manera.az
manera.az

Papam tapşırmışdı ki, o arvadı... | MANERA.AZ

4-05-2016, 13:43

Papam tapşırmışdı ki, o arvadı... | MANERA.AZ
MANERA.AZ Elşad Baratın hekayəsini təqdim edir:

GƏLƏN BAHAR
(hekayə)


Bizə baxanda kənd camaatının vəziyyəti elə də yaxşı deyildi. Bizim də üzümüzü həyətimizdəki balaca butka ağ eləmişdi. Çay, qənd, düyü, yağ, duz, konfet, sabun kimi gündəlik lazım olan şeylər satırdıq. Butkanın müdiri də, satıcısı da mamam idi.

Həmişə, mamamın əlində yüzvərəqli dəftər olardı. Dəftərin üstünə kiril əlifbasıyla “nisyə dəftəri” yazılmışdı. Mamamın nisyə dəftərində kəndin bütün adamlarının adı var idi. Kimin ki, adı yoxuydu, demək mamamın zəhləsi gedən biriydi. O dəftərə düşmək üçün gərək ki, yalan danışmayaydın, adının silinməməsi üçün borcunu dediyin vaxtda ödəyəydin.

Mamamın nisyə dəftəri kənd camaatının müqəddəs kitabına çevrilmişdi.

Həmin “müqəddəs kitab”da yazılan ilk ad Zenfira xalanın adıydı. Zenfira xala mamamın gənclik dostu, pambıq yoldaşı olmuşdu. Kəndin ayağında pitdən qayırılmış kümədə üç qızı ilə birlikdə yaşayırdı. On ilə yaxın idi ki, əri Moskvadaydı. Bu on ildə bir əlcə məktub yazmamışdı.

Zenfira xala bütün arzu və istəklərini dilə gətirəndə ya öncədən, ya da sonda bu sözləri deyərdi: - day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Bütün baharlar kəndimizə Natiqsiz gəlirdi.

Butkamızın qapısı Zenfira xalanın üzünə həmişə açıq olardı. Papam kənd mollalarına qoşulandan daha da xeyirxah olmuş, tapşırmışdı ki, o arvadı qapıdan boş qaytarmayın, ərsiz arvaddı, üç kəsiyi var.

Dağda vələ yığanda da, dərədən su gətirəndə də Zenfira xala kiminlə qarşılaşsaydı yolüstü söhbətdə bu sözləri unutmazdı: - day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Böyük qızının elçi söhbətində, kiçik qızı xəstələnəndə, ortancıl qızının ayaqqabısı yırtılanda Zenfira xalanın təsəllisi eyni sözlər olurdu. Uşaqdan-böyüyə kəndin bütün adamlarına bəlkə də, min dəfə demişdi, day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Kişi işlərini gördükcə Zenfira xala kişiləşirdi. Səsi kişi səsinə oxşayırdı. Ağlayanda da lap kişi kimi ağlayırdı. Daha çox butkamızın qabağında ağladığını görmüşəm. Gözlərini ovuşdura-ovuşdura, iç vura-vura deyərdi, day nə qalıb, uzağı gələn bahar...

Yol gedəndə də kişi kimi yeriyirdi Zenfira xala. Əlləri də kişi əlinə oxşayırdı. Axır vaxtlar öz-özünə danışmağa başlamışdı. Bir də görürdün ki, əlini qaldırıb üzüyuxarı söyür. Sonra gülə-gülə özünə təsəlli verir: day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

...Və nəhayət, Natiq gəldi. Amma elə gəldi ki, Zenfira xalanın adını belə mamamın nisyə dəftərindən sildirə bilmədi.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30