manera.az
manera.az

Adam it kimi darıxır- Şeirlər

Adam it kimi darıxır- Şeirlər
Bahadur Qobustan


Sən nə yaxşı adamsan

Nə gözəl gülümsəyirsən,
Üzündə sevgi dayanır.
Adam öləndən sonrakı
Həyata da inanır.

Nə gözəl baxırsan sən,
Baxışın işıq dolu,
Gözlərindən çəkilir
Qəlbimə samanyolu.

Nə gözəl danışırsan,
Səsin ən gözəl səda.
Sanki dənizdən qopub,
Sahilə qaçır ada.

Sən nə şirinsən belə,
Əllərin nə gözəldir?..
Tanrı belə əllərdən
Min ildən bir düzəldir.

Sən nə yaxşı adamsan,
bağışlaya bilirsən.
Özündən zəifləri də
Alqışlaya bilirsən.

Necə düşmənsən axı
Vurduqların əlacdı…
Verdiyin dərd ürəyimi
Bəhərləyən ağacdı.

Daha heç nə demirəm,
Qorxuram ki, göz dəyə.
Dayan, tutum əlindən
Sən qal öz məqamında,
Mən çıxım, gedim göyə…

***

Quşcuğaz


Dərdim başdan aşdı, əlac tapmadım,
Çiçək axtarmağa yamac tapmadım,
Dünyada bir dənə ağac tapmadım,
Qonub yuva qurum, qonub yurd salım,
Mən yazıq quşcuğaz bəs harda qalım?


Yükümü biyaban bir yerə çəkdim,
Quru torpaq üstə göz yaşı tökdüm,
Palçıqdan özümə bir yuva tikdim,
Onu da dağıtdı köstəbəy zalım,
Mən yazıq quşcuğaz bəs harda qalım?


Gəzib biyabanda çoxalan, birə!
Ay yaysız kamansız ox olan, birə!
Qanadımın altda soxulan, birə!
Sən tapdın yerini, ay qadan alım,
Mən yazıq quşcuğaz bəs harda qalım?


Umacım düzələ kündəyə baxdım,
Baxdım, elə özüm gündəyə baxdım,
Allaha əl açdım, bəndəyə baxdım,
Cavabsız qoyuldu yenə sualım,
Mən yazıq quşcuğaz bəs harda qalım?

***


Özünə mənim kimi bax



Sən o yana, mən bu yana,
Qırıldı sevginin ipi.
Çox göynətmədi, onsuz da
Köz salmır ki saman çöpü.

İstəmədim olsun belə,
Özümü atdım quyuya.
Su tökdüm ki, sulu olsun
Sən üzüb, çıxdın quruya.

İlıq yovşanlar kimisən,
Dəvələr otladı səni.
Düz bilib getdiyin yerlər,
Yüz yerə qatladı səni.

Həyat bişirə bilmədi,
Çiy verdi səni yarına.
Azacıq sevə bilsəydin,
Alıb əlindən yapardım
Təndirin iç divarına.

Yığ cəsarətini, topla
Boynuna boyunbağı tax.
Sabah ova çıxmalıyam,
Özünə mənim kimi bax.

***

İt kimi darıxmaq


Bilirsən ki, gəlməyəcək
Başından tüstülər çıxır.
Ağlamaq da olmur deyə
Adam it kimi darıxır.

Gözlərində o getdiyi -
yolların şəklin çəkirsən.
Üzünü divara tutub
Hamıdan gizlin çəkirsən.

Qayğılar da bir tərəfdən
Tutur başın yarısını.
Haqqı ilə çəkmək olmur
onsuzluğun ağrısını.

Hərdən səni sevdirir
Qəfil gələn ayaq səsi.
Çevrilib, baxıb görürsən
Nə özü var, nə kölgəsi…

***

Deyirəm elə bir imkan ola ki


Deyirəm, elə bir imkan ola ki,
Bütün adamları yığasan bir meydana,
Aldadasan başlarını kiçik bir nağılla
Hamsını döndərib edəsən 6 aylıq körpə,
Amma indiki ağılla.
Dilsiz ağızsız baxalar bir-birlərinə,
Amma düşüncələri,
oxuduqları qala hamısının başında
Bəlkə, bir də böyüyənə
Adamlıq eləyələr 60 yaşında…

Deyirəm, elə bir imkan ola ki,
Bir dəlik açasan dünyanının tən ortasından,
Belsiz, külüngsüz
Heç kimi salmayasan əziyyətə.
Tutub bir-bir insanların ayağından
Kəlləmayallaq tullayasan cənnətə.

Deyirəm elə bir imkan ola ki,
Ayı yerə qatasan, yeri də aya.
Qar topası kimi yumrulayıb,
Atasan azad bir qalaktikaya.

***

Saçını yolsun ağaclar


Saçını yolsun ağaclar,
Dünyanın payızı gəlib.
Çözülməyən ehtiyaclar,
Pozulmayan yazı gəlib.

Buludlar ağlasa, nə var?
Adamlar ağlayır elə…
Utancından ölüb bahar
Hər yana qar yağır elə.

Adamlar... yazıq adamlar!
Sizi kimi öldürüb belə,
Nəfsin qurduğu edamlar
Başınızı kəsir hələ?

Allahmı belə istəyib,
Allahmı deyib vuruşun?..
Kimsə şər atıb Allaha
Gedin özündən soruşun.


Deyin, öldürək, ya sevək?
Danışının onunla biraz.
Ölümlə sevgi haqqında
Ondan yaxşı bilən olmaz

Gözünüzü açın biraz!
Bağlamayın çıxışları,
Qapamyın girişləri,
Küsdürməyin yağışları.

Bağışlayın günahları,
Göyün sizdən xoşu gələr.
Sevə bilsəz insanları,
Allah sizə qonşu gələr.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930