq deyil ki, əlindən tutub öyrədim. Mən baxmağı, görməyi necə öyrədə bilərəm?..
- Onda mənə ibrət dərsi keçməyi burax. Boş məsləhətləri özünə saxla.
İrokez başını bulayıb emalatxanaya keçdi, Sarışın da ardınca.

-------------------------------------------------------

1 – relaks üçün sözsüz, sakit mahnı (launc)
2 – zövqsüz, köhnə dəbli
3 – başkəsən
4 – kişilərçün aylıq jurnal, 1932-ci ildən ABŞ-da çap olunur (Eskvayr)
5 – dəyişkənlik (lat.)
6 – mənim əzizim (frans. Mon şer – tələffüzdə)
7 – bir dəfə yaşanmış (dejavü)
8 – əvvəllər yaşanmamış (jamevü)


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30